Məhkəmə qərarları › İş №e-2-2(4-12)-78/2026

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-12)-78/2026

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(4-12)-78/2026 16.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə pul tələbi) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MMC) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən ödənilməmiş 2(iki) ay üzrə-(oktyabr və noyabr ayları) 3 000 AZN (üç min manat) manat məbləğində icarə haqqı, gecikdirilmiş hər günə görə hesablanmış 615 AZN (altı yüz on beş manat) məbləğində cərimə məbləği olmaqla, ümumilikdə 3 615 AZN (üç min altı yüz on beş manat),eləcə də iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 56.15 AZN (əlli altı manat on beş qəpik) dövlət rüsumunun cavabdehden tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “X1” MMC arasında xx.xx.2024-cü il tarixində icarə Müqaviləsi (bundan sonra Müqavilə) imzalanmışdır. Müqaviləyə əsasən, icarəyə verən-İddiaçı ASC ƏMDK yanında DƏDRX-nin Tovuz rayon ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli (reyestr nömrəsi **********21-06301- 083001, qeydiyyat nömrəsi ********** ) çıxarışa əsasən özünə məxsus olan, ünvan 1 ünvanında istifadədə olan 0.03235 ha torpaq sahəsində yerləşən 11 nömrəli binanın 1-ci mərtəbəsində 175.9 m ümumi, 116.1 m əsas, 59.8 m köməkçi sahədən ibarət olan qeyriyaşayış sahəsini İcarəçiyə- “X1” MMC-yə istifadəyə (icarəyə) verir, İcarəçi isə icarə obyektini qəbuledib, müqavilə ilə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-31311/2024 nömrəli reyestrdən çıxarışa əsasən müəssisənin adı dəyişilərək yeni adı ilə Cavabdeh MMC adlanmışdır. xx.xx.2024cü il tarixli İcarə Müqaviləsinin 2.5-ci maddəsinə əsasən icarə haqqı vergi və digər məcburi ödənişlər çıxıldıqdan sonra 1 500 AZN (bir min beş yüz manat) təşkil edir. Lakin icarəçi üzərinə götürdüyü öhdəlikləri və müqavilə tələblərini lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, icarəçi- Cavabdeh MMC tərəfindən 2025-ci il üzrə oktyabr və noyabr ayları üzrə 2(iki) ayın ödənişi edilməmişdir. Öhdəliklərin icra edilməməsi nəticəsində, Cavabdeh MMC -nin İddiaçı ASC -yə 3 000 AZN (üç min manat) faktiki borcu yaranmışdır. Müəssisənin xahişi ilə xx.xx.2025-ci il tarixdən isə əməkdaşlıq dayanmışdır. Bu vaxt ərzində İcarəyəverən tərəfindən öhdəliyin icra edilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, İcarəçi tərəfindən heç bir ödəniş həyata keçirilməmiş, yaranmış borcun qaytarılması istiqamətində heç bir addım atılmamışdır. Sözügedən müqavilənin 4.2.-ci maddəsinə əsasən, İcarəçi bu müqaviləyə və ya Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən icarə haqqını vaxtında ödəməzsə, bu müqavilənin şərtlərini kobud şəkildə pozarsa, İcarəyəverənin razılığı olmadan icarə obyektində hər hansı əlavə konstruktiv dəyişiklik və tikinti işləri apararsa, icarə obyektini digər şəxslərin faktiki istifadəsinə və ya icarəsinə verərsə, icarə obyektinin kommunal və digər xərclərini (əmlak vergisi və s.) ödəməzsə, icarə obyektinin icbari sığortalanmasını təmin etməzsə, İcarəyəverən, icarə müqaviləsinə dərhal xitam verə bilər. Bununla yanaşı, sözügedən xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 2.6-cı maddəsinə əsasən, icarə haqqının gecikdirilmiş hər günü üçün icarəçi ümumi icarə haqqının 0.5 % faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İcarəçinin öhdəliyini icra etmədiyi dövrü və müqavilədə təsbit olunmuş cərimə şərtlərini rəhbər tutaraq, 3 000 AZN əsas borcla yanaşı, gecikdirilmiş günlərə mütənasib olaraq hesablanmış 615 AZN məbləğində dəbbə pulunun da cavabdehdən tutulmasını tələb edirlər.

3. Məhkəmə tərəfindən cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Sübutların tədqiqi

5. xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* №-li çıxarışdan görünür ki, ünvan 1 ünvanında istifadədə olan 0.03235 ha torpaq sahəsində yerləşən 11 nömrəli binanın 1-ci mərtəbəsində 175.9 m ümumi, 116.1 m əsas, 59.8 m köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC– nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. İddiaçı ASC ilə “X1” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ƏMDK yanında DƏDRX-nin Tovuz rayon ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli (reyestr nömrəsi **********21-06301- 083001, qeydiyyat nömrəsi ********** ) çıxarışa əsasən özünə məxsus olan, ünvan 1 ünvanında istifadədə olan 0.03235 ha torpaq sahəsində yerləşən 11 nömrəli binanın 1-ci mərtəbəsində 175.9 m ümumi, 116.1 m əsas, 59.8 m köməkçi sahədən ibarət olan qeyriyaşayış sahəsini İcarəçiyə istifadəyə (icarəyə) verir, İcarəçi isə icarə obyektini qəbul edib, müqavilə ilə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür (1.1). İcarə haqqı vergi və digər məcburi ödənişlər çıxıldıqdan sonra 1500 manat təşkil edir (2.5).

7. 26 dekabr 2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, cavabdehə gecikdirilmiş aylar üzrə ümumilikdə 615 manat cərimə hesablanmışdır.

8. 26.12.2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehə yaranmış borcun 3 günü ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması ilə bağlı məhkəmə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir.

9. Reyestrdən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin əvvəlki adı “X1” MMC olmuşdur.

III. Məhkəmə baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

IV. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı

Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

V. Məhkəmənin mövqeyi

a) a) müqavilə üzrə icarə haqqının ödənilməsi tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan 1 ünvanında istifadədə olan 0.03235 ha torpaq sahəsində yerləşən 11 nömrəli binanın 1-ci mərtəbəsində 175.9 m ümumi, 116.1 m əsas, 59.8 m köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsi icarəçiyə icarə şərtləri əsasında istifadəyə verilmiş, icarə haqqı 1500 manat müəyyən olunmuşdur. İcarəçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onun icarəyə verənə 3000 manat borcu yaranmışdır.

16. Göründüyü kimi hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə obyekti cavabdehə icrayə vermək öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə icarəyə götürdüyü obyektdən istifadə müqabilində müəyyənləşdirilmiş icarə haqqını ödəmək öhdəliyini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı icarə haqqının ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

b) müqaviləi üzrə cərimənin tutulması tələbi ilə bağlı

17. İddia ərizəsində iddiaçı xx.xx.2024-cü il tarixli müqavilə üzrə 615 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

18. Məhkəmə həm borclunun iqtisadi vəziyyətini, həm də kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən dəbbə pulu əsas borc məbləğinin beş faizi miqdarında hesablanmalıdır.

19. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 615 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 150 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

20. İddiaçı eləcə də dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

21. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 56,15 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 51,50 manat pul cavabdеh Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 4,65 manat hissəsi İddiaçı ASC-ə aid edilməlidir.

VI. Məhkəmənin gəldiyi nəticə

25. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh MMC (əvvəlki adı “X1” MMC) arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh MMC-dən 3000 manat əsas borc, 150 manat cərimə olmaqla, ümumilikdə 3150 manat pul tutularaq İddiaçı ASC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

26. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (əvvəlki adı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdehndən 3000 manat əsas borc, 150 manat cərimə olmaqla, ümumilikdə 3150 (üç min bir yüz əlli) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,50 (əlli bir manat əlli qəpik) manat pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 4,65 (dörd maanat altmış beş qəpik) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar