Məhkəmə qərarları › İş №e-2(3-1)-67/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №e-2(3-1)-67/2026

28.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2(3-1)-67/2026 28.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar söz: maddi zərərin ödənilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi və cavabdeh cavabdeh2 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları

1. Iş materiallarına əlavə edilmiş satıcı cavabdeh1 ilə alıcı “xxxx” MMC arasında bağlanmış ## ######## 2023-cü il tarixli, ML-*** nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, satıcı cavabdeh1 “X1 Rover” minik markalı, tip-Universal; Rəngi-tünd göy metallik; Istehsal tarixi-2016; BAN-SALGS2RKXKS519369 olan nəqliyyat vasitəsini alıcıya satılmasını, alıcı “xxxx” MMC isə həmin əmlakın qiyməti olan 78800 (yetmiş səkkiz min səkkiz yüz) manatın satıcıya ödənilməsini və qəbul edilməsini öhdələrinə götürmüşlər.

2. *** saylı alqı-satqı müqaviləsinə əlavə 1 təhvil-təslim aktına əsasən, satıcı cavabdeh1 ümumi dəyəri 78800 (yetmiş səkkiz min səkkiz yüz) manatı olan “X1 Rover” minik markalı, Tip Universal; Rəngi-tünd göy metallik; Istehsal tarixi-2016; BAN-SALGS2RKXKS519369 olan nəqliyyat vasitəsini “xxxx” MMC-yə təqdim etmiş, “xxxx” MMC isə həmin nəqliyyat vasitəsini sonradan lizinq vermək məqsədi ilə öz mülkiyyətinə qəbul etmişdir.

3. ## ####### 2023-cü il tarixli və ## ####### 2023-cü il tarixli kredit köçürmələrindən görünür ki, həmin tarixlərdə müfaviq olaraq 52500,00 manat və 26300,00 manat olmaqla, ümumilikdə 78800,00 manat məbləğində pul vəsaiti “xxxx” MMC tərəfindən cavabdeh1 məxsus bank hesabına köçürülmüşdür.

4. Azərbaycan Respublikası DIN BDYPI QII tərəfindən verilmiş BB****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, “X1 Rover” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı, ban nömrəsi SALGS2RKXKS519369 olan nəqliyyat vasitəsi ## ######## 2023-cü il tarixdə cavabdeh2 adına qeydiyyata alınmış, daha sonra Azərbaycan Respublikası DIN BDYPI QII tərəfindən verilmiş BB****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən həmin avtomobil ## ######## 2023-cü il tarixdə “xxxx” MMC-nin adına qeydiyyata alınmışdır.

5. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki adı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)- ****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə hüquqi şəxs “xxxx" MMC-nin mülkiyyətində olan tünd göy rəngli «SALGS2RKXKS519369» ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından görünür ki, maraqlı şəxs “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin əmlak üzərinə həbs qoyulmasına dair ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Həmin qərarda Kanada Respublikasından Gürcüstan Respublikasına tünd göy rəngli, “SALGS2RKXKS519369" ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin göndərildiyi, lakin həmin avtomobilin Ruslan Imanova verilmədən ban nömrəsi dəyişdirilərək ölkə ərazisinə keçirilib gömrük və polis orqanlarında müvafiq rəsmiləşdirmə aparılmaqla həmin avtomobilin "xxxx" MMC-nin mülkiyyətinə keçirildiyi qeyd edilmişdir.

9. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Səbail Rayon Polis Idarəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Bakı şəhəri Səbail rayon Polis idarəsinin Istintaq şöbəsində Azərbaycan Respublikası CMin 178.3.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır. Həmin cinayət işi üzrə cavabdeh2 və onun anası cavabdeh1 şahid qismində dindirilmiş, sorğuda qeyd edilən “Range Rover” markalı, “SALGS2RKXKS519369” ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşının ban nömrəsinin dəyişdirilməsində təqsirli olmaları müəyyən edilməmiş, iş üzrə cavabdeh2 və cavabdeh1 təqsirləndirilən şəxs qismində cəlb edilməmişlər. II. Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat dəymiş maddi zərərin, vəkilin göstərdiyi hüquqi yardıma görə 1580 (bir min beş yüz səksən) manat məbləğində vəsaitin, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 332 (üç yüz otuz iki) manat dövlət rüsumunun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 Rover” minik markalı (Qeydiyyat nişanı-** PY ***; Tip-Universal; Rəngi Tünd göy metallik; Istehsal tarixi-2016; BAN- SALGS2RKXKS519369) nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixindən “xxxx” MMC-nin (əvvəlki adı-“xxxx” MMC) mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinə görə ##.##.2023-cü il tarixli, ML- *** nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsi üzrə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində vəsait “xxxx” MMC (əvvəlki adı-“xxxx” MMC) tərəfindən cavabdeh2 etibarnamə əsasında nümayəndəsi cavabdeh1 (Şəxsiyyət vəsiqəsi-AZE№********) “xxxx" KB ASC-də olan hesabına köçürülmüşdür. Səbail Rayon Polis Idarəsinin Istintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı aparılır. Cinayət işi üzrə araşdırma zamanı məlum olmuşdur ki, “X1 Rover” minik markalı (Tip-Universal; Rəngi-Tünd göy metallik; Istehsal tarixi-2016; BAN- SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin ban nömrəsi dəyişdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən, mülkiyyətlərində olan həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş və mühafizə olunan duracağa yerləşdirilmişdir (##.##.2025-ci il tarixli Baxış keçirilməsi və götürülmə haqqında protokol). “X1 Rover” minik markalı (Tip-Universal; Rəngi-Tünd göy metallik; Istehsal tarixi- 2016; BANSALGS2RKXKS519369) nəqliyyat vasitəsinin ban nömrəsinin dəyişdirilməsi əsasında mülkiyyətçidən alınması və mühafizə olunan duracağa yerləşdirilməsi nəticəsində “xxxx” MMC-yə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində maddi zərər vurulmuşdur. Həmin nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi üzrə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində vəsait cavabdehlərə ödənilmişdir.

12. Cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi X5 ## ####### 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək ərizədə qeyd etmişdir ki, “Range Rover" markalı avtomobilin üzərinə həbs qoyulmaqla mühafizə duracağına yerləşdirilməsi ilə cavabdeh2 və cavabdeh1 hərəkətəri arasında heç bir səbəbli əlaqə yoxdur. Iddiaçı tərəfdə belə bir səbəbli əlaqənin olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Səbail Rayon Polis Idarəsinin istintaq şöbəsinin müstəntiqi Zamiq Mustafayevin vəkil sorğusuna verdiyi cavabdan görünür ki, ********* nömrəli cinayət işi üzrə cavabdeh2 və onun anası cavabdeh1 şahid qismində dindirilmiş, “Range Rover" markalı, «SALGS2RKXKS519369» ban nömrəli, 77- PY585 dövlət qeydiyyat nişanlı avtomaşının ban nömrəsinin dəyişdirilməsində həmin şəxslərin təqsirli olmaları müəyyən edilməmiş, iş üzrə cavabdeh2 və cavabdeh1 təqsirləndirlən şəxs qismində cəlb edilməmişlər. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunması məhkəmədən xahiş edilmişdir.

13. Cavabdeh cavabdeh2 ## ###### 2025-ci il tarixdə ərizə göndərərək ərizəsində qeyd etmişdir ki, Səbail Rayon Məhkəməsinin qərarında göstərilmişdir ki, həmin avtomobilin ban nömrəsi ölkə ərazisindən kənarda dəyişdirilmişdir. Yəni gömrükdən keçərkən artıq onun ban nömrəsi dəyişdirilmiş olmuşdur. Nə özü, nə də anası həmin dövrdə ölkə ərzisindən çıxmamışlar. Yəni onların ölkə ərazisində kənarda-başqa ölkədə avtomobilin ban nömrəsini diyişdirmələri mümkün deyildir. Ikincisi, həmin məhkəmənin qərarından görünür ki, avtomobil üzərinə qoyulmuş həbsin avtomobilin ban nömrəsinin dəyişdirilməsi ilə heç bir əlaqəsi yoxdur. Onun üzərinə həbs ban nömrəsinin dəyişdirilməsinə görə deyil, istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxs olan X3 vurulmuş maddi ziyanın geri qaytarılmasının təminatı qismində, yəni vurulmuş ziyanın gələcəkdə ödənilməsini təmin etmək məqsədi ilə qoyulmuşdur. Səbail Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Beləliklə, cinayət təqibi üzrə avtomobillə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Qeyd edilən məhkəmə qərarlarında avtomobilin ban nömrəsinin ölkə ərazisindən kənarda dəyişdirildiyi və avtomobilin üzərinə həbsin zərərçəkmiş şəxs olan X3 vurulmuş maddi ziyanın geri qaytarılmasının təminatı qismində qoyulduğu təsbit olunmuşdur. Məhkəmələr öz qərarları ilə ban nömrəsinin dəyişdirilməsi hadisəsini mövcudluğunu təsdiq edir, lakin həmin hadisəyə özünün və anasının heç bir aidiyyətinin olmaması nəticəsinə gəlmişlər. MPM-nin 82.4cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda göstərdiklərinə əsasən, onlara qarşı qaldırılan iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, iddiaçı tərəfindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1580 (bir min beş yüz səksən) manat və məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 332 (üç yüz otuz iki) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ilk növbədə həqiqətən də cavabdehlərin təqsiri nəticəsində həmin avtomobilin ban nömrəsinin dəyişdirildiyi, bunun nəticəsində iddiaçıdan alındığı və mühafizə olunan duracağa yerləşdirildiyi təsdiq edilməlidir. Məhkəmə iş materiallarına əlavə edilən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)- ****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarını və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Səbail Rayon Polis Idarəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli məktubda qeyd edilənləri nəzərə alaraq belə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlər cavabdeh2 və cavabdeh1 təqsiri nəticəsində “X1 Rover” minik markalı (Tip-Universal; Rəngi-Tünd göy metallik; Istehsal tarixi-2016; BANSALGS2RKXKS519369) nəqliyyat vasitəsinin ban nömrəsinin dəyişdirilməsi əsasında mülkiyyətçidən alınması və mühafizə olunan duracağa yerləşdirilməsi nəticəsində “xxxx” MMCyə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində maddi zərər vurulduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçıya verilməli olması ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

16. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı, vəkili və nümayəndəsi Vəkil vasitəsilə apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini və hazırkı apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş 166 (bir yüz altmış altı) manat dövlət rüsumunun, vəkilin göstərdiyi hüquqi yardıma görə 790 (yeddi yüz doxsan) manat vəsaitin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Range Rover" minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına görə qeyd edirlər ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinə əsasən, əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu hallar nəzərə alınmamışdır. Qeyd etmək istəyirlər ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Səbail Rayon Polis Idarəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli məktubun qeydiyyat nömrəsi və tarixi olmamışdır. Mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən cinayət işi ilə əlaqədar Səbail Rayon Polis Idarəsinə sorğu verilmiş, lakin həmin sorğuya cavab alınmadan qətnamə qəbul edilmişdir ki, nəticədə iddiaçının hüququ pozulmuşdur. cavabdeh2 “xxxx” MMC-yə üçüncü şəxslərin hüquqlarından azad nəqliyyat vasitəsi verməyə borcludur. Həmçinin cavabdeh1 tərəfindən imzalanmış ##.##.2023-cü il tarixli qəbul protokolunda göstərilmişdir ki, “X1 Rover” minik markalı avtomobil üçüncü şəxslərin hər bir hüquqi iddialardan və tələblərindən azaddır. Lakin “X1 Rover” minik markalı nəqliyyat vasitəsinin cinayət işi ilə əlaqədar mülkiyyətçidən alınması və mühafizə olunan duracağa yerləşdirilməsi nəticəsində “xxxx” MMC-yə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində maddi zərər vurulmuşdur. Tərəflərindən “xxxx” MMC-nin hal-hazırda əmlakından məhrum olması nəticəsində 78 800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində maddi zərərin vurulması barədə sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən təqdim etdikləri sübutlar nəzərə alınmamışdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, əsassız qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməmiş, cavabdeh cavabdeh1 iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmiş, lakin iddiaçı və iddiaçının vəkil-nümayəndəsi tərəfindən kollegiyanın ünvanına “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizələr daxil olmuş, ərizələrdə apellyasiya şikayətini müdafiə etdiklərini, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

21. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh cavabdeh1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə; -587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.

25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. V. Apellyasiya baxışının hədləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəkil-nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlsə da, həmin nəticəni əsaslandırarkən hüquqi mövqeyini kifayət qədər dolğun və hərtərəfli şəkildə ifadə etməmişdir.

44. Belə ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.

45. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

46. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Lakin mülki hüquq qanunvericiliyində bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.

47. Iş materiallarının tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, ## ######## 2023-cü il tarixli, ML-*** nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən cavabdeh1 tərəfindən “X1 Rover” markalı, 2016-cı il buraxılışlı, SALGS2RKXKS519369 ban nömrəli nəqliyyat vasitəsi “xxxx” MMC-yə (sonradan “xxxx” MMC) 78 800 manat müqabilində satılmışdır. Həmin müqavilə üzrə tərəflər öz üzərlərinə müvafiq olaraq əmlakın təhvil verilməsi və onun dəyərinin ödənilməsi öhdəliyini götürmüş, müqaviləyə əlavə edilmiş təhvil-təslim aktı (bax İ cild, səh 6) ilə avtomobil faktiki olaraq alıcının mülkiyyətinə verilmişdir.

48. Ödəniş sənədləri ilə təsdiq olunur ki, müqavilə üzrə razılaşdırılmış 78 800 manat məbləğində pul vəsaiti iki hissə ilə satıcının hesabına köçürülərək tam ödənilmişdir. Bu hal tərəflər arasında alqı-satqı münasibətlərinin icra olunduğunu və öhdəliklərin yerinə yetirildiyini təsdiq edir.

49. Nəqliyyat vasitəsinin qeydiyyat məlumatlarından görünür ki, avtomobil əvvəlcə ## ######## 2023-cü il tarixdə cavabdeh2 adına, daha sonra isə ## ######## 2023-cü il tarixdə “xxxx” MMC-nin adına dövlət qeydiyyatına alınmışdır ki, bu da əmlakın mülkiyyət hüququnun müqavilə əsasında alıcıya keçdiyini təsdiqləyir.

50. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, sonradan başlanılmış cinayət işinin istintaqı çərçivəsində, müvafiq məhkəmə qərarları ilə avtomobilin üzərinə həbs qoyulmuş və o, mühafizə olunan duracağa yerləşdirilmişdir. Cinayət işi üzrə aparılmış ibtidai istintaqın nəticələrinə əsasən isə cavabdehlər cavabdeh2 və cavabdeh1 avtomobilin ban nömrəsinin dəyişdirilməsi ilə bağlı təqsirli şəxs kimi müəyyən edilməmiş, onlar təqsirləndirilən şəxs qismində cəlb olunmamışdır.

51. Işin mübahisəli hallarına gəlincə hazırkı mübahisə iddiaçı “xxxx” MMC tərəfindən irəli sürülmüş tələbdən ibarətdir ki, tələbə əsasən mübahisəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və onun faktiki istifadədən çıxması nəticəsində iddiaçıya 78 800 manat məbləğində maddi zərər dəymişdir və həmin zərərin cavabdehlərdən tutulması tələb olunur.

52. Cavabdehlər isə etirazlarında və izahatlarında göstərirlər ki, avtomobilin üzərinə həbs qoyulması onların hər hansı qanunsuz hərəkətləri və ya müqavilə öhdəliklərinin pozulması ilə bağlı deyildir, cinayət işi üzrə zərərçəkmiş şəxs olan X3 vurulmuş maddi ziyanın geri qaytarılmasının təminatı qismində, yəni vurulmuş ziyanın gələcəkdə ödənilməsini təmin etmək məqsədi ilə edilmişdir, onların bu hadisədə təqsiri müəyyən edilməmişdir və bu səbəbdən də iddia tələbi əsassızdır.

53. Beləliklə, mübahisənin predmeti cavabdehlərin hərəkətləri ilə iddiaçıya dəyən zərər arasında hüquqi məsuliyyət yaradan səbəbli əlaqənin olub-olmaması, habelə iddiaçının irəli sürdüyü tələbin mülki hüquq normaları baxımından əsaslı olub-olmaması ilə bağlıdır.

54. Ilk növbədə qeyd olunmalıdır ki, iddiaçı tələbini formal olaraq nəqliyyat vasitəsinə həbs qoyulması nəticəsində dəymiş maddi zərərin ödənilməsi kimi əsaslandırsa da, işin hallarından və irəli sürülmüş arqumentlərin məzmunundan görünür ki, iddiaçının hüquqi niyyəti faktiki olaraq əldə etdiyi nəqliyyat vasitəsinə görə ödədiyi pul vəsaitinin geri qaytarılmasına nail olmaqdan ibarətdir. Yəni iddiaçı faktiki olaraq Mülki Məcəllənin 587.2, 587.2.1-ci maddəsinin tələblərindən (Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcının ixtiyarı var ki, öz seçimi ilə:alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin) çıxış edərək əslində mövcud vəziyyəti onun əmlakdan məhrum edilməsi kimi qiymətləndirərək buna görə ödədiyi pul məbləğini tələb edir.

55. Tədqiq olunmuş iş materiallarına əsaslana kolllegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, nəqliyyat vasitəsinin ban nömrəsinin dəyişdirilməsi ilə bağlı hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və bu xüsusda yekun nəticə əldə olunmamışdır. Mövcud sənədlərdən görünür ki, ban nömrəsinin dəyişdirilməsi ehtimalı irəli sürülsə də, həmin halın faktiki olaraq baş verib-vermədiyi, baş verdiyi halda bunun hansı şəraitdə və kim tərəfindən törədildiyi barədə yekun hüquqi qiymət verilməmişdir.

56. Bu baxımdan, hazırda istinad edilən hal-yəni nəqliyyat vasitəsinin ban nömrəsinin dəyişdirilməsi hüquqi baxımdan tam sübuta yetirilmiş və təsdiq olunmuş fakt kimi qəbul edilə bilməz. Halbuki iddiaçının tələbinin əsası məhz bu halın mövcudluğu və onun nəticələri üzərində qurulmuşdur.

57. Digər tərəfdən, müvafiq məhkəmə qərarı ilə nəqliyyat vasitəsinə həbs qoyulması faktı da hələ öz-özlüyündə iddia tələbinin təmin edilməsi üçün kifayət edən əsas kimi qiymətləndirilə bilməz. Çünki həmin həbs cinayət işinin istintaqı çərçivəsində tətbiq olunmuş müvəqqəti prosessual tədbirdir və onun tətbiqi mübahisəli əmlakın hüquqi taleyi barədə qəti nəticə çıxarmağa imkan vermir.

58. Apellyasiya instansiyası xüsusilə vurğulayır ki, mülki mübahisələrdə tələbin təmin olunması üçün hüquqi müəyyənlik prinsipi əsas şərtlərdən biridir. Hazırkı işdə isə iddiaçının tələbi ehtimal xarakterli hallara – yəni istintaqı davam edən və hələ sübuta yetirilməmiş faktlara əsaslandığından, bu mərhələdə onun təmin edilməsi hüquqi baxımdan mümkün deyildir.

59. Eyni zamanda nəzərə alınmalıdır ki, cinayət işi üzrə aparılan araşdırmanın nəticəsindən asılı olaraq həm nəqliyyat vasitəsinin hüquqi statusu, həm də tərəflərin mümkün məsuliyyəti ilə bağlı vəziyyət tamamilə dəyişə bilər. Məsələn, araşdırma nəticəsində ban nömrəsinin dəyişdirilməsi faktının ümumiyyətlə mövcud olmaması və ya bu halın digər şəxslərlə bağlı olması da istisna edilmir. Bu isə hazırkı iddianın əsasını təşkil edən faktiki zəminin aradan qalxması ilə nəticələnə bilər.

60. Beləliklə, apellyasiya instansiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb hazırkı mərhələdə hüquqi cəhətdən vaxtından əvvəl irəli sürülmüş tələb xarakteri daşıyır və onun təmin edilməsi üçün zəruri olan sübutedici baza formalaşmamışdır.

61. Ikinci növbədə qeyd edilməlidir ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli nəqliyyat vasitəsinin ban nömrəsinin dəyişdirilməsi faktı üzrə hazırda araşdırma aparılır və bu icraat çərçivəsində cavabdehlərin hər hansı hüquqazidd hərəkətlərinin mövcudluğu müəyyən olunmamışdır. Əksinə, cinayət işinin istintaqı çərçivəsində qəbul edilmiş prosessual qərarlarda həmin şəxslərin bu əmələ aidiyyəti olmadığı, onların təqsirləndirilən şəxs qismində cəlb edilmədiyi müəyyən olunur.

62. Həmçinin, nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması faktı da cavabdehlərin hərəkətləri ilə deyil, cinayət işinin istintaqı çərçivəsində üçüncü şəxslərə vurulmuş ziyanın təmin edilməsi məqsədi ilə qəbul edilmiş məhkəmə qərarı ilə bağlıdır. Bu isə onu göstərir ki, iddiaçının istinad etdiyi zərər halı cavabdehlərin davranışından deyil, müstəqil hüquqi əsasdan cinayət-prosessual tədbirdən irəli gəlmişdir.

63. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisədə xüsusi diqqət yetirilməli əsas hüquqi məqam mülkiyyət hüququnun taleyi ilə bağlıdır. Belə ki, alqı-satqı müqaviləsi bağlandığı andan etibarən mübahisəli nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə keçmiş və iş materiallarında onun mülkiyyət hüququnun dəyişməsini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Avtomobil üzərinə həbs qoyulması həmin hüququ aradan qaldırmır, yalnız müvəqqəti olaraq onun realizə imkanlarını məhdudlaşdırır.

64. Bu vəziyyətdə iddiaçının həm mübahisəli əmlak üzərində mülkiyyət hüququnu saxlaması, həm də həmin əmlakın tam dəyərinin cavabdehlərdən tutulmasını tələb etməsi hüquqi baxımdan qəbuledilməzdir. Belə yanaşma mülki hüququn əsas prinsiplərindən olan ədalətlilik, balanslılıq və xüsusilə əsassız varlanmanın yolverilməzliyi prinsipinə zidd olardı. Çünki bu halda iddiaçı eyni əmlak üzrə ikiqat təminat əldə etmiş olar, həm əmlak üzərində mülkiyyət hüququnu saxlayar, həm də onun dəyərini pul şəklində əldə etmiş olar.

65. Digər tərəfdən, cavabdehlərin üzərinə belə bir öhdəliyin qoyulması onların hüquqi vəziyyətini əsassız şəkildə ağırlaşdırar, onları faktiki olaraq təqsirləri olmadan zərərin daşıyıcısına çevirərdi ki, bu da mülki məsuliyyət institutunun mahiyyətinə ziddir.

66. Apellyasiya instansiyası hesab edir ki, mülki hüquq münasibətlərində tətbiq edilən hüquqi nəticələr tərəflərdən birinin vəziyyətini əsassız və qeyri-proporsional şəkildə ağırlaşdırmamalı, əksinə, onların hüquq və mənafeləri arasında ədalətli tarazlığı təmin etməlidir.

67. Iddiaçı tərəf şikayətinin dəlillərində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması onun cinayətlə əlaqəli olması, dolayısı ilə cavabdehlərin məsuliyyətini təsdiq edən hal kimi qiymətləndirilməlidir. Lakin bu yanaşma hüquqi baxımdan düzgün hesab oluna bilməz və maddənin məzmununun yanlış şərhinə əsaslanır.

68. Belə ki, əmlak üzərinə həbs qoyulması faktı öz-özlüyündə həmin əmlakı verən və ya satan şəxslərin təqsirli olmasını sübut etmir, eləcə də onların mülki məsuliyyət daşıması üçün avtomatik hüquqi əsas yaratmır. Bu tədbir yalnız cinayət təqibi çərçivəsində mümkün zərərin təminatı məqsədi daşıyan müvəqqəti məhdudlaşdırıcı tədbirdir.

69. Bir daha vurğulanmalıdır ki, iş materiallarında olan məhkəmə qərarlarının məzmununa əsasən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması cavabdehlərin hər hansı hərəkətləri ilə bağlı deyil, aparılan istintaq çərçivəsində zərərçəkmiş şəxsin maraqlarının təmin edilməsi məqsədilə qəbul edilmişdir. Eyni zamanda cinayət işi üzrə aparılmış ilkin istintaq zamanı cavabdehlərin ban nömrəsinin dəyişdirilməsi hadisəsində iştirak etmədikləri qeyd olunmuş, onlar təqsirləndirilən şəxs qismində cəlb olunmamışlar. Bu isə onların hərəkətləri ilə tətbiq edilmiş həbs tədbiri arasında hüquqi əlaqənin olmadığını göstərir.

70. Iddiaçı tərəfin birinci instansiya məhkəməsinin istinad etdiyi ## ####### 2025-ci il tarixli məktubun qeydiyyat nömrəsi və tarixinin olmaması ilə bağlı arqumentinə münasibətdə qeyd edilməlidir ki, həmin sənədin formal rekvizitlərində mümkün çatışmazlıqlar onun sübut kimi hüquqi qüvvəsini istisna etmir. Məhkəmə sübutları qiymətləndirərkən yalnız onların formal əlamətlərinə deyil, məzmununa, digər sübutlarla uyğunluğuna və iş üzrə hallarla uzlaşmasına əsaslanır. Sözügedən məktubun məzmunu iş materiallarında olan digər sübutlarla, o cümlədən cinayət işi üzrə qəbul edilmiş məhkəmə qərarları ilə uzlaşır və cavabdehlərin təqsirinin müəyyən edilmədiyini təsdiq edir. Bu səbəbdən həmin sənədin istinad olunması məhkəmənin gəldiyi nəticənin qanuniliyinə təsir edən hal kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh tərəfin təqdim etdiyi eyni məzmunlu məktubda (iş İ cild, səh.144) rekvizitlərin mövcud olduğu sənəd təqdim olunmuş və təqdim edilən bu sübuta münasibətdə iddia tərəfinin hər hansı etirazı olmamışdır.

71. Iddiaçının digər arqumenti ondan ibarətdir olmuşdur ki, cavabdeh cavabdeh2 alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlak verməyə borclu olmuş, həmçinin cavabdeh1 tərəfindən imzalanmış təhvil-təslim sənədində nəqliyyat vasitəsinin hər hansı hüquqi iddia və tələblərdən azad olduğu göstərilmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu arqumentlər də iddia tələbinin təmin olunması üçün yetərli hüquqi əsas yaratmır.

72. Belə ki, satıcının alıcıya əmlakı üçüncü şəxslərin hüquqlarından azad şəkildə vermək öhdəliyi mülki hüquqda təminat xarakterli öhdəlikdir və bu öhdəliyin pozulması yalnız o halda məsuliyyət yaradır ki, əmlak üzərində üçüncü şəxslərin hüquqlarının mövcudluğu satış anında mövcud olmuş və ya satıcının davranışı ilə bağlı olmuş olsun. Hazırkı işdə isə müəyyən edilir ki, nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması satış müqaviləsinin bağlanmasından xeyli sonra, müstəqil cinayət təqibi çərçivəsində və üçüncü şəxslərə vurulmuş ziyanın təmin edilməsi məqsədilə həyata keçirilmişdir.

73. Kollegiya bir daha vurğulayır ki, iş materialları ilə nəqliyyat vasitəsinin ban nömrəsinin dəyişdirilməsi hadisəsinin cavabdehlərlə əlaqəli olmadığı, bu şəxslərin həmin əmələ görə təqsirli hesab edilmədiyi müəyyən olunmuşdur. Bu isə onu göstərir ki, sonradan yaranmış hüquqi məhdudiyyət satıcının təminat öhdəliyinin pozulması kimi qiymətləndirilə bilməz. Yəni əmlakın üzərinə qoyulmuş həbs satış anında mövcud olan hər hansı hüquqi pozuntudan deyil, sonradan və cavabdehlərin iradəsindən asılı olmayan hallardan irəli gəlmişdir. Digər tərəfdən, iddiaçının “maddi zərər” kimi tələb etdiyi 78 800 manat məbləğin hüquqi mahiyyəti də düzgün qiymətləndirilməlidir. Həmin məbləğ nəqliyyat vasitəsinin alğısatqı 74.qiymətidir və bu məbləğ müqavilə üzrə öhdəliyin icrası nəticəsində könüllü olaraq ödənilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı hazırda həmin əmlak üzərində mülkiyyət hüquqlarını itirməmiş, yalnız istintaq çərçivəsində onun istifadəsi məhdudlaşdırılmışdır. Bir daha vurğulanmalıdır ki, hazırki vəziyyətdə iddiaçı tərəfindən qeyd olunan müqavilənin icrasından imtina olunmamış, iddiaçı dövlət reyestrində rəsmi qeydə alınmış əmlakın mülkiyyətçisidir.

75. Əksinə, tələb təmin edildiyi halda iddiaçı eyni vaxtda həm əmlak üzərində mülkiyyət hüququnu saxlayacaq, həm də onun dəyərini cavabdehlərdən alacaq ki, bu da əsassız varlanmaya səbəb olacaqdır. Mülki hüququn prinsiplərinə görə heç bir şəxs digərinin hesabına əsassız olaraq varlana bilməz və bu mülki hüquq münasibətlərinin pozulmasıdır.

76. Kollegiya bir daha qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlsə da, həmin nəticəni əsaslandırarkən hüquqi mövqeyini kifayət qədər dolğun şəkildə ifadə etməmiş, mübahisənin yuxarıda qeyd olunan hallarını qiymətləndirmədən kənarda saxlamışdır.

77. Buna baxmayaraq kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinin tələbi baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməməlidir. Belə ki, istinad olunan maddənin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

79. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq onun özünə aid edilməlidir.

80. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar