Məhkəmə qərarları › İş №e-2-2(4-11)-488/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-488/2026

23.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-488/2026 23.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6860 (altı min səkkiz yüz altmış) məbləğində yaranmış borcun, hüquqi yardım üçün ödənişmiş 330 (üç yüz otuz) manat məbləğində vəsaitin və 89 (səksən doqquz) manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2024–cü il tarixli 1803–24 nömrəli alqı–satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 12250 (on iki min iki yüz əlli) manat məbləğində Ammonium sulfat məhsulu almışdır. Borcun bir qismini hissə-hissə ödəmiş olsa da, hazırda cavabdehin ümumilikdə 6860 (altı min səkkiz yüz altmış) manat məbləğində borcu qalmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə cavabdeh borcunu ödəməkdən yayınmışdır. Cavabehə borcunu ödəməsi ilə bağlı pritenziya göndərilmiş, lakin cavabdeh göndərilmiş pritenziya məktubuna heç bir münasibət bildirməmişdir. Hazırda cavabdehin İddiaçı QSC–nə 6860 (altı min səkkiz yüz altmış) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası MM–nin 448.1–ci maddəsinə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3–cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə–hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Cavabdehə bir neçə dəfə borcunun ödənilməsi ilə bağlı məlumat verməyimizə baxmayaraq, cavabdeh yenə də heç bir münasibət bildirməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1803-24 nömrəli alqı-satqı müqaviləsinə əsasən, icraçı hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən məhsulları sifarişçiyə satır və sifarişçi öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəyir.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən tələb olunan malların xüsusiyyətləri (adı, miqdarı və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılır.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən satılan mallar elektron qaimə əsasında təhvil verilir.

10. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini 15 (on beş) təqvim günündən gec olmayaraq icraçının hesabına ödəyir.

11. Müqavilənin 3.3-cü bəndinə əsasən hazırki müqaviləyə əsasən bütün ödənişlər bank köçürmə yolu ilə manatla həyata keçirilir.

12. Müqavilənin 5.1-ci bəndinə əsasən hazırki müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.

13. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 1803-24 nömrəli alqı-satqı müqaviləsinə dair 1 nömrəli qiymətlərin razılaşdırma protokolundan görünür ki, 25 ton ammonium sulfat məhsulunun vahidinin qiyməti 490 AZN olmaqla ümumi qiyməti 12250 AZN dəyərində razılaşdırılmışdır.

14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş mallarla bağlı xx.xx.2024-cü il tarixli, MT2411 12639874 nömrəli 12250 manat məbləğində elekton qaimə, avans ödəniş edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, AA2410 10635144 nömrəli 2450 manat məbləğində elektron qaimə təqdim edilmişdir.

15. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********5/872473036 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 2450 manat, xx.xx.2024cü il tarixli, **********4/914289756 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 2940 manat vəsait ödənilmişdir.

16. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

17. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 1803-24 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 12250 manat dəyərində mal təhvil verilmiş, cavabdeh tərəfindən bunun müqabilində cəmi 5390 manat ödəniş edilmiş, qalıq 6860 manat borc ödənilməmiş qalmışdır. Cavabdehin bu müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, cavabdeh tərəfindən qismən ödənişlər edilsə də, qalıq 6860 manat əsas borc ödənilməmişdir.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 6860 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

26. Bundan başqa iddiaçı iddia ərizəsində hüquqi yardımla bağlı ödənilmiş 330 manat xərcin də cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı yaranmış xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Belə ki, materiallarda olan xx.xx.2026-ci il tarixli, MVaXHLZ4 ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 330 manat vəsait ödənilmişdir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

29. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 89 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6860 manat məbləğində pul, 330 manat hüquqi yardıma görə xərc, 89 manat dövlət rüsumu, ümumilikdə 7279 (yeddi min iki yüz yetmiş doqquz) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar