Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-368/2026 16.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4284,16 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 915,93 manat məbləğində cərimənin və 72,01 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 10 mart 2025- ci il tarixli 34/25 nömrəli alqı satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif mallar təqdim edilmişdir. Malların təqdim edilməsi ilə bağlı iddiaçı tərəfindən elektron qaimə fakturalar göndərilmiş və həmin fakturalar təsdiq edilmişdir. Bundan başqa malların təhvil verilməsi ilə bağlı tərəfələr arasında təhvil təslim aktları imzalanmışdır. Hazırda iddiaçı tərəfindən satılmış mallara görə cavabdehin ümumilikdə ƏDV ilə birlikdə 4284,16 manat borcu yaranmışdır. Borcun ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə şifahi xəbərdarlıqlar edilməsinə və pretenziya məktubu göndərilməsinə baxmayaraq borc hələ də ödənilmir. Buna görə də borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Əlavə olaraq qeyd etmək istəyirik ki, müqavilənin 14.2-ci bəndinə qeyd edilmişdir ki, alıcı təqdim olunmuş malın dəyə5inin ödənilməsini 15 bank günündən çox gecikdirdikdə, hər gün üçün ödənilməmiş məbləğin 0,1 faizi miqdarında cərimə ödəməlidir. Cərimələrin məbləğinin yuxarı həddi bu müqavilənin qiymətinin 0,5 faizi miqdarından çox olmamalıdır .
3. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 4284,16 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 21,42 manat məbləğində cərimənin və 72,01 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (malgöndərən) və cavabdeh (alıcı) arasında bağlanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, xx.xx.2025-ci il tarixli, 34/25 nömrəli Malların satın alınması üzrə müqaviləyə əsasən, bu müqaviləyə əsasən malgöndərən əlavələrdə göstərilmiş işçi ayaqqabıları alıcının mülkiyyətinə verir, alıcı isə malları qəbul edib, tərəfdaş olaraq təmsil edir və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəyir.
9. Müqavilənin 4.2-ci bəndinə əsasən Malların alıcıya təqdim olunması ilə əlaqədar bütün vergi və rüsumlar bu Müqavilənin qiymətinə daxildir və malgöndərən tərəfindən ödəniləcək. Ödənişlər Azərbaycan Respublikasının milli valyutası olan manat (AZN) ilə yerinə yetiriləcək.
10. Müqavilənin 5.1.2-ci bəndinə əsasən alıcı tərəfindən bu Müqavilənin predmeti olan mallar razılaşdırılmış yerdə və vaxtda (müddətdə) qəbul edildikdən sonra qəbul edilmiş malların dəyəri malların çatdırılmasından sonra 15 iş günü ərzində ödənilir.
11. Müqavilənin 14.2-ci bəndinə əsasən alıcı təqdim olunmuş malın dəyərinin ödənilməsini 15 (on beş) bank günündən çox gecikdirdikdə, hər gün üçün ödənilməmiş məbləğin 0,1 (sıfır tam onda bir) faizi miqdarında cərimə ödəməlidir. Cərimələrin məbləğinin yuxarı həddi bu Müqavilənin qiymətinin 0,5 (sıfır tam onda beş) faizi miqdarından çox olmamalıdır.
12. Tərəflər arasında imzalanmış, xx.xx.2025-ci il tarixli, 34/25 nömrəli Malların satın alınması üzrə müqaviləyə xx.xx.2025-ci il tarixli, 01 saylı əlavədə satılacaq alınan malların qiymətləri razılaşdırılmışdır.
13. Tərəflər arasında imzalanmış, xx.xx.2025-ci il tarixli, 34/25 nömrəli Malların satın alınması üzrə müqaviləyə xx.xx.2025-ci il tarixli, 02 saylı əlavədə satılacaq malların qiymətləri razılaşdırılmışdır.
14. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli, AF-1000368 T/ (18.2.2025) nömrəli təhvil-təslim aktına əsasən 100 ədəd ayaqqabı iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
15. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli, AF-1000670 T/ (26.6.2025) nömrəli təhvil-təslim aktına əsasən 63 ədəd ayaqqabı iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, MT2503 11494532 nömrəli 2950 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2507 11422409 nömrəli 1784,16 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
17. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ədv sub-uçot hesabına xx.xx.2025-ci il tarixli, MT2503 11494532 nömrəli elektron qaimə üzrə 450 manat ƏDV ödənilmişdir.
18. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli, 34/25 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə ümumilikdə 4734,16 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən bunun müqabilində cəmi 450 manat vəsait ödənilmiş, qalıq 4284,16 manat vəsait hazırkı günədək iddiaçıya ödənilməmişdir.
20. Cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli 34/25 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 4284,16 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
28. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli 34/25 nömrəli müqavilənin 14.2-ci bəndinə əsasən hesablanmış 21,42 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir.
31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4284,16 manat əsas borc, 21,42 manat cərimə tutularaq iddiaçıya ödənilməlidir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 72,01 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4284,16 manat əsas borc, 21,42 manat dəbbə pulu, 72,01 manat dövlət rüsumu, ümumilikdə 4377,59 (dörd min üç yüz yetmiş yeddi manat əlli doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova