Məhkəmə qərarları › İş №e-2-2(4-11)-23/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-23/2026

05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-23/2026 05.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialının cavabdeh AR DNŞ-nin “X3” Trestinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialının cavabdeh AR DNŞ-nin “X3” Trestinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı şirkəti (“Ekspeditor”) (GB1********) ilə AR DNŞ-nin "Kompleks Qazma işləri tresti"nə (“Cavabdeh”) (VÖEN:**********) arasında xx.xx.2022-ci il tarixində 261999-2022TP saylı “Xidmətlərin göstərilməsinə dair” Müqavilə (“Müqavilə”) imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Ekspeditor avadanlıqları göstərilmiş ünvana çatdırır, Cavabdeh isə göstərilən xidmətlərin dəyərini ödəyir. Qeyd olunan müqavilə üzrə təqdim edilmiş xidmət sifarişinə əsasən daşıma həyata keçirilmiş və Ekspeditor tərəfindən göstərilmiş xidmətə müvafiq olaraq Cavabdehə SİNV/014680 nömrəli xx.xx.2024 tarixli, SİNV/014681 nömrəli xx.xx.2024 tarixli, SİNV/014783 nömrəli xx.xx.2024 tarixli, SİNV/015060 nömrəli xx.xx.2024 tarixli və SİNV/013179 nömrəli xx.xx.2022 tarixli hesab-fakturalar təqdim edilmişdir. Buna baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə öhdəliklər icra edilməmiş və göstərilmiş xidmətlərə görə ödənişlər həyata keçirilməmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, Ekspeditor çatdırılma həyata keçirildikdən sonra Cavabdehə hesab-faktura təqdim edir. Cavabdeh hesab-faktura təqdim olunduqdan 30 təqvim günü ərzində Ekspeditorun təqdim etdiyi bank hesabına köçürmə yolu ilə xidmət haqqının ödənilməsini təmin edir. Lakin hazırkı vəziyyətdə Cavabdeh tərəfindən Müqavilə üzrə öhdəliklərin icrası müəyyənləşdirilmiş vaxtdan əhəmiyyətli dərəcədə gecikdirilmiş və yerinə yetirilməmişdir. Hazırda Cavabdehin Müqavilə üzrə ödənilməmiş əsas borcu yuxarıda sadalanan hesabfakturalar üzrə 12,989.00 (on iki min doqquz yüz səksən doqquz) ABŞ dolları təşkil edir. Müqavilənin 3.2.4-cü maddəsinə əsasən, Cavabdehin Ekspeditora xidmət haqqını və digər çəkilən xərcləri, eləcə də, cəriməni tam ödəmək öhdəliyi müəyyən edilmişdir. Sözügedən müqavilənin 3.1.1-ci maddəsi ilə Ekspeditorun Cavabdehdən müvafiq ödənişlərin həyata keçirilməsini tələb etmək hüququ təsbit edilmişdir. Müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı Cavabdehə dəfələrlə şifahi şəkildə xəbərdarlıq edilməsinə, bundan əlavə Cavabdehin ünvanına pretenziya göndərilməsinə baxmayaraq, müvafiq borc öhdəliyi Cavabdeh tərəfindən hazırkı tarixə qədər ödənilməmişdir. Nəzərinizə çatdırırıq ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı (“İddiaçı”) (VÖEN: **********) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinə və Ekspeditor tərəfindən verilmiş Baş Etibarnamənin 3-cü və 14-cü bəndlərinə əsaslanaraq hazırkı iş üzrə İddiaçı qismində çıxış edərək İddiaçı şirkətinin mənafelərini təmsil və müdafiə edir Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, əvvəla elektron iddia ərizəsindən görünür ki, ərizədə cavabdehin poçt ünvanı, iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdıqları hallar, cavabdehə qarşı yönələn tələb, eləcə də müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İkincisi, iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını, eləcə də müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, iddia ərizəsinə iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə pretenziya məktubunun cavabdehə çatdırılmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialının cavabdeh AR DNŞ-nin “X3” Trestinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. **********89 saylı qəbz üzrə ödənilmiş 157 manat rüsum iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar