Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-471/2026 06.03.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdeh “Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec” publik hüquqi şəxsinə qarşı verilmiş “avadanlıqların təhvil alınması və borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec” publik hüquqi şəxsinə qarşı “avadanlıqların təhvil alınması və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının saxladığı avadanlıqların (35 ədəd Monitor - “HP24İ Monitor 23.8” FHD HDMİ VGA DisplayPort (Çin Xalq Respublikasının istehsalı), 35 ədəd iş stansiyası – “HP Pro Tower 290 G9” Desktop PC İntel Core (Çin Xalq Respublikasının istehsalı) 15 ədəd çap avadanlığı - “Pantum Monoxrom” Printer 5100FDW (Çin Xalq Respublikasının istehsalı)) təhvil alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən 2026-cı ilin yanvar və fevral ayları üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində icarə haqqının, 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 430 (dörd yüz otuz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı “avadanlıqların təhvil alınması və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 məbləğində dövlət rüsumu tutulur. Halbuki istinad edilən qanunvericilik normasının tələbinə əsasən, iddiaçı məhkəməyə müraciət edən zaman 30 manat məbləğində deyil, 100 manat məbləğində dövlət rüsumu ödəməli idi. Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehə qarşı “avadanlıqların təhvil alınması və borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Bundan əlavə diqqətə çatdırılır ki, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi təqdirdə, cavabdehin publik hüquqi şəxs olması nəzərə alınaraq, tərəflər arasında yaranan mübahisənin kommersiya məhkəməsində baxılmasının mümkünlüyünün iddia ərizəsinin məzmununda şərh edilməsi, eyni zamanda vardırsa, cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malik olmasını təsdiq edən sənədlərin (əsasnamə və digər) iş materiallarına əlavə edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdeh tərəfindən müvafiq qaydada alınması haqqında sənəd iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilsə də, həmin pretenziya məktubunun özü məhkəməyə təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, məhkəmə pretenziya məktubunun məzmunu ilə tanış ola bilmədiyi üçün cavabdehlə mübahisənin məhkəməyə qədər həlli üçün iddiaçılar tərəfindən məktubda nəzərdə tutulmuş müddətə riayət edilib-edilməməsi halını yoxlamaq mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki- Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdeh “Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec” publik hüquqi şəxsinə qarşı verilmiş “avadanlıqların təhvil alınması və borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-471/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-471/2026
06.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver