Məhkəmə qərarları › İş №e-2(3-6)-1375/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1375/2026

25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1375/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (açar sözlər: vərəsələrin kreditor qarşısında məsuliyyəti, sübut etmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi nümayəndə1, Cavabdeh cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı “Borcverən” İddiaçı ASC ilə “borcalan” Cəfərov Fikrət Qarakişi oğlu arasında bağlanılmış BPM************ nömrəli ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcalana istehlak məqsədilə 48 ay müddətinə qaytarmaq, illik 20% ödəmək şərti ilə 11.000 manat məbləğində kredit vermişdir. * saylı Bakı “Asan Xidməti” Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Cəfərov Fikrət Qarakişi oğlu ##.##.2024-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2024-cü il tarixdə 439 No ilə ölüm akt qeydi tərtib edilmişdir. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışa əsasən cavabdeh1 və cavabdeh2 vəfat etmiş (miras qoyan) Cəfərov Fikrət Qarakişi oğlunun qanun üzrə vərəsələri kimi tanınaraq onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, şəhadətnamə verilən miras əmlak Cəfərov Fikrət Qarakişi oğlunun əmək qabiliyyətini itirdiyinə görə, vəfat etdiyinə görə iş yerindən hesablanmış müavinət və istifadə olunmamış məzuniyyətə görə kompensasiyadan ibarətdir. Miras əmlaka daxil olan ümumi pul məbləği 2452,21 manat təşkil edir. İddiaçı ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən Cəfərov Fikrət Qarakişi oğlunun BPM************ nömrəli ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 6882.74 AZN, vəfat etdiyi tarixə faiz borcu 2.82 AZN olmaqla, cəmi 6885,56 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cəfərov Fikrət Qarakişi oğlu arasında bağlanılmış BPM************ nömrəli ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cəfərov Fikrət Qarakişi oğluna illik 20% ilə 48 ay müddətinə 11.000 manat kredit verilmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən Cəfərov Fikrət Qarakişi oğlunun ##.##.2024-cü il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. * saylı Bakı “Asan Xidməti” Mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən cavabdeh1 və cavabdeh2 Cəfərov Fikrət Qarakişi oğlunun vərəsələri olduğu məlum olmuşdur. Yuxarıda qeyd edilən kredit müqaviləsinə əsasən kredit götürən şəxsin əsas borca görə 6882,74 manat, faiz borcuna görə 2,82 manat olmaqla cəmi 6885, 56 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 88,86 manat dövlət rüsumu və 0.40 manat bank haqqı ödənilmişdir. Hazırki cavabdehlərə ##.##.2025-ci il tarixdə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cəfərov Fikrət Qarakişi oğlunun vərəsələri cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada iddiaçı İddiaçı ASC-nin xeyrinə BPM************ nömrəli ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 6882.74 AZN, faiz borcuna görə 2.82 AZN olmaqla, cəmi 6885,56 manat məbləğinin, ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 88,86 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh1 və cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə BPM************ nömrəli ##.##.2022-ci il tarixli saylı kredit müqaviləsi üzrə yaranmış borcun əvəzi kimi 2452,21 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44,52 manat və 0,40 manat xidmət haqqı, cəmi 2497,13 (iki min dörd yüz doxsan yeddi manat, on üç qəpik) manat məbləğində pul tutulması və iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cəfərov Fikrət Qarakişi oğlu arasında ##.##.2022-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqavilə üzrə F.Cəfərova 48 ay müddətinə, illik 20% ödəmək şərti ilə 11.000 manat kredit verilmişdir. F.Cəfərov ##.##.2024cü il tarixdə vəfat etmiş və onun kredit müqaviləsi üzrə ödənilməmiş 6885,56 manat öhdəliyi qalmışdır. Kredit alan Cəfərov Fikrət Qarakişi oğlunun ölümündən sonra onun vərəsələri olan hazırkı iş üzrə cavabdehlərə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 kredit alan mərhum Cəfərov Fikrət Qarakişi oğlunun vərəsələri kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əldə etdiklərindən onlar mərhum Cəfərov Fikrət Qarakişi oğlunun kredit müqaviləsi üzrə borclunun öhdəliklərinə görə cavabdehlik daşıyan şəxslərdir və iddiaçı hazırki tələblə onlara qarşı çıxış etməkdə tam haqlı hesab edilməlidir. Beləliklə cavabdehlər cavabdeh1 və cavabdeh2 kredit müqaviləsi üzrə borclu olan Cəfərov Fikrət Qarakişi oğlunun öhdəliklərinə görə cavabdehliyi qanunla müəyyən olunduğu üçün və iddiaçı tələbin sahibi kimi həmin borcun cavabdehdən tələb etməkdə haqlı hesab edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlər miras qoyanın vərəsələri kimi yalnız qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə məsuliyyət daşıya bilərlər. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Eyni zamanda məhkəmə qeyd edir ki, vərəsələr yalnız miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Yuxarıda qeyd edildiyi kimi cavabdehlər miras qoyanın vərəsələri kimi miras qoyana məxsus 2452,21 manat məbləğində pul vəsaitinin əldə edilməsi ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər yalnız həmin məbləğ həddində iddiaçı qarşısında öhdəlik daşıya bilərlər. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 558, 1151.1, 1306.1, 1306.4, 1306.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 185.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, *(*-***)**/**** saylı qətnamənin ləğv edilərək, iddia tələbini tam həcmdə yəni Cəfərov Fikrət Qarakişi oğlunun vərəsələri cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada iddiaçı İddiaçı ASC-nin xeyrinə BPM************ nömrəli ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 6882.74 AZN, faiz borcuna görə 2.82 AZN olmaqla, cəmi 6885.56 AZN borc məbləğinin, iddia ərizəsi üçün ödənilmiş 88.86 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması həddində tam təmin edən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 44.43 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqının cavabdehlərdən tutulmasını özündə əks etdirən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xxxx ASC ilə Cəfərov Fikrət Qarakişi oğlu arasında bağlanmış BPM************ nömrəli ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cəfərov Fikrət Qarakişi oğluna illik 20 faizlə 48 ay müddətinə 11.000 AZN kredit verilmişdir. AZ-II №****** saylı ölüm haqqında şəhadətnaməyə əsasən Cəfərov Fikrət Qarakişi oğlunun ##.##.2024cü il tarixində vəfat etdiyi müəyyən edilmişdir. * saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışa əsasən cavabdeh1 və cavabdeh2 Cəfərov Fikrət Qarakişi oğlunun vərəsələri olduğu məlum olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh1 və cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə BPM************ nömrəli, ##.##.2022-ci il tarixli saylı kredit müqaviləsi üzrə yaranmış borcun əvəzi kimi 2452,21 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44,52 manat və 0,40 manat xidmət haqqı, cəmi 2497,13 manat məbləğinin tutulması müəyyən edilmişdir. Qətnamədə iddia tələbinin qismən təmin edilmə səbəbi kimi qeyd edilmişdir ki, cavabdehlər miras qoyanın vərəsələri kimi miras qoyana məxsus 2452,21 manat məbləğində pul vəsaitinin əldə edilməsi ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər yalnız həmin məbləğ həddində iddiaçı qarşısında öhdəlik daşıya bilərlər. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. MM-in 1306.4 və 1306.5-ci maddələri Azərbaycan Respublikası Mülki Məcəlləsinə ##.##.2025-ci il tarixində əlavə edilmişdir. Qeyd edilən maddələrə əsasən, mirasın siyahısı notarius tərəfindən tərtib edilərsə, vərəsə miras qoyanın borcları üçün qəbul edilmiş miras əmlak həddində məsuliyyət daşıyacaqdır. Mirasın siyahısı notarius tərəfindən tərtib edilməmişdirsə, vərəsə özü miras qoyanın borclarının miras əmlakdan çox olduğunu sübut etməlidir. Vərəsə miras qoyanın borclarının miras miras əmlakdan çox olduğunu sübut edə bilmirsə, kreditor tərəfindən tələb edilən həcmdə məsuliyyət daşıyacaqdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsində keçirilən məhkəmə hazırlıq və baxış iclaslarında vərəsələr iştirak etməmiş, hər hansı sübut təqdim etməmişlər. Bu da o deməkdir ki, məhkəmə tərəfindən təmin edilən 2452.21 manat məbləğ mirasın həcmi deyildir, başqa əmlakların olmaması sübut edilməmişdir. Sübut etmə yükünü vərəsə daşıyır. Mövcud vəziyyətdə bankın vəzifəsi vərəsələrin dairəsini müəyyənləşdirərək, onlara qarşı tələb irəli sürməkdir. Vərəsələrin dairəsi vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir, lakin əmlakın yekun həcmi ona əsasən müəyyən edilmir. Notarius siyahısı yoxdursa, vərəsə kreditorun tələb etdiyi həcmdə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarın 31, 32, 33-cü bəndlərinə əsasən müəyyən edilir ki, əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vəfat etmiş əsas borclunun kreditoru tərəfindən deyil, vərəsələri tərəfindən sübut edilməlidir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilən əmlakla kifayətlənmək mümkün deyildir. Digər hər hansı əmlakın olub-olmaması faktı vərəsə tərəfindən sübut edilməlidir. Başqa hər hansı əmlak mövcud ola bilər, bu əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmaması onun olmaması mənasını ifadə etmir. Həmin əmlakdan imtina mövcud deyildirsə, qəbul edilmiş hesab edilir. Mövcud məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı mövcuddur. Qərarda Ali Məhkəmənin yanaşması ondan ibarət olmuşdur ki, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə müəyyən əmlakın qeyd edilməsi, mirasın yalnız həmin əmlakdan ibarət olması demək deyildir. Digər hər hansı əmlakın olmaması vərəsə tərəfindən sübut edilməlidir. Qeyd edilən qərarın 49-cu bəndində qeyd edilir: qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. 51-ci bəndində qeyd edilir: İşdən görünür ki, cavabdeh tərəf ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya hər hansı etiraz bildirməmiş, həmçinin mirasın siyahıya alınması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 52-ci bənddə qeyd edilir: Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yalnız Mülki Məcəllənin 1306.1-ci maddəsinə istinad etməklə kifayətlənmiş, həmin Məcəllənin 1307-ci maddəsinin tələblərini nəzərə almadan miras əmlakın yalnız vərəsəlik şəhadətnaməsində göstərilən əmlakdan ibarət olması barədə sərgilədiyi mövqe yanlış olmuş, mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilmədən cavabdeh sübut etmə yükündən azad edilmiş, həmin yük iddiaçının üzərinə qoyulmuşdur. Bununla da, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək, həm prosessual hüquq normasını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını – Mülki Məcəllənin 1307-ci maddəsini pozmuşdur. Gördüyümüz kimi sadaladığı Ali Məhkəmə qərarlarında qeyd edilən məqamlar Səbai Rayon Məhkəməsində olan mülki icraatla eyniyyət təşkil edir. 1. Notarius siyahısı mövcud deyildir; 2.Vərəsələr məhkəmə prosesində iştirak edərək, hər hansı sübut təqdim etməmişlər; 3. Miras qoyanın borclarının miras əmlakdan çox olması sübut edilməmişdir. 4. Vərəsələr başqa hər hansı əmlakdan imtina edilməsinə dair sənəd təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən mövcud məsələdə sübut etmə yükünü cavabdehlər daşıyırdı. Birinci instansiya məhkəməsi tərəfindən miras əmlakın 2452.21 manat olduğu müəyyən edilmişdir. Bu hal sübut edilməmiş haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsində birbaşa olaraq qeyd edilir ki, miras əmlakın həcmini müəyyən edəcək yeganə sənəd notarius siyahısı və ya vərəsələr tərəfindən təqdim ediləcək sübutlardır. Bunların hər hansı biri məhkəməyə təqdim edilməmişdir. Vərəsələr ümumiyyətlə məhkəmə prosesində iştirak etməmiş və hər hansı sübut təqdim etməmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı ASC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə istinad edərək iddia tələbini qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə dəyişiklik edilmiş, 1307ci maddə ləğv edilmişdir. Orda birbaşa olaraq qeyd edilir ki, miras əmlakın həcmini yeganə sübut edən sənəd notariusun siyahısıdır. Həmin siyahı mövcuddursa ordakı əmlakla kifayətlənir, həmin siyahı mövcud deyildirsə miras əmlakın həcmini vərəsə sübut etməlidir. Bu iş üzrə vərəsələr məhkəmə iclasında iştirak etməmiş, heç bir sübut təqdim etməmişlər. Məhkəmədə yalnız şəhadətnaməyə əsaslanaraq qətnamə qəbul edilməsi qanunun mövqeyinin pozulmasıdır. Ona görə də hesab edir ki, qətnamə ləğv edilməlidir. Faizlər borcalanın vəfat etdiyi tarixdən dayandırılıb. Başqa güzəştlərin edilməsi mümkün deyildir. O, Azərbaycan Respublikası Ali Məhkəməsinin də mövcud praktikasının olduğunu bildirmək istəyir, bu məsələ ilə sübutetmə yükü vərəsənin üzərinə düşür. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, onun borcu ödəməyə imkanı yoxdur. Heç yerdə işləmir, gəlir yeri yoxdur. Bakı şəhərində tək yaşayır. Digər cavabdeh onun qızıdır. Moskva şəhərində yaşayan qızı ailəlidir. Mərhumun borc götürməsini o, bilməmişdir. Aprel ayında ona məlum olmuşdur ki, 11.000 manat borc götürülmüşdür. Mərhum “SOCAR”-da işləmişdir. Yoldaşı sahəsi 47 m2 olan mənzilini ölməmişdən 2-3 ay əvvəl qızına bağışlamış, o da razılığını vermişdir. Hazırda o, həmin mənzildə yaşayır. Borcu ödəməyə maddi imkanı olmadığından ödənək istəmir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən faktiki olaraq iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. Belə ki, hazırkı iş üzrə mərhum Cəfərov Fikrət Qarakişi oğlunun iddiaçıdan kredit alması, həmin kredit üzrə öhdəliklərin tam yerinə yetirilməməsi, borcalanın ölməsi və cavabdehlərin sonuncunun vərəsələri olmaqla, onun öhdəliklərinə görə məsuliyyət daşımaları, habelə borcun qalan məbləği iş üzrə mübahisələndirilmir. Mübahisəli məsələ yalnız cavabdehlərin mülki məsuliyyəti ilə bağlıdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1306.1-cı maddəsinə istinad edərək, cavabdehlərin miras qoyanın öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı payları həddində məsuliyyət daşımaları, hazırkı iş üzrə miras qoyanın borcunun mirasdan çox olmasının sübuta yetirlməməsi səbəbindən iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərini nəzərə almamış və sübutetmə yükünü tərəflər arasında bu maddənin dispozisiya şərtinə uyğun bölüşdürməmişdir. Baxmayaraq ki, mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf edən məhkəmə qərarı mövcuddur (## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli). Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Hazırkı işdə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələrin miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıdıqlarını, əks halda isə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsinin vərəsələrə aid olmasını, belə sübutun isə məhkəməyə təqdim olunmadığını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəni bu qaydada həll edən birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmiş, həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad etmişdir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. İstinad olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsində də, vərəsələr miras qoyanın borcunun mirasdan çox olduğunu sübuta yetirə bilmədiklərindən iddiaçı İddiaçı ASC-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilərək iddia həmin hissədə də təmin edilməlidir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməklə, yeni qətnamə qəbul edilərək həmin hissədə də, iddia tələbi təmin edilsin. Cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada iddiaçı İddiaçı ASC-nin xeyrinə BPM ************ nömrəli ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun əvəzi kimi əsas borca görə 4430,53 manat, faiz boprcuna görə 2,82 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsunun əvəzi olaraq 44,34 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,43 manat, xidmət haqqına görə 0,40 manat olmaqla cəmi 4522,52 manat tutulsun. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar