Məhkəmə qərarları › İş №e-2-2(4-15)-139/2026

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-15)-139/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(4-15)-139/2026 11.03.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2613.5 manat krеdit bоrcu, 262.19 manat faiz bоrcu, 60.11 manat cərimə borcu olmaqla, cəmi 2935.8 manat məbləğində bоrcun və 49.36 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2613.5 manat krеdit bоrcu, 262.19 manat faiz bоrcu, 60.11 manat cərimə borcu olmaqla, cəmi 2935.8 manat məbləğində bоrcun və 49.36 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli 026A********** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci və 1.3-cü hissələrinə əsasən bank məbləği 4000 manat olan krediti aylıq faiz dərəcəsi 2,3333% olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə ödəyir (xx.xx.2024-cü il tarixli köçürmə qəbzi iş materiallarına əlavə edilmişdir). Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 221 manat sonuncu ay isə 232.43 manat müntəzəm qaydada ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh2 (026G**********01 nömrəli) və Cavabdeh1 (026G**********02 nömrəli) arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında birgə və tam məsuliyyəti öz üzərinə götürmüşdür. 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Cavabdeh kredit razılaşması üzrə götürdüyü kredit borcundan 1386.5 manat ödəniş etmiş, onun 2613.5 manat ödənilməmiş kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 həmin tarixə xx.xx.2024-cü il tarixli 026A********** saylı razılaşma üzrə 2613.5 manat əsas, 262.19 manat faiz, 60.11 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada poçt vasitəsilə xx.xx.2026-cı il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvanları üzrə çatdırılmış, digər Cavabdeh1 ünvanı üzrə göndərilmiş zərf “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmış, bundan sonra həmin sənədlər xx.xx.2026-cı il tarixdə cavabdehə və ya onun ailə üzvlərinə çatdırılması üçün rəsmi qaydada Bərdə Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Buna baxmayaraq qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqavilələri, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 026A********** nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə kredit verilərək öhdəlikləri yerinə yetirilsə də, cavabdeh tərəfindən onun üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə tələb edilən əsas, faiz və cərimə borcuna münasibətdə qeyd edir ki, cavabdehlər bununla bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri və iş materiallarına uyğun olaraq iddiaçı tərəf cavabdehlərdən müştərək qaydada əsas, faiz, cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, cavabdehlərin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, zaminlik müqavilələrinə əsasən zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 2613.5 manat əsas borc, 262.19 manat faiz borcu, 60.11 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddiaçı tələbində qeyd edilən borcun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edildiyi üçün 49.36 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2024cü il tarixli 026A********** nömrəli kredit müqaviləsi üzrə 2613.5 manat əsas borc, 262.19 manat faiz borcu, 60.11 manat cərimə borcu olmaqla, ümumilikdə 2935.8 manat məbləğində borc və 49.36 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar