Məhkəmə qərarları › İş №e-2-2(4-24)-77/2026

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-24)-77/2026

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(4-24)-77/2026 10.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X3 və Cavabdeh1 qarşı borc məbləğinin ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi 02 fevral 2026-cı il tarixdə elektron qaydada kiçik iddialara dair işlər üzrə ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmaqla cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada əsas borc 2410,07 manat, faiz borcu 127,47 manat olmaqla, cəmi 2538,17 (iki min beş yüz otuz səkkiz manat on yeddi qəpik) manat borc məbləğinin və ödənilmiş 45,38 (qırx beş manat, otuz səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ərizəsində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Naxçıvan filialı ilə X4 arasında 29 iyul 2024-cü il tarixli 5875 saylı Kredit müqaviləsinin bağlandığını, həmin müqaviləyə əsasən ”Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X3 heyvandarlıq məqsədləri üçün ilik 10 faiz hesablanmaqla 36 ay müddətinə 3.000 (üç min) manat kredit verildiyini, Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə Cavabdeh1 arasında 29 iyul 2024-cü il tarixli 35/24-KKK-04 saylı zaminlik müqaviləsi bağlandığını, cavabdeh X4 əsas və faiz borcunu kredit müqaviləsinə əlavə edilmiş qrafikə uyğun olaraq ödəməli olduğu halda onun müqavilənin şərtlərinə əməl etmədiyini, bununla da müqavilənin şərtlərinin pozulduğunu, bağlanmış 29 iyul 2024-cü il tarixli 5875 saylı Kredit müqaviləsinə əsasən borcalan X2 İddiaçı QSC-yə olan əsas borcunun 2410,07 manat, faiz borcunun 127,47 manat olmaqla, cəmi borcunun 2538,17 (iki min beş yüz otuz səkkiz manat on yeddi qəpik) manat təşkil etdiyini, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həl edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticənin əldə olunmadığını, cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarının nəticəsiz qaldığını qeyd etməklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 448.1-ci, 448.2-ci, 449.4-cü, 470.1-ci, 472.1-ci, 472.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinad etmişdir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X3 və Cavabdeh1 qarşı borc məbləğinin ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2026-cı il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarına xx.xx.2026-cı il tarixdə əlavə edilən: 29 iyul 2024-cü il tarixli 5875 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "Aqrarkredit” Səhmdar Kredit Təşkilatının (Bundan sonra “Borcverən” adlanacaq) Naxçıvan filialının müdiri X5 və X4 (bundan sonra "Borcalan" adlanacaq) arasında bağlanmışdır. Müqavilənin:

1. Bu müqavilənin şərtləri ilə Borcverən Borcalana pul vəsaitinin borc (bundan sonra «kredit» adlanacaq) verilməsini, Borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür.

2. Borcverən Borcalana, bu müqavilənin şərtlərinə uyğun olaraq 36 ay müddətinə illik 10%-lə heyvandalıq məqsədilə 3.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. 3.1. Borcalanın Maliyyə – təsərrüfat fəaliyyətini təhlil etmək, vaxtaşırı kreditin monitorinqini aparmaq və müqaviləyə əlavə olunmuş ödəniş qrafikinə ciddi əməl olunmasını borcalandan tələb etmək Borcverənin hüququdur. 3.5. Borcalan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməzsə və ödəmə şərtlərinə əməl etməzsə qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə faiz ödənişini tələb etmək Borcverənin hüququdur.

6. Borcalanın öhdəlikləri: 6.5. Krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir; 6.6. Hazırki müqavilənin şərtlərindən irəli gələn öhdəliklərə görə özünə məxsus pul vəsaiti və əmlakı ilə cavabdehlik daşıyır. 6.7. Borcalan kreditin və ona hesablanmış faizin qaytarılması ilə bağlı Borcverən qarşısında öz öhdəliyini yerinə yetirmədikdə, hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0.1%-i həcmində, cəmi 5%-dən çox olmamaq şərti ilə cərimə ödəməlidir. 7.2. Verilən kreditin və ona hesablanmış faizlərin qaytarılması bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilməlidir, bu zaman Borcverən tərəfindən tərtib olunmuş hesablamalar əsas götürülür. 7.3. Kredit üzrə ödəmələr həmin vəsaitlərin Borcverənin hesabına və ya kassasına daxil olduğu gün ödənilmiş sayılır. 8.1. Hazırki müqavilə kredit borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. 29 iyul 2024-cü il tarixli 35/24-KKK-04 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı Səhmdar Kredit Təşkilatının (bundan sonra «Kredit Təşkilatı» adlanacaq) Naxçıvan filialının müdiri X5 və Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1 (bundan sonra “Zamin" adlanacaq) arasında bağlanmışdır. Müqavilənin: 1.1. Kredit Təşkilatı ilə X4 (bundan sonra «Borcalan») arasında 29 iyul 2024-cü il il tarixdə bağlanmış 5875 saylı kredit müqaviləsi əsasında Borcalana veriləcək 3.000 (Üç min) manat kreditlə əlaqədar olaraq Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 2.1. Bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası: 29 iyul 2024-cü il tarixli 5875 saylı kredit müqaviləsidir. 2.2. Təmin olunmuş müqavilənin predmeti: Borcalana veriləcək 3.000 (Üç min) manat kreditdir. 2.3. Bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icrası müddəti: Borcalanın Kredit Təşkilatı qarşısında 29 iyul 2024-cü il tarixli 5875 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir. 3.1. Zamin Kredit Təşkilatı qarşısında Borcalanın 29 iyul 2024-cü il tarixli 5875 saylı kredit müqaviləsi üzre Kredit Təşkilatına olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. 6.1. Bu müqavilənin qüvvədə olma müddəti Borcalanın 29 iyul 2024-cü il tarixli 5875 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin Kredit Təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. 7.4 Bu müqavilə tərəflər arasında imzalandığı andan qüvvəyə minir. 29 iyul 2024-cü il tarixli 5875 saylı Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 5875 saylı ödəniş cədvəlinə əsasən X3 29 iyul 2024-cü il tarixli 5875 saylı Kredit müqaviləsinə əsasən 3.000 (üç min) manat məbləğində kreditin verilməsi təmin edilmiş, X4 isə xx.xx.2024-xx.xx.2027-ci il tarixləri ərzində aylıq 96,80 (doxsan altı manat, səksən qəpik) manat olmaqla, ümumilikdə 3.484,86 (üç min dörd yüz səksən dörd manat, səksən altı qəpik) manat məbləği İddiaçı QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 29 iyul 2024-cü il tarixli xəzinə məxaric orderindən görünür ki, 3.000 (üç min) manat məbləğində kredit İddiaçı Səhmdar Kredit Təşkilatı tərəfindən X2 hesabına köçürülmüşdür. xx.xx.2024-xx.xx.2025-ci il tarixləri əhatə edən AZ98ACJT******************** nömrəli hesabdan çıxarışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə 110,00 manat, xx.xx.2024-cü il tarixdə 100,00 manat, xx.xx.2024-cü il tarixdə 100,00 manat, xx.xx.2024-cü il tarixdə 100,00 manat, xx.xx.2025-ci il tarixdə 100,00 manat, xx.xx.2025-ci il tarixdə 100,00 manat, xx.xx.2025-ci il tarixdə 200,00 manat məbləğində ödənişləri həyata keçirmişdir. xx.xx.2025-ci il tarixə ödənilmə vəziyyəti barədə məlumata əsasən X2 xx.xx.2025-ci il tarixinə İddiaçı QSC-nin “Naxçıvan” filialına 29 iyul 2024-cü il tarixli 5875 saylı Kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 2.410,7 manat; faiz üzrə borcu 127,47 manat; cəmi borc məbləği 2.538,17 manatdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: Hazırkı iş üzrə tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitlərinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Lakin cavabdeh X4 tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia ərizəsi təmin edilməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə zaminliklə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 460.1. maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1. maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

471. maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 29 iyul 2024-cü il tarixli 35/24-KKK-04 saylı zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin Kredit Təşkilatı qarşısında Borcalanın 29 iyul 2024-cü il tarixli 5875 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd edilmiş qanunvericiliyin tələbi, həmçinin, 29 iyul 2024-cü il tarixli 35/24- KKK-04 saylı zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə öhdəliyin icrasının təmini üçün zamin Cavabdeh1 da borclu X4 ilə birlikdə bank qarşısında məsuliyyət daşıdığından, ödənilməli olan borc məbləği borclu X4 ilə birlikdə zamin Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 2.538,17 (iki min beş yüz otuz səkkiz manat, on yeddi qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30 (otuz) manat+1.538,17 (min beş yüz otuz səkkiz manat, on yeddi qəpik)*1/100=45,38 (qırx beş manat, otuz səkkiz qəpik) manatdır. xx.xx.2026-cı il tarixli, **********49 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı 45,38 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 45,38 (qırx beş manat, otuz səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdеhlər Cavabdeh1 və X1 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X3 və Cavabdeh1 qarşı borc məbləğinin ödənilməsi tələbi barədə ərizəsi təmin edilərək, 29 iyul 2024-cü il tarixli 5875 saylı kredit razılaşması üzrə 2.410,70 (iki min dörd yüz on manat, yetmiş qəpik) manat əsas bоrcun, 127,47 (yüz iyirmi yeddi manat, qırx yeddi qəpik) manat faiz bоrcunun, ümumilikdə cəmi 2.538,17 (iki min beş yüz otuz səkkiz manat, on yeddi qəpik) manat məbləğində bоrcun və 45,38 (qırx beş manat, otuz səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdеhlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının хеyrinə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

İddia təmin edilsin. 29 iyul 2024-cü il tarixli 5875 saylı kredit razılaşması üzrə 2410,70 (iki min dörd yüz on manat, yetmiş qəpik) manat əsas bоrcun, 127,47 (yüz iyirmi yeddi manat, qırx yeddi qəpik) manat faiz bоrcunun, ümumilikdə cəmi 2538,17 (iki min beş yüz otuz səkkiz manat, on yeddi qəpik) manat məbləğində bоrcun və 45,38 (qırx beş manat, otuz səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdеhlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının хеyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar