Məhkəmə qərarları › İş №e-2-2(4-13)-218/2026

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-13)-218/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(4-13)-218/2026 03.03.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5075,58 (beş min yetmiş beş manat, əlli səkkiz qəpik) manat məbləğində əsas bоrc, 521,22 (beş yüz iyirmi bir manat, iyirmi iki qəpik) manat məbləğində faiz bоrcu, 83,78 (səksən üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5680,58 (beş min altı yüz səksən manat, əlli səkkiz qəpik) manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 76,81 (yetmiş altı manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 06 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar həmin cavabdeh və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlər - hazırkı iddia tələbi üzrə digər cavabdehlər - Cavabdeh3 və Cavabdeh1 ilə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir.

4. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları:

5. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 06 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bank (iddiaçı) məbləği 6500 manat olan borc pulu (krediti) aylıq faiz dərəcəsi 2,3333 faiz olmaqla 36 ay müddətinə kredit alana (cavabdehə) verir.

6. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kreditin illik faiz dərəcəsi 28 faiz təşkil edir.

7. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, kredit alan krediti, ona hesablanmış faiz ilə birlikdə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə-Ödəniş Planına uyğun olaraq həmin ödəniş planında razılaşdırılmış tarixlərdə banka qaytarmağı öz öhdəsinə götürür.

8. Həmin müqavilənin 4.2.1-ci yarımbəndinə əsasən, kredit alan kredit məbləğini, ona hesablanmış faizlə birlikdə ödəniş planı ilə razılaşdırılmış tarixlərdə banka qaytarmağa borcludur.

9. İş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 06 sentyabr 2024-cü il tarixli 011G**********01 nömrəli, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 06 sentyabr 2024-cü il tarixli 011G**********02 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, borclunun (Cavabdeh2) kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyırlar.

10. Həmin zaminlik müqavilələrinin 3.1-ci bəndlərinə əsasən, borclu kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə zaminlər, kreditdən istifadə üçün faiz, bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədər hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludurlar.

11. İş materiallarında olan ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcu üçün son ödəniş tarixi 06 sentyabr 2027-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

12. İş materiallarında olan 01 dekabr 2025-ci il tarixli pretenziya məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilərək kredit müqaviləsi üzrə 5174,58 manat məbləğində əsas borc, 440,89 manat məbləğində faiz borcu, 58,22 manat məbləğində cərimənin olduğu bildirilərək həmin borcun ödənilməsi tələb edilmişdir. Məktublarda, həmçinin öhdəliklərini pozduqları üçün göstərilən borc banka ödənilmədiyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır.

13. İş materiallarında olan 24 dekabr 2025-ci il tarixli OUT-2025/12/24-28 nömrəli maliyyə arayışından görünür ki, 06 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçıya 5075,58 manat məbləğində əsas borcu, 521,22 manat məbləğində faiz borcu, 83,78 manat məbləğində cərimə olmaqla, cəmi 5680,58 manat məbləğində borcu vardır.

Tətbiq edilən hüquq:

14. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir.

17. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

18. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

19. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

25. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

27. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

28. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.

Məhkəmənin mövqeyi:

29. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və Cavabdeh2 arasında bağlanmış 06 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh3 və Cavabdeh1 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır.

30. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 5075,58 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

31. İddia tələbinin əsas məbləğə hesablanmış 521,22 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iş materiallarında olan 01 dekabr 2025-ci il tarixli pretenziya məktubları əsas götürülərək hesablanmış 440,89 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit razılaşmasının birtərəfli qaydada ləğv edilməsinə dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit razılaşması üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə göndərilmiş 01 dekabr 2025-ci il tarixli xəbərdarlıq məktubu nəzərə alınmalı və 440,89 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

34. İddia tələbinin cavabdehlərdən 83,78 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı və Cavabdeh2 arasında bağlanmış 06 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsində öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir və həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış müqavilələrin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir

35. Bundan başqa, iddia tələbinin 76,81 məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 23 yanvar 2026-cı il tarixli **********37 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 76,81 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 75,16 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

39. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 5075,58 manat məbləğində əsas borc, 440,89 manat məbləğində faiz borcu və 75,16 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5591,63 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 5075,58 (beş min yetmiş beş manat, əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 440,89 (dörd yüz qırx manat, səksən doqquz qəpik) manat məbləğində faiz borcu və 75,16 (yetmiş beş manat, on altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5591,63 (beş min beş yüz doxsan bir manat, altmış üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar