Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-504/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, Maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçılar - iddiaçı2 və iddiaçı1 iştirakı ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan JN-318, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Ağdaş rayonu, Ərəb kəndində yerləşən 2,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı1 və onun ailə üzvləri X5, X3, X6 və X2 mülkiyyətinə verilmişdir.
2. İş materiallarında olan ## ###### 2025-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Ağdaş rayonu, Ərəb kəndində yerləşən və N-*** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı2 ailə üzvlərinə məxsus olan 2,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yoncanın qiymətləndirilməsi aparılmış, müəyyən olunmuşdur ki, həmin sahədə ildə təqribən 2,25 ha torpaq sahəsində təqribən 1500 ədəd yonca bağlaması əldə edilir. Bazarda son 3 il ərzində yonca bağlamasının satış qiyməti sabit olaraq 1 ədəd üçün 3 manat təşkil etmişdir. Yekun olaraq qiymətləndirilmiş 2,25 ha torpaq sahəsi ildə təqribən 1500 ədəd yonca bağlaması məhsulu verir və bu məhsulun ümumi dəyəri illik 4500 manat təşkil edir.
3. İş materiallarında olan ##.##.2025-ci il tarixli, ****** nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, “xxxx” MMC-yə əmlakın qiymətləndirilməsi üçün 300 (üç yüz) manat mələğində ödəniş edilmişdir.
4. İş materiallarında olan Ağdaş RPŞ-də toplanmış HK-1-923 və HK-*/*** nömrəli materialdan çıxarılmış sənədlərin surətindən görünür ki, ##.##.2025-ci il tarixdə saat 18:48də iddiaçı1 DİN-in 102 xidmətinə zəng edərək Habil adlı şəxsin heyvanlarını onun yonca sahəsinə buraxması, sahəsinə ziyan dəyməsi, ##.##.2025-ci il tarixdə, saat 08:27-də şahid2 DİN-in 102 xidmətinə zəng edərək Habil adlı şəxsin heyvanlarını onun torpaq sahəsində otarması və əlavə olaraq onun yaşadığı ünvana gələrək onu təhqir etməsi, həmin tarixdə saat 09:14-də cavabdeh2 DİN-in 102 xidmətinə zəng edərək ona məxsus 4 baş xırdabuynuzlu heyvanın Taleh adlı şəxs tərəfindən oğurlanması, ##.##.2025-ci il tarixdə şahid2 DİN-in 102 xidmətinə zəng edərək Habil adlı şəxsin onu öldürməklə hədələməsi barədə məlumat vermişlər və həmin məlumatlar əsasında Ağdaş RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılmış, alınmış izahatlarda ##.##.2025-ci il tarixdə cavabdeh2 heyvanlarının iddiaçı1 və ailə üzvlərinə məxsus, Ağdaş rayonu, Ərəb kəndində yerləşən yonca sahəsinə daxil olduğu, sonuncunun həmin heyvanlardan 4-nü götürdüyü sonradan geri qaytardığı müəyyən edildiyindən ##.##.2025-ci il tarixli qərara əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
5. İş materiallarında olan Ağdaş RPŞ-də toplanmış HK-*/**** nömrəli materialdan çıxarılmış sənədlərin surətindən görünür ki, ##.##.2025-ci il tarixdə, saat 21:31-də şahid2 DİNin 102 xidmətinə zəng edərək Habil adlı şəxsin onu öldürməklə hədələməsi barədə məlumat vermiş və həmin məlumat əsasında Ağdaş RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılmış, alınmış izahatlarda ##.##.2025-ci il tarixdə saat 21 radələrində Ağdaş rayonu Ərəb kəndinə yaxın sahədə cavabdeh2 heyvanlarını otarması zamanı şahid2 həmin yerə gələrək torpaq sahəsinin əmisi oğluna məxsus olduğunu bildirməsi zamanı aralarında yalnız şifahi mübahisə yarandığı müəyyən edildiyindən ##.##.2025-ci il tarixli qərar əsasında material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
6. İş materiallarında olan DVD diskdə qeydə alınmış video görüntü ilə müəyyən edilir ki, cavabdeh1 otardığı, cavabdeh2 məxsus qoyun sürüsü iddiaçıla məxsus torpaq sahəsindən şahid2 tərəfindən çıxarılmışdır.
II. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada xırda buynuzlu heyvanların iddiaçılara məxsus yonça əkilmiş torpaq sahəsinə buraxmaqla vurulmuş maddi ziyanın əvəzi qismində 4500 manat mələğində, mütəxəssis rəyinə görə ödənilmiş 300 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş 65 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçıların xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə Ağdaş rayonunun Ərəb kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxilində iddiaçıların və digər 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2.25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə onların adına ## #### 1999-cu il tarixdə dövlət aktı qeydiyyat kitabında 3700 nömrə ilə qeydə alınmış JN: 318 kod ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Torpaq sahəsi mütəxəssislər tərəfindən dövlət aktının cizgisində göstərilən ölçüdə naturada ölçülərək və tanıdılaraq iddiaçılara təhvil verilmişdir. Həmin torpaq sahəsi onlara veriləndən sonra həmin torpaq sahəsinə aqrotexniki qaydada qulluq edərək həmin torpaq sahəsini kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi üçün tam yararlı vəziyyətə salmışlar. 2021-ci ildə həmin 2.25 hektar əraziyə texnika vasitəsi ilə yonca bitkisi toxumu alaraq səpmişlər. 2024-cü ilin sonlarından başlayaraq cavabdeh cavabdeh2 özünə məxsus 250-ə yaxın xırda buynuzlu heyvanlarını (qoyunlarını) dəfələrlə yonca əkdiyi sahəyə salaraq 2.25 hektar əkin sahəsini tamamilə heyvanlara yedizdirərək və əzdirərək məhv etmişdir. Bu barədə dəfələrlə cavabdehə iradlarını bildirəndə cavabdeh belə qanunsuz hərəkətlərini bir daha etməyəcəyinə söz versə də, bir müddət sonra təkrarən özünə məxsus heyvanlarını çobanı olan cavabdeh1 vasitəsi ilə həmin əraziyə buraxmışdır. Məlumat üçün bildirirlər ki, cavabdehin belə qanunsuz hərəkətlərindən bütün kənd camaatı bezar olmuşdur. Belə ki, cavabdeh onlardan başqa digər təsərrüfat sahiblərinə də xeyli ziyan vurmuşdur. Cavabdeh özünə məxsus heyvanlarını onların əkin sahəsində otarmasını bir neçə nəfər kənd sakinin iştirakı ilə telefon vasitəsi ilə videoya çəkmişlər. Cavabdeh onların əkin sahəsinə ziyan vurduğuna və belə hallar təkrar olunduğuna görə dəfələrlə rayon Polis şöbəsinə, hətta DİN-nin 102 qaynar xəttinə müraciət etmişlər. Rayon Polis şöbəsi onlara mübahisələri mülki xarakterli olduğuna görə mübahisənin həlli məqsədi ilə aidiyyati üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Apardıqları hesablamalara və mütəxəssisin verdiyi məlumata görə cavabdeh tərəfindən bu il ərzində bizə əkin sahəsini məhv etdiyinə görə ortalama 4500 manat ziyan vurmuşdur. Əkin sahəsinə baxış keçirilərək vurulmuş ziyanı müəyyən etmək üçün X1 Mərkəzinə müraciət edəndə oradan iddiaçılara bildirmişlər ki, həmin əraziyə baxış keçirilərək vurulmuş ziyanı müəyyən edilməsi üçün mütəxəssisin ayrılması yalnız məhkəmənin sorğusu əsasında mümkündür. Ona görə də cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə mürciət edərək onun və çobanı olan digər cavabdeh tərəfindən mülkiyyətlərində olan 2.25 hektar yonca sahəsinə həmin sahəyə xırdabuynuzlu heyvanlarını buraxması nəticəsində onlara ziyan vurduğuna görə 4500 manat ziyanı cavabdehdən tələb edirlər. Odur ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada cavabdeh cavabdeh2 məxsus xırda buynuzlu heyvanlarını Ağdaş rayonu Ərəb kəndi ərazisində mənim və digər 4 nəfər ailə üzvlərimizin ümumi birgə mülkiyyətimizdə olan 2.25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkdiyimiz yonca sahəsinə buraxmaqla bizə vurmuş olduqları ziyanın əvəzi 4500 (dörd min beş yüz) manat və dövlət hesabına ödəmiş olduqları 65 (altmış beş) manat və mütəxəssis rəyinə görə ödədiyimiz 300 (üç yüz) manat pulun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddiaçı1 iddianı müdafiə edərək bildirmişdir ki, Ağdaş rayonu, Ərəb kəndində 2,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona və ailə üzvlərinə məxsus olmaqla o, həmin sahədə anası ilə birlikdə bir neçə ildir ki, yonca bitkisi becərir. İl ərzində may ayının 25-dən etibarən yonca biçini (çalımı) başlamaqla təxminən hər 20-25 gündən bir yonça biçilir və avqust ayına kimi təxminən 4-5 dəfə biçin olur. Birinci biçin zamanı yığım çox olur, sonrakı biçində isə məhsul get-gedə azalır. Belə ki, həmin ərazidən 2025-ci ilin may ayının 26-sı 1 dəfə təxminən 480 bağ yonca bitkisi biçilmişdir. Lakin bundan sonra həmin yonca sahəsində cavabdeh cavabdeh2 özünə məxsus qoyun sürüsünü özü və çobanı cavabdeh cavabdeh1 otararaq həmin sahədəki bitkini heyvanlar tamamilə yediyindən 2025-ci il ərzində bir də ərazidən yonca bitkisi biçilməsi mümkün olmamışdır. Əvvəllər də dəfələrlə ona məxsus sahədə kənar şəxsin qoyun otarması barədə məlumat alsa da 2025-ci ilin may ayının 31-i qonşular ona zəng edərək sahəsində qoyun otarıldığını demişdir. O da dərhal həyat yoldaşı şahid2 ilə birlikdə əraziyə getmiş, onlara məxsus sahədə cavabdeh1 cavabdeh2 məxsus qoyun sürüsünü onun yonca sahəsində otardığını və sahəni məhv etdiyini görmüşdür. Bu zaman həmin qoyunlardan 4 başını özü ilə götürərək yaşadığı evə gətirmiş, həmçinin sahəsinin məhv edilməsi ilə bağlı 102 xidmətinə zəng edib şikayət etmişdir. Bundan sonra cavabdeh2 gələrək bir də belə hala yol verilməyəcəyini bildirmiş və 100 manat məbləğində pul verərək 4 baş qoyununu götürərək aparmışdır. Bundan sonra həmin ilin iyul ayında gecə saatlarında həyat yoldaşı E. Kərimovaya qonşuları zəng edərək sahədə qoyun otarıldığını demiş, yoldaşı və anası iddiaçı2 əraziyə getdikdə qonşu sahədə, yəni E. Kərimovanın əmisi oğluna məxsus sahədə cavabdeh2 qoyun otardığını görmüş, həmin vaxt aralarında mübahisə yaranmış, cavabdeh2 şahid2 öldürməklə hədələdiyi üçün sonuncu 102 xidmətinə məlumat vermişdir. Artıq dəfələrlə cavabdehlərə onlara məxsus sahədə qoyun otarılmaması barədə xəbərdarlıq edilsə də 2025-ci ilin iyul ayında kənddə tranktor sürücüsü kimi fəaliyyət göstərən Azad adlı şəxs E. Kərimovaya zəng edərək yonca sahəsində qoyun otarıldığını dedikdə sonuncu dərhal əraziyə gedərək orada cavabdeh1 qoyun sürüsünün ailə üzvlərinə məxsus yonca sahəsində otarıldığını görmüşdür. Bu görüntüləri video qeydə almışdır. Həmin video məhkəməyə sübut qismində təqdim edilmişdir. Bununla da artıq onlara məxsus yonca sahəsi dəfələrlə cavabdeh2 və cavabdeh1 tərəfindən heyvanlar otarılmaqla heyvanlara yedizdirildiyindən həmin sahədən 2025-ci il ərzində yalnız bir dəfə biçin götürülmüş, qalan hallarda isə yonca biçini mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən il ərzində ona və ailəsinə məxsus sahədən 1500 bağ yonça biçilməsi mümkün olsa da 2025-ci il ərzində o həmin sahədən təxminən 1000 bağ yonca biçə bilməmişdir. Bununla da hər yonca bağının orta satış qiyməti təxminən 4 manat 50 qəpik olduğundan ona 4500 manat maddi ziyan dəymişdir. Həmin ziyan isə cavabdehlər tərəfindən vurulmuşdur. Özü və həyat yoldaşı E. Kərimova təxminən 4 dəfə 102 xidmətinə cavabdehlərin qanunsuz hərəkətləri barədə məlumat verərək araşdırma aparılsa da cavabdehlərin iddiaçılara məxsus torpaq sahəsində qoyunları otarması faktı öz təsdiqini tapmış, lakin məsələ mülki xarakterli olduğuna görə onlara məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Buna görə o, məhkəməyə müraciət edərək vurulmuş zərərin əvəzinin, həmçinin məhkəməyə müraciət etmək üçün qiymətləndirmə ilə bağlı ödədikləri xərcin və dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddiaçı2 Naman qızı iddianı müdafiə edərək, iddiaçı iddiaçı1 izahatı ilə eyni məzmunlu ifadə vermiş, həmçinin göstərmişdir ki, izahatlarında göstərdikləri torpaq sahəsində artıq illərdir ki, yonca becərirlər və əvvəlki illərdə həmin sahədən təxminən 4-5 dəfə çalımdan (biçindən) məhsul götürsələr də 2025-ci ildə cəmi may ayında 1 dəfə biçin mümkün olmuş sonrakı dəfələrdə isə heç bir biçin etmək mümkün olmamış, buna səbəb isə cavabdehlərin həmin sahədə yonca bitərkən heyvanların sahəyə buraxılaraq otarılması olmuşdur. Nəticədə ona maddi zərər dəymişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, ona məxsus xırda buynuzlu heyvan sürüsü olmaqla həmin heyvanların otarılmasını əvvəllər cavabdeh1 tapşırmışdır. Heyvanların saxlanıldığı yer Göyçay rayonu ərazisində yerləşir, lakin iddiaçılara məxsus torpaq sahəsi də Göyçay rayonu ilə həmsərhəd ərazidə yerləşdiyindən həmin yerə yaxın ərazidə heyvanların su ilə təmin edilməsi üçün yer olduğundan heyvanlar ora aparılarkən 1-2 dəfə sürüdən bir neçə heyvan ayrılıb iddiaçıların sahəsinə keçmişdir. Lakin bir neçə heyvanın həmin sahəni tamamilə yeməsi mümkün deyildir. İlk dəfə 2025-ci ilin may-iyun ayında gecə saatlarında cavabdeh1 ona zəng edərək iddiaçı1 ona məxsus sürüdən 4 baş qoyununu apardığını demiş, o da 102 xidmətinə qoyunlarının oğurlanması barədə məlumat vermişdir. Bundan sonra 4 baş heyvanı ona qaytarılmış, lakin vurulmuş ziyana görə iddiaçı1 100 manat pul vermişdir. Bundan sonra həmin ilin iyul ayında axşam saatlarında heyvanları başqa sahədə otararkən iddiaçının arvadı şahid2 ora gələrək həmin yerin əmisi oğluna məxsus olduğunu demiş və heyvanları otarmamasını tələb etmiş, lakin bu zaman aralarında şifahi mübahisə yaranmışdır. Bir müddət sonra isə günorta vaxtı ona məxsus heyvanlar açıq sahədə olarkən traktor sürücüsü siqnal verməklə heyvanları hürkütmüş və heyvanları bu zaman videoya çəkərək guya iddiaçıların yerinə keçdiyini demişlər. Lakin o və heyvanları otarmasını tapşırdığı cavabdeh1 heyvanları iddiaçıların sahəsində otarmamış, iddiaçılar həmin sahədən bildiyinə görə 1-2 dəfə yonça biçmişdir. Növbəti dəfələrdə biçin olmamasının səbəbi isə həmin ərazinin suvarılma üçün münbit yer olmaması səbəbilə bağlı olmuşdur. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh2 məxsus xırda buynuzlu heyvan sürüsü olmaqla həmin heyvanların otarılmasını mülkiyyətçi əvvəllər ona tapşırmışdır. Heyvanların saxlandığı yer Göyçay ərazisində yerləşir, lakin iddiaçılara məxsus torpaq sahəsi də Göyçay rayonu ilə sərhəd ərazidə yerləşdiyindən həmin yerə yaxın heyvanların su ilə təmin edilməsi üçün yer olduğundan heyvanlara su vermək üçün həmin yerə apararkən 1-2 dəfə sürüdən bir neçə heyvan ayrılıb iddiaçıların sahəsinə keçmişdir. Lakin bir neçə heyvanın həmin sahəni tamamilə yeməsi mümkün deyildir. İlk dəfə 2025-ci ilin may ayının 31-də iddiaçı1 onun sahəsinə keçmiş 4 baş qoyunu aparmışdır. Bundan sonra iyul ayında heyvanları açıq sahədə apararkən Azad adlı şəxs traktorla heyvanlara siqnal verərkən heyvanlar hürkərək başqa sahəyə keçmiş, bu zaman iddiaçı1 arvadı şahid2 ora gələrək videoya çəkmişdir. Həmin videodakı sürü cavabdeh2 məxsusdur. Lakin heyvanlar təsadüfən qorxduğu üçün iddiaçıların sahəsinə keçmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid2 iddiaçı iddiaçı1 dedikləri ilə eyni məzmunlu ifadə verərək, həmçinin göstərmişdir ki, əri iddiaçı1 və ailə üzvlərinə məxsus yonca sahəsinin cavabdehlər tərəfindən xırda buynuzlu heyvanlara yedizdirilməsi ilə bağlı dəfələrlə DİN-in 102 xidmətinə zəng vuraraq şikayət etmələrinə baxmayaraq cavabdehlər öz hərəkətlərini davam etdirmişlər. Belə ki, 2025-ci ildə ilk dəfə may ayında ailəsinə məxsus yonca sahəsində sonradan adının cavabdeh1 olduğunu bildiyi şəxsin xırdabuynuzlu heyvan sürüsünü otardığını görmüş, həmin şəxsə irad bildirdikdə heyvanların sahibinin cavabdeh2 olduğunu öyrənmiş, əvvəllər də həmin heyvanların onların sahəsini otladığını eşitdiyi üçün əri iddiaçı1 qoyunlardan 4 başını götürərək öz yaşadığı evə aparmış, sonradan polisə şikayət etmiş, polis məsələnin mülki olduğunu bildirmiş, cavabdeh2 da 100 manat verərək 4 baş heyvanını götürmüşdür. Buna baxmayaraq 1 ay sonra iyul ayında axşam saatlarında yenə də qaynanası iddiaçı2 ilə birlikdə onlara məxsus yonca sahəsinə gedərək cavabdeh2 heyvanlarının yaxınlığındakı sahədə otardığını görmüş, irad bildirdikdə cavabdeh2 onu hədələmiş, bu barədə o da polisə şikayət etmişdir. Həmin ay bir neçə gün sonra da Azad adlı tanışı onlara zəng edərək yonca sahəsində heyvanların otladığını demiş, o da sahəyə getdikdə orada ərazilərində heyvan sürüsünü otlayan görmüş, həmin vaxt sürünün yanında cavabdeh1 olmuşdur. Bu görüntüləri video qeydə də almışlar. Həmin vaxtı heyvanları qovaraq sahədən çıxarsalar da artıq yonca sahəsi tamamilə yeyildiyindən həmin yerdən yonca biçini mümkün olmamışdır. Ümumiyyətlə ailəsi 2025-ci ildə cəmi 1 dəfə həmin sahədə yonca biçini edə bilmiş, qalan biçin vaxtları isə yonca cavabdehlər tərəfindən heyvanlara yedizdirildiyindən biçin aparmaq mümkün olmamışdır.
14. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Kərimov İman Ağabala oğlu bildirmişdir ki, həmkəndlisi şahid2 bir neçə də Ağdaş rayonu, Ərəb kəndində yerləşən yonca sahəsinə aparmış, orada 1 dəfə Dünyamin adlı şəxsin qoyun sürüsünü sahədə otardığını görmüş, bu zaman video çəkiliş də etmişlər, həmçinin bildiyinə görə şahid2 ailə üzvləri onlara məxsus yonca sahəsini heyvanlar yediyindən cəmi 1 dəfə biçin edərək yonça bağı yığa bilmişlər.
15. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən mütəxəssis, “xxxx” MMC-nin direktoru X7 bildirmişdir ki, iddiaçılara məxsus olan, Ağdaş rayonu, Ərəb kəndində yerləşən 2,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxaraq müəyyən etmişdir ki, həmin ərazidə il ərzində orta hesabla 4 dəfə yonca biçimi mümkün olmaqla, ilk biçin daha məhsuldar olaraq növbəti biçimdə məhsuldarlıq nisbətən aşağı olur. Lakin orta hesabla ilk biçimə münasibətdə göstərilən ərazidə 2025-ci ilin iyun-iyul ayları ərzində 2-ci və 3-cü biçin aparılardısa hər biçində təxminən 350 bağ, cəmi 700 bağ yonca biçilməsi mümkün olardı. 2025-ci il ərzində isə 1 ədəd yonca bağlamasının orta bazar qiyməti 3 manat olmuşdur.
16. Ağdaş Rayon Məhkəməsinin (hakim Fidan Ələkbərova) ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçılar iddiaçı2 və iddiaçı1 iddia tələbi qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 vurulmuş maddi zərərin əvəzi qismində müştərək qaydada 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar iddiaçı2 və iddiaçı1 ödənilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 40 (qırx) manat və mütəxəssis rəyinin əldə edilməsi üçün ödənilmiş vəsaitin əvəzi qismində 200 (iki yüz) manat məbləğində pul vəsaiti iddiaçılar iddiaçı2 və iddiaçı1 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1110, 1113.1, 1115-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh cavabdeh2 Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin hazırkı iş üzrə çıxarmış olduğu qətnaməsi qanunsuz, əsassız və sübutların düzgün qiymətləndirilməməsi nəticəsində qəbul edilmişdir. Belə ki, məhkəmə delikt məsuliyyətinin zəruri elementlərini təqsiri, səbəbli əlaqəni və real zərərin tam həcmini kifayət qədər sübut etmədən nəticəyə gəlmişdir. Lakin iş materiallarından görünür ki, heyvanların sahəyə keçməsi mübahisəli və təsadüfi xarakterli hal kimi təsvir olunub, qəsdli və davamlı zərər vurma sübuta yetirilməyib. Məhkəmə zərərin məbləğini əsasən ehtimal xarakterli mütəxəssis rəyinə söykənərək müəyyən edib. “Təxminən”, “orta hesabla”, “ola bilərdi” kimi hesablamalar real zərərin mötəbər sübutu sayıla bilməz. Məhkəmənin iddia olunan 4500 manat zərəri 2000 manata endirməsi özü də ilkin hesablamaların qeyri-dəqiq və mübahisəli olduğunu göstərir. Onun izahatında göstərilən hallar, o cümlədən heyvanların təsadüfən keçməsi, 4 baş heyvanın geri qaytarılması, 100 manat ödəniş edilməsi, eləcə də suvarma və məhsuldarlığa təsir edən digər aqrotexniki səbəblər məhkəmə tərəfindən lazımi hüquqi qiymətləndirilməyib. Lakin onunla digər cavabdehin hərəkətlərinin hansı konkret zərərə səbəb olduğu fərdiləşdirilməyib. Bu isə müştərək məsuliyyətin formal tətbiq edildiyini göstərir. Məhkəmə video görüntülərə, şahid ifadələrinə və polis materiallarına istinad etsə də, həmin sübutlar 2000 manat məbləğində dəqiq zərərin mövcudluğunu sübut etmir. Bu sübutlar ən yaxşı halda hadisə ilə bağlı mübahisəni göstərir, zərərin dəqiq həcmini yox. Göstərilənlərə əsasən Ağdaş Rayon Məhəkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçılar iddiaçı2 və iddiaçı1 hər biri ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər.
22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdeh cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi.
25. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
32. Maddə Maddə 1110. Heyvanın vurduğu zərərin əvəzinin ödənilməsi. - Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
33. Maddə 1113. Birlikdə törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyət 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. (...).
34. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
50. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, JN-318, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Ağdaş rayonu, Ərəb kəndində yerləşən 2,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində iddiaçılar, iddiaçı2 və iddiaçı1 tərəfindən 2025-ci il ərzində yonca bitkisi becərilmiş, 2025-ci il ərzində bir dəfə olmaqla may ayının 26-da biçin aparılmışdır. Bundan sonra növbəti 2 ardıcıl biçin ərzində, yəni 2025-ci ilin iyun və iyul biçinindən əvvəl həmin sahəyə cavabdeh1 və cavabdeh2 tərəfindən sonuncuya məxsus xırda buynuzlu heyvan sürüsü buraxılmaqla yonca bitkisi heyvanlar tərəfindən məhv edilmiş, həmin müddətlərdə biçin aparılması mümkün olmamışdır. Orta hesabla 2025-ci il üzrə həmin torpaq sahəsindən yonca bitkisinin 2-ci və 3-cü biçini zamanı hər birində 350 ədəd bağ yığılması mümkün olduğundan, sahəyə vurulmuş zərər nəticəsində 2 dəfəlik biçin üzrə cəmi 700 bağ yonca biçilməsi mümkün olmamış, nəticədə 1 ədəd yonca bağının orta bazar dəyəri 3 manat müəyyən edildiyindən maddi zərərin məbləği 2100 manat təşkil etmişdir. Vurulmuş zərərdən cavabdeh cavabdeh2 tərəfindən iddiaçı iddiaçı1 100 manat məbləğində ödəniş edilmişdir. Nəticədə iddiaçılara vurulmuş 2000 manat məbləğində zərər ödənilməmiş qalmışdır.
51. Hazırkı mübahisənin predmetini məhz delikt nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
52. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
53. Mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir.
54. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehlərin iddiaçılara qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçıların cavabdehlərə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir.
55. Apellyasiya şikayətinin başlıca dəlili hesablanmış ziyanın yüksək olması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ## ###### 2025-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Ağdaş rayonu, Ərəb kəndində yerləşən və N-*** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı2 ailə üzvlərinə məxsus olan 2,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yoncanın qiymətləndirilməsi aparılmış, müəyyən olunmuşdur ki, həmin sahədə ildə təqribən 2,25 ha torpaq sahəsində təqribən 1500 ədəd yonca bağlaması əldə edilir. Bazarda son 3 il ərzində yonca bağlamasının satış qiyməti sabit olaraq 1 ədəd üçün 3 manat təşkil etmişdir. Yekun olaraq qiymətləndirilmiş 2,25 ha torpaq sahəsi ildə təqribən 1500 ədəd yonca bağlaması məhsulu verir və bu məhsulun ümumi dəyəri illik 4500 manat təşkil edir.
56. Eyni zamanda birinci instansiya məhkəməsinin iclasında iştirak edən mütəxəssis, “xxxx” MMC-nin direktoru X7 bildirmişdir ki, iddiaçılara məxsus olan, Ağdaş rayonu, Ərəb kəndində yerləşən 2,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxaraq müəyyən etmişdir ki, həmin ərazidə il ərzində orta hesabla 4 dəfə yonca biçimi mümkün olmaqla, ilk biçin daha məhsuldar olaraq növbəti biçimdə məhsuldarlıq nisbətən aşağı olur. Lakin orta hesabla ilk biçimə münasibətdə göstərilən ərazidə 2025-ci ilin iyun-iyul ayları ərzində 2-ci və 3-cü biçin aparılardısa hər biçində təxminən 350 bağ, cəmi 700 bağ yonca biçilməsi mümkün olardı. 2025-ci il ərzində isə 1 ədəd yonca bağlamasının orta bazar qiyməti 3 manat olmuşdur. Beləliklə, maddi zərərin məbləği 2100 manat təşkil etmişdir. Vurulmuş zərərdən cavabdeh cavabdeh2 tərəfindən iddiaçı iddiaçı1 100 manat məbləğində ödəniş edilmişdir. Nəticədə iddiaçılara vurulmuş 2000 manat məbləğində zərər ödənilməmiş qalmışdır.
57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
58. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
60. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
61. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
63. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
64. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.
66. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax: 46-cı bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov