Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-142/2026 30.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 27 yanvar 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 07 iyun 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 159,16 (yüz əlli doqquz manat on altı qəpik) manat əsas borc, 8,18 (səkkiz manat on səkkiz qəpik) manat faiz borcu və 15,44 (on beş manat qırx dörd qəpik) manat cərimə borcu, 07 iyun 2025-ci il tarixdən 09 dekabr 2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 5 (beş) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 187,78 (yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Cavabdeh1 10 yanvar 2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, cavabdeh qismində göstərilmiş Cavabdeh1 10 yanvar 2025-ci il tarixdə vəfat etdiyi üçün hazırkı iddia ərizəsinin veridiyi vaxt, yəni 27 yanvar 2026-cı il tarixdə onun hüquq qabiliyyəti olmamışdır. Buna görə də, iddiaçı ona qarşı “borcun tutulması” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh1 artıq ölmüş olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinin tələblərinə əsasən onlara qarşı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və onların cavabdeh qismində məhkəmə prosesinə cəlb olunması istisna edilir. Odur ki, məhkəməyə müraciət ediləndən əvvəl ölmüş Cavabdeh1 cavabdeh qismində cəlb edilməklə verilmiş hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunur. Həmin Məcəllənin 284-4.1.1-ci maddəsinə görə bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-142/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-142/2026
30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver