Məhkəmə qərarları › İş №e-2-2(4-13)-386/2026

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-386/2026

25.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-386/2026 25.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pulun tutulması və elektrik xəttinin götürülməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 29400 (iyirmi doqquz min dörd yüz) manat məbləğində əldən çıxmış faydanın əvəzinin iddiaçının xeyrinə tutulması, cavabdeh tərəfindən təqdim edilmiş saxta pasport sənədinə ayrıca hüquqi qiymətin verilməsi məqsədilə aidiyyəti üzrə materialların prokurorluğa və ya ekspertizaya göndərilməsi, mağazanın üzərindən çəkilmiş 11 saylı YGH (yüksək gərginlikli hava) xəttinin cavabdehin vəsaiti hesabına ərazidən götürülməsi və məhkəmə xərclərinin və hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş xərclərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdeh tərəfindən alınması haqqında sənədlər iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə cavabdehə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin çatdırılması Mülki Prosessual Məcəllənin 150.1.4 və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit edilmişdir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri üzrə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsinə əlavə edilmiş 19 fevral 2026-cı il tarixli ********** nömrəli qəbz məlumatlarının “Dövlət rüsumunun məbləği” hissəsində 0 manat qeyd edilmişdir. Halbuki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq sənədləri iş materialları ilə birlikdə məhkəməyə təqdim etməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Bundan əlavə, iddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin məzmununda iddia tələbinin əsası kimi istinad edilən sənədlər (məhkəmə aktları və digər) iş materiallarına əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pulun tutulması və elektrik xəttinin götürülməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar