Məhkəmə qərarları › İş №e-2-2(4-11)-75/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-75/2026

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-75/2026 13.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqailəsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7448.74 manat əsas borc, 1000.84 manat faiz borcu və 557.59 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9007.17 AZN borcun və 110.07 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3İddiaçı ASCdən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 19% olmaqla 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin noyabrın 25-dək Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7448.74 manat əsas borc, 1000.84 manat faiz borcu və 1115.17 manat cərimə borcu, ümumilikdə cəmi 9564.75 AZNborcu vardır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1115.17 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%- i miqdarında olmaqla, yəni 557.59 AZN məbləğində tələb olunur.

3. Bakı Kommersiya məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(4-11)-75/2026 saylı qərardadı ilə İddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqailəsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair kommersiya işinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

4. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 23-MCR-1-1647-2 saylı kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır.

11. 15.05.2021-ci il tarixli 11-MZ2-2-0-103-21 saylı kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədilə bank ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2022-ci il tarixli, Z/20696/22 saylı, Cavabdeh1 (zamin) arasında xx.xx.2022-ci il tarixli Z/20697/22 saylı zaminlik müqavilələri bağlanmışdır.

12. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2022ci il tarixli 23-MCR-1-1647-22/1 saylı kredit verilməsinə dair müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 36 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir.

13. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

17. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

18. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

19. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir.

20. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli 23-MCR-1-1647-22/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə cavabdehin əsas borcu 7.448,74 manat, faiz borcu 1.000,84 manat, cərimə borcu 1.115,17 manat təşkil edir.

21. Göründüyü kimi, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır.

22. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.

23. Bütün qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, əsas və faiz borcun tələb edilməsi hissəsində təmin edilməli, xx.xx.2022-ci il tarixli 23-MCR-1-1647-22/1 saylı kredit müqaviləsi üzrə 7.448,74 manat əsas borc, 1.000,84 manat faiz borcu müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində qismən əsaslıdır.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Hazırki işin hallarından görünür ki, xx.xx.2022-ci il tarixli 23-MCR-1-1647-22/1 saylı kredit müqaviləsi üzrə cavabdehin əsas borcuna münasibətdə 350 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

27. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 107,99 manat məbləğində pul da, cavabdehlərdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

28. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 23-MCR-1-1647-22/1 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 7.448 (yeddi min dörd yüz qırx səkkiz) manat 74 (yetmiş dörd) qəpik, faiz borcu üzrə 1.000 (bir min) manat 84 (səksən dörd) qəpik, cərimə borcu üzrə 350 (üç yüz əlli) manat olmaqla, cəmi 8.799 (səkkiz min yeddi yüz doxsan doqquz) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 107 (bir yüz yeddi) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar