Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1469/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdeh cavabdeh1 və cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı “X1 Azərbaycan” QSC cavabdehlər cavabdeh1 və X2 müştərək qaydada 10026,60 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi (illik 5% hesablanmış) ümumilikdə, cəmi 4932.53 manat borcun və ödənilmiş dövlət rüsumu 69.32 manat iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2015-ci ildə «X1 Azərbaycan» QSC və cavabdeh2 arasında ***/*****/RE saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan cavabdeh2 36 (otuz altı) ay müddətinə, illik 25% (iyirmi beş faiz) olmaqla 8730 AZN (səkkiz min yeddi yüz otuz manat) məbləğində kredit ayrılmışdır və o, kredit üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə geri ödəməli idi. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə cavabdeh1 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürmüşdülər. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh(lər) kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X1 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Öhdəliklər cavabdeh(lər) tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli məhkəmə əmri ilə iddia təmin edilərək, cavabdehlərdən iddiaçının xeyrinə 10006.60 manat borc və dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdeh(lər)in kredit müqaviləsi üzrə 10026.60 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 4932.53 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdeh(lər)in Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla ##.##.2015 tarixindən ##.##.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 3542 gün – 4932.53 manat olmaqla, ümumilikdə cəmi 4932.53 manat təşkil edir.
3. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 8730 manat əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi (illik 5% hesablanmış) ümumilikdə, cəmi 4235.8 (dörd min iki yüz otuz beş manat səksən qəpik) manat pul tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62.36 (altmış iki manat otuz altı qəpik) manat məbləğində pul cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, iddiaçı və digər cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onların dəlilləri:
5. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, Nəsimi Rayon Məhkəməsinin məhkəmə əmri ilə hesablanaraq tutulmuş kredit borcunun üzərinə yenidən borc faizi hesablamışdır. göstərilən borc ilk öncə kart borcu olmuş, daha sonra həmin borc restruktizasiya edilərək kredit borcuna çevrilmiş- bu zaman faizlər hesablanmış və borc 8730 AZN (səkkiz min yeddi yüz otuz manat) olmuş, kredit borcu ***/*****/RE saylı restruktizasiya müqaviləsinə çevrildikdən sonra iddiaçı kredit borcunun verilməməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra borc məhkəmə əmri ilə 10026.60 AZN-ə çatdırılmışdır. Indi də həmin faizlərdən borcun üzərinə yenidən 5 faiz hesablanması və 4932.53 manatın cavabdehlərdən tutulması ilə bağlı iddia qaldırılmışdır. Halbuki birinci dəfə debit kart borcunun (World Kart) üstünə faizlər gəlmiş, daha sonra faizlər gələrək şişmiş borc ikinci dəfə restruktizasiya edilərək 8730 AZN-ə (səkkiz min yeddi yüz otuz manat)çevrilmiş, daha sonra restruktizasiya edilmiş 8730 AZN (səkkiz min yeddi yüzotuz manat) borcun üzərinə üçüncü dəfə Nəsimi Rayon Məhkəməsinin məhkəmə əmri ilə faizlər hesablabaraq məndən tutulmuşdur. Indi isə Xətai Rayon Məhkəməsinin hazırki Qətnaməsi ilə yenidən faizlər hesablanmışdır. Bu əsaslarla da qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Iddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək, etirazını belə əsaslandırmışdır ki, hazırkı mübahisə kredit müqaviləsi üzrə borcun tutulması, restrukturizasiya müqaviləsinin yenidən hesablanması və ya məhkəmə əmri ilə tutulmuş məbləğin dəyişdirilməsi deyil. Hazırkı iddia yalnız ##.##.2015-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin məhkəmə əmri ilə müəyyən edilmiş pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən qanuni 5% tələbindən ibarətdir. Cavabdeh iddia edir ki, guya faizdən faiz tutulur. Bu iddia hüquqi baxımdan əsassızdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Bu norma müqavilə faizi, kredit faizi, restrukturizasiya faizi deyil, bu norma gecikdirmə məsuliyyətidir. Yəni bu, borcun üzərinə faiz əlavə etmək deyil, borcun vaxtında icra edilməməsinə görə qanuni sanksiyadır. Odur ki, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. Mülki iş materiallarında olan ## ###### 2015-ci il tarixli, ***/*****/RE nömrəli kredit müqaviləsi və kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən, borcalan cavabdeh2 36 ay müddətinə, illik 25% olmaqla 8730 AZN məbləğində kredit verilmişdir..
10. Iddiaçının ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, cavabdehə 4932.53 manat borc məbləğini tam olaraq 3 gün müddətindən gec olmayaraq banka ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir;
11. Hesabdan çıxarışa əsasən, 10026,60 manat pul vəsaitinin ödənilməsinin gecikdirilən ümumi gün sayı 3542 gündür. Dəymiş zərərin əvəzi (illik 5% hesablanmış) ümumilikdə, 4932.53 manat məbləğindədir.
12. Nəsimi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** nömrəli məhkəmə əmrinə əsasən, iddia təmin edilərək, borclular cavabdeh2 və cavabdeh1 “X1” ASC-nin xeyrinə əsas borc kimi 8 730 manat ümumilikdə isə cavabdehlərdən iddiaçının xeyrinə 10006.60 manat borc və dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir.
13. Maliyyə arayışına əsasən, cavabdeh1 və X2 ## ###### 2015-ci il tarixli, ***/*****/RE nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə ##.##.2025-ci il tarixə illik 5 faizlə hesablanmış, ümumilikdə 4932.53 manat məbləğində borcu vardır.
14. Istehlak krediti sifarişinə əsasən, ##.##.2015-ci il tarixdə “Borcverən” “Borcalan”-a bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verir, “Borcalan” isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən müəyyən edilmiş şərtlərlə və müddətlərdə “Borcverən”-ə qaytarılmasını öhdəsinə götürür. Kredit restrukturizasiya məqsədilə, 36 ay müddətinə verilmişdir.
15. Istehlak krediti zaminlik blankına əsasən, ##.##.2015-ci il tarixdə cavabdeh cavabdeh2 sözügedən kredit müqaviləsində alıcı olan cavabdeh1 üzərinə götürdüyü öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (kredit müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyada). Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1-739.2. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (kredit müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyada). Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Tətbiq edilən prosessual hüquq normaları:
17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Hazırkı halda, rayon məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
20. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı bank ilə cavabdeh cavabdeh2 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuş, bank müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etsə də, cavabdeh öz öhdəliyini tam və vaxtında icra etməmişdir.
22. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirildiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur.
23. Mülki iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli məhkəmə əmrinə əsasən borclular cavabdeh2 və cavabdeh1 “X1” ASC-nin xeyrinə əsas borc kimi 8730 (səkkiz min yeddiz yüz otuz) manat, 1185.60 (min yüz səksən beş manat altmış qəpik) manat faiz, 86 (səksən altı) manat cərimə, 5 (beş) manat bildirişin göndərilməsi üçün çəkilən poçt xərci olmaqla, ümumilikdə cavabdehlərdən iddiaçının xeyrinə 10006.60 (on min altı manat, altmış qəpik) manat borc və dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir.
24. Rayon məhkəməsi hesab etmişdir ki, cavabdehlərdən faiz borcunun məhkəmə qərarı ilə tutulmasına görə onun əsas borca birləşdirilərək ümumi məbləğdən yenidən gecikdirmə faizi hesablanması, belə faizinin tutulması barədə qaydanın məqsədinə xidmət etmir. Bu səbəbdən faizdən faiz tutulmur və MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq gecikdirilmiş məbləğə illik beş faiz aşağıdakı qaydada tutulmalıdır: 8730 manat (Nəsimi Rayon Məhkəməsi tərəfindən təyin olunan əsas borc)×0.05 (gecikdirilmiş məbləğə illik faiz) = 436.50 (illik faiz); 3542 (gecikdirilən ümumi gün sayı) ÷ 365 (bir il) =9.704109589041096 il (Illərlə gecikmə); 436.50 (illik faiz)×9.704109589041096 (Illərlə gecikmə) =4235.84... manat; tam hissə yüzlüyədək yuvarlaşdırlıqda – 4235.80 (dörd min iki yüz otuz beş manat səksən qəpik - ümumi gecikmə faizi).
25. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin əsas dəlili rayon məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə faizdən faiz tutulmasıdır.
26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarına görə banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.
27. Həmin Qərarda göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
28. Məhkəmə qeyd edir ki, rayon məhkəməsinin yuxarıda göstərilən hesablama qaydası ilə borclunun – cavabdehin məhkəmə əmri ilə müəyyən edilən borcunun ödənilməməsi – borc öhdəliyinin ödənilməsinin gecikdirilməsi ilə bağlı gecikdirilmiş məbləğə faiz hesablanmışdır. Göründüyü kimi 5% yalnız əsas borc məbləği olan 8730 manat üzərinə hesablanmışdır. Odur ki, hazırkı halda faizdən faiz tutulması müəyyən edilmir. Beləliklə də, müəyyən olur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
29. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
32. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
33. Belə olan halda müəyyən olunur ki, cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsassızdır, rayon məhkəməsinin qətnaməsi onun şikayətinə münasibətdə mübahisələndirilən hissədə qanuni və əsaslı olmuşdur.
34. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
36. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
38. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
39. Hazırkı halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4235.8 (dörd min iki yüz otuz beş manat səksən qəpik) manat olduğundan bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
40. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.