Məhkəmə qərarları › İş №e-2-2(4-11)-912/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-912/2026

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-912/2026 10.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə - Cavabdeh MMC arasında bağlanmış: 12 yanvar 2023-cü il tarixli, № 01/23/SA saylı “Xidmətlər” üzrə ödənilməmiş – 95,296.00 AZN (doxsan beş min iki yüz doxsan altı manat 00 qəpik) müqavilə üzrə məbləğində pulun, ödənilmiş dövlət rüsumunun və gecikdirmə ilə əlaqədar 10000 AZN (on min) məbləğində dəymiş ziyanın mülki iş üzrə Cavabdeh MMC-dən məhkəmə qaydasında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını, o cümlədən mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Hansı ki, həmin sənədlər MPM-nin 150.2-ci maddəsində göstərilən qaydada çatdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsini və pretenziya məktubunu cavabdehə fiziki formada vermiş, cavabdehin nümayəndəsi isə həmin sənədləri əl ilə imzalayaraq təhvil almışdır. Bununla da MPM-nin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin elektron qaydada göndərilməli olması ilə bağlı tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 395,30 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz üzrə) yenidən məhkəməyə müraciət edilmədiyi təqdirdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar