Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(4-14)-328/2026 30.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu iddiaçı "xxxx" MMC-nin cavabdeh "Sunlight Ecofarm and Agriculture” MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh "Sunlight Ecofarm and Agriculture” MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iş materiallarından mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin elektron qaydada cavabdeh "Sunlight Ecofarm and Agriculture” MMC-yə göndərilməsi müəyyən edilmir. Belə ki, iddiaçı pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilmiş çıxarışın surətini əlavə etsə də, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, cavabdeh həmin sistemdən qeydiyyatdan keçməmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyindən, onun elektron kabineti olmadığına görə məhkəmə hesab edir ki, iddiaçı pretenziya məktubunu cavabdehin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməli və bu barədə sənədi iddia ərizəsinə əlavə etməli olduğu halda bunu etməmişdir. Belə olan halda, iddiaçının cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iş materiallarında olmadığından məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsində qeyd olunmuşdur ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehə Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış hazırki iddia ərizəsinin surəti deyil, daha öncə Sumqayıt Kommersiya Məhkəməsinə ünvanlanmış iddia ərizəsinin surəti təqdim olunmuşdur. Məhkəmə izah edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən göstərilən bu nöqsan da aradan qaldırılmaldır. AR MPM-nin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə 144,04 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və Sumqayıt Kommersiya Məhkəməsinə ödənilmiş 144,04 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-269–cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh "Sunlight Ecofarm and Agriculture” MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı "xxxx" MMC tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə ödənilmiş 144,04 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı "xxxx" MMCyə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev
Məhkəmə qərarları › İş №e-2-2(4-14)-328/2026
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-14)-328/2026
30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver