Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1918/2026 11.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xəzər Rayon İcra Şöbəsinə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın dayandırılması və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xəzər Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilərək xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatının ləğv edilməsi, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 50 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində xüsusi biliyə malik şəxslərin iştirakı ilə real bazar dəyəri müəyyən edilməsi, mübahisə mahiyyəti üzrə həll edilənədək və əmlakın real bazar dəyəri müəyyən edilənədək xx.xx.2026-cı il tarixə təyin edilmiş hərracın keçirilməsinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-128 nömrəli qətnaməsinə əsasən "xxxx" ASC-nin (hazırda Nadir Quliyev adına Bakı-Taxıl ASC) "xxxx" ASC-yə (hazırda İddiaçı ASC) qarşı pul tələbinə dair iddiası üzrə üzrə "xxxx" ASC-dən "xxxx" ASC-nin xeyrinə 2.060.156.607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində borcun tutulması qərara qalınmışdır. Qətnamə üzrə xx.xx.2001-ci il tarixdə 649/5-128/3 nömrəli icra vərəqəsi verilmişdir. İcra sənədi üzrə icra məmuru tərəfindən müvafiq icra tədbirləri həyata keçrilmiş, "xxxx" ASC-yə məxsus daşınar əmlaklar (nəqliyyat vasitələri) aşkar edilmiş və tələbin borclunun əmlakına yönəldilməsi məqsədi ilə icra məmuru tərəfindən müvafiq təqdimatla məhkəməyə müraciət edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(005)-1604 saylı xx.xx.2013-cü il tarixli qərardadı ilə nəqliyyat vasitələri üzərinə həbs qoyulmuşdur. Bundan başqa icra məmurunun təqdimatı əsasında "xxxx" ASC-yə məxsus 5 mərtəbədən ibarət daşınmaz əmlak (binaya), 50 ton un istehsal etmək gücündə olan dəyirman dəzgahlarına, 5 predmet sarı rəngli 20 tona qədər çörək bişirmə peçinə, 2 ədəd qara rəngli Türkiyə istehsalı şirniyyat bişirmə dəzgahına, 20 ton istehsal gücünə malik olan makaron istehsal edən dəzgaha həbs qoyularaq qiymətləndirilmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli ekspert rəyinə əsasən üzərinə həbs qoyulmuş əmlaklar (bəziləri çıxmaq şərti ilə) 813 475 manat dəyərində qiymətləndirilmişdir. Daha sonra “Hərrac” Mərkəzində satışa çıxarılmış və xx.xx.2018-ci il tarixdə əmlaklar satılmadığı üçün “Hərrac” Mərkəzindən geri qaytımışdır. xx.xx.2018-ci il tarixdə üzərinə həbs qoyulmuş əmlaklar “İcra haqqında” Azerbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən tələbkar "xxxx" ASC-yə təklif olunmuşdur. Tələbkar əmlakı qəbul etməkdən imtina etmişdir. Buna görə də xx.xx.2018-ci il tarixdə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7 və 53.3-cü maddələrinə əsasən icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Sonradan qətnamə yenidən icraya yönəldilmişdir və xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Pərvin Mehraiıyev tərəfindən iş üzrə icraata başlanılmışdır. İcra məmuru işin əvvəllər icra şöbəsində hansı icra tədbirləri aparılmasından və hansı icra hərəkətləri həyata keçirilməsindən ümumiyyətlə araşdırma aparmadan və məhkəmə qərardadı ilə artıq üzərinə həbs qoyulmuş əmlaklar olmasına baxmayaraq, təkrarən borclu hüquqi şəxs "xxxx" ASC-yə (hazırda İddiaçı ASC) məxsus ünvan 1 ünvanda yerləşən əmlak kompleksi üzərinə (borc məbləği həddində də yox) ümumilikdə həbs qoyulması məqsədi ilə Xəzər Rayon Məhkəməsinə təqdimat vermişdir. Xəzər Rayon Məhkəməsinin 8(003)-300/2025 saylı xx.xx.2025-cl il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, borclu hüquqi şəxsin əmlakına borc məbləği həddində deyil, bütövlükdə həbs qoyulmuşdur. Borclu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili üzrə Auksion Mərkəzi” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xəzər Rayon İcra şöbəsinə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və hərracın dayandırılması barədə iddiası üzrə kommersiya işi vardır. İcra məmuru tərəfindən xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatı qəbul edilmiş və həmin hesabata əsasən qeyd olunan daşınmaz əmlak kompleksinin bazar dəyəri əsassız və qanunsuz olaraq 4.008.000 (dörd milyon səkkiz min) manat müəyyən edilmişdir. İcra məmuru qiymətləndirmə hesabatının nəticələri ilə borclu hüquqi şəxsi məlumatlandırmadan xx.xx.2026-cı il tarixdə 3/239 nömrəli sifarişlə qeyd olunan əmlak kompleksini “Elektron hərrac portalına” adlı ünvana açıq hərraca sifariş vermişdir. Lakin bu barədə tərəfi məlumatlandırmamışdır. Eyni zamanda sifarişdə borc məbləği 2 060 156 607 manat kimi qeyd edilmişdir. Bu da ziddiyyətlidir. Çünki qətnamə qəbul edildiyi tarixdəki Azərbaycan manatı ilə hazırkı Azərbaycan manatı fərqlidir. Lakin iş materialları və mövcud sənədlər göstərir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” tərəfindən hələ xx.xx.2019-cu il tarixində aparılmış rəsmi dövlət qiymətləndirilməsinə əsasən həmin əmlakın bazar dəyəri 6 900 000 manat təşkil etmişdir. Beləliklə, qısa müddət ərzində daşınmaz əmlakın dəyərinin təxminən 3 milyon manata yaxın azalması iqtisadi və bazar reallığı ilə izah edilə bilməyən ciddi ziddiyyət yaradır. Xüsusilə nəzərə alınmalıdır ki, son illərdə Bakı şəhərində və xüsusilə Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində yerləşən daşınmaz əmlak obyektlərinin bazar dəyərində azalma deyil, əksinə artım müşahidə edilmişdir. Bu isə icra məmuru tərəfindən qəbul edilmiş qiymətləndirmənin, obyektiv bazar göstəricilərinə əsaslanmadığını, daşınmaz əmlakın real bazar dəyərini əks etdirmədiyini, formal və səthi araşdırma nəticəsində qəbul edildiyini göstərir. İcra prosesində əmlakın qiymətləndirilməsi yalnız texniki prosedur deyil, eyni zamanda mülkiyyət hüququnun həyata keçirilməsi ilə birbaşa bağlı hüquqi məsələdir. Bu səbəbdən əmlakın qiymətləndirilməsi zamanı obyektivlik, şəffaflıq və real bazar dəyərinin müəyyən edilməsi prinsipləri təmin edilməlidir. “İcra haqqında” Qanunun 52-ci maddəsinə əsasən icra məmuru icra hərəkətlərini qanunvericiliyin tələblərinə uyğun, obyektiv və əsaslandırılmış şəkildə həyata keçirməlidir. Mövcud vəziyyətdə isə icra məmuru tərəfindən qəbul edilmiş qiymətləndirmə hesabatı bu prinsiplərə uyğun gəlmir və əmlakın real bazar dəyərini əks etdirmir. Bundan əlavə qeyd olunmalıdır ki, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi xüsusi iqtisadi və qiymətləndirmə bilikləri tələb edən məsələdir. Mövcud qiymətləndirmə ilə bağlı ortaya çıxmış ciddi ziddiyyətlər əmlakın dəyərinin müəyyən edilməsi prosesində daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində xüsusi biliyə malik şəxslərin rəylərinin nəzərə alınmasını zəruri edir. Əks halda, mövcud qiymətləndirmə əsasında əmlakın hərraca çıxarılması iddiaçıya məxsus əmlakın real bazar dəyərindən xeyli aşağı qiymətə satılmasına səbəb ola və nəticədə iddiaçının mülkiyyət hüquqlarına ciddi zərər vura bilər. Ali Məhkəmənin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi İlə bağlı hüquqi mövqelərində də qeyd edilmişdir ki, icra prosesində əmlakın satışına yönəlmiş tədbirlər həyata keçirilərkən mülkiyyətçinin hüquqları ilə kreditorun maraqları arasında balans prinsipi qorunmalıdır. Əmlakın real bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətləndirilməsi və həmin qiymət əsasında satışa çıxarılması bu balansın pozulmasına səbəb olur. Hazırkı iş üzrə də iş materialları göstərir ki, hələ 7 il əvvəl iddiaçıya məxsus əmlak əvvəlki rəsmi qiymətləndirmədə 6.900.000 manat məbləğində qiymətləndirildiyi halda, icra məmuru tərəfindən qəbul edilmiş son qiymətləndirmədə həmin əmlakın dəyəri 4.008.000 manat müəyyən edilmişdir. Bu isə təxminən 3 milyon manata yaxın fərq təşkil edir və belə ciddi fərq qiymətləndirmənin obyektivliyinə əsaslı şübhələr yaradır. Belə şəraitdə mövcud qiymətləndirmə əsasında əmlakın hərraca çıxarılması iddiaçının mülkiyyət hüquqlarına ciddi zərər vurmaqla yanaşı, sonradan bərpası çətin və ya mümkün olmayan hüquqi nəticələr yarada bilər. Bu səbəbdən məhkəmə tərəfindən mövcud qiymətləndirmənin qanuniliyinin yoxlanılması və əmlakın real bazar dəyərinin müəyyən edilməsi məqsədilə yeni qiymətləndirmənin təşkili zəruridir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulunan imtina edilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçının iddia tələbinin əmlakın real bazar dəyəri müəyyən edilənədək xx.xx.2026-cı il tarixə təyin edilmiş hərracın keçirilməsinin dayandırılması hissəsi iddiaçı tərəfindən mövcud vəziyyət dəyişəcəyi təqdirdə hüquqlarının qorunmasının mümkün olmayacığına əsaslanmaqla irəli sürülmüşdür. Lakin nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatındakı əsas prinsip ondan ibarətdir ki, ərizəçilər öz hüquqlarının iddia icraatı qaydasında qorumalıdırlar, çünki müvəqqəti təminat tədbirləri şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə sadəcə müvəqqəti təsir edir. Hazırkı halda isə iddiaçı öz tələbi ilə yekun hüquqlar əldə etmək üçün deyil, hüquq münasibətlərinə sadəcə müvəqqəti təsir etmək üçün məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 157.1 – 157.4-cü maddələrinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə mövcud və gələcək iddialar üzrə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə şəxsin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə ayrıca institut nəzərdə tutulmuş, həmin məsələyə iddia icraatı qaydasında deyil, məhz müvəqqəti təminat tədbirləri üzrə icraatda xüsusi qaydada baxılması təsbit edilmişdir. Bundan başqa, iddia tələbinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilərək xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatının ləğv edilməsi, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 50 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində xüsusi biliyə malik şəxslərin iştirakı ilə real bazar dəyəri müəyyən edilməsi hissəsi də iddia icraatının predmetini təşkil edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adıçəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati-İqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azsərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlüklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin qərarda qeyd edilmişdir ki, “İcra Haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra Haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra Haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Yuxarıda adıçəkilən normalardan, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhz Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli Qərardadında göstərilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Hazırkı iş üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 50 ünvanında yerləşən əmlak kompleksinin qiymətləndirilməsinin ləğv edilməsi, əmlakın yenidən qiymətləndirilməsi tələbinə həmin daşınmaz əmlakın satışı üzrə hərracın keçirilməsi təsdiq olunmadığından iddia icraatı qaydasında deyil, icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2 və 153.2.1-ci maddələrində göstərilmişdir ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmə baxılmalı olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddiaçıya izah edilsin ki, əmlakın real bazar dəyəri müəyyən edilənədək xx.xx.2026cı il tarixə təyin edilmiş hərracın keçirilməsinin dayandırılması tələbinə müvəqqəti təminat tədbiri qaydasında, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 50 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin qiymətləndirilməsinə dair hesabatın ləğvi, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 50 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində xüsusi biliyə malik şəxslərin iştirakı ilə real bazar dəyərinin müəyyən edilməsi tələbinə icra icraatı qaydasında baxıla bilər. Bundan başqa, Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.2-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edildiyinə görə, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xəzər Rayon İcra Şöbəsinə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın dayandırılması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1918/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1918/2026
11.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver