Məhkəmə qərarları › İş №e-2(3-1)-161/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №e-2(3-1)-161/2026

17.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2(3-1)-161/2026 17.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar söz: pul tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X2 ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı vəkilnümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları

1. Iş materiallarına əlavə edilmiş ## ###### 2025-ci il tarixli borc müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 32500 manat məbləğində borc pul vermiş, borc alan borcu ## #### 2025-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. II. Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək ## ###### 2025-ci il tarixli borc müqaviləsinə əsasən cavabdeh Cavabdeh 32500 manat borc məbləğinin, vəkil xərcinə görə 300 manat və dövlət rüsumu kimi ödənilmiş 188 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ## ###### 2025-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh 32500 manat məbləğində borc pul vermiş, cavabdeh isə həmin məbləği ## #### 2026-cı il tarixədək geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci bəndinə əsasən tərəflər razılaşmışlar ki, borc müəyyən olunmuş müddətdə geri qaytarılmadığı halda bu tələblə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Cavabdeh bu günədək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 32500 manat məbləğində borcdan heç bir ödəniş etməmişdir. Iddiaçı dəfələrlə borcun qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı öz hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Iddiaçı hesab edir ki, artıq pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalıdır.

4. Cavabdeh Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizəsində bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar faktiki münasibətlərə uyğun gəlmir və tələb hüquqi əsasdan məhrumdur. Belə ki, 2025-ci ilin may ayında cavabdeh dostu X3 Respublikasından “moloko” məhsullarının alınaraq Azərbaycan ərazisində satılması barədə şifahi razılığa gəlmişdir. Ismayıl Ismayılov tərəfindən müəyyən məbləğdə vəsait qoyulmuş, tərəflər faktiki olaraq birgə sahibkarlıq fəaliyyəti həyata keçirmişlər. Məhsullar Türkiyədən gətirilərək satılmış, ilkin mərhələdə qoyulmuş vəsaitin bir hissəsi geri qaytarılmışdır. Lakin məhsulların istifadə müddətinin başa çatmasına az qalması səbəbindən onların maya dəyərindən aşağı qiymətə satılması və bir hissəsinin möhlətli ödəniş şərti ilə verilməsi zərurəti yaranmışdır. Nəticədə ticarət fəaliyyəti üzrə təxminən 10.000 manat zərər yaranmışdır. Birgə fəaliyyət nəzərə alınmaqla həmin zərərin tərəflər arasında bərabər bölüşdürülməsi və hər bir tərəfin payına 5.000 manat düşməsi əsaslıdır. 2025-ci ilin dekabr ayında Ismayıl Ismayılov vəfat etdikdən sonra onun qayınatası İddiaçı cavabdehlə əlaqə saxlamış və ticarət münasibətləri üzrə ödənilməmiş vəsaitin olub-olmadığını soruşmuşdur. Cavabdeh vicdanlılıqdan irəli gələrək, həmin vaxt təxminən 30.000 manat vəsaitin alıcılardan yığılmalı olduğunu və həmin vəsait daxil olduqca qaytarılacağını bildirmişdir. Bundan sonra tərəflər arasında notariat qaydasında borc müqaviləsi bağlanmışdır. Lakin bu müqavilə faktiki borc münasibətini deyil, mərhum Ismayılov Ismayıl ilə cavabdeh arasında mövcud olmuş əvvəlki ticarət münasibətlərini formal şəkildə əks etdirmişdir. Razılaşmaya əsasən ödənişlərin alıcılardan vəsait daxil olduqca hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Üç aylıq müddət ərzində cavabdeh alıcılardan vəsaitlərin toplanması üçün tədbirlər görmüş, lakin məhsulların istifadə müddətinin keçməsi səbəbindən alıcıların əksəriyyəti əvvəlcədən razılaşdırılmış məbləği tam ödəməkdən imtina etmişdir. Bu səbəbdən ticarət fəaliyyətindən 10.000 manat zərər yaranmışdır. Beləliklə, ilkin olaraq qeyd olunan 30.000 manat məbləğindən cavabdehin üzərinə düşən 5.000 manat zərər çıxıldıqda, onun öhdəliyi ən çoxu 25.000 manat təşkil edə bilər. Digər tərəfdən, borc müqaviləsinin tərəflərin həqiqi iradəsini əks etdirmədiyi və əvvəlki faktiki münasibətləri pərdələdiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, qanunvericiliyin tələblərinə zidd olan və ya etibarsızlıq əsasları mövcud olan əqdlər hüquqi nəticə doğurmur. Bu baxımdan, müqavilənin formal xarakter daşıması və tərəflərin faktiki münasibətlərini əks etdirməməsi məhkəmə tərəfindən hüquqi qiymətləndirilməlidir. Bundan əlavə, mübahisəli münasibətlər ilkin olaraq Cavabdeh ilə mərhum Ismayıl Ismayılov arasında yaranmışdır. İddiaçı həmin münasibətlər üzrə tələb hüququnun ona keçməsini təsdiq edən hər hansı tələb güzəşti müqaviləsi və ya digər hüquqi sənəd mövcud deyildir. Mülki Məcəllənin 193 və 194-cü maddələrinə əsasən, tələb hüququnun digər şəxsə keçməsi qanunla müəyyən edilmiş əsas və qaydada, o cümlədən müvafiq hallarda yazılı formada rəsmiləşdirilməlidir. İddiaçı mərhum Ismayılov Ismayılın vərəsəsi olması da təsdiq edilməmişdir. Iş materiallarında onun vəsiyyət üzrə və ya qanun üzrə vərəsə olduğunu, yaxud mübahisəli tələb hüququnun ona keçdiyini təsdiq edən sənəd yoxdur. Bu səbəbdən onun həmin münasibətdən irəli gələn tələbi irəli sürmək üçün hüquqi əsasının mövcudluğu şübhəlidir. Nəticə etibarilə, iddiaçının tələb hüququnun yaranmasını və ona keçməsini təsdiq edən hüquqi əsaslar, habelə tələb olunan məbləğin tam həcmdə borc olması sübuta yetirilməmişdir. Faktiki münasibətlər, yaranmış zərər və tərəflərin birgə fəaliyyəti nəzərə alınaraq iddianın rədd edilməsini, ən azı tələb olunan məbləğin hüquqi və faktiki əsaslarının məhkəmə tərəfindən araşdırılmasını xahiş edir.

5. Culfa Rayon Məhkəməsinin (işə baxan hakim Mehrab Məmmədov) ## #### 2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh ## ###### 2025-ci il tarixdə 3M-6470 reyestr nömrəsi ilə qeydə alınmış borc müqaviləsi üzrə 32500 manat məbləğində borc pulun, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manatın və ödənilmiş 188 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra edilməmiş, borc ödənilməmişdir. Cavabdeh Cavabdeh ## ##### 2026-cı il tarixdə işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin e*(*-**)-**/**** nömrəli qərardadı ilə “işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə” vəsatət təmin edilməmişdir. Həmin qərardaddan şikayət verilməmişdir. Cavabdeh ## #### 2026-cı il tarixdə eyni məzmunda təkrar vəsatətlə məhkəmə müraciət etmiş, işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Işin aidiyyəti ilə bağlı qanuni qüvvəyə minmiş qərardad mövcud olduğundan, həmin vəsatət əsassız hesab edilərək qəbul edilməmişdir. Cavabdeh Cavabdeh etiraz və vəsatətlərində iddia etmişdir ki, iddiaçı ilə aralarında bağlanmış ## ###### 2025-ci il tarixli borc müqaviləsi real borc münasibətlərini deyil, əvvəllər mərhum Ismayıl Ismayılovla (iddiaçının kürəkəni) aralarında mövcud olmuş ticarət münasibətlərini formal qaydada rəsmiləşdirmək məqsədi ilə bağlanmış formal əqd olmuş, müqavilədə göstərilən pul vəsaiti ona borc kimi verilməmiş, habelə iddiaçının həmin münasibətlər üzrə tələb irəli sürmək hüququ yoxdur. Hazırkı iş üzrə cavabdeh tərəfindən müqavilənin formal xarakter daşımasını, müqavilədə ifadə olunan iradənin həqiqi iradəni əks etdirməməsini, tərəflər arasında birgə sahibkarlıq münasibətlərinin mövcud olmasını, mərhum Ismayıl Ismayılovla olan ticarət münasibətlərini, iddiaçının tələb hüququna malik olmamasını, yaxud müqavilə üzrə öhdəliyin tam və ya qismən icra edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin irəli sürdüyü dəlillər yalnız mülahizə xarakteri daşıyır və mübahisələndirilən müqavilənin hüquqi qüvvəsini aradan qaldıran hallar kimi qiymətləndirilə bilməz. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsindən görünür ki, cavabdeh 32500 manat məbləğində pul vəsaitini iddiaçıdan borc aldığını, həmin məbləği ## #### 2026-cı il tarixədək qaytarmağı öz üzərinə öhdəlik kimi götürdüyünü sərbəst iradəsi ilə qəbul etmişdir. Müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllədə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə onu da qeyd etmişdir ki, cavabdehin iddiaçının tələb hüququna malik olmaması barədə iddiaları da iş materialları ilə öz təsdiqini tapmır. Mübahisəli borc müqaviləsinin tərəfləri bilavasitə iddiaçı və cavabdeh olmuş, müqavilədən irəli gələn hüquq və öhdəliklər məhz həmin şəxslər arasında yaranmışdır. Buna görə də iddiaçının bu tələblə məhkəməyə müraciət etmək üçün subyektiv maddi hüquqa malik olmadığı barədə cavabdehin arqumenti əsassızdır. Cavabdehin tələb hüququnun güzəşti institutuna dair (Mülki Məcəllənin 194-cü maddəsi) istinadları hazırkı mübahisənin predmeti ilə əlaqəli deyildir. Belə ki, iddiaçı mübahisəli öhdəlik üzrə ilkin kreditor kimi çıxış etdiyindən, tələb hüququnun başqa şəxsə keçməsi ilə bağlı hüquq münasibətləri hazırkı işdə mövcud deyildir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

7. Culfa Rayon Məhkəməsinin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə, məhkəmə mübahisəli pul vəsaitinin hansı məqsədlə verildiyini tam araşdırmamışdır. Halbuki həm tərəfinin izahatından, həm də iddiaçının məhkəməyə təqdim etdiyi izahatdan açıq şəkildə görünür ki, həmin vəsait şəxsi və ya məişət ehtiyaclarının ödənilməsi üçün deyil, xaricdən malların alınaraq ölkəyə gətirilməsi, satılması və gəlir əldə edilməsi məqsədilə verilmişdir. Bu hal mübahisənin hüquqi mahiyyətinin müəyyən edilməsi baxımından həlledici əhəmiyyət daşıyır. Çünki pul vəsaitinin sahibkarlıq fəaliyyəti məqsədilə verilməsi tərəflər arasında münasibətin adi borc münasibəti deyil, kommersiya xarakterli hüquq münasibəti olduğunu göstərir. Ikinci olaraq, məhkəmə tərəfindən verilmiş işin aidiyyəti ilə bağlı vəsatəti araşdırmamış və ona heç bir hüquqi qiymət verməmişdir. Halbuki həmin vəsatətdə mübahisənin kommersiya fəaliyyətindən irəli gəldiyi əsaslandırılmış və işin aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Həmin vəsatətdə göstərilmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi mərhum Ismayılov Ismayıl tərəfindən verilmiş pul vəsaitini şəxsi və məişət ehtiyacları üçün deyil, sahibkarlıq fəaliyyəti çərçivəsində xaricdən malların gətirilməsi, onların satışı və gəlir əldə edilməsi məqsədilə qəbul etmişdir. Bu səbəbdən tərəflər arasında yaranmış hüquq münasibəti adi borc münasibəti deyil, kommersiya fəaliyyətindən irəli gələn iqtisadi münasibətdir. Məhkəmənin bu vəsatəti cavabsız qoyması işin aidiyyət qaydalarının düzgün müəyyən edilməməsinə və nəticədə mübahisəyə səlahiyyətli məhkəmə tərəfindən baxılmamasına səbəb olmuşdur. Məhkəmənin bu hərəkətsizliyi işin aidiyyət qaydalarının düzgün müəyyən edilməməsinə və nəticədə mübahisənin mahiyyəti üzrə düzgün hüquqi qiymətləndirilməməsinə səbəb olmuşdur. Üçüncü olaraq, məhkəmə iddiaçının öz izahatında əks olunan və mübahisənin kommersiya xarakterini təsdiq edən halları qiymətləndirməmişdir. Iddiaçı açıq şəkildə bildirmişdir ki, pul vəsaiti xaricdən mal gətirilməsi, həmin malların satılması və əldə ediləcək qazanc hesabına borcun qaytarılması məqsədilə verilmişdir. Bu etiraf mübahisənin hüquqi mahiyyətinin müəyyən edilməsində mühüm sübut olduğu halda, məhkəmə həmin sübuta qətnamədə heç bir hüquqi qiymət verməmişdir. Nəhayət, məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin həqiqi mahiyyətini araşdırmamış, münasibətlərin faktiki olaraq birgə sahibkarlıq fəaliyyətindən irəli gəlib-gəlmədiyini müəyyən etməmiş, yalnız formal şəkildə bağlanmış borc müqaviləsinə əsaslanaraq nəticəyə gəlmişdir. Halbuki iş üzrə bütün sübutların məcmu halında qiymətləndirilməsi tərəflər arasında münasibətlərin iqtisadi və kommersiya xarakteri daşıdığını müəyyən etmək üçün zəruri idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı İddiaçı vəkilnümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdirlər.

12. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən adıçəkilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

16. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

19. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

20. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

21. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. V. Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi

38. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

39. Ilk olaraq qeyd edilməlidir ki, iş üzrə tərəflər arasında mübahisə doğurmayan hal ondan ibarətdir ki, ## ###### 2025-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış, həmin müqavilə notariat qaydasında təsdiq edilərək 3M-6470 reyestr nömrəsi ilə qeydə alınmış, müqaviləni tərəflər imzalamış və müqavilənin məzmununa əsasən İddiaçı tərəfindən Cavabdeh 32.500 manat məbləğində pul vəsaitinin verilməsi, sonuncunun isə həmin məbləği ## #### 2026-cı ilədək qaytarmaq öhdəliyini üzərinə götürməsi nəzərdə tutulmuşdur.

40. Iş üzrə mübahisəli olan hallar isə cavabdeh həmin müqavilənin tərəflərin həqiqi iradəsini əks etdirməyən yalan və ya pərdələnmiş əqd olduğuna, müqavilənin əslində əvvəlki ticarət münasibətlərini rəsmiləşdirmək məqsədilə bağlandığına, mübahisəli vəsaitin sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə edildiyinə, buna görə də tərəflər arasındakı münasibətin kommersiya xarakteri daşıdığına və işə kommersiya məhkəməsində baxılmalı olduğa, habelə müqavilədə göstərilən məbləğin tam həcmdə borc kimi qəbul edilməsinin düzgün olmamasına dair cavabdehin göstərdiyi dəlilləridir.

41. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin borc müqaviləsinin yalan və pərdələnmiş əqd olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından əsas məsələ tərəflər arasında belə bir müqavilənin formal olaraq mövcudluğunun müəyyən edilməsi ilə məhdudlaşmır; habelə həmin müqavilənin tərəflərin həqiqi iradəsini ifadə etmədiyini və başqa əqdi pərdələmək məqsədi daşıdığını iddia edən tərəfin bu halı sübut edib-etmədiyinin müəyyən olunması zəruridir.

42. Sübutetmə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf edən məhkəmə qərarı mövcuddur (## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli).

43. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

44. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını

45. müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).

46. Yuxarıda qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, müqavilənin mövcudluğu və tərəflərin onu imzalaması mübahisələndirilmədiyindən, həmin müavilədən irəli gələn hüquq və öhdəliklərin mövcudluğunu istisna edən halı, yəni müqavilənin zahirən borc müqaviləsi formasında rəsmiləşdirilməsinə baxmayaraq, əslində başqa münasibəti pərdələdiyini iddia edən cavabdeh bu mövqeyini sübut etməlidir. Başqa sözlə, cavabdehin prosessual mövqeyi yalnız iddiaçının tələbini inkar etməkdən ibarət olmayaraq, müqavilənin hüquqi mahiyyətini dəyişdirən konkret faktlara əsaslandığından, həmin faktların mövcudluğunun sübut edilməsi də məhz onun üzərinə düşür.

47. Sübutetmə yükü tərəfin öz tələbinin və ya etirazının əsasını təşkil edən halları sadəcə bildirməsini deyil, həmin halların mövcudluğunu məhkəmənin əsaslı nəticəyə gəlməsinə imkan verən mötəbər, aidiyyəti və mümkün sübutlarla təsdiq etməsini nəzərdə tutur. Tərəfin öz xeyrinə olan faktı yalnız izahatında göstərməsi isə həmin faktın birmənalı olaraq sübuta yetirilmiş hesab edilməsi üçün kifayət edə bilməz.

48. Hazırkı işdə cavabdeh ## ###### 2025-ci il tarixli müqavilənin yalan və ya pərdələnmiş əqd olduğunu əsaslandırarkən, əsasən əvvəlki dövrdə mərhum X3 Respublikasından malların gətirilməsi və Azərbaycan Respublikasında satılması ilə bağlı münasibətlərin mövcud olduğunu, həmin fəaliyyət nəticəsində müəyyən məbləğdə zərərin yarandığını və sonradan iddiaçı ilə borc müqaviləsinin bağlandığını bildirmişdir. Lakin bu halları təsdiq edən və həmin müqavilənin həqiqətən də başqa əqdi pərdələdiyini göstərən obyektiv sübutlarla təsdiqlənməmişdir.

49. Belə ki, cavabdeh tərəfindən tərəflər arasında əvvəlki münasibətlərin konkret hüquqi əsasını, həmin münasibətin iştirakçılarını, onun predmetini, pul vəsaitlərinin hərəkətini və nəticələrini təsdiq edən müvafiq sənədlər, o cümlədən yazılı müqavilələr, ödəniş sənədləri, hesablaşma sənədləri, malların alışı və satışı ilə bağlı sənədlər və ya digər mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda, məhz İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə tərtib edilməsini təsdiq edən konkret sübut da mövcud deyildir.

50. Əksinə iş materiallarında pul vəsaitinin iddiaçıdan cavabdehə verilməsini təsdiq edən mötəbər dəlillər, maliyyə sənədləri də mövcuddur. Daha mühüm məqam ondan ibarətdir ki, cavabdeh tərəfindən borcun mövcudluğunu təsdiq edən sənədlər də onun tərəfindən imza edilmiş və borc münasibəti faktiki olaraq qəbul edilmişdir. Beləliklə, hazırkı işdə borc münasibətinin mövcudluğu yalnız iddiaçının birtərəfli izahatı ilə deyil, bir-birini tamamlayan yazılı və əsaslı maliyyə sübutları ilə təsdiq olunmaqdadır.

51. Cavabdeh həmçinin bildirir ki, müqavilədə göstərilən 32.500 manat ona real borc kimi verilməmiş, həmin məbləğ əvvəlki ticarət münasibətləri üzrə yaranmış hesablaşmaları rəsmiləşdirmək məqsədilə müqavilədə göstərilmişdir. Lakin bu halın da sübut edilməsi cavabdehin üzərinə düşdüyü halda, o, bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

52. Belə olan halda, müqavilənin hüquqi nəticələrini aradan qaldıran və ya onun məzmununda ifadə olunmuş iradənin həqiqi iradəyə uyğun olmadığını göstərən sübutların təqdim edilməməsi şəraitində yalnız cavabdehin sonradan verdiyi izahat əsasında müqavilənin yalan və ya pərdəli əqd kimi qiymətləndirilməsi mümkün deyildir.

53. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarında məhz borc alanın etirafının və digər yazılı sübutların borc münasibətinin təsdiqində nəzərə alınmasının mümkünlüyü xüsusi olaraq vurğulanmışdır. Hazırkı işdə isə borcalanın etirafı digər sübutlardan təcrid olunmuş halda deyil, notarial borc müqaviləsi və pul vəsaitinin verilməsini təsdiq edən sənədlərlə birlikdə mövcuddur. Bu səbəbdən cavabdehin sonradan verdiyi izahatların əvvəlki yazılı iradə ifadəsinə üstün tutulması üçün heç bir hüquqi əsas yoxdur.

54. Cavabdehin digər əsas dəlili mübahisəli pul vəsaitinin sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edilməsi və buna görə mübahisənin kommersiya xarakteri daşıması ilə bağlıdır. Həmçinin cavabdeh bununla bağlı məhkəmə iclasının başlanmasına qısa vaxt qalmış vəsatət də vermiş, vəsatətdə işin mahiyyəti etibarilə kommersiya münasibətlərindən irəli gəldiyini nəzərə alaraq, işin hazırlıq iclasından aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməsini təmin edilməsi xahiş edilmişdir.

55. Vəsatətdə və apellyasiya şikayətinin dəlillərində göstərilən du dəlillər eynilik təşkilik etdiyindən kollegiya həmin dəlillərə məcmu halında qiymət verməyi məqbul hesab edərək, aşağıdakıları qeyd edir.

56. Əvvəla, qeyd edilməlidir ki, mübahisənin kommersiya xarakterli olması barədə nəticəsinə gəlmək üçün yalnız pul vəsaitinin hansı məqsədlə istifadə edilməsi barədə tərəfin subyektiv izahatına əsaslana bilməz. Belə nəticəyə gəlmək üçün tərəflərin hüquqi statusu, mübahisəli hüquq münasibətinin yaranma əsası, həmin münasibətin sahibkarlıq fəaliyyəti ilə bilavasitə əlaqəsi və digər hüquqi əhəmiyyətli hallar sübutlarla müəyyən edilməlidir.

57. Hazırkı işdə isə cavabdehin iddia etdiyi kommersiya münasibətinin mövcudluğunu təsdiq edən kifayət qədər sübut müəyyən edilməmişdir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin aidiyyəti məsələsinə ayrıca münasibət bildirilmiş, cavabdehin ## ##### 2026-cı il tarixdə verdiyi vəsatətə baxılaraq həmin vəsatətin təmin edilməməsi barədə müvqafiq qərardad qəbul etmişdir. Həmin qərardaddan isə qanunvericilikılə müəyyən olunmuş vaxt ərzində cavabdeh tərəfindən şikayət verilməmişdir. Cavabdeh sonradan eyni məzmunlu vəsatətlə yenidən məhkəməyə müraciət etsə də, artıq aidiyyət məsələsi üzrə qanuni qüvvəyə minmiş qərardadın mövcudluğu nəzərə alınaraq həmin vəsatətin təkrar araşdırılması üçün əsas olmamışdır.

58. Bununla yanaşı, birinci instansiya məhkəməsinin mübahisənin kommersiya fəaliyyəti ilə əlaqəli olması barədə cavabdehin arqumentlərini yalnız formal şəkildə kənara qoyduğu da müəyyən edilmir. Iş üzrə müvafiq məlumatlar, o cümlədən vergi məlumatları araşdırılmış və iddiaçının sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. Belə olan halda cavabdehin iddiaçının kommersiya fəaliyyəti ilə məşğul olması, mübahisəli vəsaitin sahibkarlıq fəaliyyəti məqsədilə verilməsi və tərəflər arasındakı münasibətin məhz həmin fəaliyyətlə bağlı olması barədə dəlilləri yenə də sübutetmə baxımından yalnız onun izahatı səviyyəsində qalır. Eyni zamanda apellyasiya baxışı zamanı da göstərilən hallar araşdırılmış(E- TAXES 59. məlumatları), iddiaçının kommersiya fəaliyyəti ilə məşğul olmasını təsdiqləyən məlumata rast gəlinməmişdir. Apellyasiya baxışı zamanı verilən sualları cavablandıran iddiaçının vəkili-nümayəndəsi isə təmil etdiyi şəxsin ümumiyyətlə hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığın və vergi ödəyicisi kimi qeydiyyatda durmadığını bidirmişdir.

60. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, sübutetmə yükü yalnız işin mahiyyəti üzrə maddi hüquq münasibətinə deyil, həmçinin işin hansı məhkəmənin aidiyyətinə daxil olması barədə tərəfin irəli sürdüyü faktiki əsaslara da şamil olunur. Cavabdeh mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini və bunun nəticəsində işə kommersiya məhkəməsində baxılmalı olduğunu iddia etdiyindən, bu mövqeyinin faktiki əsaslarını təsdiq edən sübutları təqdim etməli idi. Lakin belə sübutlar təqdim edilməmişdir.

61. Cavabdehin pul vəsaitinin malların alınmasına və satışına yönəldiyini bildirməsi də özlüyündə bu nəticəyə gəlmək üçün kifayət etmir. Çünki həmin vəsaitin konkret olaraq hansı şəxsin sahibkarlıq fəaliyyəti çərçivəsində, hansı müqavilə əsasında və hansı hüquqi münasibət üzrə verildiyi, tərəflərin həmin fəaliyyətdə hüquqi statusunun nədən ibarət olduğu və mübahisəli borc müqaviləsinin bu fəaliyyətlə hansı hüquqi əlaqədə olduğu sübuta yetirilməlidir.

62. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətində və vəsatətdə iddiaçının öz izahatında pul vəsaitinin xaricdən malların gətirilməsi, həmin malların satılması və əldə ediləcək vəsait hesabına borcun qaytarılması məqsədilə verildiyini bildirməsi də xüsusi olaraq vurğulanır.

63. Məhkəmə kollegiyası cavabdehin diqqətinə çatdırır ki, həmin izahat iş üzrə digər sübutlardan təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Tərəfin müəyyən fakt barədə izahat verməsi həmin faktın mövcudluğunun mütləq və qəti şəkildə sübuta yetirilməsi anlamına gəlmir. Məhkəmə hər bir sübutu onun aidiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından, habelə digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirməlidir.

64. Nəhayət, cavabdeh müqavilə üzrə öhdəliyin icra edildiyini, yəni 32.500 manatın iddiaçıya qaytarıldığını da təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də müqavilədə nəzərdə tutulmuş müddət başa çatdığı halda borcun ödənilməməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslıdır.

65. Beləliklə, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar birinci instansiya məhkəməsinin araşdırmasından kənarda qalmamış, həmin məhkəmə tərəfindən aidiyyət məsələsi, tərəflərin izahatları, notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi digər iş materialları birlikdə qiymətləndirilmişdir. Apellyasiya şikayətində isə həmin qiymətləndirməni təkzib edən və cavabdehin istinad etdiyi müqavilənin etibarsızlığına əsas olacaq, kommersiya münasibətinin və ya borcun başqa hüquqi əsasının mövcudluğunu təsdiq edən yeni mötəbər sübut göstərilməmişdir.

66. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh öz etirazlarının və apellyasiya şikayətinin əsasını təşkil edən hüquqi əhəmiyyətli halları sübutetmə yükünə uyğun olaraq təsdiq edə bilməmiş, yalnız həmin halların mövcudluğunu öz izahatında təkzib etməklə kifayətlənmişdir. Halbuki mövcud borc müqaviləsinin hüquqi nəticələrini aradan qaldırmaq üçün onun etibarsızlığına və ya başqa əqdi pərdələməsinə səbəb olan konkret hallar mötəbər sübutlarla təsdiq edilməli idi. Belə sübutların mövcud olmadığı şəraitdə cavabdehin izahatına üstün hüquqi qüvvə verilərək notariat qaydasında təsdiq edilmiş müqavilənin hüquqi nəticələrinin aradan qaldırılması mümkün deyildir.

67. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan faktiki halları müəyyən etmiş, təqdim edilmiş sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş və cavabdehdən 32.500 manat borc məbləğinin tutulması nəticəsinə gələrək düzgün mövqe tutmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə əsasən birinci instansiya məhkəməsində araşdırılmış halların fərqli hüquqi qiymətləndirilməsinə yönəlmiş olub, qətnamənin ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən yeni və mötəbər sübutlarla təsdiq olunmamışdır.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar