Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-341/2026 18.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, illik 5%) X1 Zakir oğlunun sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən dizel yanacağının alınmasına dair PR-1957 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə qalıq 148249 manat məbləğində pulun, ödənişin gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 7412,45 manat faizin, ödənilmiş 446 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 156107,45 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında dizel yanacağının alınmasına dair PR-1957 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, satıcı vaxtaşırı olaraq sifariş edilən miqdarda yanacaq məhsullarını alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib onların razılaşdırılmış dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.4-cü bəndinə əsasən, alıcı hər sifariş zamanı yanacağın qiymətinin satıcı tərəfindən hesab-faktura təqdim edildiyi tarixdən 5 gün ərzində avans qaydasında satıcının hesabına köçürməlidir. İddia ərizəsi təqdim edilən tarixə cavabdehin müqavilə üzrə iddiaçıya ümumilikdə ƏDV daxil 148,249.00 manat borcu qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443, 445.1, 445.7-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəflər arasında təsdiqlənmiş və imzalanmış xx.xx.2026-cı il tarixli barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün lazımi hərəkətləri həyata keçirməkdən yayınır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, təhvil-təslim aktlarına qarşı tərəfin işçiləri imza etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən ilk öncə avans məbləği ödənildikdən sonra mal verilməli idi. Lakin mövcud əməkdaşlıq münasibətləri nəzərə alındığı üçün qarşı tərəfə mal verib, daha sonra ödəniş tələb edilirdi. Cavabdeh tərəf məhkəməyə xx.xx.2026-cı il tarixdə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli müqavilənin 3-cü bəndinə əsasən “3.1 satıcı tərəfindən çatdırılacaq yanacağın miqdarı alıcı tərəfindən təqdim edilmiş sifarişə uyğun olaraq müəyyən edilir. Sifariş Alıcı tərəfindən yanacağın çatdırılma vaxtından ən azı 5 (beş) gün əvvəlcədən Satıcıya bildirilməlidir. Sifarişdə öhdəliyin icra yeri və müddəti, həmçinin Məhsulun miqdarı mütləq qeyd edilməlidir. 3.2 Satıcı hər sifarişə uyğun olaraq sifariş verilmiş miqdarda Məhsulu Alıcının təyin edilən məntəqələrinə öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. Sifarişlər Azərbaycan Respublikasının ərazisində Alıcının istənilən məntəqəsinə çatdırılır. Məhsulun çatdırılacağı bütün məntəqələr elektron-qaimə ilə rəsmiləşdirilir. 3.3 Satıcı müəyyən olunmuş miqdarda yanacağı Tərəflərin nümayəndələrinin iştirakı ilə Alıcının təhvil məntəqəsində mövcud olan həcmə uyğun təhvil-təslim aktı əsasında təhvil verir. Məhsul Alıcıya təhvil verildiyi andan bütün risklər, çatışmazlıq və sair əlaqədar Alıcıya keçir”. İddiaçı cavabdehə elektron qaimə göndərsə də, bu qaimələr sistem tərəfindən təsdiqlənsə də, tərəflər arasında malların qəbulu ilə bağlı hər hansı sənəd tərtib edilməmiş, işə əlavə edimiş aktın şirkətlə əlaqəsi yoxdur. Eyni zamanda bu həcmdə yanacağa cavabdehin ehtiyacı olmamış, belə bir sifariş iddiaçıya verilməmişdir. Halbuki müqaviləyə görə yanacaq sifariş əsasında çatdırılır, iş materiallarına həmçinin sifarişlər də əlavə edilməyib, çünki belə sifariş iddiaçıya olmayıb. Məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli barışıq sazişini MTT qərardadının digər şirkəti olan Global Mining MMC-nin hesablarına Predsol MMC-nin ərizəsi əsasında bütünlüklə həbs qoyulması və hazırkı iş üzrə çətinlik yaradan MTT qərardadındakı yanlışlıq olmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış PR-1957 nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı vaxtaşırı olaraq sifariş edilən miqdarda yanacaq məhsullarını (bundan sonra "Məhsul") Alıcıya satmağı, Alıcı isə həmin malları qəbul edib onların razılaşdırılmış dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən müqavilə üzrə Məhsulunun qiyməti və Məhsulun Alıcının çənlərinə qədər çatdırılma xərcləri Müqavilənin qiymətlərin razılaşdırılması protokolu sayılan 1 saylı qoşmasında (Qoşma 1) müəyyən olunur. 2.4-cü bəndinə əsasən alıcı hər sifariş zamanı yanacağın qiymətini Satıcı tərəfindən hesab-faktura təqdim edildiyi tarixdən 5 (beş) gün ərzində avans qaydasında satıcının hesabına köçürür. 3.1-ci bəndinə əsasən satıcı tərəfindən çatdırılacaq yanacağın miqdarı Alıcı tərəfindən təqdim edilmiş sifarişə uyğun olaraq müəyyən edilir. Sifariş Alıcı tərəfindən yanacağın çatdırılma vaxtından ən azı 5 (beş) gün əvvəlcədən Satıcıya bildirilməlidir. Sifarişdə öhdəliyin icra yeri və müddəti, həmçinin Məhsulun miqdarı mütləq qeyd edilməlidir. 3.3-cü bəndinə əsasən satıcı müəyyən olunmuş miqdarda yanacağı Tərəflərin nümayəndələrinin iştirakı ilə Alıcının təhvil məntəqəsində mövcud olan həcmə uyğun təhvil-təslim aktı əsasında təhvil verir. Məhsul Alıcıya təhvil verildiyi andan bütün risklər, çatışmazlıq və sair əlaqədar cavabdehlik Alıcıya keçir. 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2025-ci il qədər 1 (bir) il müddətində öz qüvvəsini saxlayır. PR-1957 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə xx.xx.2024-cü il tarixli qiymət razılaşma protokoluna əsasən DÜİST 305-82 markalı dizel yanacağının 1 litrinin qiyməti 1 manat razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli 23-YT-GG-0001 nömrəli akta əsasən 15 000 litr, xx.xx.2024cü il tarixli 23-YT-GG-0002 nömrəli akta əsasən 20 000 litr, xx.xx.2024-cü il tarixli 23-YT- GG-0003 nömrəli akta əsasən 7 500 litr, xx.xx.2024-cü il tarixli 23-YT-GG-0004 nömrəli akta əsasən 7 500 litr, xx.xx.2024-cü il tarixli 23-YT-GG-0005 nömrəli akta əsasən 6 300 litr, xx.xx.2024-cü il tarixli 23-YT-GG-0006 nömrəli akta əsasən 7 400 litr, xx.xx.2024-cü il tarixli 23-YT-GG-0007 nömrəli akta əsasən 7110 litr, xx.xx.2024-cü il tarixli 23-YT-GG- 0008 nömrəli akta əsasən 10 000 litr, xx.xx.2024-cü il tarixli 23-YT-GG-0009 nömrəli akta əsasən 6 000 litr, xx.xx.2024-cü il tarixli 23-YT-XZ-0001 nömrəli akta əsasən 10 920 litr, xx.xx.2024-cü il tarixli 23-YT-XZ-0002 nömrəli akta əsasən 12 000 litr (aktda qeyd olunmuşdur ki, maşının standart korbirovkasından yanacaq aşağıdır. Sürücü aşağı olduğunu təsdiqləyir) xx.xx.2024-cü il tarixli 23-YT-XZ-0003 nömrəli akta əsasən 12 900 litr, xx.xx.2024-cü il tarixli 23-YT-XZ-0004 nömrəli akta əsasən 12 000 litr, xx.xx.2024-cü il tarixli 23-YT-XZ-0005 nömrəli akta əsasən 11 800 litr, xx.xx.2024-cü il tarixli 23-YT-XZ- 0006 nömrəli akta əsasən 12 900 litr, xx.xx.2024-cü il tarixli 23-YT-QB-0001 nömrəli akta əsasən 10 580 litr, xx.xx.2024-cü il tarixli 23-YT-QB-0002 nömrəli akta əsasən 9 860 litr, xx.xx.2024-cü il tarixli 23-YT-QB-0003 nömrəli akta əsasən 9 090 litr, xx.xx.2024-cü il tarixli 23-YT-QB-0004 nömrəli akta əsasən 10 000 litr, xx.xx.2024-cü il tarixli 23-YT-QB- 0005 nömrəli akta əsasən 10 000 litr dizel yanacağı iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən də aktların bəziləri mexanik Yadigar Məhyəddinov, bəziləri isə Ömərov.R, Rəhimov.R, Orucov Coşqun, Fizuli Bədəlov adlı şəxslər tərəfindən imza edilməklə qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehə ödəniş edilməsi üçün MT2410 seriyalı, 10924385 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 10580 manat, MT2410 seriyalı, 10924745 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 10920 manat, MT2410 seriyalı, 11443720 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 12900 manat, MT2410 seriyalı, 11444931 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 12000 manat, MT2410 seriyalı, 11623697 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 11800 manat, MT2410 seriyalı, 11709375 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 12900 manat, MT2410 seriyalı, 11857803 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 9860 manat, MT2410 seriyalı, 12076389 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 9090 manat, MT2411 seriyalı, 10035473 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 9090 manat, MT2411 seriyalı, 11212568 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 10000 manat, MT2411 seriyalı, 12267335 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 10000 manat, MT2411 seriyalı, 12267335 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 10000 manat, MT2412 seriyalı, 12149445 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 12000 manat, MT2412 seriyalı, 12159064 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 10000 manat, MT2412 seriyalı, 12159278 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 6000 manat olan elektron qaimə-fakturalar göndərilmişdir. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə ƏDV daxil 148,249.00 manat məbləğində yanacaq təhvil verilmişdir. Arayış təqdim edilən tarixə qalıq borc məbləği ƏDV daxil 148,249.00 manat təşkil edir. Hər iki hüquqi şəxsin möhürləri və direktorlarının imzaları ilə təsdiq olunmuş xx.xx.2026-cı il tarixli barışıq sazişinə əsasən bu Sazişi imzalamaqla Cavabdeh MMC Tərəflər arasında bağlanmış dizel yanacağının alınmasına dair PR-1957 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Saziş imzalanan tarixə ümumilikdə ƏDV daxil 148,249.00 (bir yüz qırx səkkiz min iki yüz qırx doqquz) manat borcunun olduğuna dair öz razılığını (təsdiqini) bildirir. 2. Həmçinin, bu Sazişi imzalamaqla cavabdeh "xxxx" MMC iddiaçı "xxxx" MMC ilə vəkil Nümayəndə arasında imzalanmış Hüquqi xidmətlərin göstərilməsi haqqında 01/2026 nömrəli, xx.xx.2026-cı il tarixli müqavilə üzrə iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 1,500.00 (bir min beş yüz) manat məbləğində xidmət haqqının 500.00 (beş yüz) manat hissəsini və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 446.00 (dörd yüz qırx altı) manat məbləğində dövlət rüsumunu qəbul edir və Saziş icra edilən vaxt əsas borc məbləği ilə birlikdə ödəməyi öz öhdəsinə götürür. 3. Cavabdeh "xxxx" MMC bu Sazişin 1 və 2-ci maddəsində qeyd edilən iradə ifadəsini əsas götürərək, bu Saziş imzalandıqdan, məhkəmə tərəfindən qəbul edildikdən və bununla bağlı Qərardad qanuni qüvvəyə mindikdən sonra, ən geci xx.xx.2026-cı il tarixinədək bu Sazişin 1 və 2-ci maddəsində göstərilən məbləğləri ödəmək öhdəliyini öz üzərinə götürərək təsdiq edir. Daha sonra cavabdeh tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə xx.xx.2026-cı il tarixli qərardadla MTT görülmüş, nəticədə işçilərə əmək haqqı vermək imkanı mümkünsüz olmuş, məhkəməyə müraciət, şikayətlərinə baxılması yubanmış, iddiaçı ilə barışıq sazişi bağlanmışdır. Eyni zamanda, xx.xx.2026-cı il tarixli Sazişin 1.2-ci bəndinə əsasən sazişi imzalamaqla İddiaçı MMC bəyan edir ki, bu Saziş imzalandıqdan dərhal sonra, məhkəmə tərəfindən sazişin təsdiq edilməsini gözləmədən Nəsimi rayon İcra Şöbəsinə Cavabdeh MMC-nin hesablarından həbs və məhdudiyyətlərin götürülməsi, icra sənədinin geri qaytarılması üçün Azərbaycan Respublikasının İcra Haqqında Qanununun 23.1.1-ci maddəsinə uyğun müraciət edəcək, bununla bağlı zəruri digər hərəkətlər edəcəkdir (banka məktub və s.). Növbəti mərhələdə saziş təsdiq edildikdən və bununla bağlı qərardad qanuni qüvvəyə mindikdən dərhal sonra İddiaçı MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardadın ləğv edilməsi üçün ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəkdir. Buna baxmayaraq iddiaçı qeyd edilən ərizəni verməmiş, buna ehtiyac olmadığını bildirmiş, icra işi İcra şöbəsində qalmış, həmçinin DYP əməkdaşları "həbs qoyulub" bəhanəsi ilə şirkətin avtomobillərini cərimə meydançasına aparmışlar. Mübahisə iddiaçı ilə məhkəmədənkənar həllinə görə bir daha müzakirə edilməlidir. xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 446 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia tələbi iki hissədən ibarətdir: 1) PR-1957 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə qalıq 148 249 manat məbləğində borcun tutulması; 2) ödənişin gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 7 412,45 manat məbləğində faizin tutulması. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər arasında alqı-satqı (mal göndərilməsi) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iş materiallarında olan PR-1957 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə, həmin müqaviləyə əlavə edilmiş qiymət razılaşma protokolu, təhvil-təslim aktları və elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə və həcmdə dizel yanacağının təhvil verildiyini təsdiq edir. Təhvil-təslim aktlarının cavabdehin işçiləri tərəfindən imzalanması malların faktiki qəbul edildiyini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 634.2-ci maddəsinin tələbi baxımından cavabdeh tərəfindən təqdim olunmuş etirazlarda malların qəbul edilmədiyi göstərilsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdehin sifariş verilməməsi və malların qəbul edilməməsi ilə bağlı etirazlarını əsassız hesab edir. Belə ki, iş materiallarında olan çoxsaylı təhvil-təslim aktları, elektron qaimələr və xüsusilə tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi cavabdehin mübahisə olunan borcu etiraf etdiyini göstərir. Belə ki, qeyd olunan barışıq sazişi ilə cavabdeh açıq şəkildə müqavilə üzrə 148249 manat borcunun mövcudluğunu təsdiq etmişdir. Həmin sənəd tərəflərin iradə ifadəsini əks etdirdiyindən və etibarsızlığı barədə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Cavabdeh barışıq sazişinin müəyyən şərtlərinin iddiaçı tərəfindən icra edilmədiyini göstərsə də, bu hal onun əsas borcun mövcudluğunu inkar etmir və borcun ödənilməsi öhdəliyini aradan qaldırmır. Beləliklə, məhkəmə Mülki Məcəllənin 637.2-ci mddəsinə əsasən hesab edir ki, iddiaçının cavabdehdən satdığı malların dəyərini tələb etmək hüququ vardır və onun 148249 manat məbləğində əsas borcun tutulması barədə tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirməmiş, nəticədə ödənişin gecikdirilməsinə yol vermişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün borc məbləğinə illik beş faiz tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. İş materiallarından görünür ki, cavabdeh öhdəliyin icrasını bir ildən artıq müddətdə gecikdirmişdir. Bu səbəbdən iddiaçı tərəfindən əsas borca 1 il üçün hesablanmış 7412,45 manat məbləğində faizin tələb olunması qanunauyğundur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Həmçinin məhkəmə Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 446 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 148249 (bir yüz qırx səkkiz min iki yüz qırx doqquz) manat əsas borc, əsas borca illik 5 % hesablanmaqla 7412 (yeddi min dörd yüz on iki) manat 45 (qırx beş) qəpik pul vəsaiti olmaqla, cəmi 155661 (bir yüz əlli beş min altı yüz altmış bir) manat 45 (qırx beş) qəpik borc, dövlət rüsumunun əvəzi olaraq 446 (dörd yüz qırx altı) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-341/2026
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(4-11)-341/2026
18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver