Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-252/2026 02.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 03 aprel 2023-cü il tarixli 0137 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 2836.69 (iki min səkkiz yüz otuz altı manat, 69 qəpik) manat əsas borcun, 48.37 (qırx səkkiz manat, otuz yeddi qəpik) manat dövlət rüsumu əvəzinin cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı satıcı İddiaçı MMC-nin qanuni təmsilçisi Emin Rəhimov ilə cavabdeh alıcı Cavabdeh MMC-nin direktoru isgəndərov Elgün Munus oğlu arasında 03 aprel 2023-cü il tarixli, 0137 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı İddiaçı MMC tərəfindən istehsal etdiyi süd məhsullarını alıcı Cavabdeh MMC-yə satmış, alıcı elektron qaimə-fakturalar əsasında malları qəbul edərək, dəyəri üzrə ödənişlər müvafiq bank hesabına qəbul edilmişdir. Tərəflər arasında 31 dekabr 2023-cü il tarixdə qarşılıqlı üzləşmə aparılmış və müəyyən edilmişdir ki, müqavilə üzrə cavabdehin iddiaçıya ödənilməmiş 2836.69 manat borcu qalmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.2.4-cü maddəsinə əsasən cavabdeh təhvil aldığı malların müqabilində ödənişi 30 (otuz) gün müddətində həyata keçirməyi öhdəsinə götürdüyü halda, müqavilə üzrə bu öhdəliyi tam icra etməmiş və bu günə kimi malların dəyərinə görə iddaçıya 2836.69 (iki min səkkiz yüz otuz altı manat, 69 qəpik) manat borcu qalmışdır. Həmin borcun ödənilməsi məqsədilə dəfələrlə cavabdehlə aparılan danışıqlar nəticə verməmiş, müqavilə öhdəlikləri aşkar surətdə şüurlu olaraq pozulmaqda davam etməkdədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2026-cı il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0137 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh MMC-yə qaimə fakturalar əsasənda müqavilədə göstərilən şərtlərlə malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2.4-cü bəndinə əsasən “Alıcı” təhvil aldığı malın müqabilində ödənişi 30 gün müddətində həyata keçirmə öhdəsinə götürmüşdür. Bir tərəfdən İddiaçı MMC-nin baş mühasibi Elnur Ələkbərli digər tərəfdən Cavabdeh MMC-nin baş mühasibi tərəfindən imzalanmış üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə olan borcu 10836,69 manat məbləğində təşkil edir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0137 saylı alqı-satqı müqaviləsinə əsasən ödənişlərin reyestr cədvəlindən görünür ki, Cavabdeh MMC tərəfindən 2024-ci il ərzində İddiaçı MMC-yə ümumilikdə 8000 manat məbləğində pul ödənilmişdir. Bir tərəfdən İddiaçı MMC-nin baş mühasibi Elnur Ələkbərli digər tərəfdən Cavabdeh MMC-nin baş mühasibi tərəfindən imzalanmış üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə olan borcu 2836,69 manat məbləğində təşkil edir. xx.xx.2026-cı il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2026-cı il tarixinə qalıq borc məbləği 2836,69 manat təşkil edir. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan malları cavabdehə vermiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli və Cavabdeh MMCdən xx.xx.2023-cü il tarixli 0137 saylı alqı-satqı müqaviləsi üzrə 2836,69 (iki min səkkiz yüz otuz altı manat, 69 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia təmin edildiyindən hesab edirəm ki, ödənilmiş 48,37 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli 0137 saylı alqı-satqı müqaviləsi üzrə 2836,69 (iki min səkkiz yüz otuz altı manat, 69 qəpik) manat məbləğində əsas borc və ödənilmiş 48,37 (qırx səkkiz manat 37 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-252/2026
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-252/2026
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver