Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1546/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı IB-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Iddiaçı İddiaçı IB-nin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı IB cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nın 35.1-ci maddəsinə əsasən, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron Məhkəmə” Informasiya Sistemindən çıxarışdan görünür ki, cavabdehin qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Nizami rayonunun ərazisinə aiddir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. Iddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı IB ilə cavabdeh Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılıb və həmin müqavilənin icrası yeri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Bu səbəbdən Azərbaycan Respublikasının MPM-in 36.11-ci maddəsinə, yəni “icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər” müddəasına əsasən hazırkı iddiaya Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır.
6. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının hazırki tələbi tərəflər arasında mövcud olan müqavilədən əmələ gələn iddia deyil, mülki hüquq pozuntusundan (deliktdən) əmələ gələn iddiadır. Bu səbəbdən hazırki tələb üzrə MPM-in 36.11-ci maddəsi tədbiq edilə bilməz.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.11. Icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
12. Işdən görünür ki, tərəflər arasında ##.##.2024-cü il tarixində “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsi bağlanmışdır.
13. Iddiaçının iddia ərizəsində göstərdiklərinə görə, cavabdeh 2019-cu ilin iyun ayından 2024-cü ilin dekabr ayı ərzində təbii qazdan sayğacdan kənar əlavə xətt nəticəsində istifadə etmişdir.
14. Beləliklə, iddiaçı cavabdehdən müqaviləyə və qazdan istifadə qaydalarının tələblərinə əməl etməməklə təbii qazdan sayğacından kənar qanunsuz istifadə nəticəsində vurulmuş maddi ziyanın əvəzini tələb edir.
15. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış sözügedən müqaviləyə əsasən cavabdeh üzərinə “Qazdan istifadə Qaydalarının” tələblərinə əməl etmək, təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzini ödəmək öhdəliyi götürmüşdür (bənd 2.3).
16. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, iddiaçı icra yeri göstərilən müqavilədən əmələ gələn iddiasını müqavilənin icra yerinə görə verə bilər. Tərəflər arasında bağlanmış müqavilədən müəyyən edilir ki, müqavilənin icra yeri Xəzər rayonunun ərazisində yerləşir.
17. Kollegiya həmçinin qeyd edir ki, mübahisə ilə bağlı gələcəkdə mülki iş üzrə ekspertiza, yerində müayinə kimi prosessual tədbirlərin həyata keçirilməsi zərurəti yaranacağı təqdirdə işin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılması məqsədəuyğundur.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Fuad Abdıyev Günay Axundova