Məhkəmə qərarları › İş №e-2-2(4-11)-22/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-22/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-22/2026 02.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: şifahi icarə müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı2 Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-ci il tarixindən Cavabdeh2 tərəfindən icarəyə götürülmüş mülkiyyətində olan əmlaka dair 18 oktyabr 2025-ci il tarixədək olan müddətdə icarə haqları üzrə yaranmış cəmi 32 (otuz iki) min manat məbləğində icarə haqqı borcunun və dövlət rüsumu kimi ödənilmiş 180 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bakı ş. Yasamal r. İnşaatçılar prospekti, ev

30. Yeni qaydalarda AZ 1065. Bakı ş. Yasamal r. İnşaatçılar prospekti, giriş 106A ünvanında yerləşən, ümumi sahəsi 74.30 kv.m olan tam mülkiyyət hüququ ilə ona məxsus daşınmaz əmlak olan qeyri-yaşayış sahəsi xx.xx.2024-ci il tarixindən Cavabdeh2 tərəfindən icarəyə götürülmüşdür. xx.xx.2024-ci il tarixdə Cavabdeh2 tərəfindən icarəyə götürülməsinə baxmayaraq hər ay 2000 (iki min) manat olmaqla 18 oktyabr 2025-ci il tarixədək olmaqla, ümumilikdə 32 (otuz iki) min manat icarə haqqı ödənilməmişdir. Bununla belə cavabdeh X1 ümumilikdə 32 (otuz iki) min manat qalıq borcu yaranmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbində qeyd olunan 32.000 manat borcu qəbul etmir, iddiaçıya olan borcu 14.400 manatdır. Bu borcu hissə-hissə verməyə hazırdır.

5. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin azaldılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehdən 14400 manat pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları və iddiaya münasibəti:

6. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, qarşılıqlı razılaşma əsasında tərəf 14.400 manat borcu qəbul etdiyini bildirdi. Buna uyğun iddia tələbini azaltmışlar. Tərəflər arasında yazılı qaydada müqavilə bağlanmamışdır. Razılaşma şifahi qaydada olmuşdur.

7. İddiaçının nümayəndəsi və vəkili hazırki məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

9. İşin faktiki hallarından görünür ki, tərəflər arasında şifahi icarə müqaviləsi ilə bağlı münasibətlər yaranmışdır. Müqaviləyə uyğun olaraq iddiaçı “Bakı ş. Yasamal r. İnşaatçılar prospekti, ev 30. Yeni qaydalarda AZ 1065. Bakı ş. Yasamal r. İnşaatçılar prospekti, giriş 106A ünvanında yerləşən, ümumi sahəsi 74.30 kv.m olan və tam mülkiyyət hüququ ilə ona məxsus daşınmaz əmlak olan qeyri-yaşayış sahəsini xx.xx.2024-cü il tarixdən cavabdehə icarəyə vermiş və aylıq icarə haqqı 2000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh icarə haqqını tam ödəməmiş və 14.400 manat borcu yaranmışdır. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində 14.400 manat borcunun olduğunu qəbul etmiş və borcu hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. 10.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, “Bakı şəhəri. Yasamal rayonu. İnşaatçılar prospekti, ev 30. Yeni qaydalarda AZ 1065. Bakı şəhəri. Yasamal rayonu. İnşaatçılar prospekti, giriş 106A ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı2 məxsusdur və bu hüquq xx.xx.2024-cü il tarixdən qeydiyyata alınmışdır.

11. İş materiallarında olan “Whatsapp” tətbiqi vasitəsilə olan yazışmalardan görünür ki, tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı danışıqlar gedib və icarə haqqı borcunun 9 aydır ödənilmədiyi və 14.400 manat təşkil etdiyi qeyd olunub.

12. İddiaçı2 tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən icarə müqaviləsi üzrə yaranmış borcun 3 gün müddətinə ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. 13.25.12.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı2 tərəfindən 180 manat dövlət rüsumu ödəmişdir. 14.Cavabdeh məhkəməyə ünvanladığı ərizədə 14.400 manat icarə haqqı borcunun olduğunu qəbul etmiş və bu borcu hissə-hissə verməyə hazır olduğunu qeyd etmişdir.

İİİ.Tətbiq edilən maddi hüquq normaları: 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 18.684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 19.700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 20.700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 21.Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 3 mart tarixli Qərarında da göstərilmişdir ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi isə həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur.(KM-nin xx.xx.2025-ci il tarixli qərardadı)

İV. Tətbiq edilən prosessual hüquq normaları: 22.Mülki Prosessual Məcəllənin: 23.14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 26.119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 28.218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

V.Məhkəmənin əsaslandırması: 29.Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı mülkiyyətində olan, Bakı ş. Yasamal r. İnşaatçılar prospekti, ev

30. Yeni qaydalarda AZ 1065. Bakı ş. Yasamal r. İnşaatçılar prospekti, giriş 106A ünvanında yerləşən, ümumi sahəsi 74.30 kv.m olan qeyri-yaşayış sahəsi (bundan sonra “icarə obyekti”) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh icarə haqqına görə 14400 manat borcunun olduğunu qəbul etmişdir. 30.Odur ki, tərəflər arasında icarə münasibətlərinin olması və cavabdehin 14400 manat icarə borcunun yaranması işin mübahisəsiz halı kimi qiymətləndirilməli və iddiaçının Mülki Məcəllənin 700-cü maddəsinin tələbi baxımından iddiası əsaslı hesab edilməlidir. 31.Cavabdehin borcun hissə-hissə ödənilməsi ilə bağlı etirazının dəlilinə münasibətdə isə məhkəmə bildirir ki, həmin məsələ qətnamənin icrası qaydasında həll edilməli olmaqla hazırki icraat çərçivəsində həll edilə bilməz. Nəticə: 32.Beləliklə, məhkəmə qanunvericilik normalarını, tərəflər arasındakı müqavilə münasibətlərinin mövcudluğunu, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, icarə müqaviləsi üzrə ümumilikdə 14.400 manat icarə haqqını ödəmədiyini, belə olan halda isə iddiaçının icarə haqqını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 14.400 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 33.Həmçinin məhkəmə iddianın təmin olunduğunu və iddia tələbinin azaldılması barədə ərizəni nəzərə alaraq hesab edir ki, MPM-in 114.1.1 və 119.1-ci bəndlərinə əsasən ödənilmiş 180 manat dövlət rüsumunun 133,2 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 46,8 manat isə dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. 34.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 icarə haqqı borcuna görə 14400 (on dörd min dörd yüz manat) manat və dövlət rüsumunun əvəzi qismində 133.2(yüz otuz üç manat iyirmi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. Artıq ödənilmiş 46.8(qırx altı manat səksən qəpik) manat dövlət rüsumu iddiaçıya dövlət büdcəsindən geri qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar