Məhkəmə qərarları › İş №e-2(3-6)-1418/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1418/2026

28.04.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1418/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanan ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, İddiaçı MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir.

2. ##.##.2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin ##.##.2025 – ##.##.2027-ci il tarixləri arasında hər ay 194.05 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

3. ##.##.2025-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.

4. ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcu və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

5. ##.##.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ##.##.2025ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə borcundan 728 manat ödəniş etmiş, 3114.9 manat əsas borca görə ödənilməmiş məbləğ və 311.49 manat cərimə olmaqla, cəmi 3426.39 manat məbləğində borcu qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “xxxx” MMC) cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən, X2 S9 Maxv Ultra üçün 3114.9 manat ödənilməmiş hissə və 311.49 manat cərimə olmaqla, ümumilikdə 3426.39 manat borc və 54.27 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən, X2 S9 Maxv Ultra, Zəmanət + 3 il xidməti almış və nəticədə 3426.39 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 3842.9 manat olan X2 S9 Maxv Ultra, Zəmanət + 3 il xidməti üçün ümumilikdə 3426.39 manat olmaqla ondan, 3114.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 311.49 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdeh ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən, Zəmanət + 3 il xidmətindən ##.##.2025-ci il tarixində imtina etmiş və məhsul 378 manat qiymətləndirilərək borcundan silinmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 350 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 378 manat, ümumilikdə 728 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış ##.##.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh ##.##.2025-ci il tarixli, ********** nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 3114.9 manat əsas və 50 manat cərimə olmaqla, cəmi 3164,9 manat məbləğində pul vəsaiti və 51,65 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malları borcluya vermişdir. Borclu isə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir.

10. Cəriməyə münasibətdə məhkəmə qeyd etmişdir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 50 manat məbləğində müəyyən edilməsi məqsədəuyğundur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 462.1, 462.2, 467, 567, 600.1, 600.4, 601.2, 600.4 və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 284-2, 284-5.1, 284-5.2, 284-6.1, 284-6.2, 357 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmamış, yalnız iddiaçının iddiasında qeyd etdikləri əsasında iddianın əsaslı olması qənaətinə gəlmişdir. O, fərdi şəkildə müştərilər olduqca yaşayış ünvanında dırnaq ustası işləyir. Zəhra adlı xanımı müştəri qismində bir neçə dəfə yanına gəldiyi üçün təxminən 1 ilə yaxındır ki, tanıyır. ##.##.2025-ci il tarixdə Xalqlar Dostluğu metrosunun yaxınlığında yerləşən “Kontakt Home” mağazasından onun adına həmin Zəhra adlı şəxs kreditə tozsoran götürmüşdür. Lakin aylıq ödənişlərini həyata keçirməmişdir, nəticədə hazırda həmin kredit ondan tələb olunur. İddiaçı ilə kredit müqaviləsini özü imzalamışdır. Lakin müqavilə üzrə alınmış məhsul faktiki olaraq onun tərəfindən qəbul edilməmişdir. Məhsulun şəxsən onun aldığını təsdiq edən hər hansı sənəd iddiaçıda yoxdur. Bu halları təsdiq edən səs yazıları və yazılı mesajlar mövcuddur. Təqdim edilən audio yazılarda və mesajlarda qeyd olunan şəxslər məhsulu götürdüklərini və ödənişi öz üzərlərinə götürdüklərini bildirirlər. Bununla bağlı tərəfindən hətta DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Şikayəti əsasında Nizami RPİ 24-cü PB-də araşdırma başlamış və ərazi aidiyyəti üzrə Sabunçu RPİ-nə göndərilmişdir. Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı tərəfindən işin mülki xarakterli olduğu qənaətinə gəlinmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

18. Maddə 567.1. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

20. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

23. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

32. Birinci instansiya məhkəməsi haqlı olaraq, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır.

33. İş üzrə iddiaçı İddiaçı MMC müqavilə predmeti olan əşyanı cavabdehə və ya onun göstərdiyi şəxsə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.

34. Borcun və tutulan 50 manat cərimənin məbləğini iş üzrə tərəflər mübahisələndirmədiyindən kollegiya onlara münasibət bildirməyi zəruri hesab etmir.

35. Cavabdehin şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, müqavilə tərəfi məhz cavabdehin özüdür. Əşyanın nisyə alqı-satqısını iddiaçı cavabdehin ödəniş tarixçəsini yoxladıqdan sonra məhz onunla bağlamışdır.

36. Hazırda cavabdeh tozsoranın Zəhra adlı şəxs tərəfindən alındığını və ödənişlərin onun tərəfindən aparılmalı olduğunu bildirir. Kollegiya bu dəlilə münaibətdə qeyd edir ki, alınmış əşyanın kimin faktiki istifadəsində olmasının hazırki məsələyə aidiyyəti yoxdur, cavabdeh öz iradə ifadəsini bəyan etməklə iddiaçı ilə müqavilə bağlamışdır və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməlidir.

37. Kollegiya qeyd edir ki, göstərilən bu dəlillər haqlı iddia tələbinin rədd edilməsinə əsas vermir.

38. Apellyasiya şikayətində isə qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün hər hansı müəyyən edilməmişdir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar