Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(4-13)-47/2026 25.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 15 dekabr 2023-cü il tarixli kredit verilməsinə dair müqavilə üzrə 3964,3 (üç min doqquz yüz altmış dörd manat otuz qəpik) manat məbləğində əsas borc, 595,27 (beş yüz doxsan beş manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 14,11 (on dörd manat on bir qəpik) manat məbləğində cərimə, 17 may 2024-cü il tarixli kart vasitəsilə kredit limitinin ayrılmasına dair müqavilə üzrə 499,11 (dörd yüz doxsan doqquz manat on bir qəpik) manat məbləğində əsas borc, 75,88 (yetmiş beş manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 3,56 (üç manat əlli altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5152,23 (beş min yüz əlli iki manat iyirmi üç qəpik) manat məbləğində borcun və 71,52 (yetmiş bir manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 dekabr 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. 14 dekabr 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq 17 may 2024-cü il tarixdə Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. 15 dekabr 2023cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 22% olmaqla 36 ay müddətinə 6000 manat məbləğində kredit götürmüşdür. 17 may 2024-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 25% olmaqla 24 ay müddətinə 500 manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin noyabrın 24-dək Cavabdeh2 banka 15 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 3964,3 manat məbləğində əsas borcu, 595,27 manat məbləğində faiz borcu və 28.22 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4587,79 manat borcu vardır. Cavabdeh2 15 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 28,22 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 14,11 məbləğində məbləğində tələb olunur. 2025-ci ilin noyabrın 24-dək Cavabdeh2 banka 17 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə 499,11 manat məbləğində əsas borcu, 75,88 manat məbləğində faiz borcu və 3,56 manat məbləğində cərimə borcu olmaqla, cəmi 578,55 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 14 dekabr 2023-cü il tarixli 32-MCR-1-634-23 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 120 ay müddətinə aylıq dərəcəsi 2,50 % olmaqla 20000 (iyirmi min) manat məbləğində kredit limiti ayrılmışdır. Borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli 32-MCR-1-634-23/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,83 %, faktiki illik faiz dərəcəsi 22,868 % olmaqla 6000 (altı min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, 15 dekabr 2023-cü il tarixli 32-MCR-1-634-23/1 nömrəli kreditin verilməsinə dair müqaviləyə 1 saylı Əlavədə borcalan Cavabdeh2 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 15 dekabr 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. 14 dekabr 2023-cü il tarixli 32-MCR-1-634-23 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə 17 may 2024-cü il tarixli Əlavə sazişə əsasən kredit limitinin ayrılmasına dair müqaviləyə aşağıdakı redaksiyada 10-cu bənd əlavə edilmişdir: “Cavabdeh3 tərəfindən verilən zaminlik (xx.xx.2024 tarixli Z/08726/24 nömrəli müqavilə) və Cavabdeh1 tərəfindən verilən zaminlik (xx.xx.2024 tarixli Z/08727/24 nömrəli müqavilə)”. Borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 17 may 2024-cü il tarixli 32-MCR-1-634-23/2 nömrəli kart vasitəsilə kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 24 ay müddətinə aylıq dərəcəsi 2,08 % olmaqla 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh3 arasında bağlanmış 17 may 2024-cü il tarixli Z/08726/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 14 dekabr 2023cü il tarixli 32-MCR-1-634-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış 17 may 2024-cü il tarixli Z/08727/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 14 dekabr 2023cü il tarixli 32-MCR-1-634-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. 24 noyabr 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh2 15 dekabr 2023-cü il tarixli 32-MCR-1-634-23/1 nömrəli kredit müqaviləsi üzrə 25 fevral 2026-cı il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3964,3 manat məbləğində əsas, 595,27 manat məbləğində faiz və 28,22 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4587,79 manat borcu vardır. 24 noyabr 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh2 17 may 2024cü il tarixli 32-MCR-1-634-23/2 nömrəli kredit müqaviləsi üzrə 24 noyabr 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 499,11 manat məbləğində əsas, 75,88 manat məbləğində faiz və 3,56 manat məbləğində cərimə borcu olmaqla, cəmi 578,55 manat borcu vardır. İş materiallarından görünür ki, cavabdehlərə banka olan borcun ödənməsi ilə bağlı 24 noyabr 2025-ci il tarixdə müvafiq qaydada xəbərdarlıq məktubları göndərilmiş və 5 gün ərzində borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 15 dekabr 2023-cü il tarixli 32-MCR-1- 634-23/1 nömrəli kredit verilməsinə dair müqaviləni və 17 may 2024-cü il tarixli 32-MCR-1- 634-23/2 nömrəli kart vasitəsilə kredit limitinin ayrılmasına dair müqaviləni bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri nəzərdə tutulan qaydada və müddətdə ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti razılaşma ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli 32-MCR-1-634-23/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 3964,3 (üç min doqquz yüz altmış dörd manat otuz qəpik) manat məbləğində əsas borc, 595,27 (beş yüz doxsan beş manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 14,11 (on dörd manat on bir qəpik) manat məbləğində cərimə və 17 may 2024-cü il tarixli 32-MCR-1-634-23/2 nömrəli kart vasitəsilə kredit limitinin ayrılmasına dair müqavilə üzrə 499,11 (dörd yüz doxsan doqquz manat on bir qəpik) manat məbləğində əsas borc, 75,88 (yetmiş beş manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 3,56 (üç manat əlli altı qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 17 may 2024-cü il tarixli Z/08726/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 və 17 may 2024-cü il tarixli Z/08727/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 14 dekabr 2023-cü il tarixli 32-MCR-1-634-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 71,52 (yetmiş bir manat əlli iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 71,52 (yetmiş bir manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 15 dekabr 2023-cü il tarixli 32-MCR-1-634-23/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 3964,3 (üç min doqquz yüz altmış dörd manat otuz qəpik) manat məbləğində əsas borc, 595,27 (beş yüz doxsan beş manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 14,11 (on dörd manat on bir qəpik) manat məbləğində cərimə, 17 may 2024-cü il tarixli 32-MCR-1-634-23/2 nömrəli kart vasitəsilə kredit limitinin ayrılmasına dair müqavilə üzrə 499,11 (dörd yüz doxsan doqquz manat on bir qəpik) manat məbləğində əsas borc, 75,88 (yetmiş beş manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 3,56 (üç manat əlli altı qəpik) manat məbləğində cərimə və 71,52 (yetmiş bir manat əlli iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5223,75 (beş min iki yüz iyirmi üç manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 15 dekabr 2023-cü il tarixli 32-MCR-1-634-23/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 3964,3 (üç min doqquz yüz altmış dörd manat otuz qəpik) manat məbləğində əsas borc, 595,27 (beş yüz doxsan beş manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 14,11 (on dörd manat on bir qəpik) manat məbləğində cərimə, 17 may 2024-cü il tarixli 32-MCR-1- 634-23/2 nömrəli kart vasitəsilə kredit limitinin ayrılmasına dair müqavilə üzrə 499,11 (dörd yüz doxsan doqquz manat on bir qəpik) manat məbləğində əsas borc, 75,88 (yetmiş beş manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 3,56 (üç manat əlli altı qəpik) manat məbləğində cərimə və 71,52 (yetmiş bir manat əlli iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5223,75 (beş min iki yüz iyirmi üç manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-47/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-13)-47/2026
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver