Məhkəmə qərarları › İş №e-2-2(4-15)-175/2026

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-15)-175/2026

18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(4-15)-175/2026 18.03.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli onlayn məktub üzrə 9113.87 manat əsas borc, 1300.78 manat faiz borcu və 28.31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10442.96 manat borcun və 121.33 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli onlayn məktub üzrə 9113.87 manat əsas borc, 1300.78 manat faiz borcu və 28.31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10442.96 manat borcun və 121.33 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit limitinin ayrılmasına dair xx.xx.2022-ci il tarixli 23-MCR-1-359-22 nömrəli razılaşmaya əsasən bank borc alan Cavabdeh 120 ay müddətinə, aylıq 2,5% olmaqla 100 000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Həmin razılaşmanın 3-cü bəndinə əsasən cavabdeh borcu gecikdirdiyi hər gün üçün gündəlik 0.20% cərimə borcu ödəyir. 26 noyabr 2025-ci il tarixli məlumatdan göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh arasında SMS göndərişləri vasitəsilə yazışma olmuş, iddiaçı bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə aylıq ödəniş 397,6 manat olmaqla 10000 manat məbləğində kredit təklif edilmiş, cavabdeh müqavilənin bağlanması üçün xx.xx.2024-cü il tarixdə həmin təklifi təsdiqləmiş və bank tərəfindən ona kredit verilmişdir. (hesabdan çıxarış məlumatları ilə də təsdiqlənir) İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə əsas borc üzrə 886.13 manat, faiz borcu üzrə isə 1011.84 manat məbləğində ödəniş edilmişdir. Qalan borc məbləğləri ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə bank qarşısında ödənilməmiş öhdəlikləri yaranmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, iddiaçı ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur ki, həmin materiallara – kredit limitinin ayrılmasına dair razılaşma, 26 noyabr 2025-ci il tarixli məlumat, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) : 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankla borc alan Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə kreditin verilməsinə dair razılaşma (SMS bildiriş vasitəslə) bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən borcluya kredit verilmiş, lakin borclu öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı bank hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında borcunun olduğunu qəbul etmişdir. Bu səbəbdən məhkəmə öz təşəbbüsü ilə hər hansı bir əlavə araşdırma aparmamış, tələb edilən əsas və faiz borcunun məbləğinin daha az olması ilə bağlı məhkəmədə hər hansı bir arqument mövcud olmamışdır. Odur ki, cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, iddiaçı tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair müqavilənin 3-cü bəndinə əsasən cərimə borcu tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçı kredit müqaviləsi üzrə 9113.87 manat əsas borc, 1300.78 manat faiz borcu, 28.31 manat cərimə borcu olmaqla, cəmi 10442.96 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 121.33 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli onlayn məktub üzrə 9113.87 manat əsas borc, 1300.78 manat faiz borcu, 28.31 manat cərimə borcu olmaqla, cəmi 10442.96 manat borcu və ödənilmiş 121.33 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar