Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2(3-1)-103/2026 11.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə (Açar söz: kredit borcu, vərəsənin öhdəliyi, sübutetmə yükü) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Məmmədov Fəxrəddin Yaqub oğlunun iştirakları ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. İddiaçı ASC ilə Məmmədov Təbriz Fəxrəddin oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli ******* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 15.5% hesablanmaqla, 36 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir.
2. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən Məmmədov Təbriz Fəxrəddin oğlu ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə Məmmədov Təbriz Fəxrəddin oğlunun əsas borc üzrə 4321.49manat, faiz borcu üzrə 107.11 manat faiz, ümumilikdə 4428.60 manat borcu qalmışdır.
3. AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Məmmədov Təbriz Fəxrəddin oğlu ##.##.2024-cü il tarixdə ölmüşdür.
4. XIX-JQ ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Təbriz Fəxrəddin oğlu ##.##.1995-ci ildə doğulmuşdur. Atası cavabdeh2 Yaqub oğlu, anası Məmmədova Kəmalə Idris qızıdır.
5. Kəngərli Rayon Notariat Ofisi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də qeyd olunmuşdur ki, ##.##.2024-ci il tarixdə vəfat etmiş Məmmədov Təbriz Fəxrəddin oğlunun vərəsələri cavabdeh2 və Məmmədova Kəmalə Idris qızıdır və onlar miras əmlakdan ½ pay almalıdır.
6. Sorğu əsasında Kəngərli Rayon Notariat Ofisi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, ** nömrəli məktubda göstərilir ki, vərəsəlik işi üzrə T.cavabdeh2 atası cavabdeh2 və anası cavabdeh1 miras qoyanın qanun üzrə vərəsələri olduğundan həmin şəhadətnamədə onların hər birinin miras əmlakdan ½ irs alması qeyd olunmuş və miras əmlakın tərkibinin mərhumun vərəsələrinə ödənilməli olan pul vəsaitlərindən, kompensasiyalardan, əmək haqqı, digər hesablarında qalan pul vəsaitlərindən, sığorta ödənişlərindən, dəfn pulundan və digər ödənişlərdən ibraət olması göstərilmişdir. Mərhum T.cavabdeh2 miras qalmış hər hansı əmlaka şəhadətnamənin verilməsi ilə bağlı onun vərəsələri tərəfindən notariat ofisinə heç bir müraciət daxil olmamışdır. II. Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 4321.49 manat əsas, 107.11 manat faiz, cəmi 4428.60 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 64.69 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddiaçı İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, Məmmədov Təbriz Fəxrəddin oğluna şəxsi (istehlak) məqsədləri üçün 36 ( otuz altı ) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 6500 ( altı min beş yüz manat) manat məbləğində krеdit vеrilmiş, bununla bağlı İddiaçı ASC ilə Məmmədov Təbriz Fəxrəddin oğlu arasında ##.##.2023-cü il tarixli, ******* saylı Krеdit Müqaviləsi bağlanmış, krеdit müqaviləsinin şərtlərinə əsasən, Məmmədov Təbriz Fəxrəddin oğlunun ##.##.2025-ci il tarixinə əsas borcu 4321.49 (dörd min üç yüz iyirmi bir manat qırx doqquz qəpik) manat, faiz borcu 107.11 (bir yüz yeddi manat on bir qəpik) manat təşkil etmiş, işə əlavə olunmuş AZ-II №****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Təbriz Fəxrəddin oğlu ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdikləri məlumata əsasən Məmmədov Təbriz Fəxrəddin oğlunun vəfatından sonra Kəngərli rayonu Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmış, Bankın ##.##.2025-ci il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, ##.##.2025-ci il tarixində vərəsəlik işi açılmış, Məmmədov Təbriz Fəxrəddin oğlunun vərəsələri – Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Xok Ərazi dairəsi, Xok kəndində qeydiyyatda olan cavabdeh2 və Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Xok Ərazi dairəsi, Xok kəndində qeydiyyatda olan cavabdeh1Idris qızıdır.
9. Kəngərli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Məmmədov Təbriz Fəxrəddin oğlunun vərəsələri cavabdeh2 və cavabdeh1 müştərək qaydada ##.##.2023-cü il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 2500 (iki min beş yüz) manat məbləğində vəsaitin və 36.51 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 64.69 manatlıq dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə artıq ödənilmiş 42.02 manat dövlət rüsumunun iddiaçıya qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 10. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
11. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək Kəngərli Rayon Məhkəməsinin e-*(***)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə cavabdehvərəsəyə
12. keçmiş 2500 manat məbləğində pulu etiraf etsə də, təmin edilməyən 1928 manat vəsaiti miras əmlak kütləsinə daxil olduğu halda birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmiş, bununla da maddi hüquq normasını düzgün tətbiq etməmişdir. MM-nin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən deyil, vəfat etmiş əsas borclunun kreditoru tərəfindən sübuta yetirilməlidir. Bununla da, birinci instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Birinci instansiya məhkəməsi sözügedən mövqeyi ilə Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2022-ci il tarixli Qərarı (§21) ilə verilən şərhi də nəzərə almamışdır. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixdə qəbul etdiyi Qərarda (§21) isə məsələyə dair birmənalı hüquqi qiymət verilərək, göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş sayılır. Oxşar mövqe vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli *** nişanı ilə təyin edilmiş qərarında da öz əksini tapmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, Kəngərli Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 4321.49 manat əsas, 107.11 manat faiz, cəmi 4428.60 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 64.69 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh Məmmədov Fəxrəddin Yaqub oğlu şikayəti qəbul etmədiyini və Kəngərli Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. VI. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
24. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
25. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.
26. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
27. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
28. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
29. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. b) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2023-cü il tarixli qərarı
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
c) “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2019-cu il ## #### tarixli qərarı
31. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
d) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. VII. Apellyasiya baxışının hədləri
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
42. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi).
43. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir.
44. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər.
45. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinin mətninə görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir.
46. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
47. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
48. Imtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.
49. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.
50. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.
51. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması da onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.
52. Beləliklə yuxarıda qeyd olunan xüsusatlar baxımından kollegiya ilk olaraq qeyd edir ki, hazırkı iş üzrə bir sıra hallar tərəflər arasında mübahisə predmeti təşkil etmir və həmin hallar iş materialları ilə tam təsdiq olunur.
53. Belə ki, iş materiallarında olan ##.##.2023-cü il tarixli, ******* nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Məmmədov Təbriz Fəxrəddin oğluna 36 ay müddətinə, illik 15,5 faiz dərəcəsi ilə 6500 manat məbləğində kredit verilmişdir. Bununla da tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinin tələblərinə uyğun olaraq müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
54. Iş materialları ilə həmçinin müəyyən edilir ki, bank öz üzərinə düşən öhdəliyi tam icra etmiş, kredit vəsaitini borcalanın sərəncamına vermişdir. Bu hissədə tərəflər arasında hər hansı mübahisə mövcud deyildir.
55. Eyni zamanda müəyyən olunur ki, Məmmədov Təbriz Fəxrəddin oğlu ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra notariat qaydasında vərəsəlik işi açılmış, ## ##### 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhumun valideynləri cavabdeh2 və cavabdeh1 qanun üzrə vərəsələr hesab edilmiş və onların hər birinin miras əmlakdan 1/2 pay alması müəyyən olunmuşdur. Şəhadətnamədə miras əmlakın mərhumun vərəsələrinə ödənilməli olan pul vəsaitləri, kompensasiyalar, əməkhaqqı və digər hesablarında qalan pul vəsaitləri, sığorta ödənişləri, dəfn pulu və digər ödənişlər olması qeyd olunmuşdur (iş səh.71).
56. Habelə iş materiallarında olan ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, mərhum Məmmədov Təbriz Fəxrəddin oğlunun kredit müqaviləsi üzrə 4321,49 manat əsas borcu və 107,11 manat faiz borcu olmaqla, ümumilikdə 4428,60 manat borcu qalmışdır. Cavabdehlər tərəfindən həmin borcun məbləği, hesablanma qaydası və ya mövcudluğu mübahisələndirilməmişdir.
57. Beləliklə, iş üzrə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, mərhumun banka qarşı ödənilməmiş kredit öhdəliyi mövcuddur, cavabdehlər onun qanun üzrə vərəsələridir və kreditor tərəfindən tələb olunan borc real və mövcuddur.
58. Mübahisəli hal isə vərəsələrin miras qoyanın kreditoru qarşısında məsuliyyət həddinin müəyyən edilməsindən, habelə həmin məsuliyyətin yalnız 2500 manat məbləğində sığorta ödənişi ilə məhdudlaşıb-məhdudlaşmamasından ibarətdir.
59. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən belə nəticəyə gəlmişdir ki, cavabdehlər tərəfindən yalnız 2500 manat məbləğində sığorta ödənişi qəbul edilmişdir və buna görə də onlar yalnız həmin məbləğ həddində məsuliyyət daşıyırlar.
60. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi həm işin faktiki hallarını düzgün müəyyən etməmiş, həm də maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
61. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən miras kütləsinin tərkibinə daxil olan əmlakın hüquqi mahiyyəti düzgün müəyyən edilməmişdir.
62. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Həmin normanın məzmunundan göründüyü kimi, miras kütləsini miras qoyanın ölüm anına qədər ona məxsus olan əmlak hüquqları və öhdəlikləri təşkil edir. Başqa sözlə, hər hansı əmlakın və ya pul vəsaitinin miras aktivinə aid edilə bilməsi üçün müəyyən olunmalıdır ki, həmin əmlak və ya əmlak hüququ miras qoyanın sağlığında ona məxsus olmuşdur və ölüm anında onun əmlak sferasına daxil olmuşdur.
63. Lakin hazırkı işdə birinci instansiya məhkəməsi tərəfindən istinad edilən 2500 manat məbləğində vəsaitin məhz mərhuma məxsus olmuş miras aktivi olması müəyyən edilməmişdir. Daha dəqiq ifadə olunarsa, bu məbləğin ümumiyyətlə mövcudluğu, mövcuddursa hansı əsaslarla və hansı məbləğdə vərəsələrə verilməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, sadəcə cavabdeh cavabdeh2 belə bir məbləği aldığına dair izahatına istinad olunaqla kifayətlənilmişdir.
64. Əksinə, cavabdeh cavabdeh2 apellyasiya baxışı zamanı verdiyi izahatda qeyd etmişdir ki, ona 2000 manat məbləğində sığorta ödənişi özünə məxsus olan avtomobillə bağlı ödənilmiş, əlavə olaraq mərhumun iş yerindən son haqq-hesab qismində 500 manat vəsait verilmişdir. Həmin izahatın məzmunundan görünür ki, 2000 manat məbləğində sığorta ödənişi mərhumun kredit münasibətlərindən irəli gələn hər hansı sığorta təminatı deyil, cavabdehin özünə münasibətdə həyata keçirilmiş ödənişdir. Belə olan halda həmin vəsaitin miras qoyanın ölüm anına qədər ona məxsus olmuş əmlak hüququ kimi qiymətləndirilməsi mümkün deyildir.
65. Digər tərəfdən, hətta qeyd olunan vəsaitlərin miras kütləsinə aid olması ehtimal edilsə belə, onların hansı hüquqi əsasla, hansı məbləğdə və hansı şəxslər tərəfindən əldə edilməsini təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Birinci instansiya məhkəməsi yalnız cavabdehin izahatına əsaslanaraq miras aktivinin həcmini 2500 manat müəyyən etmişdir ki, bu da mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi qaydalarına uyğun deyildir.
66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
67. Eyni zamanda Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
68. Göründüyü kimi, qanunverici miras qoyanın borcunun miras aktivindən artıq olmasını sübut etmək vəzifəsini kreditorun deyil, məhz vərəsənin üzərinə qoymuşdur. Bu norma sübutetmə yükünün xüsusi qaydasını müəyyən edir və belə hallarda kreditor miras əmlakının tərkibini və həcmini sübut etməyə borclu deyildir. Əksinə, vərəsə borcun miras aktivindən çox olduğunu və ya miras aktivinin tələb edilən məbləğdən az olduğunu sübuta yetirməlidir.
69. Hazırkı işdə isə cavabdehlər tərəfindən miras qoyanın əmlakının hansı həcmdə olması, hansı əmlakların mirasa daxil olması, mirasın dəyərinin nə qədər təşkil etməsi, yaxud borcların mirasdan çox olması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. 75.
70. Əksinə, cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, mərhum oğlu ailəli olmamış, onlarla birlikdə yaşamaqla birgə təsərrüfat idarə etmişlər. Mərhumun bankdan götürdüyü kredit vəsaiti ailənin ümumi təsərrüfat ehtiyacları üçün istifadə edilmiş, həmin vəsait hesabına malheyvan və bu heyvanlar üçün 2 ton həcmində yem alınmışdır.
71. Bu hal özü-özlüyündə kredit vəsaiti hesabına müəyyən əmlakın əldə olunduğunu göstərir. Lakin həmin əmlakın sonrakı taleyi, mövcud olub-olmaması, miras kütləsinə daxil edilib-edilməməsi barədə cavabdehlər tərəfindən heç bir sübut təqdim edilməmişdir. Bundan başqa cavabdehlər tərəfindən mərhum övladlarından onlara hər hansı başqa miras əmlakın qalıb-qalmamasına (daşınar və daşınmaz əmlak, bank vəsaitləri, qiymətli əşyalar və.s) dair sübutlar da təqdim edilməmiş, iş üzrə cavabdeh cavabdeh2 oğlunun ölümündən sonra sadəcə onun işlədiyi Naxçıvan MR DIN-dən son haqq-hesab olaraq vərəsələrə 500 manat ödənildiyini bildirsə də, bu məbləğdə pulun onlara ödənildiyini təsdiq edən sənədi də məhkəməyə təqdim etməmişdir.
72. Kollegiya qeyd edir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
73. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
74. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).
76. Bununla belə, ilkin olaraq sübutetmə yükü tələb edənin (iddiaçının) üzərinə qoyulsa da, maddi hüquq normalarında işin hansı hallarının sübut edilməsi vəzifəsi konkret tərəfin üzərinə qoyula bilər. Qeyd edildiyi kimi, mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, vərəsə qəbul etdiyi mirasın miras qoyanın borclarından çox olmadığını sübut etmək yükünü daşıyır. Yəni hazırki mübahisə üzrə sübutetmə yükünü Mülki qanunvericilik imperativ qaydada cavabdehin (vərəsənin) üzərinə qoymuşdur.
77. Beləliklə, məhkəmə kollegiyası mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları ilə bağlı səhv nəticəyə gəlmiş, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.
78. Birinci instansiya məhkəməsi sübutetmə yükünü qanunun tələbinə zidd olaraq iddiaçının üzərinə qoymuş, miras aktivinin həcminin müəyyən edilməməsinin mənfi nəticələrini kreditorun üzərinə yükləmişdir. Halbuki yuxarıda qeyd olunan hüquq normalarına əsasən həmin halı sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşmüşdür. Lakin istər birinci instansiya məhkəməsində işə baxılarkən, istərsə də apellyasiya baxışı zamanı cavabdehlər miras qoyanın borclarının mirasdan çox olduğuna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 385.1.1 və 385.1.2-ci maddələrinin tələbinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
80. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Kəngərli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi təmin edilməlidir.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
82. Məhkəmə xərclərinin bölgüsü məsələsinə gəldikdə kollegiya bildirir ki, iş materiallarına görə iddiaçı İddiaçı ASC tərəfindən birinci instansiya məhkəməsinə müraciət edilərkən iddia məbləği 4428.60 manat olduğuna görə dövlət rüsumu da 64.69 manat təşkil etmiş, lakin iddiaçı tərəfindən ## ###### 2025-ci il tarixdə, ********** nömrəli qəbzlə 106.71 (bir yüz altı manat, yetmiş bir qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin apellyasiya şikayəti verilməsi üçün ödəniləcək dövlət rüsumu 32.35 manat təşkil etdiyi halda, iddiaçı tərəfindən ## ### 2026-cı il tarixdə, ********** nömrəli qəbzlə 53.36 (əlli üç manat, otuz altı qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir.
83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumu geri qaytarılır.
84. Yuxarıda qeyd olunan maddənin tələbinə əsasən kollegiya hesab edir ki, iddia ərizəsi verilməsi üçün ## ###### 2025-ci il tarixdə, ********** nömrəli qəbzlə artıq ödənilmiş 42.02 manat dövlət rüsumu, həmçinin apellyasiya şikayəti verilməsi üçün ## ### 2026-cı il tarixdə, ********** nömrəli qəbzlə artıq ödənilmiş 21.01 manat dövlət rüsumu olmaqla, ümumilikdə 53.03 (əlli üç manat, sıfır üç qəpik) məbləğində artıq ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın.
85. Məhkəmə kollegiyası eyni zamanda izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
86. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Iddia təmin edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ##.##.2023-cü il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 4321.49 manat əsas, 107.11 manat faiz, cəmi 4428.60 (dörd min dörd yüz iyirmi səkkiz manat, altmış qəpik) məbləğində pul tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Iddiaçı İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün “ExpressPay” Ödəniş Portalı vasitəsilə ## ###### 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 64.69 (altmış dörd manat, altmış doqquz qəpik) məbləğində dövlət rüsumu cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı İddiaçı ASC-yə qaytarılsın. Iddiaçı İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ## ###### 2025-ci il tarixdə, ********** nömrəli qəbzlə artıq ödənilmiş 42.02 manat dövlət rüsumu, həmçinin apellyasiya şikayəti verilməsi üçün ## ### 2026-cı il tarixdə, ********** nömrəli qəbzlə artıq ödənilmiş 21.01 manat dövlət rüsumu olmaqla, ümumilikdə 53.03 (əlli üç manat, sıfır üç qəpik) məbləğində artıq ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.