Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-273/2026 22.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 yanvar 2023-cü il tarixli 0129 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 4312,01 (dörd min üç yüz on iki manat, 01 qəpik) manat əsas borcun, 63.12 (altmış üç manat, on iki qəpik) manat dövlət rüsumu əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ddiaçı satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunu təmsilçisi Emin Rəhimov ilə cavabdeh alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 arasında 06 yanvar 2023-cü il tarixli, 0129 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı İddiaçı MMC tərəfindən istehsal etdiyi süd məhsullarını alıcı "xxxx" MMC-yə satmış, alıcı elektron qaimə-fakturalar əsasında malları qəbul edərək, dəyəri üzrə ödənişlər müvafiq bank hesabına qəbul edilmişdir. Tərəflər arasında 01 yanvar 2023-cü il tarixdə qarşılıqlı üzləşmə aparılmış və müəyyən edilmişdir ki, müqavilə üzrə cavabdehin iddiaçıya ödənilməmiş 4312,01(dörd min üç yüz on iki manat,01 qəpik) manat borcu qalmışdır. Malların satışı və təhvil verilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6, 71-1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “ Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na və tərəflər arasında imzalanmış müqavilənin 2.2.7-ci bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə malların təhviltəslim prosesini təsdiq edən və ödənişin əsası sayılan elektron qaimə- fakturaları göndərmiş və cavabdeh tərəfindən bu elektron qaiməfakturalar təsdiq edilmişdir. Qeyd edilən elektron qaimə- fakturaların siyahısı iddia ərizəsinə əlavə edilir. Tərəflər arasında imzalanmış müqavilənin 1-ci maddəsinin 3-cü bandinə əsasən cavabdeh təhvil aldığı malların müqabilində ödənişi 14 (on dörd) gün müddətində həyata keçirməyi öhdəsinə götürdüyü halda, müqavilə üzrə bu öhdəliyi tam icra etməmiş və bu günə kimi malların dəyərinə görə iddaçıya 4312,01(dörd min üç yüz on iki manat,01 qəpik) manat borcu qalmışdır. Həmin borcun ödənilməsi məqsədilə dəfələrlə cavabdehlə aparılan danışıqlar nəticə verməmiş, müqavilə öhdəlikləri aşkar surətdə şüurlu olaraq pozulmaqda davam etməkdədir. Bu məqsədlə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 150.2-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş və ondan borcun ödənilməsi tələb edilmişdir. Lakin pretenziyaya da cavab verilməmişdir. Eyni zamanda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 150.2-ci maddəsinə uyğun olaraq cavabdehin elektron vergi idarəsində olan kabinetinə göndərilmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü tarixli, 0129 saylı müqaviləyə əsasən satıcı qaimə-fakturalar əsasında alıcını malla təmin etməyi, alıcı isə həmin qaimə-fakturalar əsasında malı qəbul edərək, qiymətini ödəməyi öhdəsinə götürür.
5. Müqavilənin 3-cü bəndinə əsasən malın dəyərinin ödənişi hər qaimə-faktura üzrə aparılır və hər bir halda alıcıya təhvil verilmiş malın qiymətinin ödənilməsi vaxtı 14 təqvim günündən artıq ola bilməz. Ödəniş zamanı ödəniş sənədində hansı qaimə-faktura üzrə ödənişin aparıldığı qeyd olunmalıdır (qaimə fakturanın nömrəsi və tarixi).
6. Müqaviləinin 2.2.4-cü bəndinə əsasən alıcı təhvil aldığı malın müqabilində ödənişi 30 gün müddətində həyata keçirməyi öhdəsinə götürür.
7. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 338,40 manat, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 511,20 manat, xx.xx.2024cü il tarixli elektron qaiməyə əsasən 603,20 manat, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 443,20 manat, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 603,20 manat dəyərində mallar təhvil verilmişdir.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli, 01/01- 03/010 nömrəli maliyyə arayışına əsasən İddiaçı MMC ilə "xxxx" MMC arasında 06 Yanvar 2023-cü il tarixində bağlanmış 0129 nömrəli müqaviləyə əsasən malların satışı həyata keçirilmiş və ödənişlər müvafiq bank hesabına qəbul edilmişdir. 01 yanvar 2024-cü il tarixində tərəflər arasında qarşılıqlı üzləşmə aparılmış, nəticədə "xxxx" MMC-nin İddiaçı MMC-yə 4312.01 AZN məbləğində borcu olduğu müəyyən edilmiş və bu məbləğ hər iki tərəf tərəfindən imza və möhürlə təsdiqlənmişdir. Üzləşmədən sonra, yəni xx.xx.2024xx.xx.2025 tarixləri arasında 2499.20 AZN satış əməliyyatı həyata keçirilmiş və "xxxx" MMC tərəfindən həmin dövr ərzində ümumilikdə 2499.20 AZN məbləğində ödəniş edilmişdir. 14 yanvar 2026-ci il tarixinə olan məlumata əsasən, qalıq borc məbləği 4312.01 AZN təşkil edir.Tərəflər arasında imzalanmış, hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş üzləşmə aktına əsasən xx.xx.2024-cü il tarixinə "xxxx" MMC-nin İddiaçı MMC-yə borcu 4312,01 AZN təşkil edir.
9. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 0129 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
14. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 4312,01 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4312,01 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
18. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4312,01 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 63,12 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
IV. Nəticə:
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 4312,01 manat məbləğində pul, 63,12 manat dövlət rüsumu, ümumilikdə 4375,13 (dörd min üç yüz yetmiş beş manat on üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova