Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-223/2026 06.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Abşeron Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2(012)-6459/2025 nömrəli mülki işin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək 17 aprel 2024-cü il tarixli 017R********** nömrəli krеdit razılaşması üzrə 20459,95 (iyirmi min dörd yüz əlli doqquz manat, doxsan beş qəpik) manat məbləğində əsas bоrc, 2535,06 (iki min beş yüz otuz beş manat, altı qəpik) manat məbləğində faiz bоrcu və 748,91 (yeddi yüz qırx səkkiz manat, doxsan bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 23743,92 (iyirmi üç min yeddi yüz qırx üç manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin və 161,23 (yüz altmış bir manat, iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 dekabr 2025-ci il tarixli e-2(012)-6459/2025 nömrəli qərardadı ilə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin qərardad X1 adına 12 yanvar 2005-ci il tarixdə ********** nömrəli VÖEN hesabı açılması, onun iddiaçı ilə hüquq münasibətinə daxil olduğu vaxtdan sahibkarlıq fəaliyyəti ilə bağlı olması - mübahisənin iddiaçı ilə vəfat etmiş borc alan Rasim Rüstəmov arasında bağlanmış 07 iyul 2023-cü il tarixli 017L**********77 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn sahibkarlıq fəaliyyətilə əlaqədar olması ilə əsaslandırılmışdır. Məhkəmə e-2(012)-6459/2025 nömrəli mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə kommersiya məhkəməsində baxılmalı olması aşağıda qeyd edilən hallara görə mübahisəli olduğundan, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə kredit alan qismində Rasim Rüstəmov və zamin qismində Cavabdeh2 arasında bağlanmış 07 iyul 2023-cü il tarixli 017L**********77 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən edilir ki, Rasim Rüstəmova sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Rasim Rüstəmov arasında bağlanmış 17 aprel 2024-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 25000 manat olan krediti illik 23 faiz dərəcəsilə 36 ay müddətinə kredit alana verir. Həmin razılaşmanın “Kreditin növü” bölməsindən görünür ki, verilən kredit “biznes krediti” adlandırılmış, həmçinin razılaşmada onun 07 iyul 2023-cü il tarixli 017L**********77 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, Rasim Rüstəmov 26 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 04 iyul 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, vəfat etmiş Rasim Rüstəmovun vərəsəsi oğlu Cavabdeh1dur. Şəhadətnaməyə əsasən, o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin məktubuna əsasən həmin bankda mövcud olan hesablardakı vəfat edənə məxsus pul məbləğləridir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 10-cu bəndinin ikinci cümləsində qeyd edilir ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin Qərarın 11-ci bəndinin ikinci cümləsində göstərilir ki, ... qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hal isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, iddiaçı 17 aprel 2024-cü il tarixli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə borcalan qismində çıxış etmiş Rasim Rüstəmovun vəfat etməsini və Cavabdeh1 onun vərəsəsi olduğunu nəzərə alaraq sonuncunu iddia ərizəsində cavabdeh kimi (zaminlə birlikdə) cəlb edərək Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi portalından əldə edilən məlumatlarla müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN-lərə) malik deyildirlər, yəni onlar fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmamışdırlar. Məhkəmə hesab edir ki, hazırkı kredit mübahisəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər olduğundan mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətini müəyyən etməyə imkan verən üç qiymətləndirici meyarın, yəni tərəflərin subyekt tərkibinin, mübahisənin predmetinin və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı yaranmır. Bu isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarının 10-cu bəndində göstərildiyi kimi, Mülki Prosessual Məcəllənin yeni redaksiyasında məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün bağlılığının tələb edilməsi barədə qaydaya ziddir. Bundan başqa, nəzərə alınmalıdır ki, Cavabdeh1 fərdi sahibkar kimi müvafiq vergi orqanında vergi uçotuna alınmadığından onun qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması dəqiqdir, eyni zamanda iddiaçıdan hər hansı biznes məqsədli kredit götürərək onunla sahibkarlıq xarakterli münasibətlərə daxil olmaması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, mübahisənin əsasında vaxtilə biznes məqsədilə verilmiş kredit məbləği dayansa belə, yalnız bu əsasa söykənməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan cavabdehlərin iştirakı ilə işə kommersiya məhkəməsində baxılmalı olması işlərin ümumi və kommersiya məhkəmələrinə aidiyyəti qaydaları baxımından yolverilən deyildir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad edilən qərarının 26-cı bəndində göstərildiyi kimi, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanı iki halla məhdudlaşır ki, hazırkı mübahisə həmin halların hər hansı birinə daxil deyildir. Yuxarıda qeyd olunanlardan görünür ki, hazırkı mülki iş üzrə yaranmış mübahisənin kommersiya mübahisəsi kimi qəbul edilməsi, eyni zamanda həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir və və bununla əlaqədar işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması məhkəmələr arasında fikir ayrılığı yaradır. Belə olduğu təqdirdə həmin iş kassasiya instansiyası məhkəməsinə göndərilməli və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 32-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Abşeron Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2(012)-6459/2025 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-223/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-223/2026
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver