Məhkəmə qərarları › İş №e-2-2(4-13)-560/2026

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-560/2026

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(4-13)-560/2026 19.03.2026 SUMQAYIT KOMMERSIYA MƏHKƏMƏSI Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ:

1. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1600,83 (min altı yüz manat, səksən üç qəpik) manat məbləğində borc və 36 (otuz altı) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1636,83 (min altı yüz otuz altı manat, səksən üç qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir.

3. Belə ki, iddiaçı ## #### 2026-cı il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Lakin “Elektron məhkəmə” informasiya sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən edilir ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Cavabdeh ## ######## 2024-cü il tarixində vəfat etmişdir.

5. Əlavə olaraq iş materialları ilə müəyyən olunur ki, sözügedən cavabdehə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənəd ## #### 2026-cı il, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti isə ## #### 2026-cı il tarixində, yəni cavabdehin ölümündən bir ildən çox müddət keçdikdən sonra göndərilmişdir.

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

8. Göründüyü kimi, cavabdeh qismində göstərilmiş Cavabdeh ## ######## 2024 -cü il tarixində vəfat etdiyi üçün hazırkı iddia ərizəsinin veridiyi vaxt, yəni ## #### 2026cı il tarixdə onun hüquq qabiliyyəti olmamışdır. Buna görə də, iddiaçı ona qarşı “borcun tutulması” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh Cavabdeh artıq ölmüş olduğundan, Mülki Məcəllənin 25.2-ci maddəsinin tələblərinə əsasən ona qarşı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və onun cavabdeh qismində məhkəmə prosesinə cəlb olunması istisna edilir. Odur ki, məhkəməyə müraciət ediləndən əvvəl ölmüş Cavabdeh cavabdeh qismində cəlb edilməklə verilmiş hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz.

9. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

10. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

11. Həmin Məcəllənin 284-4.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir.

12. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir.

13. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyildir.

14. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 284-1-284- 5-ci, 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

İddianın yolverilməzliyinə görə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar