Məhkəmə qərarları › İş №e-2-2(4-13)-375/2026

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-375/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-375/2026 24.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “müqaviləyə xitam verilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyun 2025-ci il tarixli MT/807/MB/288/062500195 nömrəli kredit müqaviləsinə xitam verilməsi, 1500 (min beş yüz) manat məbləğində əsas borc, 157,43 (yüz əlli yeddi manat, qırx üç qəpik) manat məbləğində faiz borcu, 2,59 (iki manat, əlli doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1660,02 (min altı yüz altmış manat, iki qəpik) manat məbləğində borc və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 36,61 (otuz altı manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim edilmiş 03 iyun 2025-ci il tarixli MT/807/MB/288/062500195 nömrəli kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən, mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, məsələ müqavilənin icra yeri üzrə müvafiq Azərbaycan Respublikası məhkəməsi tərəfindən və Azərbaycan qanunları tətbiq edilməklə həll ediləcəkdir. Müqavilənin icra yeri dedikdə, kredit verənin (BOKT-un) yerləşdiyi ünvan başa düşülür. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlarla müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC-nin ünvanının olduğu yer ünvan 1ı Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 04 nömrəli qərarının 20.6-cı bəndinə əsasən, müvafiq olaraq Bakı şəhərinin Nəsimi rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına daxil olan inzibati ərazi vahididir. Göründüyü kimi, tərəflər bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndində gələcəkdə aralarında baş verə biləcək mübahisəyə iddiaçının olduğu yerin məhkəməsində baxılacağı barədə razılığa gəlmələrinə, yəni aralarındakı mübahisələrə dair müqavilə aidiyyətini müəyyənləşdirmələrinə baxmayaraq, iddiaçı həmin qaydaya riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinin 1-ci cümləsinə əsasən, bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsinin ikinci cümləsinə əsasən, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 284-1-284-5, 149- 152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “müqaviləyə xitam verilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması ərazi aidiyyəti üzrə yenidən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar