Məhkəmə qərarları › İş №e-2-2(4-13)-56/2026

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-13)-56/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(4-13)-56/2026 24.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh5 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddia tələbi və tərəflərin izahatları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 24 yanvar 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 7886,6 (yeddi min səkkiz yüz səksən altı manat, altmış qəpik) manat məbləğində əsas borc, 778,95 (yeddi yüz yetmiş səkkiz manat, doxsan beş qəpik) manat məbləğində faiz bоrcu, 225,55 (iki yüz iyirmi beş manat, əlli beş qəpik) manat məbləğində cərimə, 20 avqust 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 30000 (otuz min) manat məbləğində əsas bоrc, 2753,45 (iki min yeddi yüz əlli üç manat, qırx beş qəpik) manat məbləğində faiz bоrcu, 882 (səkkiz yüz səksən iki) manat məbləğində cərimə olmaqla, cəmi 42526,55 (qırx iki min beş yüz iyirmi altı manat, əlli beş qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 217,58 (iki yüz on yeddi manat, əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 23 sentyabr 2022-ci il tarixli 007L**********99 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi, 24 yanvar 2024-cü il tarixli 007R********** nömrəli və 20 avqust 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar üzrə Cavabdeh5 müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh5 və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlər - hazırkı iddia tələbi üzrə digər cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə mübahisənin pretenziya qaydasında nizama salınması həllinə dair cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh5 izahatında bildirdi ki, uzun müddətdir ki, mütəmadi olaraq iddiaçı təşkilatdan kredit götürür. Hazırkı vaxta qədər hər hansı problem yaranmamışdır. Mal-qarası tələf olduğundan borc məbləği üzrə ödənişləri həyata keçirə bilməmişdir. Cavabdeh5 borcun onun təqaüdündən tutulmasını və zaminlərin öhdəlikdən azad edilmələrini xahiş etdi.

5. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər.

6. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

İş materialları:

8. İş materiallarında olan İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh5, zaminlər qismində Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 23 sentyabr 2022-ci il tarixli 007L**********99 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən edilir ki, həmin cavabdehə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır.

9. Həmin müqavilənin 2.7-ci bəndinə görə, kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür.

10. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

11. Həmin müqavilənin 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) bank ilə qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) qoşulma barədə sazişi imzaladığı andan müqavilənin tərəfi hesab olunur və tərəflərin bu müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur.

12. Həmin müqavilənin 2.16-cı bəndinə əsasən, qoşulma barədə sazişin imzalanması və yeni zamin və (və ya) girov qoyanın müqaviləyə qoşulması ilə əlaqədar tərəf(lər)in razılığının və ya təsdiqinin alınması tələb olunmur. Bank öz mülahizəsinə uyğun olaraq qoşulma barədə sazişi imzalamaq hüququna malikdir.

13. Həmin müqavilənin 4.9-cu bəndinə əsasən, bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir.

14. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır.

15. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 10000 manat olan krediti illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 23 sentyabr 2022-ci il tarixli 007L**********99 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir.

16. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə verilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh5 banka olan borcu üçün son ödəniş tarixi 26 yanvar 2027-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

17. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış 20 avqust 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 3000 manat olan krediti illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 23 sentyabr 2022-ci il tarixli 007L**********99 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir.

18. İş materiallarında olan 20 avqust 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə verilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh5 banka olan borcu üçün son ödəniş tarixi 20 avqust 2027-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

19. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 avqust 2024-cü il tarixli 007S**********01 nömrəli qoşulma barədə sazişin 1-ci bəndinə əsasən, zamin (Cavabdeh1) kredit alanın bu sazişin 2-ci bəndində göstərilən öhdəliklərini təmin etmək məqsədilə sazişi imzalamaqla müqaviləyə (23 sentyabr 2022-ci il tarixli 007L**********99 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə) qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır.

20. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 20 avqust 2024-cü il tarixli 007S**********02 nömrəli qoşulma barədə sazişin 1-ci bəndinə əsasən, zamin (Cavabdeh2) kredit alanın bu sazişin 2-ci bəndində göstərilən öhdəliklərini təmin etmək məqsədilə sazişi imzalamaqla müqaviləyə (23 sentyabr 2022-ci il tarixli 007L**********99 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə) qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır.

21. İş materiallarında olan 14 noyabr 2025-ci il tarixli OUT-2025/11/14-88 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh5 20 avqust 2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 7886,6 manat məbləğində əsas bоrcu, 778,95 manat məbləğində faiz borcu və 225,55 manat məbləğində cərimə оlmaqla, cəmi 8891,1 manat məbləğində borcu vardır.

22. İş materiallarında olan 14 noyabr 2025-ci il tarixli OUT-2025/11/14-91 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh5 20 avqust 2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 30000 manat məbləğində əsas bоrcu, 2753,45 manat məbləğində faiz borcu və 882 manat məbləğində cərimə оlmaqla, cəmi 33635,45 manat məbləğində borcu vardır.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

29. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

30. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).

31. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

32. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

33. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

34. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

35. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

36. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit razılaşması adlandırılır.

37. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

38. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi:

43. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh5, zaminlər qismində Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 23 sentyabr 2022-ci il tarixli 007L**********99 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi, iddiaçı və Cavabdeh5 arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli 007R********** nömrəli və 20 avqust 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşmalar üzrə Cavabdeh5 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit və təminat müqaviləsinin və qoşulma barədə sazişlərin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır.

44. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 24 yanvar 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən 7886,6 manat məbləğində əsas borcun, 778,95 manat məbləğində faiz borcunun, 20 avqust 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən 30000 manat məbləğində əsas borcun və 2753,45 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

45. İddia tələbinin 24 yanvar 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən 225,55 manat məbləğində və 20 avqust 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 882 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh5 kredit razılaşmaları üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndi) iddiaçı cavabdehlərdən müştərək qaydada cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir.

46. Bundan başqa, iddia tələbinin 217,58 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 16 dekabr 2025-ci il tarixli **********92 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 217,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

47. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir.

48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 217,58 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

50. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 24 yanvar 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 7886,6 manat məbləğində əsas borc, 778,95 manat məbləğində faiz bоrcu, 225,55 manat məbləğində cərimə, 20 avqust 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 30000 manat məbləğində əsas borc, 2753,45 manat məbləğində faiz bоrcu və 882 manat məbləğində cərimə, 217,58 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 42744,13 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT E T D İ:

İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 24 yanvar 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 7886,6 (yeddi min səkkiz yüz səksən altı manat, altmış qəpik) manat məbləğində əsas borc, 778,95 (yeddi yüz yetmiş səkkiz manat, doxsan beş qəpik) manat məbləğində faiz bоrcu, 225,55 (iki yüz iyirmi beş manat, əlli beş qəpik) manat məbləğində cərimə, 20 avqust 2024-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 30000 (otuz min) manat məbləğində əsas borc, 2753,45 (iki min yeddi yüz əlli üç manat, qırx beş qəpik) manat məbləğində faiz bоrcu və 882 (səkkiz yüz səksən iki) manat məbləğində cərimə, 217,58 (iki yüz on yeddi manat, əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 42744,13 (qırx iki min yeddi yüz qırx dörd manat, on üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar