Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-237/2026 11.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixinə ödənilməli olan 1883 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 10389 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 215.0 kv.m torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarəhaqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarəhaqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarəhaqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarəhaqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixinə ödənilməli olan 1883 (min səkkiz yüz səksən üç) manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2025-ci il tarixli, 3-21-3/2-21344/2025 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarəhaqqını ödəməkdən imtina etmişdir.
3. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi 1990-cı ildən cavabdehin sahibliyində və istifadəsindədir, yəni o zaman Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adında bir qurum yox idi, Azərbaycan Respublikası müstəqil dövlət olandan sonra, torpağa sahibliyini rəsmiləşdirmək məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etdiyi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsindən xx.xx.1995-ci il tarixli, 18/03-8/531 nömrəli razılıq məktubu almışdı, sonra Nəsimi rayon bələdiyyəsi ilə xx.xx.2003-cü il tarixli, 03/93 nömrəli, 50 il müddətinə müqavilə bağlamışdı, bu müqaviləyə əsasən istifadəsində olan torpaq sahəsinə görə ildə bir dəfə Nəsimi rayon bələdiyyəsinin hesabına otuz manat icarə haqqı ödəyirdi, daha sonra həmin ərazidə qeyriyaşayış obyekti tikdirmişdi, obyekt 2015-ci ildə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 75 nömrəli sərəncamı ilə mövcud tikili kimi rəsmiləşdirilmişdi, qeyd olunan sənədləri obyektə mülkiyyət hüququnu rəsmiləşdirmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətininə təqdim etmişdi, onlar da cavabdehə qeyri-yaşayış obyektinin çıxarışını və texniki pasportunu vermişdilər, bildirmişdilər ki, torpağa çıxarış verə bilməzlər ona görə ki, torpaq bələdiyyənin deyil, dövlətin balansındadır, torpağa çıxarış almaq üçün mütləq 2 il müddətinə yeni müqavilə bağlamaq lazımdır, cavabdeh 2 ildən sonra necə olacağını soruşduqda, o vaxta kimi dövlət reyestrində qeydiyyata alınaraq torpağın çıxarışını alacağını, ondan sonra bir daha ödəniş etməyəcəyini bildirmişdilər, cavabdeh də ayda bir dəfə 269 manat ödəməklə razılaşmış və müqaviləni imzalamışdı, bir neçə ay ödəniş etdikdən sonra torpağa çıxarış almaq üçün müraciət etdikdə bu dəfə torpağa çıxarış vermədiklərini bildirmişdilər, cavabdeh də o söhbətdən sonra ödənişi dayandırmışdı, ödənişi dayandırmağının başqa bir səbəbi də var ki, cavabdehin ailəsində üç nəfər ikinci qrup əlil var, özü müharibə əlilidir, həyat yoldaşı və oğlu xərçəng xəstəliyinin fəsadlarına görə əlil olmuşlar, heç biri işləmir, maddi durumları çox ağırdır və dərmanlara pul çatdıra bilmirlər.
5. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən xx.xx.2024-cü il tarixli, 10389 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2026-cı il tarixə olan 2421 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Yahyayeva iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
8. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhər İcra Hakimiyyətinin (qeydiyyat № 7609) sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışa əsasən cavabdehə məxsus qeyri-yaşayış binasının yerləşdiyi 215.0 kv.m torpaq sahəsi dövlətin mülkiyyətindədir.
11. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10389 nömrəli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 215 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edir.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək icarəyəverənin hüququdur.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə torpaq sahəsinin illik icarə haqqı 3228 manat; aylıq icarə haqqı 269 manat təşkil edir.
14. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyən edilir.
15. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra icarəçi torpaq sahəsini istifadə etdiyini nəzərə alaraq, o müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir (icarəyəverənin etirazı olmadıqda).
16. Müqavilənin 7-ci bəndinə əsasən müqaviləyə aşağıdakı hallarda xitam verilir: - Torpaq sahəsinə dövlətin ehtiyacı olduqda; - Torpaq sahəsi özəlləşdirildə; - İstifadəçi tərəfindən torpaq sahəsi icarəyəverənə təhvil verildikdə; - Bu müqavilənin 2.2, 5.2 bəndləri icarəçi tərəfindən pozulduqda; - Tərəflərin biri müqaviləinin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə: - İcarəçi vəfat etdikdə.
17. Cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən cavabdehin xx.xx.2025-ci il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 1883 manat təşkil edir.
18. Cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən cavabdehin xx.xx.2026-cı il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 2421 manat təşkil edir.
19. Məhkəmə nümayəndənin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 10389 nömrəli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən dövlətin mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 215 kv.m torpaq sahəsi cavabdehin istifadəsinə verilmiş, hazırda da cavabdehin sahiblik və istifadəsindədir. Həmin müqavilə üzrə cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixə qədər ümumilikdə 4008,97 manat icarə haqqı ödənilməli olduğu halda, 1587,97 manat ödənilmiş, qalıq 2421 manat borc hazırkı günədək iddiaçıya ödənilməmişdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.4-cü maddəsinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
23. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10389 nömrəli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
24. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 2421 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
27. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 44,21 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2421 (iki min dörd yüz iyirmi bir) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Cavabdeh 44,21 (qırx dörd manat iyirmi bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova