Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-703/2026 13.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə haqqının tutulması, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 3150 manat icarə haqqının, 720 manat elektrik enerjisi borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,5 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli Gİ 05/21 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən anbar binasında 205 k.m sahəni icarəyə götürmüş və hər ay 1025 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 2025-ci ilin aprel ayında baş vermiş yanğın hadisəsi ilə əlaqədar icarə sahəsindən istifadə mümkün olmadığı üçün tərəflər qarşılıqlı razılaşma əsasında xx.xx.2025-ci il tarixində xx.xx.2021-ci il tarixli Gİ 05/21 nömrəli icarə müqaviləsinə xitam vermişdirlər. Sözügedən xitam razılaşmasının 2-ci və 4-cü bəndlərinə əsasən, cavabdeh ödənilməyən 3150 manat icarə haqqı borcunu və 720 manat elektrik enerjisi üzrə yaranmış borcu, ümumilikdə 3870 manat məbləğində borcu xx.xx.2025-ci il tarixə kimi tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış icarə müqaviləsinin ləğvi barədə xx.xx.2025-ci il tarixli 01 nömrəli müraciətdə iddiaçıya 3870 manat borcunun olması cavabdehin özü tərəfindən bir daha təsdiq edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən borc qeyd olunan vaxtda ödənilməmişdir. Bundan sonra, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli 13-05-11/2-0038/2023 nömrəli pretenziya məktubu ünvanlanaraq, eyni zamanda elektron qaydada pretenziya ünvanlanaraq 3150 manat icarə haqqı borcunun və 720 manat elektrik enerjisi üzrə yaranmış borcunun, ümumilikdə 3870 manat məbləğində borcun ödənilməsi tələb olunmuş, buna baxmayaraq, cavabdeh bu günə kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386.1, 442-ci və s. maddələri göstərilmişdir.
II. Mümkünlük və cavabdehin etirazı
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
6. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə uyğun olaraq məhkəmə bildirişi cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin rədmi qeydə alındığı ünvana göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) İcarə müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
10. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 01 sentyabr 2021-ci il tarixli Gİ 05/21 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ona məxsus ünvan 2 ünvanında yerləşən anbar binasında 205 kv.m sahəni cavabdehə icarəyə verməyi, cavabdeh isə həmin ərazini icarəyə qəbul etməyi və şərtləşdirilmiş icarə haqqının (1025 manat) ödəməyi öhdəsinə götürmüş, icarə müddəti 11 ay razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2025ci il tarixli adıçəkilən icarə müqaviləsinin xitamı haqqında razılaşmaya əsasən 01 sentyabr 2021-ci il tarixli Gİ 05/21 nömrəli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi və icarə müqaviləsi üzrə 3150 manat icarə haqqı, 720 manat elektrik enerjisi borcu olmaqla ümumilikdə 3870 manat borcun cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixədək ödənilməsi şərtləşdirilmişdir.
11. İddiaçı 01 sentyabr 2021-ci il tarixli Gİ 05/21 nömrəli icarə müqaviləsi üzrə 3150 manat icarə haqqı, 720 manat elektrik enerjisi borcu olmaqla ümumilikdə 3870 manat borcun tutulmasını tələb edir.
12. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir və sadələşdirilmiş icraat üzrə ərizəyə baxılma qaydası və iddiaya etiraz etmə hüququ rəsmi qaydada – məhkəmə bildirişi göndərilməklə izah edilsə də, heç bir etiraz təqdim etmir.
13. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.
15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eləcə də kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
17. Məhkəmə əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.
18. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
19. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
20. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.
21. Mülki Məcəllənin 700.1-ci maddəsinin dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.
22. Həmçinin tərəflər icarə müqaviləsi üzrə kommunal xərclərin icarəçi tərəfindən ödənilməsi barədə razılığa gəldiyindən elektrik enerjisindən istifadə ilə bağlı yaranmış 720 manat məbləğində borc da cavabdehdən tutulmalıdır.
23. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
28. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 01 sentyabr 2021-ci il tarixli Gİ 05/21 nömrəli icarə müqaviləsi üzrə 3150 manat icarə haqqı, 720 manat elektrik enerjisi borcu olmaqla ümumilikdə 3870 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
29. İddiaçı ödənilmiş 51,5 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
30. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsinə görə 51,5 manat, ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsinə görə 8 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
31. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Beləliklə, iddia tələbinin təmin edildiyini, iddianın qiymətinə uyğun dövlət rüsumunun məbləğini və qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,7 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 3150 manat icarə haqqı, 720 manat elektrik enerjisi haqqının əvəzi olmaqla ümumilikdə 3870 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X1 Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,7 manat Cavabdehndən tutularaq İddiaçı X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova