Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(4-24)-32/2026 16.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehnə qarşı mülki qanunvericiliyə əsasən ümumi əsaslarla zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Nümayəndə 15 yanvar 2026-cı il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh qismində göstərilən Cavabdeh tərəfindən Komitənin Naxçıvan Şəhər İdarəsinin balansında olan qum-çınqıl karxanasından (daşınar və daşınmaz əmlakından) qarşılırlı razılaşma və müqavilə əsasında istifadəsi nəticəsində dövlət büdcəsinə, Komitənin Naxçıvan Şəhər İdarəsinə yaranmış ümumilikdə 38.405,79 (otuz səkkiz min dörd yüz beş manat,79 qəpik) manat məbləğində vəsaitin Cavabdehndən alınaraq dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bank hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 150.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edildikdə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində və ya Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir:
1. İddiaçı tərəfindən MPM-in 149.2.2-ci maddəsinin tələblərinə riayət edilməmiş, nəticə etibarilə nümayəndənin ünvanı, olduğu halda – iddiaçının elektron poçt ünvanı ərizədə qeyd olunmamışdır.
2. İddiaçı məhkəməyə elektron qaydada müraciət etdiyi iddia ərizəsində istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını qeyd etməmişdir.
3. İddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənəd iş materiallarına əlavə edilsə də, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən “Onlayn Kargüzarlıq” sistemindən müvafiq çıxarışda tarix görünməməkdədir. Belə ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə hansı tarixdə çatdırıldığını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, MPM-nin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlamış mübahisənin pretenziya qaydasında nizama salınması formal xarakter daşıyır və mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması kimi qiymətləndirilmir, çünki iddiaçı tərəfindən cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınması zamanı, cavabdehə öhdəliklərinin icrasını təmin etmək üçün müddət müəyyən edilməli, nəzərdə tutulmuş müddət daxilində öhdəliklərin icrası təmin edilmədikdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir. Lakin iş materiallarına əlavə edilmiş iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə çatdırıldığını təsdiq edən sənədlərdən görünür ki, həmin sənədlərin cavabdehə çatdırıldığı tarix məlum deyil, bu səbəbdən də iddiaçı tərəfindən cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınması zamanı, cavabdehə öhdəliklərinin icrasını təmin etmək üçün müəyyən edilmiş müddətə əməl edilib-edilməməsi qiymətləndirilə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-cü maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehnə qarşı mülki qanunvericiliyə əsasən ümumi əsaslarla zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehnə qarşı mülki qanunvericiliyə əsasən ümumi əsaslarla zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan bütün nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Salmanov.