Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1347/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı İsmayılov Qaraxan Elxan oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və evin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılov Qaraxan Elxan oğlu cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 ilə aralarında ** saylı notariat ofisində bağlanmış 3M-880 reyestr nömrəsi ilə qeyd edilmiş ##.##.2025-ci il tarixli müqavilənin ləğv edilmiş hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılaraq, boş vəziyyətdə ona təqdim edilməsi, cavabdehlər tərəfindən mülkiyyətə müdaxiləni qadağan etməklə bu günədək icarə haqqı kimi 8.000 manat və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılan günə kimi hər ay 2.000 manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh1 tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evi ##.##.2021 tarixdə verilmiş 003013026205-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, tam olaraq iddiaçının mülkiyyətindədir. cavabdeh1 ##.##.2025-ci il tarixli müqavilə ilə həmin fərdi yaşayış evini ##.##.2028-ci il tarixədək icarəyə götürmüşdür. İcarə haqqı 2.000 manat müəyyən olunmuşdur. Həmçinin icarə müqaviləsinin 13-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 14-cü maddəsinin tələbləri, icarəyə götürülən sahənin yaşayış sahəsi olması, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmamaq, sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilməməsi icarəçiyə izah edilmişdir. Lakin yaşayış sahəsi cavabdeh və 3-cü şəxslər tərəfindən xeyir-şər evi və kiçik toy məclisləri üçün istifadə edilməkdədir. Həmin 3-cü şəxslərdən biri cavabdeh cavabdeh2dur. Müqavilənin 6-cı bəndinə əsasən, fors-major hadisəsindən sığortalanma “icarəçi”-nin vəzifəsi kimi müəyyən olunsa da, cavabdeh həmin bəndin də tələblərini pozmuşdur. Tərəflərindən cavabdehə ##.##.2025-ci il tarixində bildiriş göndərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilənin 5,6,10,13-cü bəndləri kobud şəkildə pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən bu günə kimi 8.000 manat icarə haqqı ödənilməmişdir. Cavabdehə ##.##.2025-ci il tarixinədək 8.000 manat icarə haqqını ödəmək şərtilə icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsilə birlikdə qanunsuz istifadəyə verdikləri şəxslərlə birlikdə boşaldaraq iddiaçıya təhvil verməsi, əks təqdirdə müqavilənin ləğvi üçün məhkəməyə müraciət olunaraq öhdəliklərinin qanuni şəkildə təmin ediləcəyinə dair bildiriş göndərilmişdir. Bundan sonra cavabdehlər həm özləri, həm də onların yaxınları, həm iddiaçı, həm də onun nümayəndəsi ilə əlaqələr yaratmağa çalışsalar da, heç bir müsbət nəticə əldə edilməmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Müqavilənin ləğv edilməsi-müqavilədən imtina edilməsi barədə bildiriş cavabdehə təqdim edildiyi tarixdən tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə xitam verilmiş sayılır. Bu halda, iddiaçı cavabdehdən ona vurulmuş ziyanın ödənilməsini tələb edə bilər. Eyni zamanda məhkəmə çəkişmələrinin davam etməsini nəzərə alaraq, obyektin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi tarixinədək müqavilə əsas götürülməklə aylıq olaraq 2000 manat miqdarında icarə haqqının ödənilməsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı İsmayılov Qaraxan Elxan oğlu ilə cavabdeh cavabdeh1 arasında Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış 3M-880 reyestr nömrəsi ilə qeyd edilmiş ##.##.2025-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evi cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən boşaldılaraq, boş vəziyyətdə iddiaçıya təqdim edilməsi, ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək 8.000 (səkkiz min) manat icarə haqqı, ##.##.2025-ci il tarixindən hazırkı qətnamə qanun qüvvəsini alan tarixədək hər ay 2.000 (iki min) manat icarə haqqı cavabdeh cavabdeh1 tutularaq, iddiaçıya ödənilməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərə aid edilməklə, müştərək qaydada onlardan iddiaçının xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialarından olan icarəyə verən İsmayılov Qaraxan Elxan oğlu ilə icarəçi cavabdeh1 arasında bağlanılmış ##.##.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, İsmayılov Qaraxan Elxan oğlu ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evini ##.##.2028-ci il tarixədək cavabdeh1, sonuncunun aylıq 2.000 manat ödəməsi şərti ilə icarəyə vermişdir. İş materialarından olan cavabdeh1 göndərilmiş ##.##.2025-ci il tarixli müqavilənin ləğv edilməsinə dair təklifin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin icarəyə verilməsi haqqında müqavilənin 5,6,10,13-cü bəndləri kobud şəkildə pozulmuşdur. Həmçinin icarə haqqı kimi bu günə kimi 6.000 manat cavabdehlər tərəfindən ödənilməli olduğu halda ödənilməmişdir. Yəni öz öhdəliklərini icra etməməklə, ##.##.2025-ci il tarixinədək 8.000 manat icarə haqqqını ödəmək şərtilə icarəyə götürmüş olduğu ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsilə birlikdə qanunsuz istifadəyə verdikləri şəxslərlə birlikdə boşaldaraq iddiaçıya təhvil verməli, əks təqdirdə, müqavilənin ləğvi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sözügedən fərdi yaşayış evi tərəfindən ##.##.2025-ci il tarixli müqavilə əsasında icarəyə götürülərkən icarə müddəti ##.##.2028-ci il tarixədək müəyyən edilmiş, icarə haqqı və onun ödənilmə müddəti həmin müqavilədə razılaşdırılmışdır. İcarə obyekti tərəfindən yalnız təyinatı üzrə istifadə edilmiş, lakin fəaliyyətə yeni başladığına görə ilk dövrlərdə müştəri bazası müvəqqəti zəif olmuş və müvəqqəti maliyyə çətinlikləri yaranmışdır. Həmin obyektin tərəfindən guya digər şəxslərin qanunsuz istifadəsinə verilməsi barədə iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir, çünki, belə bir hal ümumiyyətlə mövcud olmamışdır və indi də mövcud deyil. Müqavilə bağlandıqdan 2 ay sonra isə ##.##.2025-ci il tarixdə icarəyə verən məlum olmayan səbəblərə görə ona sözügedən icarə müqaviləsinin ləğv edilməsinə dair təklif göndərmişdir. İcarə müqaviləsi bağlandıqdan sonra icarə obyektinin yaxşılaşdırılması məqsədilə həmin obyektə müəyyən qədər pul vəsaiti sərf edilmişdir, müqavilənin qüvvədə olma müddəti isə ##.##.2028-ci il tarixədək müəyyənləşdirilmişdir. Belə olan surətdə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi başa düşülən deyildir, halbuki, cari fəaliyyəti ilə bağlı ortaya çıxan bütün məsələləri danışıqlar yolu ilə həll etmək mümkün idi və belə bir imkan hazırda da mövcuddur, çünki, icarə haqqını ödəməyə və gələcəkdə də qarşılıqlı faydalı şərtlərlə icarə münasibətlərini davam etdirməyə hazırdır. Məhkəmə iclasında iştirak etmədiyi üçün bunları izah edə bilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş və qiymətləndirməmiş, nəticədə əsassız və qanunsuz qətnamə çıxarmaqla hüquqlarını kobudcasına pozmuşdur. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Mülki Prosessual Məcəllənin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”. Həmin qərarın 14-cü bəndində qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evi iddiaçı İsmayılov Qaraxan Elxan oğlunun mülkiyyətindədir. Onunla cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2025-ci il tarixli icarə müqaviləsi ilə 2.000 manat icarə haqqı müəyyən olunmaqla, həmin əmlak ##.##.2028-ci il tarixədək cavabdehin icarəsinə verilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırda tərəflərin VÖEN-ləri olmaqla fərdi sahibkar statusundadırlar və işin hallarından da görünür ki, müqavilədə ev kimi göstərilən sahə faktiki olaraq şadlıq evi kimi istifadə edilir. İddiaçı qeyd edir ki, icarə müqaviləsinin 13-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 14-cü maddəsinin tələbləri, icarəyə götürülən sahənin yaşayış sahəsi olması, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmamaq, sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilməməsi icarəçiyə izah edilsə də, cavabdeh həmin tələbi pozaraq, qeyd olunan əmlakı digər cavabdeh cavabdeh2 ilə birlikdə ictimai-iaşə obyekti kimi istifadə edir. Bundan başqa, cavabdeh müqavilənin 6-cı bəndinin də (fors-major hadisəsindən sığortalanma “icarəçi”-nin vəzifəsidir) tələbini pozmuşdur. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixində bildiriş göndərilmişdir. Bunlardan başqa, cavabdeh cavabdeh1 hazırkı vaxtadək icarə haqqlarını ödəməmişdir. Məhkəmə Kollegiyası ilk olaraq tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli icarə müqaviləsinə münasibətdə qeyd edir ki, həmin müqavilədə icarəyə götürülən sahənin yaşayış sahəsi olması, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, eyni zamanda yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmamaq, həmçinin sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilməməsi icarəçiyə izah edilməsi qeyd edilsə də, Mülki Məcəllənin tələblərinə əsasən “icarə müqaviləsinin” mahiyyəti ondan ibarətdir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir, bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Göründüyü kimi icarə müqaviləsində, istifadə ilə yanaşı, əmlakdan bəhrə (gəlir) götürmək məqsədi var. Yəni icarəyə götürən şəxs həmin obyektdən istifadə edərək məhsul əldə edir və ya gəlir qazanır. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd edir ki, sözügedən fərdi yaşayış evi tərəfindən ##.##.2025-ci il tarixli müqavilə əsasında icarəyə götürülərkən icarə müddəti ##.##.2028-ci il tarixədək müəyyən edilmiş, icarə haqqı və onun ödənilmə müddəti həmin müqavilədə razılaşdırılmışdır. İcarə obyekti tərəfindən yalnız təyinatı üzrə istifadə edilmiş, lakin fəaliyyətə yeni başladığına görə ilk dövrlərdə müştəri bazası müvəqqəti zəif olmuş və müvəqqəti maliyyə çətinlikləri yaranmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki mülki iş, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, mübahisə kommersiya xarakterlidir, işə baxmış birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraata götürülmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul edilmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Mülki Prosessual Məcəllənin in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və Mülki Prosessual Məcəllənin 365-ci maddəsindən çıxış etməklə Mülki Prosessual Məcəllənin 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Göstərilənləri ümumiləşdirərək Məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398-ci 405 maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İsmayılov Qaraxan Elxan oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və evin boşaldılması” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1347/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1347/2026
27.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver