Məhkəmə qərarları › İş №e-2-2(4-11)-44/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-44/2026

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-44/2026 09.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə 24000 manat icarə haqqının, kommunal xidmətlər üzrə 13000 manat borcun və ödənilmiş 203 manat dövlət rüsumu, 250 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-10551/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış, iddia ərizəsinin tərtib olunması zamanı yol verilən nöqsanlar iddiaçının diqqətinə çatdırılmışdır. Lakin iddiaçı qeyd edilən nöqsanları tam aradan qaldırmadan yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsində göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 7.3-cü bəndinə əsasən, tərəflər baş vermiş mübahisəni barışıq sazişi ilə həll edə bilməzlərsə, mübahisə Azərbaycan Respublikasının məhkəmə orqanları tərəfindən həll oluna bilər. Məhkəmə qeyd edir ki, tərəflər sözügedən müqavilədən irəli gələn mübahisələrin əvvəlcə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə razılığa gəlmişdir. Lakin iddia ərizəsinə cavabdeh ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilən pretenziya məktubu əlavə edilmişdir. Halbuki hazırkı iş üzrə cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyindən pretenziya məktubu ona X1 Sistemi vasitəsilə göndərilməli və bu göndərilməni təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməli idi. Məhkəmə həmçinin qeyd edir ki, “Vahid məhkəmə portalı”ndan elektron kabinetə beta versiyası ilə daxil olarkən “yeni müraciət” bölməsinin “şəxsin eyniləşdirilməsi” altbölməsi vasitəsilə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçib-keçməməsi barədə məlumatlar iddiaçı tərəfindən də yoxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar