Məhkəmə qərarları › İş №e-2-2(4-14)-499/2026

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-14)-499/2026

10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(4-14)-499/2026 10.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsini araşdıraraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1 Mərkəzi Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 1055524,43 manat məbləğində məbləğində pul vəsaitinin Cavabdeh tutulub 1 saylı X1 Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin Lənkəran X1 Mərkəzi (hazırda 1 saylı X1 Mərkəzi) Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”na əsasən vətəndaş Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə10 nömrəli və xx.xx.2020-ci il tarixdə 08 nömrəli icarə müqavilələri bağlamışdır. Lənkəran X1 Mərkəzi ilə (hazırda 1 saylı X1 Mərkəzi) bağlanılmış xx.xx.2019-cu il tarixli 10 nömrəli müqaviləyə əsasən Haftoni meşəbəyliyinin 4-cü kvartalının 8, 10, 11, 15 və 16-cı bölmələrindən 70 ha, xx.xx.2020-ci il tarixli 08 nömrəli müqaviləyə əsasən isə həmin meşəbəyliyinin 4-cü kvartalının eyni bölmələrindən daha 30 ha, gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş, meşə bitkiləri ilə örtülü olmayan ümumilikdə 100 ha torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmişdir. Meşələrin İnkişafı Xidmətininin və 1 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən 06 yanvar 2026-ci il tarixində icarəyə verilmiş əraziyə baxış keçirən zaman müəyyən edilmişdir ki, müqaviləyə əsasən icarəyə verilmiş torpaq sahəsinin ölçüsü 100,0 hektar olduğu halda, faktiki olaraq 120,0 hektar ərazi çəpərlənmişdir. Aparılan araşdırma zamanı, 69,30 hektar meşə sahəsinin kürülməsi və 4 816 metr uzunluğunda kanalın çəkilməsi faktı aşkar olunmuşdur. Nəticədə Dövlət meşə fonduna dəymiş ümumi ziyanın məbləği 1055524,43 manat müəyyən edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən, meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası"nın 4-cü bəndinə görə meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin tələblərinə fiziki və hüquqi şəxslər tərəfindən əməl edilməməsini aşkar edərkən bu barədə müvafiq qaydada akt tərtib edirlər və hüquq pozmalar nəticəsində meşə təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər. Qeyd edilən Qərarın 5-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş aktla razılaşmadıqları halda mövcud qanunvericiliyə uyğun aidiyyəti məhkəməyə şikayət edə bilərlər. Həmin Qərarın 6-cı bəndinə əsasən, meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması iləəlaqədar müəyyən olunmuş zərərin və itkilərin dəyəri müvafiq meşə təsərrüfatına ödənilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 17.1.3-cü bəndinə əsasən Meşələrin İnkişafı Xidməti və onun yerli qurumları inzibati orqandır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi, Meşələrin İnkişafı Xidməti və onun yerli qurumları inzibati orqan olaraq dövlət meşə fonduna vurulmuş zərərin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada hesablayaraq ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada inzibati akt hesab edilən sərəncam vermək səlahiyyətinə malikdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında da qeyd edilir ki, "İnzibati icraat haqqında" Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası"nın tələblərinə Meşələrin İnkişafı Xidmətinin müvafiq inzibati akt qəbul etmək səlahiyyəti mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 04 sentyabr 2014-cü il tarixli qərardadı ilə Laçın Rayon Məhkəməsinin hazırkı işlə bilavatə bağlı olan eyni növlü tələb üzrə müvafiq qanunvericiliyin şərh edilməsi barədə müraciəti, məhkəmənin icraatına qəbul edilməsə belə, həmin qərardadın məzmununda hazırkı iş üzrə iddiaçı olan Meşələrin İnkişafı Departamentinin inzibati orqan olaraq, müvafiq meşə təsərrüfatına vurulmuş zərərin dəyərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi "nırx dərəcələrinə əsasən hesablanması barədə inzibati akt qəbul edib, icraya yönəldilməsi səlahiyyətinin olması birmənalı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 78 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 2.2-1-ci maddəsinə əsasən, meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmadan qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Həmin Qaydaların 2.3-cü maddəsinə əsasən, meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüdudlarında meşə fondu ərazisində meşə qanunvericiliyinə riayət olunmasına nəzarət etmək, meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək hüquqlarına malikdirlər. Beləliklə, yuxarıda şərh olunanları və sadalanan maddi hüquq hormalarının tələblərini nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, ərizə məhkəmə qaydasında baxılması nəzərdə tutulan tələbə aid olmadığına görə yolverilməzliyinə görə qəbulundən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu və 153.4-cü maddələrinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268 və 269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar