Məhkəmə qərarları › İş №e-2(3-10)-410/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-410/2026

15.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-410/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit borcu, ipoteka predmetinə yönəlmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə ##.##.2016-cı il tarixli, ****/**/ÇF/PB saylı kredit müqaviləsi üzrə 10.911,97 manat əsas, 31.284,24 manat hesablanmış faiz, 12.200,17 manat dəbbə pulu olmaqla, cəmi 54.396,38 manat kredit borcunun və 253,20 manat ödənilmiş dövlət rüsumunun tutulmasını; kredit müqaviləsi üzrə tələbin Cavabdeh özünə məxsus olan Ağsu şəhəri, X4 küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 79.2 kv.m yardımçı sahəsi olan ** nömrəli fərdi yaşayış evinə (MA seriyalı, ******* nömrəli, 409013000523-***** reyestr nömrəli, ********* qeydiyyat nömrəli, ##.##.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən) yönəldilməsini; əmlakın 14.000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsini; fərdi yaşayış evinin məcburi boşaldılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə əvvəlki “xxxxbank” ASC (indiki İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC) arasında ##.##.2016cı il tarixli, ****/**/ÇF/PB saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq ##.##.2016cı il tarixli, ****/**/ÇF/PB saylı kredit müqaviləsi üzrə 72 ay müddətinə, 21 faiz olmaqla, 18.900 manat məbləğində kredit verilmişdir. ##.##.2016-cı il tarixli, ****/**/ÇF/PB saylı kredit müqaviləsinin təminatı kimi ##.##.2010-cu il tarixli, ***/**/PB/YF nömrəli, ipoteka (girov) müqaviləsinə ** saylı Əlavə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh özünə məxsus olan Ağsu şəhəri, X4 küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 79.2 kv.m yardımçı sahəsi olan ** nömrəli fərdi yaşayış evini (MA seriyalı, ******* nömrəli, 409013000523-***** reyestr nömrəli, ********* qeydiyyat nömrəli, ##.##.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. İpoteka (girov) müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ASC-yə ##.##.2016-cı il tarixli, ****/**/ÇF/PB saylı kredit müqaviləsi üzrə 10.911.97 manat əsas, 31.284,24 manat hesablanmış faiz, 12.200,17 manat dəbbə pulu olmaqla, cəmi 54.396,38 manat kredit borcu mövcuddur. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır.

3. Cavabdeh ##.##.2024-cü il tarixdə məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçının iddia ərizəsi qərəzli va natamam olmaqla tam mənzərəni əks etdirmir. Belə ki, iddiaçı iddia ərizəsində təkcə ##.##.2016-cı il tarixli, ****/**/ÇF/PB saylı kredit müqaviləsi və ipoteka müqaviləsinə toxunur. Onun ASC ilə əməkdaşlığı 2010-cu ildən başlamış, həmin dövrdən etibarən müxtəlif məbləğlərdə kredit götürmüş və heç vaxt ödənişdə problem yaşamamışdır. Mövcud mübahisənin kökü ##.##.2014-cü il tarixli, ****/**/ÇF/PB nömrəli müqaviləsi üzrə 10.000 manat 12.700 dollar ekvivalentində götürdüyü dollar krediti olmuşdur. Həmin müqavilənin ödəniş qrafikinə əsasən ilk ödənişini ##.##.2015-ci tarixindən ödəməli idi. ##.##.2015-ci ildə ilk devalivasiya baş vermiş və həmin qrafik üzrə cəmi 1.536 dollar yeni məzənnə ilə 3 dəfə 512 dollar - ##.##.2015, ##.##.2015, ##.##.2015-ci iI ödəniş etmək imkanında olmuşdur. Həmin çətinlikdən dolayı iddiaçı ilə ##.##.2015-ci il tarixində ##.##.2014-cü il tarixli ****/**/CF/PE nömrəli müqaviləsinə № ** əlavə və dəyişiklik sənədi imzalamışlar. Həmin sənədin şərtinə əsasən 12.700 dollar kreditin qalığı 12.158 dollar qalığı ##.##.2019-cu il tarixinədək uzadılır. Halbuki, həmin müqavilə üzrə onun borcu 12.158 dollar deyil, 11.164 dollar (12.700 dollar – 1.536 dollar = 11.164 dollar) təşkil edirdi. ##.##.2015-ci il tarixli ikinci devalivasiyaya baxmayaraq, həmin qrafik üzrə yeni məzənnə ilə ## #### 2016-cı il daxil olmaqla 5.211,7 dollar ödəniş etmiş, ikinci devalivasiya nəticəsində məzənnə az qala 2 manat civarına qalxması, onsuz da çətin vəziyyətin pisləşməsi nəticəsində iddiaçı ilə yeni ##.##.2016-cı il tarixli ****/**/ÇF/PB saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən əvvəlki dollar kredit borcu restrukturizasiya olunaraq 24.59% dərəcəsi olmaqla manat civarında 18.900 manat təşkil etmişdir. Halbuki, 5.211,7 dollar ödənişini nəzərə alsalar, borcu 18.900 manat deyil, manat ekvivalentində heç 11.000 manat belə təşkil etmirdi. ##.##.2016-cı il tarixdən ##.##.2018 tarixi daxil olmaqla 25 ay aylıq 463,73 manat ödəniş etmişdir. 2018-ci ildə qızında onkoloji xəstəlik müəyyən olunması və müalicə səbəbindən ödənişi 200 manat civarında etmişdir. Daha sonra, pandemiya ilə əlaqədar qapanmalar dövründə belə ödəniş etmişdir. Kredit müddətinin ##.##.2022-ci tarixində bitməsinə baxmayaraq, keçən aya qədər hər ay 200 manat olmaqla ödənişlərini dayandırmamışdır. 2014-cü ildə götürdüyü 10.000 manat kreditin müqabilində bu 10 il ərzində onun hesablamasına görə 25.000 manatdan çox ödəniş etmişdir. İpoteka predmeti olan ona məxsus Ağsu şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən evində himayəsində onkoloji xəstə olan qızı olmaqla 9 nəfər böyüklü kiçikli adam yaşayır. Bütün bunları nəzərə alaraq ekspertiza təyin edərək ##.##.2014-cü il tarixli, ****/**/ÇF/PB nömrəli müqavilədən qaynaqlanan mübahisə üzrə ödənişlərini bu günə kimi müəyyən edərək ədalətli qiymət verilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək iddia tələbində göstərilən məbləğlə razı olmadığını, iddia tələbinin həcminin azaldılmasını xahiş etmişdir.

6. Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia qismən təmin edilmiş, kredit borcuna görə 10.885,52 manat, faiz borcuna görə 13.608,94 manat və cərimə borcuna görə 100 manat olmaqla, cəmi 24.594,79 manat və 163,78 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 89,42 manatının iddiaçıya aid edilməsi, tələbin Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin 45.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASCyə olan borcun ödənilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra cavabdeh Cavabdeh və ailə üzvlərinin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan Ağsu Rayon Məhkəməsinin qərardadları əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */**** saylı, ##.##.2025-ci il və */**** saylı, ##.##.2025-ci il tarixli rəylərindən görünür ki, Cavabdeh ## ###### 2024-cü il tarixinə İddiaçı BOKT ASC-yə olan borcu əsas borc üzrə 10.885,52 manat, faiz borcu üzrə 13.608,94 manat müəyyən olunmuşdur.

8. Məhkəmə ekspertizanın verdiyi rəyləri sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehlərdən ##.##.2016-cı il tarixli ****/**/ÇF/PB saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 10.885,52 manat, faiz borcu üzrə 13.608,94 manat tutulmalıdır.

9. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi qismən əsaslıdır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir.

11. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər.

12. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 12.200,17 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq saymışdır.

13. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır.

14. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 255 manat dövlət rüsumunun 89,42 manatı iddiaçıya, 163,78 manatı cavabdehə aid edilməlidir.

15. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır.

16. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh A.Süleymanovun iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir.

17. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir.

18. İş materiallarından görünür ki, ekspert qiymətləndirilməsi prosesi zamanı cavabdeh Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 45.000 manat müəyyən edilmişdir.

19. Məhkəmə hesab edir ki, ekspert rəyinə uyğun olaraq Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin hərraca çıxarıldıqda, ilkin satış qiyməti 45.000 manat müəyyən edilməlidir.

20. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.

21. Məhkəmə iddia tələbinin “fərdi yaşayış evinin məcburi boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

22. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi həmin evin mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir.

23. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 442, 443.1, 462.1, 467, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3.3, 59.3 və 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101.3, 103.1 və 119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.

25. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onun “xxxxbank” ASC ilə əməkdaşlığı 2010-cu ildən başlamış, həmin dövrdən etibarən müxtəlif məbləğlərdə kredit götürmüş və heç vaxt ödənişlərdə problem yaşanmamışdır. Hazırkı mübahisənin kökü ##.##.2014-cü il tarixli, ****/**/ÇF/PB saylı kredit müqaviləsi üzrə 10000 manat 12700 dollar ekvivalentində götürdüyü dollar krediti olmuşdur. Həmin müqavilənin ödəniş qrafikinə əsasən ilk ödənişini ##.##.2015-ci il tarixindən ödəməli idi. ##.##.2015-ci ildə ilk devalvasiya baş verdi və həmin qrafik üzrə ödəniş etmək imkanı çətinləşdi. Həmin çətinlikdən dolayı iddiaçı ilə ##.##.2015-ci il tarixdə ##.##.2014-cü il tarixli, ****/**/ÇF/PB saylı kredit müqaviləsinə ** saylı əlavə və dəyişiklik imzaladılar. Həmin sənədin şərtinə əsasən 12700 dollar məbləğində kreditin qalığı 12158 dollar olmaqla müqavilənin müddəti ##.##.2019-cu il tarixədək uzadıldı. Halbuki, həmin müqavilə üzrə onun borcu 12158 dollar deyil, 11164 dollar (12700-1536) təşkil edirdi. ##.##.2015-ci il tarixdə ikinci devalvasiyaya baxmayaraq, həmin qrafik üzrə yeni məzənnə ilə ##.##.2016-cı il daxil olmaqla 5211,70 dollar ödəniş etmişdir. İkinci devalvasiya nəticəsində məzənnə az qala 2 manat civarına qalxdığından ödəniş imkanı çətinləşdiyi üçün iddiaçı ilə yeni ##.##.2016cı il tarixli ****/**/ÇF/PB saylı kredit müqaviləsini bağladı. Həmin müqaviləyə əsasən əvvəlki dollar kredit borcu restrukturizasiya olunaraq 24.59% dərəcəsi ilə olmaqla 18900 manat kredit verilməsi rəsmiləşdirildi. Halbuki, rest. olunana qədər ödədiyi 5211.70 dollar ödəniş nəzərə alınsaydı, onun həmin tarixə banka borcu 18900 manat deyil, 11000 manat təşkil edərdi. Lakin, o, evi əldən çıxmasın deyə bankın hər bir təklifi ilə razılaşmağa məcbur olmuşdur. ##.##.2016-cı il tarixdən ##.##.2018-ci il daxil olmaqla 25 ay aylıq 463.73 manat olmaqla ödəniş etmişdir. 2018-ci ildə qızında onkoloji xəstəlik müəyyən olunması və müalicə səbəbindən, hətta daha sonra pandemiya dövründə ödənişi 200 manat civarında etmişdir. Kredit müddətinin ##.##.2022-ci il tarixində bitməsinə baxmayaraq, 2024-cü ilin sentyabr ayına kimi hər ay 200 manat olmaqla ödənişləri etmişdir, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldıqdan sonra ödənişləri dayandırmışdır. 2014-cü ildə götürdüyü 10000 manat kreditin müqabilində bu 10 il ərzində 25000 manatdan çox ödəniş etmişdir.

26. Bank tərəfindən ödənişləri düzgün hesablanmamış və bank tərəfindən məhkəmədə iddia qaldırılaraq, ondan ##.##.2024-cü il tarixə 10911.97 manat əsas borc, 31284.24 manat faiz borcu və 12200.17 manat cərimə borcu olmaqla, cəmi 54396.38 manat pulun ödənilməsi və ipoteka qoyulmuş ona məxsus evin 14000 manata satışa çıxarılması tələb edilmişdir.

27. Birinci instansiya məhkəməsində işə baxılarkən o, iddiaçı tərəfindən irəli sürülən iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir və məhkəmədən borcun məbləğinin və evin hazırkı bazar dəyərinin müəyyən edilməsi barədə vəsatətlər vermişdir. Lakin, ekspertiza təşkilatları tərəfindən verilmiş mühasibatlıq və qiymətləndirmə rəyləri də işin halları ilə uyğunsuzluq təşkil edir. Belə ki, ekspertlər tərəfindən onun etiraz ərizəsində və vəsatətində göstərilən hallar nəzərə alınmamış və nəticədə qeyri-obyektiv rəy verilmişdir. Rəyin qeyri-obyektivliyi müəyyən olunmuş borcun məbləği ilə də təsdiq olunur. Belə ki, necə ola bilər ki, ekspert rəyində əsas borcun məbləğini 10885.52 manat müəyyən etdiyi halda, faiz borcunun məbləğini 13608.94 manat müəyyən etmişdir. Halbuki, mövcud olan təcrübələrə görə faizin məbləği əsas borcun 30%-dən artıq olmamalıdır. Lakin, ekspert tərəfindən faiz borcu əsas borcdan da çox müəyyən edilmişdir. Bütün bunlar ekspert tərəfindən düzgün tədqiqat aparılmadığı və nəticədə obyektiv rəy verilmədiyini təsdiq edir.

28. Bundan əlavə, işə baxılarkən məhkəmə tərəfindən qanunverilik normaları düzgün tətbiq edilməmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

29. Hazırkı iddia tələbindən görünür ki, tərəflər arasında kredit müqaviləsi ##.##.2016-cı il tarixdə 72 ay müddətinə bağlanmış və kredit müqaviləsinin müddəti ##.##.2022-ci il tarixdə bitmişdir. Konstitusiya Məhkəməsinin qərarında formalaşdırdığı mövqeyə görə iddiaçı ondan müqavilənin bitdiyi tarixə olan borcu və həmin tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faizlə borcun ödənilməsini tələb etmək hüququ vardır. Lakin, iddiaçı iddia tələbində müqavilənin bitdiyi tarixə və ondan sonrakı dövr üçün illik beş faizlə borcun ödənilməsini deyil, ondan ##.##.2024-cü il tarixə olan borcun ödənilməsini tələb edir. Məhkəmə tərəfindən isə buna qiymət verilməmiş və nəticədə iddiaçının tələb etdiyi borcun məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, əgər məhkəmə tərəfindən işə Konstitusiya Məhkəməsinin Qərarında formalaşdırılan mövqedən yanaşılmış olsaydı, məhkəmə kredit müqaviləsinin bitdiyi tarixə, yəni ##.##.2024-cü il tarixə olan borcu müəyyən etməli və ondan sonra aparılmış ödənişlər nəzərə alınmalı idi. Hesab edir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən işin bu halları nəzərə alınmamışdır.

30. Bundan əlavə, ipotekaya qoyulmuş əmlakın da dəyəri düzgün müəyyənləşdirilməmişdir. Belə ki, onun evinin hazırkı bazar dəyəri 70000 manat civarındadır, amma ekspert tərəfindən 45000 manat müəyyənləşdirilmişdir. Bu da onu göstərir ki, əmlaka qoyulmuş qiymət əmlakın hazırkı bazar dəyərindən çox aşağıdır.

31. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Ağsu Rayon Məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli araşdırılmamış, iş üzrə qanunvericilik normaları düzgün tətbiq edilməmiş və bunun nəticəsində iş üzrə əsassız qətnamə qəbul edilmişdir.

32. Odur ki, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsində müəyyən edilmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2, 445.2.1-civə 445.2.2-ci maddələrində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə görə əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsi ilə də müəyyən edilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

37. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun; 1.0 və 1.0.6-cı maddələrinə görə ipoteka hüququ dedikdə, bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun olması nəzərdə tutulur. 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1 -ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə görə ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34.1, 34.1.1-ci maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarındandır. 39.3-cü və 39.3.3-cü maddələrində müəyyən edilmişdir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini də göstərməlidir. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. 41.2-ci maddəsinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 59.3 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Apellyator Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş mübahisələndirilən hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam diqqətə almamışdır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

44. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas deyildir.

45. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, “xxxxbank” ASC (indiki İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC) ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2016-cı il tarixli, ****/**/ÇF/PB saylı kredit müqaviləsinə əsasən cavabdeh Cavabdeh 72 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 18.900 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ##.##.2010-cu il tarixli, ***/**/PB/YF nömrəli, ipoteka (girov) müqaviləsinə ** saylı Əlavə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh özünə məxsus olan Ağsu şəhəri, X4 küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 79.2 kv.m yardımçı sahəsi olan ** nömrəli fərdi yaşayış evini (MA seriyalı, ******* nömrəli, 409013000523-***** reyestr nömrəli, ********* qeydiyyat nömrəli, ##.##.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. İpoteka (girov) müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.Kredit alanın müqavilə öhdəliklərinə əməl etmədiyinə istinad edən iddiaçı “xxxx” ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

46. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin ekspertiza təşkilatları tərəfindən verilmiş mühasibatlıq və qiymətləndirmə rəylərinin işin halları ilə uyğunsuzluq təşkil etməsi, ekspertlər tərəfindən qeyri-obyektiv rəy verilməsi, ekspert rəyində əsas borcun məbləğini 10885.52 manat müəyyən etdiyi halda, faiz borcunun məbləğini 13608.94 manat müəyyən etməsinin düzgün olmaması, ekspert tərəfindən faiz borcunun əsas borcdan da çox müəyyən edilməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və rəy alınmışdır.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş ## #### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, ## #### 2016-cı il tarixli,****/**/ÇF/PB saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdeh Cavabdeh iddiaçı “xxxx Bank” BOKT ASC-yə ##.##.2022-ci il tarixə olan borcu əsas borc üzrə 10.885,52 manat, faiz borcu üzrə 10.243,33 manat təşkil edir.

48. AECS MMC tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2026-cı il tarixli, AS **-***/** saylı mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv/myaşayış, 79.2 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin bazar dəyəri 54600 manat, likvid dəyəri isə 49100 manat təşkil edir. 49.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyi və AECS MMC tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2026-cı il tarixli, AS **-***/** saylı mütəxəssis rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyinin məzmununda cavabdehin iddiaçı banka əsas borc üzrə 10.885,52 manat, faiz borcu üzrə 10.243,33 manat olmaqla, ümumilikdə 21128, 85 manat məbləğində borcunun olması müəyyən edilmiş, cavabdeh isə apellyasiya şikayətində iddiaçı banka daha az məbləğdə borcunun qalmasına dair hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.

50. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini faiz borca münasibətdə 13.608,94 manat məbləğində təmin etməklə, eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətinin bazar dəyəri ilə 45.000 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlməmiş, həmin hissədə gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

52. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

53. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

54. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Lakin cavabdeh ekspert rəyi ilə razı olmasa da, işə mahiyyəti üzrə baxan məhkəmələrə ekspert rəyi ilə razı olmamasını əsaslandırmamışdır.

55. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş ## #### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyində ## #### 2016-cı il tarixli,****/**/ÇF/PB saylı kredit müqaviləsinin müddəti bitdikdən sonra, yəni ##.##.2022-ci il tarixdən ##.##.2024cü il tarixədək əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 1271.49 manat olması göstərilsədə, iddiaçının illik 5%-lə bağlı tələbi mövcud olmadığından həmin hissə üzrə müzakirə aparılmamışdır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

58. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

59. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi iddianın təmin edilmiş 3365,61 manat faiz borcuna, 53.66 manat məbləğində ödənilmiş dövlət rüsumuna və ipoteka predmetinin 45.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması hissələrdə ləğv edilməli, həmin hissəslərdə yeni qətnamə qəbul edilməklə iddianın tələbi 3365,61 manat faiz borcu və 53.66 manat dövlət rüsumuna aid hissədə rədd edilməli, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 49100 manat məbləğində müəyyən edilməli, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

60. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərci cavabdeh Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601000000000039 44 SWIFT BİK CTREAZ22 hesaba), qiymətləndirmə xərci olaraq müəyyən edilmiş 500 manat qiymətləndirmə xərci isə AECS MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi-AZ74AIIB400600F9443401807112 VÖEN ********** Müxbir hesab AZ37NABZ0135010000000001944 Bankın kodu-200026 SWİFT: AIIBAZ2XXXX) ödənilməlidir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş 3365.61 manat faiz borcu, 53.66 manat dövlət rüsumuna və ipoteka predmetinin 45.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılmasına aid hissələrdə ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilmiş cavabdeh Cavabdeh 3365.61 manat faiz borcunun və 53.66 manat məbləğində dövlət rüsumunun tutulmasına aid hissələrdə rədd edilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid) 49100 (qırx doqquz min bir yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərci cavabdeh Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601000000000039 44 SWIFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qiymətləndirici ekspertiza tədqiqatının dəyəri olan 500 manat qiymətləndirmə xərci cavabdeh Cavabdeh tutularaq AECS MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi- AZ74AIIB400600F9443401807112 VÖEN ********** Müxbir hesab AZ37NABZ0135010000000001944 Bankın kodu-200026 SWİFT: AIIBAZ2X) ödənilsin. Qətnamədən, iddiaçı, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar