Məhkəmə qərarları › İş №e-2(3-10)-315/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-315/2026

02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-315/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Kərimli Amil Süleyman oğlunun katibliyi, İddiaçının nümayəndəsi İbrahimxəlilov Coşğun Əvəz oğlu, Cavabdehlərin nümayəndəsi nümayəndə1 İsa oğlunun iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdehlərin nümayəndəsi nümayəndə1 İsa oğlu tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsi üzrə 44.993,70 (qırx dörd min doqquz yüz doxsan üç manat, yetmiş qəpik) manat əsas borc, 33.095,26 (otuz üç min doxsan beş manat, iyirmi altı qəpik) manat faiz, 12.531,41 (on iki min beş yüz otuz bir manat, qırx bir qəpik) manat cərimə, ümumilikdə 90.620,37 (doxsan min altı yüz iyirmi manat, otuz yeddi qəpik) manat, 361,86 (üç yüz altmış bir manat, səksən altı qəpik) manat dövlət rüsumu və 51 (əlli bir) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənişin cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh1 məxsus olan Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0,45 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 616,6 kv/m, yaşayış sahəsi 95.1 kv/m olan 3 (üç) otaqlı 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilərək ipoteka predmetinin açıq hərracdan satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqda cavabdeh1 ailə üzvləri ilə birlikdə istifadə hüquqlarına xitam verilərək ən geci bir ay müddətində yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılaraq cəmiyyətə təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 və cavabdeh2 arasında bağlanmış ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsinə əsasən fərdi yaşayış evi alınması məqsədi ilə cavabdeh1 və cavabdeh2 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz dərəcəsi ilə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün ##.##.2010-cu il tarixli *** saylı “alğı-satqı və ipoteka müqaviləsi” bağlanaraq, cavabdeh1 məxsus Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.45 ha torpaq sahəsi ilə birlikdə (ümumi sahəsi 616,6 kv.m., yaşayış sahəsi - 95,1 kv.m., otaqların sayı- 3 (üç)., 2 mərtəbəli) fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2010-cu il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən hüququ yüklü edilən şəxs olaraq cavabdeh1 adından İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **-*/*-C-**-*****/**** saylı ##.##.2025-ci il tarixli xəbərdarlığın göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişdir. ##.##.2025-ci il tarixinə cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən götürülmüş ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsi üzrə ümumilikdə 90.620,37 (doxsan min altı yüz iyirmi manat, 37 qəpik) manat - bundan 44.993,70 (qırx dörd min doqquz yüz doxsan üç manat, 70 qəpik) manat əsas, 33.095,26 (otuz üç min doxsan beş manat, 26 qəpik) manat faiz, 12.531,41 (on iki min beş yüz otuz bir manat, 41 qəpik) manat cərimə borcu təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyanabildiriş göndərilmiş və həmin bildirişin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində qeydiyyatdan keçirilməsi təmin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi İbrahimxəlilov Coşğun Əvəz oğlu izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 və cavabdeh2 arasında bağlanmış ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsinə əsasən fərdi yaşayış evi alınması məqsədi ilə onlara 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz dərəcəsi ilə 50.000 (əlli min) manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasını təmin etməkdən ötrü cavabdeh1 məxsus Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.45 ha torpaq sahəsi ilə birlikdə (ümumi sahəsi 616,6 kv.m., yaşayış sahəsi - 95,1 kv.m., otaqların sayı- 3 (üç), 2 mərtəbəli) fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin borcalan tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və bank tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq kredit borcunun qaytarılmasını təmin etməmişlər. ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə 44.993,70 manat əsas borc qalmış, 33.095,26 manat faiz və 12.531,41 manat cərimə hesablanmışdır. Ona görə də, həmin məbləğin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırılmışdır.

4. Cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə1 İsa oğlu izahatında göstərmişdir ki, cavabdeh1 və cavabdeh2 İddiaçı ASC ilə bağladığı ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsinə əsasən bankdan 50.000 manat kredit götürmüş və borcun qaytarılması öhdəliyinin təmin olunması məqsədilə cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.45 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 616,6 kv/m fərdi yaşayış evini ipotekaya qoymuşdur. Kreditin qaytarılmasında yaranmış gecikmə borcalan tərəfin maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar olmuşdur. Ona görə də, kreditin qaytarılmasından ötrü yeni ödəniş qrafiki tutulularaq möhlət verilməsini, o cümlədən faiz və cərimənin silinməsini xahiş etmişdir.

5. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddia tələbi qismən təmin olunmuş, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 44.993,70 (qırx dörd min doqquz yüz doxsan üç) manat əsas borc, 33.095,26 (otuz üç min doxsan beş) manat faiz, 2.000,0 (iki min) manat cərimə, cəmi 80.088,96 (səksən min səksən səkkiz) manat, 330 (üç yüz otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manatın tutulub iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş cavabdeh1 məxsus olan Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.45 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 616,6 kv/m olan, 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılması və əldə olan vəsaitin borcun ödənilməsinə yönəlməsi, ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin 76.500 (yetmiş altı min beş yüz) manat məbləğində təyin edilməsi, ipoteka predmeti olan Qəbələ rayonu, Şamlı kəndində, 0.45 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 616,6 kv/m olan, 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tutma yönəldilərək satıldıqda cavabdeh cavabdeh1 həmin evdə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onun 1 ay müddətində yaşayış sahəsindən çıxarılması, cavabdehlər cavabdeh2 və cavabdeh1 300 (üç yüz) manat xidmət haqqının tutulub “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

6. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, cavabdehlər, cavabdeh2 və cavabdeh1 müştərək qaydada 44.993,70 (qırx dörd min doqquz yüz doxsan üç) manat əsas borc, 33.095,26 (otuz üç min doxsan beş) manat faiz, 2.000,0 (iki min) manat cərimə, cəmi 80.088,96 (səksən min səksən səkkiz) manat, 330 (üç yüz otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat tutulub iddiaçı lLPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.

7. Məhkəmə hesab etmişdir ki, Kredit verən İddiaçı ASC ilə Birgə borcalan cavabdeh1 və cavabdeh2 arasında bağlanmış ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsi üzrə tutma ipoteka predmetinə yönəldilərək ipoteka ilə yüklü edilmiş cavabdeh1 məxsus olan Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.45 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 616,6 kv/m olan, 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi açıq hərracdan satılıb əldə olan vəsait hesabına borc ödənilməli və İpoteka predmetinin hərracdan ilkin satış qiyməti 76.500 (yetmiş altı min beş yüz) manat məbləğində təyin edilməlidir; İpoteka predmeti olan Qəbələ rayonu, Şamlı kəndində, 0.45 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 616,6 kv/m olan, 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tutma yönəldilərək satıldıqda cavabdeh cavabdeh1 həmin evdə yaşayış sahəsindən istifadə hüququna xitam verilməli və o, 1 ay müddətində yaşayış sahəsindən çıxarılmalıdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 385.1, 442, 443.1, 445.2.1, 449.4, 462.1, 462.3, 467, 739.1 və 739.2-ci maddələrinə, «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 33cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnaməndən narazı qalan cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.

10. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki,İddiaçı ASC ilə bağladıqları ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsinə əsasən bankdan 50.000 manat kredit götürmüşlər və borcun qaytarılması öhdəliyinin təmin olunması məqsədilə onuncavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.45 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 616,6 kv/m fərdi yaşayış evini ipotekaya qoymuşlar. Bildirir ki, Əvvəllər alınan kreditin qaytarılmasında hər hansı problem olmamış, lakin bank bağlandıqdan sonra kredit borcunun ödənilməsində problemlər yaranmış, faktiki olaraq köhnə hesab bağlanmış, yeni hesabın açılması isə mümkün olmamışdır. Ona görə də ödənişlər etmək mümkün olmamışdır. Hazıırda isə kredit borcu üzrə faizlərin həddən artıq olması ödənişlər edilməsini mümkünsüz etmişdir. Qeyd olunanlara görə ləğv edilmiş bankın nümayəndəliyinə müraciət edərək kreditin qaytarılmasından ötrü yeni ödəniş qrafiki tutularaq möhlət verilməsini, faiz və cərimənin silinməsini onlardan və eyni zamanda məhkəmədən də xahiş etmişlər. Məhkəmə tərəfindən keçirilmiş “xxxx” MMC tərəfindən veilmiş ##.##.2025-ci il tarixli CVN/D **-***/** saylı Mütəxəssis rəyinə əsasən Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.45 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 616,6 kv/m fərdi yaşayış evinin ( reyestr nömrəsi: 406013007284-10301) bazar dəyəri 90.000,0 manat, likvid dəyəri 76.500,0 manat məbləğində müəyyən edilmişdir. Onlar qiymətləndiricinin rəyi ilə razı deyillər, belə ki, hazırda təkcə Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.45 ha torpaq sahəsinin hər sotu 1500-2000 manat təşkil edir, digər tərəfdən torpaq sahəsindəki meyvə ağacları, tikili olan quraqlıq, ətrafının daş hasar olması və onların qiymətləndirilməsi rəyin düzgün olmayan rəy olmasına kifayət qədər əsas verir. Ona görə də təkrar qiymətləndirmənin keçirilməsi və obyektiv rəyin verilməsi zərurəti, mülkiişin tam, hərtərəfli aradırılması və yekun qərarın çıxarılması üçün vacibdir.

11. Kredit borcu üzrə yaranan öhdəlik bank fəaliyyət göstərən zaman pozulmamış, bank ləğv edildikdən sonra isə ödənişlərin ödənilməsi mümkün olmadığından öhdəlik pozulmuşdur.

12. Hesab edir ki, iddia tələbi üzrə təmin olunan 33.095,26 manat faiz bоrcu və azaldılaraq saxlanılan 2000 manat cərimə məbləği maddi vəziyyətlərinə görə həddən artıq çoxdur.

13. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi nümayəndə1 İsa oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İbrahimxəlilov Coşğun Əvəz oğlu apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər cavabdeh2 və cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsində müəyyən edilmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2, 445.2.1-civə 445.2.2-ci maddələrində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə görə əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsi ilə də müəyyən edilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun; 1.0 və 1.0.6-cı maddələrinə görə ipoteka hüququ dedikdə, bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun olması nəzərdə tutulur. 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1 -ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə görə ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34.1, 34.1.1-ci maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarındandır. 39.3-cü və 39.3.3-cü maddələrində müəyyən edilmişdir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini də göstərməlidir. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. 41.2-ci maddəsinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 59.3 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Apellyator Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş mübahisələndirilən hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə ümumilikdə razılaşsa da, ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin 76500 məbbləğində müəyyən edilməsi hissəsində razılaşmır və həmin hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamamışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 və cavabdeh2 arasında bağlanmış ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsinə əsasən fərdi yaşayış evinin alınması məqsədi ilə cavabdeh1 və cavabdeh2 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz dərəcəsi ilə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ##.##.2010-cu il tarixli *** saylı “alqı-satqı və ipoteka müqaviləsi” imzalanmış və Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.45 ha torpaq sahəsi ilə birlikdə (ümumi sahəsi 616,6 kv.m, yaşayış sahəsi -95,1 kv.m, otaqların sayı- 3 (üç), 2 mərtəbəli) fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Kredit alanın müqavilə öhdəliklərinə əməl etmədiyinə istinad edən iddiaçı İddiaçı ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

27. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin bank bağlandıqdan sonra kredit borcunun ödənilməsində problemlər yaranması, faktiki olaraq köhnə hesabın bağlanması, yeni hesabın açılmasının isə mümkün olmaması, ona görə də ödənişlər etməyin mümkün olmaması, hazırda isə kredit borcu üzrə faizlərin həddən artıq olması ödənişlər edilməsinin mümkünsüz etməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdeh1 və cavabdeh2 arasında bağlanmış ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsindən görünür ki, sonunculara illik 8 faizlə 300 ay müddətə 50.000,0 manat məbləğində kredit verilmişdir.

28. İşdə materiallarında olan ## #### 2010-cu il tarixli *** saylı Alqı-satqı və İpоtеkа müqаviləsindən görünür ki, Seriya MA ******* nömrəli Çıxarışa əsasən ( reyestr nömrəsi 406013007284-10301) cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0,45 ha torpaq sahəsi ilə birlikdə (ümumi sahəsi 616,6 kv., yaşayış sahəsi – 95.1 kv/m, otaqların sayı 3 (üç) 2 mərtəbəli) fərdi yaşayış evi (90.620,37 manat dəyərində) İddiaçı ASC ilə Birgə borcalan cavabdeh1 və cavabdeh1 arasında bağlanmış ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsi üzrə verilmiş kreditin təmin еdilməsi üçün ipoteka ilə yüklü edilmişdir.

29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.1-ci maddələrinin tələbinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarındandır.

30. Kollegiya iş materiallarında olan sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehlər İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etməmiş bu səbəbdən iddiaçının cavabdehlərə qarşı hazırki tələb hüququ əsaslı olmuşdur.

31. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə təmin olunan 33.095,26 manat faiz bоrcu və azaldılaraq saxlanılan 2000 manat cərimə məbləğinin maddi vəziyyətlərinə görə həddən artıq olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin həmin dəlilləri əsaslı deyildir. Belə ki, 33.095,26 manat faiz bоrcu tərəflər kredit müqaviləsi bağlayarkən hər iki tərəfin razılaşdırdığı faiz məbləğidir. Həmçinin dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən tələb olunan 12531,41 manat cərimə məbləğinin tənasübsüz yüksək hesab edilərək, azaldılıb 2000 manat müəyyən edilmişdir.

32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə doğru nəticəyə gəlmişdir. Həmçinin qanunvericilikdə cərimə məbləğinin azaldılmasında məhz onun tənasübsüzlüyünün diqqətə alınmalı olması nəzərdə tutulmuşdur.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən keçirilmiş “xxxx” MMC tərəfindən verilmiş qiymətləndiricinin rəyi ilə razı olmaması, Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.45 ha torpaq sahəsinin hər sotunun 1500-2000 manat təşkil etməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə ipoteka predmetinin yenidən qiymətləndirilməsi qərara alınmış və mütəxəssis rəyinin verilməsi xxxx MMC-yə həvalə edilmişdir.

34. “xxxx” MMC tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, AS**-***/** saylı mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0,45 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 616,6 kv.m, yaşayış sahəsi 95,1 kv.m, olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin ## #### 2026-cı il tarixinə bazar dəyəri 105 000,0 manat, likvid dəyər 84000,0 manat müəyyən edilmişdir.

35. Kollegiya qeyd edir ki, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli AS**-***/** saylı mütəxəssis rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert və mütəxəssis rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında təqdim olunmuş mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı və cavabdehlər tərəfindən mütəxəssis rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir.

36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin hərracdan satış qiymətinin 76500 məbləğində təyin etməkdə düzgün nəticəyə gəlməmişdir.

37. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ipoteka predmetinin hərracdan ilkin satış qiyməti 84000 manat məbləğində müəyyən edilməklə dəyişdirilməli, qətnamə cavabdehlər cavabdeh2 və cavabdeh1 apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qiymətləndirmə xərci olaraq müəyyən edilmiş 300 manat qiymətləndirmə xərci cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq xxxx MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi-AZ74AIIB400600F9443401807112 VÖEN ********** Müxbir hesab AZ37NABZ0135010000000001944 Bankın kodu-200026 SWİFT: AIIBAZ2X) ödənilməlidir.

39. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:

Cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ipoteka predmetinin hərracdan ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. İpoteka predmetinin hərracdan ilkin satış (likvid) qiyməti 84.000 (səksən dörd min) manat məbləğində müəyyən edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehlərin apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirici ekspertiza tədqiqatının dəyəri olan 300 manat qiymətləndirmə xərci cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq xxxx MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi-AZ74AIIB400600F9443401807112 VÖEN ********** Müxbir hesab AZ37NABZ0135010000000001944 Bankın kodu-200026 SWİFT: AIIBAZ2X) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar