Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2(3-1)-133/2026 25.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiya Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müqavilə üzrə borc tələbinə dair mülki iş üzrə (Açar söz: pul tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X4 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müqavilə üzrə borc tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən iş üzrə cavabdeh və onun vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. Iş materiallarında olan ##.##.2022-ci il tarixli, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, reyestrdə 3M282 nömrəsi ilə qeydiyyata alınmış kredit müqaviləsinin surətindən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında faizsiz kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 11000 manat məbləğində borc verilmiş, borc alan isə həmin məbləği ##.##.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. Iş materiallarında olan ##.##.2025-ci il tarixli, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, reyestrdə 3M117 nömrəsi ilə qeydiyyata alınmış borc müqaviləsinin surətindən aydın olur ki, İddiaçı tərəfindən Cavabdeh 7000 manat məbləğində faizsiz borc verilmiş, borc alan həmin məbləği ##.##.2027-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
3. Iş materiallarında olan pretenziya məktubunun surətinə əsasən iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh ünvanlanmış yazılı müraciətdə ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 11000 manat məbləğində borclu olduğu qeyd edilmişdir. Pretenziya məktubunda göstərilmişdir ki, həmin müqavilə üzrə borcun son ödəniş müddəti ##.##.2024-cü il tarix olmuş, lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Bununla əlaqədar cavabdehə borcun ödənilməsi üçün 3 gün müddət verilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. II. Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş 11000 (on bir min) manat məbləğində borc pulun və ödənilmiş 123 manat dövlət rüsumunun tutulub ona ödənilməsini xahiş etmişdir.
5. Iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 11000 (on bir min) manat məbləğində pul vermiş, cavabdeh isə aldığı həmin məbləği ##.##.2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, göstərilən müddətdə və hazırkı vaxtadək borc məbləğini iddiaçıya qaytarmamışdır.Iddiaçı cavabdehlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlayaraq borcun qaytarılmasını tələb etsə də, cavabdeh borcun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Sonradan isə cavabdeh telefon zənglərinə cavab verməmişdir. Həmçinin cavabdehə poçt vasitəsilə pretenziya məktubu göndərilsə də, həmin müraciət cavabsız qalmışdır. Bu səbəbdən iddiaçı mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş ##.##.2026-cı il tarixli etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı İddiaçı irəli sürdüyü tələblər faktiki hallara uyğun deyil. Cavabdeh göstərmişdir ki, iddiaçı ilə onun arasında heç bir şəriklik münasibəti olmamış, şəriklik münasibətləri Şahid ilə mövcud olmuşdur. Cavabdehin mövqeyinə görə 11000 manatlıq notarial borc müqaviləsi faktiki pul verilməsinə əsaslanmır, həmin məbləğ şəriklik münasibətlərinin və daxili hesablaşmaların nəticəsi olaraq rəsmiləşdirilmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, o, iddiaçıdan 11000 manat məbləğində pul almamışdır və iddiaçının tələbi əsassızdır. Eyni zamanda cavabdeh etirazında göstərmişdir ki, imkan daxilində ödənişlər etmiş və bunu təsdiq edən qəbzlər və bank köçürmələri mövcuddur. O, mübahisənin mahiyyətinin üçüncü şəxs olan Şahid ilə bağlı şəriklik münasibətlərindən və onun iddiaçıya olan borcu ilə əlaqəli vəziyyətdən yarandığını bildirmişdir. Cavabdeh həmçinin iş üzrə digər hallar, o cümlədən üçüncü şəxslə bağlı mübahisələr və baş vermiş hadisələrin işin düzgün qiymətləndirilməsi üçün nəzərə alınmasını xahiş etmişdir.
7. Ordubad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, 11000 (on bir min) manat məbləğində pul vəsaitinin və ödənilmiş 123 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı mübahisənin hüquqi əsası tərəflər arasında ##.##.2022-ci il tarixdə bağlanmış faizsiz kredit müqaviləsidir. Iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında Bakı şəhəri ** saylı Notariat Ofisində ##.##.2022-ci il tarixdə 11.000 manat məbləğində faizsiz kredit müqaviləsi bağlanmış, müqavilədə borcun məbləği və onun son qaytarılma müddəti ##.##.2024-cü il aydın şəkildə göstərilmişdir. Müqaviləni tərəflərin imzalanması və iddiaçının 11.000 manat məbləğində pul vəsaitini cavabdehə verməsi mübahisələndirilmir. Cavabdeh müqavilənin mövcudluğunu inkar etməsə də, bank köçürmələri ilə həyata keçirdiyi ödənişlərin həmin kredit müqaviləsi üzrə borcun icrası məqsədilə edildiyini bildirir. Iddiaçı isə həmin köçürmələrin tərəflər arasında mövcud olmuş mağaza üzrə şəriklik və telefon alğısatqısından
9. irəli gələn hesablaşmalara aid olduğunu, notarial qaydada rəsmiləşdirilmiş borc öhdəliyi ilə əlaqəsinin olmadığını göstərir. Məhkəmə cavabdehin bu etirazını əsaslı hesab etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Buna görə də bank köçürmələrinin məhz ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsinə aid olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən təqdim edilmiş bank köçürmə qəbzlərində ödəniş təyinatı hissəsində həmin kredit müqaviləsinə, əsas borca və ya borcun qaytarılmasına dair heç bir qeyd yoxdur. Tərəflər arasında eyni dövrdə digər maliyyə münasibətlərinin mövcud olduğu nəzərə alındıqda, təyinatı göstərilməyən ödənişlərin avtomatik olaraq kredit müqaviləsi üzrə öhdəliyin icrası kimi qiymətləndirilməsi mümkün deyildir. Bundan əlavə, təqdim olunmuş qəbzlərdən görünür ki, ilk köçürmə ##.##.2022-ci il tarixdə, yəni kredit müqaviləsinin bağlanmasından 7 gün əvvəl həyata keçirilmişdir. Müqavilə bağlanmamışdan əvvəl edilmiş ödənişin həmin müqavilə üzrə borcun qaytarılması kimi qəbul edilməsi hüquqi cəhətdən mümkün olmadığından, bu hal ödənişlərin başqa maliyyə münasibətlərindən irəli gəldiyini təsdiq edir. Məhkəmə iş materiallarında olan WhatsApp yazışmalarını və səs yazılarını da qiymətləndirərək müəyyən etmişdir ki, həmin sübutlar iddiaçının mövqeyini təsdiq edir. Belə ki, ##.##.2024-cü il tarixli WhatsApp yazışmalarından görünür ki, kredit müqaviləsinin icra müddəti bitdikdən sonra cavabdeh iddiaçının göndərdiyi bank kartı məlumatlarını təsdiq etmiş və "tmm atanda çeki atacam" məzmunlu mesaj göndərmişdir. Əgər cavabdehin iddia etdiyi kimi borc əvvəlki köçürmələrlə tam və ya əsasən ödənilmiş olsaydı, müqavilənin icra müddəti başa çatdıqdan sonra yenidən bank kartı məlumatı istəməsi və ödəniş edəcəyini bildirməsi məntiqi izahını tapmır. Səs yazılarında isə cavabdeh "borcumu bilirəm", "bu ay hamısını çalışacam ödəyəm", "avqusta kimi pulu verəcəm", "borcunu qaytaracam" kimi ifadələrlə borcun hələ də mövcud olduğunu etiraf edir. Həmin yazılarda cavabdeh əvvəlki bank köçürmələrinin bu borcun icrası olduğunu bildirmir və ya bu barədə hər hansı etiraz irəli sürmür. Əksinə, cavabdeh borcu ödəmək üçün dostundan 8.000 manat alacağını, özü də əlavə 1.000–2.000 manat vəsait taparaq borcu ödəyəcəyini bildirir. Bu məbləğlərin ümumi həcmi mübahisə predmeti olan 11.000 manatlıq borca yaxın olmaqla cavabdehin həmin borcun hələ də ödənilmədiyini öz ifadələri ilə təsdiq etdiyini göstərir. Məhkəmə həmçinin nəzərə almışdır ki, tərəflər arasında sonradan bağlanmış ##.##.2025-ci il tarixli 7.000 manat məbləğində digər borc müqaviləsi ayrıca mülki-hüquqi öhdəlikdir. Həmin müqavilədə ##.##.2022-ci il tarixli borcun yenilənməsi, əvəz edilməsi və ya əvvəlki öhdəliyin xitamı barədə hər hansı qeyd mövcud deyildir. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcunu ödədiyini və ya təqdim etdiyi bank köçürmələrinin məhz həmin müqavilənin icrasına aid olduğunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 739.1-ci maddələrinə əsasən, 11.000 manat məbləğində əsas borc cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Dövlət rüsumu tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş ödəniş sənədindən iddiaçı tərəfindən 123 manat dövlət rüsumunun ödənildiyi müəyyən olunur. Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinə əsasən, iddia tam təmin edildiyindən məhkəmə xərcləri cavabdehin üzərinə qoyulmalıdır. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 123 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh və onun vəkilnümayəndəsi
10. Vəkil apellyasiya şikayəti verərək Ordubad Rayon Məhkəməsinin ##.##.2026ci il tarixli, e-*(*-**)-**/**** nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddianın ödəniş etdiyi 8750 manata münasibətdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2021-ci ildən Şahid ilə şərikli şəkildə Bakı şəhərində telefon mağazası fəaliyyəti göstərmişdir. 2022-ci ilin əvvəlində Şahid şəriklikdən çıxmaq istədiyini bildirmiş və hesablaşma nəticəsində ona 5.500 manat ödənilməli olduğu müəyyən edilmişdir. Həmin vaxt cavabdehin sərbəst vəsaiti olmadığından və mağazadakı malların çıxarılmasının fəaliyyətə mənfi təsir göstərəcəyini nəzərə alaraq, Şahid öz kreditoru olan hazırkı iddiaçı İddiaçı cavabdehlə tanış etmişdir. Şahid iştirakı ilə razılaşdırılmışdır ki, ona çatacaq məbləğ hissə-hissə iddiaçıya ödənilsin. Bu razılaşmaya uyğun olaraq ##.##.2022-ci il tarixində iddiaçının bank kartına ilk ödəniş edilmiş, sonradan isə iddiaçının tələbi ilə tərəflər arasında münasibət ##.##.2022-ci il tarixli notarial borc müqaviləsi ilə rəsmiləşdirilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı ilə onun arasında heç vaxt şərikli sahibkarlıq və ya kommersiya fəaliyyəti olmamışdır. Tərəflər arasında əvvəlcə ##.##.2022-ci il tarixli 11.000 manat məbləğində, daha sonra isə ##.##.2025-ci il tarixli 7.000 manat məbləğində notarial borc müqaviləsi bağlanmış, ikinci müqavilə əvvəlki borc münasibətinin davamı kimi eyni borc öhdəliyi üzrə rəsmiləşdirilmişdir. Şikayətdə göstərilmişdir ki, iş materialları ilə təsdiq olunur ki, ##.##.2022-ci il tarixindən ##.##.2025-ci il tarixinədək iddiaçının və onun göstərişi ilə digər kart hesablarına ümumilikdə 18 ödəniş həyata keçirilmiş, cəmi 8.750 manat ödənilmişdir. Iddiaçı da məhkəmə iclasında həmin məbləği aldığını və ödənişlərin onun kart hesablarına köçürüldüyünü etiraf etmişdir. Buna görə də 11.000 manat borcdan yalnız 2.250 manat qalıq borcun qaldığı bildirilmişdir. Məhkəmə həmin ödənişləri borc öhdəliyinin icrası kimi qiymətləndirməmiş və bunun üçün əlavə sübutlar tələb etmişdir. Halbuki cavabdeh bank sənədlərini təqdim etməklə pul vəsaitlərinin iddiaçının hesabına köçürüldüyünü sübut etmiş, iddiaçı isə həmin vəsaitləri aldığını etiraf etmişdir. Məhkəmə sübutetmə yükünü qanunsuz olaraq cavabdehin üzərinə qoymuşdur. MPM-in 77.1-ci maddəsinə əsasən, istinad edilən halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Iddiaçı əvvəlcə tələbini yalnız ##.##.2022-ci il tarixli notarial borc müqaviləsinə əsaslandırsa da, sonradan yazılı ərizə ilə ödənilmiş 8.750 manatın guya tərəflər arasında mövcud olmuş şərikli kommersiya fəaliyyəti və telefon alğısatqısı üzrə hesablaşmalar olduğunu bildirmişdir. Bununla iddiaçı tələbinin faktiki əsasını dəyişdirmiş və yeni hüquqi münasibətin mövcudluğuna istinad etmişdir. Bu halda həmin münasibətlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşməli olduğu halda, iş materiallarında tərəflər arasında birgə fəaliyyət müqaviləsi, investisiya qoyuluşu, gəlirin bölüşdürülməsi, vergi sənədləri və ya sahibkarlıq münasibətlərini təsdiq edən hər hansı sübut mövcud olmamışdır. Buna baxmayaraq məhkəmə heç bir mötəbər sübuta istinad etmədən tərəflər arasında kommersiya və şəriklik münasibətlərinin mövcud olduğu nəticəsinə gəlmiş, bununla da MPM-in 77.1 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamədə bank köçürmələrinin təyinat hissəsində borc müqaviləsinin tarix və nömrəsinin göstərilməməsi əsas gətirilərək həmin ödənişlərin borcun icrası hesab edilmədiyi qeyd edilmişdir. Halbuki nə Azərbaycan Respublikası Mülki Məcəlləsində, nə də "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunda pul öhdəliyinin icrası üçün köçürmənin təyinat hissəsində müqavilənin tarix və nömrəsinin göstərilməsi barədə imperativ tələb nəzərdə tutulmamışdır. Iş üzrə etibarlı notarial borc müqaviləsi mövcud olmuş, borclu tərəfindən kreditorun hesabına uzun müddət ərzində mütəmadi ödənişlər edilmiş, kreditor isə həmin ödənişləri aldığını etiraf etmişdir. Bu şəraitdə ödənişlərin borcun icrası hesab edilməməsi hüquqi və məntiqi əsasdan məhrumdur. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, məhkəmə ##.##.2022-ci il tarixli ilk ödənişin notarial müqavilədən əvvəl həyata keçirilməsini borca aid olmamasının sübutu kimi qiymətləndirmişdir. Halbuki tərəflər arasında əvvəlcə şifahi razılıq əldə edilmiş, ilk ödəniş həmin razılaşmaya əsasən edilmiş, daha sonra isə münasibətlər notarial qaydada rəsmiləşdirilmişdir. Bu hal məhkəmə tərəfindən tam araşdırılmadan formal nəticəyə gəlinmişdir. Məhkəmə səs yazılarına da birtərəfli qiymət vermiş, yalnız iddiaçının təqdim etdiyi səs yazılarına istinad etmiş, cavabdehin təqdim etdiyi və iş üçün mühüm əhəmiyyət kəsb edən səs yazılarını isə qiymətləndirməmişdir. Cavabdehin təqdim etdiyi səs yazılarında iddiaçının öz ifadələri ilə borcun Şahidlə bağlı hesablaşmalardan yarandığı, tərəflər arasında şərikli sahibkarlıq münasibətlərinin olmadığı və borcun əvvəlki illərdən mövcud olduğu təsdiq edilir. Bununla belə, məhkəmə həmin sübutları araşdırmadan yalnız iddiaçının təqdim etdiyi seçilmiş hissələrə əsaslanmışdır. Bundan başqa, iddiaçının təqdim etdiyi səs yazılarının hansı tarixdə qeydə alındığı, tam və dəyişdirilməmiş formada təqdim edilib-edilmədiyi müəyyən edilməmiş, bu hallar araşdırılmadan həmin yazılar mötəbər sübut kimi qəbul edilmişdir. Apellyasiya şikayətində yekun olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi sübutetmə yükünü düzgün bölüşdürməmiş, iş üzrə toplanmış sübutları tam və obyektiv qiymətləndirməmiş, iddiaçının etiraf etdiyi ödənişləri nəzərə almamış, sübuta yetirilməmiş şəriklik münasibətlərini müəyyən edilmiş fakt kimi qəbul etmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş, iddiaçı tərəfindən verilən etirazda iddia ərizəsində sadalanan hallar göstərilmiş, sonda cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdehin vəkilnümayəndəsi
13. Vəkil şikayəti müdafiə edərək, Ordubad Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(*-**)-**/**** nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddianın ödəniş etdiyi 8750 manata münasibətdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, cavabdeh iştirak etməməsinin üzrlü səbəbləri barədə hər hansı məlumat verməmiş, iddiaçı isə ## ###### 2026-cı il tarixdə kollegiyaya şəkər xəstəsi olduğuna və halhazırda DIN hospitalında müalicə aldığına görə keçiriləcək məhkəmədə iştirak edə bilməyəсəyi, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi ilə bağlı teleqram göndərmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə adıçəkilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. VI. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
22. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. VII. Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə (8750 manata münasibətdə) yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
32. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını yenidən və tam həcmdə araşdıraraq, həmçinin birinci instansiya məhkəməsinin hüquqi yanaşmasını qiymətləndirərək aşağıdakı nəticələrə gəlmişdir.
33. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Hazırkı iş üzrə iddiaçının tələbi tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsaslanır və bu tələbin maddi-hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 739.1-ci maddələri təşkil edir. Həmin normaların dispozisiya şərtlərinə görə, borcverən pul vəsaitinə mülkiyyət hüququnu borcalana verməyi, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
35. Tədqiq olunmuş iş materialları ilə müəyyən edilmişdir ki, ##.##.2022-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində tərəflər arasında faizsiz kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 11000 manat məbləğində borc verilmiş, borc alan isə həmin məbləği ##.##.2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Hazırki tələb üzrə iddiaçı ##.##.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 11000 manat məbləğində borcun cavabdehdən geri qaytarılmasını tələb edir.
36. Mülki işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında bağlanan müqavilə qanunun tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş, həmçinin iddiaçı İddiaçı müqavilə öhdəliyini icra edərək 11000 manat pul məbləğini cavabdeh Cavabdeh təhvil vermişdir. Məhkəmələr tərəfindən müqavilənin etibarsızlığına əsas olacaq hallar müəyyən edilməmişdir. Cavabdeh Cavabdeh, həmçinin onun vəkili və nümayəndəsi V.Heydərov etiraz ərizələrində və apellyasiya şikayətinin dəlillərində rəsmi borc müqaviləsinin mövcudluğunu və öhdəliyi inkar etməsələr də, iddia olunur ki, cavabdeh tərəfindən müvafiq tarixlərdə bank kartı vasitəsilə iddiaçıya ödənilmiş pullar (8750 manat) məhz bu 11000 manatlıq notarial borc müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədilə həyata keçirilmişdir.
37. Iş materialları ilə həmçinin o da müəyyən olunur ki, iş üzrə iddiaçı İddiaçı cavabdehin bu mövqeyinə münasibətdə birmənalı olaraq bildirmişdir ki, cavabdeh tərəfindən köçürülən həmin pulların hazırkı rəsmi borc öhdəliyi ilə heç bir əlaqəsi yoxdur, həmin vəsaitlər tərəflər arasında mövcud olmuş faktiki şəriklik münasibətlərindən, müştərək kommersiya fəaliyyətindən və telefon ticarətindən yaranan tamamilə ayrı razılaşmalardan irəli gələn ödənişlərdir.
38. Məhkəmə kollegiyası tərəflərin bu qarşılıqlı iddialarına işin araşdırılmış hallarına əsaslanmaqla hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin iddia olunan borcun onun tərəfindən 8750 manat hissəsinin geri qaytarılması barədə irəli sürdüyü dəlillər tamamilə əsassızdır və mötəbər sübutlarla təsdiqini tapmır. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinin tələbinə görə, hər bir tərəf öz etirazlarının əsasını sübut etməyə borcludur və bu kontekstdə sübutetmə yükü qanunvericiliklə məhz cavabdehin üzərinə düşür. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, əgər tərəflər arasında yazılı, notarial qaydada rəsmiləşdirilmiş, konkret icra müddəti və məbləği müəyyən edilmiş rəsmi bir borc sənədi mövcuddursa, cavabdeh tərəf həmin borc məbləğinin aldığını mübahisələndirmirsə belə olan halda da o, iddia etdiyi ödənişlərin məhz bu sənəd üzrə borcun ödənməsinə xidmət etdiyini qəti və şübhə doğurmayan mötəbər sübutlarla ortaya qoymalıdır.
39. Cavabdehin 8750 manat məbləğində pulun geri qaytarılması ilə bağlı sübut qismində təqdim etdiyi bank köçürmələri ilə bağlı qəbzlərə münasibətdə ilk olaraq qeyd olunmalıdır ki, bu qəbzlərin heç birinin ödəniş təyinatı hissəsində ##.##.2022-ci il tarixli kredit müqaviləsinə və ya həmin borcun qaytarılmasına dair qeyd və ya istinad mövcud deyil. Hüquqi sənədlərin təyinatı olmadan icra edilən köçürmələr rəsmi müqavilə öhdəliyinin icrası kimi qəbul edilə bilməz, xüsusən də tərəflər arasında dükandakı şərikliklə bağlı cari və paralel pul hərəkətlərinin mövcud olduğu təqdirdə, təyinatı qeyd olunmayan ödənişlərin birbaşa bu borca aid edilməsi mülki-hüquqi prinsiplərə tamamilə ziddir. Bundan başqa tərəflər arasında yazılı qaydada tərtib edilmiş və notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanmışdır. Bu baxımdan tərəflər arasında yaranmış borc münasibətlərinin forma etibarı ilə konkret rəsmiləşdirilməsi təcrübəsi formalaşmışdır. Belə olan halda, bu təcrübənin davamı olaraq borcun qaytarılması istiqamətində aparılmış ödənişlər də eyni qaydada rəsmiləşdirilməli və bununla bağlı da qeydlər aparılmalı idi. Başqa sözlə, yazılı borc müqaviləsinin bağlandığı bir halda, həmin borcdan aparılmış ödənişlərin rəsmiləşdirilməməsi ağlaban görünmür. Hər bir halda pulun geri qaytarılmasını təsdiq edən arayış, qəbz və ya akt tərtib olunmalı və ödənilən məbləğin müqavilə üzrə yaranmış borcdan qaynaqlandığı öz təsdiqini tapmalı idi.
40. Eyni zamanda təqdim olunan qəbzlərin tarixinə nəzər saldıqda aydın olur ki, 600 manat məbləğində ilk ödəniş ##.##.2022-ci il tarixdə, yəni borc müqaviləsinin bağlanma tarixindən (##.##.2022-ci il) 7 gün əvvələ təsadüf edir. Borc müqaviləsi rəsmən bağlanmazdan əvvəl edilmiş ödənişin, hələ hüquqi olaraq mövcud olmayan bir rəsmi borcun qaytarılması kimi qiymətləndirilməsi qeyri-mümkündür və bu hal tərəflər arasında həqiqətən də daha əvvəldən başqa hesablaşmanın mövcud olduğunu deməyə əsas verir.
41. Kollegiya birinci instansiya məhkəməsinə təqdim edilərək tədqiq edilmiş WhatsApp yazışmalarını və tərəflər arasında olan səs yazılarını, həmçinin apellyasiya baxışı zamanı cavabdehin vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş səs yazılarını yenidən tam və hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, bu sübutlar cavabdehin etirazlarının əsassız olması qənaətinə gəlməyə əsas verir və iddiaçının mövqeyini, yəni ödənişlərin 11000 manat borca aid olmadığını təsdiq edir.
42. Məhkəmə kollegiyası tədqiq olunmuş səs yazılarına münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları qanunu pozmaqla əldə edilmiş sübut kimi qiymətləndirilməmiş, çünki həmin səs yazıları Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından qanunsuz sayıla bilməz. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli Qərarında göstərilir ki, “... mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Insanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
43. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Apellyasiya baxışı zamanı iş üzrə tərəflərin həmin səs yazılarını və yazışmaları “Vatsap” vasitəsilə bir-birilərinə göndərdikləri müəyyən olunduğundan kollegiya Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarında ifadə etdiyi mövqeyə uyğun olaraq bu səs yazılarını və yazışmaları sübut kimi qəbul edərək tədqiq etmişdir.
44. Iş materiallarındakı ##.##.2024-cü il tarixli, yəni rəsmi borcun son ödəniş müddəti (##.##.2024-cü il) keçdikdən cəmi bir ay sonraya təsadüf edən WhatsApp yazışmalarından görünür ki, cavabdeh iddiaçının göndərdiyi bank kartı məlumatlarını "hə düzdü" ifadəsi ilə təsdiq etmiş və dərhal ardınca "tmm atanda çeki atacam" məzmunlu mesaj göndərmişdir. Əgər cavabdehin iddia etdiyi kimi, onun əvvəllər etdiyi köçürmələr dükandakı şərikliklə bağlı deyil, məhz bu 11000 manatlıq rəsmi borcun ödənilməsinə yönəlsəydi və borc artıq bağlanmış olsaydı, icra müddəti bitmiş müqavilədən dərhal sonra cavabdehin yenidən iddiaçıdan bank kartı istəməsi, bu kartı təsdiqləməsi və ödəniş vədi verməsi tamamilə məntiqsiz və reallığa uyğun olmayan bir hal təşkil edərdi.
45. Bundan başqa, apellyasiya baxışı zamanı tərəflərin təqdim etdikləri səs yazıları dəqiqliklə və xronoloji ardıcıllıqla tədqiq olunmuş, həmin səs yazılarının məzmununa nəzər saldıqda görünür ki, səs yazılarında cavabdeh birmənalı şəkildə "borcumu bilirəm, bu ay pul göndəriləcək mənə və mən bu ay hamısını çalışacam ödəyəm", "avqusta kimi pulu verəcəm", "səndən narazı deyiləm, inşallah borcunu qaytaracam, özüm də narahatam" “çalışıram ki, hamısını bir yerdə binkir ödəyim sənin üçün” kimi ifadələr işlədir ki, buda onu deməyə əsas verir ki, cavabdeh öz dili ilə borc öhdəliyinin hələ də tam olaraq qaldığını etiraf edir. Kollegiya tərəfindən səs yazıları diqqətlə tədqiq edildikdə aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya göndərilən bu səs yazılarının heç birində cavabdeh iddia etdiyi hissəhissə46. ödəmələrlə bağlı qarşı tərəfə fikir bildirmir. Yəni əgər həqiqətən də cavabdeh tərəfindən təqdim olunan və 11000 manat borca münasibətdə geri qaytarıldığını iddia etdiyi 8750 manat pulu o geri qaytarırdısa, elə olan halda bildirməli idi ki, “mən sənə davamlı olaraq hər ay ödəmə aparıram” və ya “borcumu ödəməkdən yayınmıram” və s. Bunun əksinə olaraq cavabdeh səs yazısında həmin borc məbləğini hissə-hissə deyil, “hamısını bir yerdə binkir ödəmək” istədiyini iddiaçıya bildirir.
47. Kollegiya xüsusilə qeyd edir ki, tədqiq edilən səs yazılarının birində cavabdeh iddiaçıya göndərdiyi səsdə "dostum pul atacaq mənə 8 min, özüm də uzağı 1-2 min düzəldib həll edib verəcəm" ifadəsini işlədir. Cavabdehin özü tərəfindən bəyan olunan bu rəqəmlər mübahisə predmeti olan 11000 manatlıq notarial borc məbləğinə tamamilə yaxın bir məbləğ təşkil edir. Cavabdehin səs yazısında borcun ödənilməsi üçün məhz bu həcmdə pul vəsaitini təzədən toplayacağını və "borcunu tam ödəyəcəyini" bildirməsi, onun məhkəməyə təqdim etdiyi "əvvəlki köçürmələrlə qalıq borc cəmi 2250 manat” borcu qalmasına dair iddialarını tamamilə əsaassız edir. Bu hal sübut edir ki, cavabdehin bank vasitəsilə etdiyi köçürmələr iddiaçının qeyd etdiyi kimi sırf mağaza, şəriklik və cari ticarət münasibətlərinə aid olmuş, rəsmi borca isə heç bir aidiyyəti olmamışdır.
48. Kollegiya həmçinin onu da qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdehin vəkili və nümayəndəsi verdiyi izahatında tərəflər arasında ##.##.2025-ci il tarixdə bağlanmış digər borc müqaviləsinin əvvəlki müqavilə üzrə borcun yenilənməsi olduğunu bildirmişdir ki, bununla bağlı bildirilməlidir ki, işin müəyyən olunmuş hallarına əsasən 7000 manatlıq borc müqaviləsinin mövcudluğu hazırkı 11000 manatlıq borcun qalığı və ya əvəzlənməsi deyil, çünki bu barədə notarial qaydada bağlanmış müqavilənin mətnində heç bir yenilənmə qeydi yoxdur və o, tamamilə müstəqil bir öhdəlikdir.
49. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
50. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki iş üzrə iddiaya qarşı etiraz edən cavabdehin dəlilləri üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür.
51. Bununla belə, məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alıb, qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan 11000 manat məbləğində borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
52. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tələbin mülki və ya kommersiya mübahisəsi olması məsələsinə aydınlıq gətirmək məqsədilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet portalından tərəflərin veri ödəyicisi olub-olmaması ilə bağlı məlumatlar əldə edilmiş və məlum olmuşdur ki, hər iki şəxs vergi ödəyicisi (VÖEN-i) olmuşdur. Lakin tərəflərin izahatlarından və mülki iş materiallarından müəyyən olunmuşdur ki, hazırki borc münasibətləri tərəflərin hər hansı birgə sahibkarlıq fəaliyyəti ilə əlaqəli deyil və fərdi borc münasibətləridir.
53. Beləliklə kollegiya qeyd edir ki, cavabdeh tərəfin apellyasiya şikayətində qeyd etdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Dövlət rüsumu ilə bağlı məsələni müzakirə edən kollegiya hesab edir ki, MPM- 55. nin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2(5-89)-10/2026 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.