Məhkəmə qərarları › İş №e-2-2(4-15)-1/2026

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-15)-1/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(4-15)-1/2026 24.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən vurulmuş maddi ziyan məbləği olan 2700 manat pul və ödənilmiş 47 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “cavabdehdən vurulmuş maddi ziyan məbləği olan 2700 manat pul və ödənilmiş 47 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(4-15)-1/2026 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC olaraq Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə icarəyə götürdükləri, Ünvan 1-də olan təmir boksunu aylıq 300 manat olaraq müqavilə əsasında subicarəyə vermişlər. Lakin cavabdeh subicarə müqaviləsinin 5-ci bəndinə əməl etməyərək aylıq icarə haqqı borclarını ödəmədiyinə görə xx.xx.2024-cü il tarixdə 1 ay əvvəlcədən xəbərdarlıq edilərək icarə haqqı borclarını ödəməsini ve ödəniş olunmazsa icarə müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərmişlər. Lakin cavabdeh ünvanına göndərilən xəbərdarlıq məktubunu götürməkdən imtina edərək icarə haqqı borclarınıda ödəməkdən boyun qaçırmışdır. MPMnin 39-cu maddəsinə əsasən (müstəsna aidiyyət) aidiyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, həmin ödənilməmiş icarə haqları və ödənilməmiş kommunal borclarla bağlı iddialarını qaldırmışlar. Sumqayıt Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-2(119)-1669/2024 nömrəli qətnamə ilə, ödənməyən subicarə haqlarının ödənməsi və həmin 21 nömrəli obyektin boşaldılması ilə bağlı qərar qəbul edərək iddialarını təmin etmişdir. Lakin cavabdəh Sumqayıt Kommersiya Məhkəməsinin qərarını nəzərə almayaraq, ödənilməyən icarə haqlarını ödəməyəcəyini və həmin qərarla bağlı Apellyasiya və Ali məhkəməyə müraciət edərək, qərəzli olaraq vaxtı uzadacağını və obyekti boşaltmayacağını demişdir. Cavabdəh Sumqayıt Kommersiya məhkəməsinin qərarının qüvvəyə minməsinə təqribən 2-3 gün qalmış apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyasında şikayəti təmin olunmayıb, Ali Məhkəməyə müraciət edib və Ali Məhkəmədədə kassasiya şikayəti təmin olunmayıb, Ali Məhkəmənində qərarı çıxana qədər, qəsdən və qərəzli olaraq, birinci instansiya məhkəməsinin qərarından sonra 9 (doqquz) ay daha əlavə olaraq həmin obyektin əlavə icarə haqqlarını ödəməyərək, şirkəti 9 aylıq icarə haqqı olan 2700 manat (subicarə müqaviləsinə əsas aylıq icarə haqqı 300 azn) maddi ziyana qoymuşdur. Cavabdeh şəxsə şirkətə vurduğu maddi ziyanlıqla bağlı və həmin maddi ziyanlığın ödənilərək aradan qaldırılması ilə bağlı pretenziya Dövlət Vergi Xidmətinin onlayn karqüzarlıq rəsmi sistəmindən göndərilməsinə baxmayaraq,cavabdəh vurulmuş maddi ziyanın ödənilməsindən boyun qaçırmaqtadır. İddiaçı olaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 14.1-ci, 21.1-ci, 157.8-ci, 385.1-ci, 389.1-ci, 421.2-ci, 421.3-cü, 423.2-ci, 425.1-ci, 442-ci, 675-ci, 686-cı, 697.1-ci, 700.1-ci, 700.2-ci, 700.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 106.1-ci, 217.4-cü maddələri göstərilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 01 fevral 2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən "xxxx" MMC-dən icarəyə götürdüyü Bakı-Quba yolunun 27-ci km ünvanında yerləşən qeyri-yaşayış sahəsini “subarenda” qaydasında icarəçiyə icarəyə verməyi, icarəçi isə həmin qeyri-yaşayış sahəsinin icarəsinin əvəzi olaraq hər ay 300 manat icarə haqqı ödəməyi öz öhdələrinə götürmüşlər. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-1669/2024 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun və digər ödənişlərin tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehdən 2700 manat əsas borcun, 47 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, 01 fevral 2023-cü il tarixli subicarə müqaviləsinin ləğv edilməsi, subicarə obyekti olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025ci il tarixli 2-2(102)-628/2025 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(105)-35/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmış və qanuni qüvvəsini almamışdır. Həmin qərarın məzmunundan göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 mart 2025-ci il tarixli 2-2(105)- 35/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-1669/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 08 oktyabr 2025-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi cavabdeh istifadəsində olan avtomaşın təmiri sexinin iddiaçıya təhvil verilməsini həmin tarixdə həyata keçirmişdir. Cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək, iddiaçıya məxsus avtomaşın təmiri sexini vaxtında ona təhvil vermədiyindən iddiaçı məhkəmə aktının çıxdığı tarixdən həmin subicarə obyektinin təhvil verildiyi tarixədək yaranmış icarə haqqı borcunun cavabdehdən tutularaq ona ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. İddaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mövcud iş üzrə icarə haqqının ödənilməməsi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsində iddia qaldırılmış, məhkəmənin qərarına əsasən borc təmin edilmişdir. Lakin qarşı tərəf qətnamə ilə razılaşmamış və apellyasiya məhkəməsinə şikayət vermişdir. Daha sonra isə iş Ali Məhkəməyə təqdim edilmişdir. Son olaraq iş Ali Məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinə, sonda isə birinci instansiya məhkəməsinə təhvil verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin qərarı ilə işin icra edilməsi, yəni qətnamənin qəbul edilməsindən sonra 8 oktyabradək 9 ay müddət vardır, həmin dövr üçün icarə haqqını tələb edirlər. Kommunal xərcləri qəbzlə deyil şifahi şəkildə məlumatlandırdıqlarına görə həmin borcu iddia tələbində qeyd etməmişlər. Vurulmuş maddi ziyan məbləğinin və dövlət rüsumunun cavabdeh şəxsdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh xx.xx.2026-cı il tarixdə teleqram göndərərk iclasın başqa vaxta təyin edilməsini xahiş etmiş, eyni zamandaxx.xx.2026-cı il tarixli məhkəmə iclası ilə bağlı ambulator kartadan çıxarış təqdim edərək bildirmişdir ki, diaqnozu “sağ baldığın boyun topuğunun qapalı yerdəyişməsi” olmuş, ambulator müalicə yazılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh yuxarıda qeyd edilən diaqnoz üzrə ambulator, yəni ev şəraitində müalicə forması olsa da, məhkəmə iclasında iştirak etməsi və ya nümayəndə ilə təmsil edilməsi, həmçinin iddia tələbinə yazılı formada elektron poçt vasitəsilə münasibətini bildirmək üçün mane deyildir. Digər qeyd edilən məlumatlar elektron poçt vasitəsilə məhkəməyə təqdim edilmişdir. Ona görə də cavabdehin məhkəmə iclasında təsil olunmamasını və ya iştirak etməməsini məhkəmə üzürlü səbəb hesab etmir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış icarə müqaviləsi, məhkəmə aktları, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında icarə müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-1669/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh tərəfindən yaranmış icarə haqqı borcunun iddiaçıya ödənilməsi və icarə obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 mart 2025-ci il tarixli 2-2(105)-35/2025 nömrəli qətnaməsi ilə həmin məhkəmə aktı dəyişdirilmədən saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(105)-35/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün müddətin bərpasından imtina edilmiş, həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(102)-628/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edərək birinci instansiya məhkəməsinin qərarı ilə icarə obyektinin boşaldılaraq təhvil verilməsinin qərara alındığını, lakin cavabdehin qərəzli olaraq digər məhkəmələrə müraciət edərək müddəti uzatdığını, icarə obyektini həmin vaxtdan 9 ay sonra, yəni 08 oktyabr 2025-ci il tarixində təhvil verdiyini, həmin müddət ərzində ona vurduğu ziyanı, yəni obyektin onda olduğu müddət ərzində olan icarə haqqını ödəmədiyini bildirərək, cavabdehdən 9 ay müddət üçün icarə haqqı olaraq cəmi 2700 manat (subicarə müqaviləsinə əsas aylıq icarə haqqı 300 manat) dəymiş zərərin tutulmasını xahiş etmişdir. Məhkəmə bu qənaətə gəlir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-1669/2024 nömrəli qətnaməsi ilə həmin dövrə kimi olan icarə haqqının cavabdehdən tutulması qərara alınmış, lakin həmin dövrdən cavabdeh tərəfindən icarə obyektinin təhvil verildiyi xx.xx.2025-ci il tarixinə qədər olan dövr ərzində icarə obyekti cavabdeh tərəfindən təhvil verilmədiyindən, iddiaçı cavabdehdən dəymiş zərəri tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh tərəf obyekti gec təhvil verərək iddiaçını həmin obyekti başqa şəxslərə icarəyə verərək əldə edə biləcəyi gəlirdən məhrum etmişdir. Tərəflər arasında müqavilə ləğv olunsa da, qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, məhkəmə aktının çıxarıldığı xx.xx.2024-cü il tarixdən icarə obyektinin təhvil verildiyi xx.xx.2025-ci il tarixə qədər olan 9 ay müddət üçün iddiaçıya dəymiş zərərin əvəzi hesablanarkən tərəflərin icarə haqqı üçün müqavilədə razılaşdıqları məbləğ əsas götürülməlidir. Belə ki, Mülki Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. İcarə müqaviləsinə əsasən aylıq icarə haqqı 300 manat müəyyənləşdirildiyindən 9 ay müddət üçün ödənilməli olan ümumi aylıq icarə haqqının məbləği 2700 manat təşkil edir. Məhkəmə də qeyd edilən tərəflər arasında bağlanmış müqavilə ilə əvvəllər rəsmiləşdirilmiş icarə haqqı borcunun məbləğini cavabdehin iddiaçının qeyri-yaşayış sahəsindən istifadə nəticəsində iddiaçının düşdüyü ziyan və ya əldən çıxmış faydasının məbləği kimi qəbul edir. Odur ki, məhkəmə yekun olaraq qeyd edir ki, iddiaçının vurulmuş maddi ziyan məbləği olaraq 2700 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etməsi qanuni, ədalətli və əsaslı olduğu üçün iddia təmin edilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia tələbinə uyğun olaraq 47 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən iddia tələbi təmin edildiyindən ödənilmiş 47 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2700 manat borc və ödənilmiş 47 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar