Məhkəmə qərarları › İş №e-2-2(4-11)-548/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-548/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-548/2026 03.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3906.9 AZN əsas borc, 589.54 AZN faiz borcu, 140.15 AZN cərimə borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 121.15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 4757.74 manat borcun və 67.58 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 MMC-yə 120 ay müddətinə 300000 manat kredit limiti ayrılmışdır. Art Digital MMC xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 31000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Qanuni nümayəndə ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2025-ci il noyabrın 25-dək Art Digital MMC-ninbanka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3906.9 AZN əsas borcu, 589.54 AZN faiz borcu, 280.3 AZN cərimə borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 121.15 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4897.89 manat borcu vardır. Art Digital MMC-nin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 280.3 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 140.15 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

İİ. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1- 703-22 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya görə cavabdehə 120 ay müddətinə, aylıq 29% dərəcəsi ilə, 300000 manat məbləğində kredit limiti ayrılmışdır.

5. İddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1- 703-22/1 saylı kredit razılaşmasına əsasən iddiaçı cavabdehə aylıq 18 % dərəcəsi ilə, 36 ay müddətinə 31000 manat məbləğində kredit vermişdir.

6. xx.xx.2022-ci il tarixli, 6-SME-1-703-22/1 saylı kredit razılaşmasına xx.xx.2022-ci il tarixli, 1 saylı əlavədə kredit müqaviləsi üzrə ödənişlər, onların tarixi, əsas və faiz məbləğləri öz əksini tapmışdır.

7. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2022 tarixli Z/07646/22 nömrəli zaminlik müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2022-ci il tarixli, 6-SME-1-703-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür.

8. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında xx.xx.2022 tarixli Z/07643/22 nömrəli zaminlik müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2022-ci il tarixli, 6-SME-1-703- 22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür.

9. xx.xx.2022-ci il tarixli məxaric qəbzinə görə 31000 manat məbləğində kredit Cavabdeh2 MMC-yə verilmişdir.

10. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 6-SME-1-703-22 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan əsas borc 3906,9 manat, faiz borcu 589,54 manat, cərimə borcu 280,3 manat olmaqla, ümumilikdə borcu 4897,89 manat təşkil edir.

11. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 6-SME-1-703-22 saylı kredit müqaviləsi üzrə xx.xx.2026-cı il tarixə olan əsas borc 3406,9 manat, faiz borcu 746,6 manat, cərimə borcu 437,18 manat olmaqla, ümumilikdə borcu 4906,9 manat təşkil edir.

12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6- SME-1-703-22/1 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. İddiaçı iddia ərizəsində 3906,9 manat məbləğində əsas borc, 589,54 manat məbləğində faiz borcunun tutulması xahiş etsə də, iddiaçı tərəfindən verilmiş sonuncu maliyyə arayışından və təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə ödəniş edilmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1-703-22/1 saylı kredit razılaşması üzrə cavabdehin xx.xx.2026-cı il tarixə olan maliyyə arayışına əsasən əsas borcu 3406,9 manat, faiz borcu 746,6 manat təşkil edir.

17. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən xx.xx.2022-ci il tarixli, 6- SME-1-703-22/1 saylı kredit müqaviləsi üzrə 3406,9 manat məbləğində əsas bоrc və 589,54 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

18. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 140,15 manat dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

19. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

20. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

21. Bundan başqa iddiaçı əsas borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 121,15 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir.

22. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir.

25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2022-ci il tarixli, 6-SME-1-703-22/1 saylı kredit müqaviləsi üzrə 3406,9 manat əsas borc, 589,54 manat faiz borcu, 140,15 manat cərimə, 121,15 manat illik beş faizlə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 62,58 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 5 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

III. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2ndən, Cavabdeh3 birgə (müştərək) qaydada 3406,9 manat əsas bоrc, 589,54 manat faiz borcu, 140,15 manat cərimə, 121,15 manat illik beş faizlə hesablanmış faiz borcu, 62,58 manat dövlət rüsumu, ümumilikdə 4320,32 (dörd min üç yüz iyirmi manat otuz iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 5 (beş) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar