Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(4-12)-444/2026 23.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mülki prosessual hüquq qabiliyyəti, mülki prosessual fəaliyyət qabiliyyəti) Hakim Səfərli Xədicə Əlicabbar qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. I. İddia tələbi
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh5 və Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 27 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə 10650 manat əsas borc, 3211.45 manat faiz borcu və 13.04 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13874.49 manat borcun və 131.62 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh1 27 may 2024-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 21 faizlə 30 ay müddətinə 13000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh5, K35ı ilə xx.xx.2022-cü il tarixli və xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09 dekabr 2025-dək Cavabdeh1 banka 27 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə 10650 manat əsas borc, 3211.45 manat faiz borcu və 52.15 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13913.6 manat borcu vardır. Cavabdeh1 27 may 2024 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 52.15 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-ı miqdarında olmaqla, yəni 13.0375 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
II. Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 25. Fiziki şəxsin mülki hüquq qabiliyyəti 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 48. Mülki prosessual hüquq qabiliyyəti Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
III. Məhkəmənin mövqeyi
5. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçı tərəfindən xahiş olunan tələbə məhkəmə qaydasında baxılması qeyri-mümkün olduğuna görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır.
6. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə ölmüş və iddiaçı tərəfindən iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür.
IV. Məhkəmənin gəldiyi nəticə
7. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.
8. Bununla əlaqədar iddiaçıya izah olunur ki, o, həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, həmin şəxsə və ya şəxslərə qarşı iddia irəli sürə bilər.
9. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1, 153.2.1, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, o, həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, həmin şəxsə və ya şəxslərə qarşı iddia irəli sürə bilər. Ödənilmiş 131,62 (bir yüz otuz bir manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Xədicə Səfərli