Məhkəmə qərarları › İş №e-2(3-10)-599/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-599/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-599/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X2 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASCnin xeyrinə 9366,56 manat məbləğində əsas borcun, 1216,86 manat məbləğində faiz borcunun, 332,11 manat məbləğində cərimə borcunun, cəmi 10915,53 manat borcun və 123,15 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC-nin ##.##.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı «xxxx» KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün ##.##.2024-cü il tarixindən ##.##.2027-ci il tarixinədək illik 23% ödəmək şərtilə 9700 manat məbləğində kredit xətti açmışdır. Cavabdeh ##.##.2022ci il tarixində ərizəni (aksept) imzalamaqla “xxxx” KB ASC-nin rəsmi internet səhifəsində (www.xxxx.az) yerləşdirilmiş ##.##.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X6 17.11-ci bəndinə əsasən Müştəri“ kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

3. Cavabdeh iddiaya qarşı yazılı etirazI məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aprel ayının 22-də saat 12:15 dəqiqədə +99412117 nömrədən ona zəng gəlmişdir. Telefonu açdıqdan sonra bir qadın bildirmişdir ki, “Salam, Tarverən bəy, sizi narahat edən xxxxın əməkdaşıdır, bank kartlarına müdaxilələr olunduğu üçün sizin kart proqramınız yenilənməlidir.” O, həmin şəxsə FİN kodunu və Kartın son 8 rəqəmini vermiş, ancaq kartın CVV kodunu, məxfi kodu, nə də ki, kartın bitmə tarixini verməmişdir. Ancaq buna baxmayaraq danışıqdan 10 dəqiqə sonra kartından 9131 manat pulu 4 dəfəyə çıxartmışlar. Həmin pulun 558 manatını, 1110 manatını, 1110 manatını Azərbaycana, qalan pulu Dubay şəhərinə köçürmüşlər. Bu barədə mesaj telefon nömrəsinə gəlmişdir. O, pulun çıxarılmasından 15 dəqiqə sonra, bəlkə də tez xxxxın qaynar xəttinə zəng edib bildirmişdir ki, kartından 9200 manata yaxın pul çıxarılıb, ona kömək etsinlər və pulun köçürülmə prosesini dayandırsınlar. Onunla əlaqə saxlayan bankın əməkdaşı bildirmişdir ki, çalışacaqlar ki kömək etsinlər. Lakin yarım saatdan sonra ona zəng edib bildirmişlər ki, artıq gecdir. Ancaq ona bankın verdiyi arayışa görə pulun 8573 manatı onun kartından aprelin 23- ü çıxarılmışdır. Azərbaycana köçürülən pullar da Dubaya köçürülən kimi göstərilmişdir. Aprelin 22-si saat 13:30-da Daxili İşlər Nazirliyinin qaynar xəttinə, sonra isə yazılı şəkildə Baş prokurora müraciət etmişdir. Hal-hazırda Sabunçu Rayon Polis İdarəsində istintaq aparılır. Ona zəng edən şəxsin onun kredit götürməsini, gecikməsi olmamasını, ukartın olmasını, içərisində pulun olduğunu, soyadını və adını bilməsini, telefon nömrəsini hardan öyrənmişdir. Buradan görünür ki, onun pulunu bankın ya öz əməkdaşı, ya da ki əlbir olduğu dələduzlar çıxarmışdır. Onu da qeyd etmişdir ki, 2024-cü ilin noyabr ayında xxxxdan 10200 manat kredit götürmüşdür və vaxtlı-vaxtında ödəyir. Onun kartından çıxarılan pulun ödənməməyinin səbəbi onun xəbəri olmadan çıxarılmasıdır. İkincisi isə 1 bankın müştərisinin bank hesablarının təhlükəsizliyini qoruya bilməməsidir.( “Azərbaycan Bankları haqqında” Qanunun 41-ci maddəsi). Çünki bank hər bir təhlükə barədə müştərini maarifləndirməlidir. Bankın istintaq orqanına düzgün məlumat verməməsi görünür ki, bankın da bu işdə maraqları var. O, Qarabağ Müharibəsi əlilidir. Ürəyindən əməliyyat olunmuşdur, 2 stendi var, xroniki ürək çatışmazlığı xəstəsidir və ömürlük müalicə təyin edilib. Həmin karta götürdüyü pulu ürək əməliyyatı üçün götürmüşdü, çünki həkim ona deyəndə ki, ola bilsin əməliyyat olacaqsan, həmin vaxt isə ürək əməliyyatları sığorta ilə aparılmırdı. Bu hadisədən sonra sağlamlığına böyük zərbə dəymiş, ürəyi ilə yanaşı, nevroloji xəstəliyi də yenidən yaranmışdır. Vicdana, ədalətə, qanuna əsaslanaraq qərar çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxaraq (həmin mülki iş üzrə bütün hazırlıq və baxış iclaslarını iştirakları olmadan keçirərək) iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, özünü bankın əməkdaşı kimi təqdim edən şəxs ona zəng etmiş və kartının yenilənməli olduğunu, yoxsa kart üçün təhlükə yaranacağını bildirmişdir. Həmin şəxs onun kart məlumatlarından əvvəlcədən xəbərdar idi və o, həmin şəxsə heç CVV kodu və bitmə tarixi barədə məlumatı da deməmişdir. Buna baxmayaraq daha sonra onun kartından üçü Azərbaycanda, biri isə xarici ölkədə yerləşən hesaba olmaqla 4 dəfə pul çıxarılması ilə bağlı telefonuna mesaj gəlmişdir. O, dərhal İddiaçı Açıq Səhmdar Cəmiyyətinə zəng edərək, sonra isə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng etməklə Sabunçu RPŞ-yə ərizə ilə müraciət edərək məlumat vermişdir. İddiaçı ASC-nin əvvəl verdiyi arayışda köçürmələrin ##.##.2025-ci il tarixdə baş verdiyi göstərilsə də, hazırki işdəki arayışda ##.##.2025-ci il tarix qeyd edilmişdir. Hazırda kartından dələduzlar tərəfindən pul çıxarılması ilə bağlı polis şöbəsində istintaq aparılır. Bank özü də məsələni araşdırmalı və təhlükəsizliyi təmin etməli olduğu halda bunu etməmiş, nəticədə onun kartından xəbəri olmadan 4 dəfə pul çıxarılmışdır. Qeyd etdikləri nəzərə alınmaqla məhkəmə iclasının istintaq yekunlaşanadək təxirə salınmasını xahiş etmişdir.

6. Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi (hakim E.Məmmədli) ilə, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 9366,56 manat məbləğində əsas borc, 905,09 manat məbləğində faiz borcu, 100,0 manat məbləğində cərimə, 116,61 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 10488,66 manatın tutularaq iddiaçı İddiaçı ASC-nə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2027-ci il tarixədək, 23 faiz dərəcəsi ilə 9700 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 122,75 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməməsi səbəbindən iddiaçı məhkəməyə müraciət etmişdir. 9.Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

10. Cavabdeh hazırda kredit məbləğinin özü tərəfindən deyil, dələduzlar tərəfindən götürülərək başqa hesablara köçürüldüyünü bildirərək iddia tələbinin rədd olunmasını xahiş etsə də, məhkəmə bildirmişdir ki, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Belə olan halda hazırki iddianın predmetini də tərəflər arasında kredit müqaviləsi əsasında yaranmış hüquq münasibətləri təşkil edir və cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmədiyindən iddiaçı subyektiv hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Həmçinin iş materiallarından görünür ki, faktla bağlı Sabunçu RPİ-nin İŞ-də istintaq araşdırması aparılır. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır.

11. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki iddia tələbi əsas borc hissəsində təmin olunmaqla cavabdeh Cavabdeh 9366,56 manat məbləğində əsas borc tutularaq iddiaçı təşkilata ödənilməlidir.

12. Lakin, məhkəmə hesab etmişdir ki, cavabdehdən əsas borca hesablanmış faizlərin və cərimənin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir.

13. Məhkəmə, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirmişdir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ##.##.2025-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi, yəni ##.##.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Hazırda isə iddiaçı ##.##.2025-ci il tarixə olan əsas, faiz və cərimə borcunu tələb edir.

15. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdehdən ##.##.2025-ci il tarixə olan gecikdirilmiş annuitet (əsas məbləğ), və hesablanmış faizlər tutulmalıdır.

16. Məhkəmə nəzərə almışdır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə 93366,56 manat əsas borca münasibətdə cavabdehdən 177,67 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qeyd olunan müqavilə üzrə cərimə məbləğləri azaldılaraq 100,0 manat məbləğində müəyyən edilməlidir.

17. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, hazırki iş üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 123,15 manat dövlət rüsumunun 116,61 manatdan ibarət hissəsi və 0,40 manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun 6,14 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443.1, 445.2.1, 448.1, 462.1 və 739-cu maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 82.4, 88, 107, 119.1, 254.1.4 və 256.0.3 -cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

21. Belə ki, məhkəmə bankın pullarının naməlum şəxslərin oğurlanmasını nəzərə almamışdır.Məhkəmə iddianın tamamilə rədd etmək əvəzinə iddianı tam təmin etmiş və qətnaməsini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. 22.Birinci instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739,385, 442, 443.1, 445.2.1, 448, 462.1-ci maddələrinə istinad etmişdir, lakin nəzərə almamışdır ki, onun bank kartında olan pullar naməlum şəxslər tərəfindən oğurlanmışdır və bu barədə Sabunçu RPİ-də cinayət işi üzrə araşdırma aparılır. Məhkəmə isə pulun qismən tutulması barədə qətnamə qəbul edir, lakin qətnaməsini əsaslandıra bilməmişdir. Beləliklə bank tərəfindən əsassız olaraq borc hesablayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385, 442, 443.1, 445.2.1, 448, 462.1-ci maddələrin tədbiqində məhkəmə səhvlərə yol vermişdir.

23. Odur ki, Oğuz Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti Apellyasiya şikayətinə qarşı etiraz göndərərək etirazını onunla əsaslandırmışdır ki, borclu şikayətində kartından pul oğurlandığına görə bank tərəfindən verilən iddianın əsassız olduğunu bildirmişdir. Bununla bağlı bildirirlər ki, hal-hazırda Sabunçu RPŞ-də borclunun ərizəsi ilə istintaq işi aparılsa da, hələ də konkret qanunsuz əməlin necə və kim tərəfindən törədildiyini, pulun həqiqətən də oğurlandığını təsdiq edəcək qüvvəyə minmiş məhkəmə aktı yoxdur. Həmçinin qoşmada təqdim etdikləri “xxxx KB” ASC-yə aid iddia predmeti olan ****sFIL*b/** nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan da görünür ki, borclunun iddia etdiyi oğurluq halının baş verdiyi tarixdən sonra kredit müqaviləsinə aid borc üzrə ödənişlər olunmuşdur. Burdan da borclunun iddia etdiyi ilə hərəkətləri arasında ziddiyyət olduğu aydın görünür. Həmçinin qoşmada təqdim etdiyikləri borclu tərəfindən ##.##.2026-cı il tarixində yazılmış ərizəyə əsasən, borclu oğurluq olduğunu iddia etdiyi kartının blokdan çıxarılması və baş verəcəklərə görə bütün məsuliyyəti öz üzərinə götürməsi barədə müraciət etmişdir. Bu da borclunun iddiası ilə ziddiyyət təşkil edir. Bundan başqa, kartdan pul oğurlanması kimi hallar şəxsi və kart məlumatlarının üçüncü şəxslərin əlinə keçməsi nəticəsində baş verir. Bu səbəbdən, kart məlumatlarının və OTP kodların ötürülməsi ilə bağlı məsuliyyət kart sahibinin üzərində qalır. Nəticə olaraq, cinayət faktı və təqsirli şəxs müəyyən edilməyənədək, kart və şəxsi məlumatların üçüncü şəxslərə verilməsi borclunun öz iradəsi ilə etdiyi bir proses olduğundan kredit kartından istifadə edilən vəsaitlərin qaytarılması öhdəliyi onun özünün üzərində qalmaqdadır. Odur ki, cavabdeh Cavabdeh Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(054)- ***/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanması haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti ərizə göndərərək ##.##.2026-cı il tarixinə təyin olunmuş məhkəmə iclasında nümayəndələrinin iştirakı imkan xaricində olduğundan, həmin iclasın iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyator Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsədə, apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunaraq iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2027-ci il tarixədək, 23 faiz dərəcəsi ilə 9700 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən bankın pullarının naməlum şəxslər tərəfindən oğurlanmasının nəzərə alınmaması, bank tərəfindən əsassız olaraq borcun hesablanmasıına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

37. Kollegiya qeyd edir ki, cavabdehin kart hesabına kənar şəxslər tərəfindən müdaxilə olunaraq vəsaitin çıxarılması sonuncunu iddiaçı bank qarşısında öhdəliyinin yerinə yetirilməsindən azad etmir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

39. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

40. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar