Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1585/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı QSC-nin nümayəndəsi QSC-nin adından cavabdehə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıya vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.943,18 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pulun cavabdeh tutularaq QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC-yə məxsus “Stadler” markalı elektrik qatarı ##.##.2025-ci il tarixdə saat 18:12 radələrində Bakı–Xırdalan–Sumqayıt istiqamətində hərəkətdə olarkən Keşlə–Biləcəri mənzilinin 12-ci km pk 2 hissəsində qatarın 2-ci vaqonunun T-2 qapısının şüşəsinə kənardan daş atılmış, nəticədə həmin şüşə sınmışdır. Aparılmış hesablama nəticəsində müəyyən edilmişdir ki, QSC-yə dəymiş zərər ümumilikdə 2.943,18 manat (görülməli işlərə görə ödənilməli olan əmək haqqı – 71,96 manat, şüşənin qiyməti və şüşənin dəyişdirilməsi üçün lazım olan materialların xərci – 2.868,58 manat, amortizasiya xərci – 0,29 manat, ümumtəsərrüfat xərcləri – 2,35 manat) təşkil edir. Hadisə ilə bağlı X2 Polis İdarəsinin Biləcəri X1 tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin şüşənin sınmasına səbəb olmuş daş hazırkı iş üzrə cavabdeh tərəfindən atılmış, lakin onun hərəkətində qəsdən törədilmiş cinayətin əməli yoxdur, hadisə təsadüfən baş vermişdir. Bunu müəyyən etmiş polis orqanı toplanmış material üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Lakin cavabdeh iddiaçı QSC-yə vurduğu maddi zərərin əvəzini ödəməmiş və ödəməkdən yayınır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, QSC-yə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.099 avro məbləğində pulun (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir qisminin – 42,13 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı QSC-yə iddia ərizəsində qeyd edilən şəraitdə maddi zərərin vurulması işin mübahisəsiz halını təşkil edir. Buna görə də, cavabdeh iddiaçıya vurduğu maddi zərərin əvəzini ödəməlidir. İddiaçı QSC, onu vurulmuş zərərin məbləğinin 2.943,18 manat (görülməli işlərə görə ödənilməli olan əmək haqqı – 71,96 manat, şüşənin qiyməti və şüşənin dəyişdirilməsi üçün lazım olan materialların xərci – 2.868,58 manat, amortizasiya xərci – 0,29 manat, ümumtəsərrüfat xərcləri – 2,35 manat) məbləğində olmasını bildirsə də, iddiaçı QSC ilə “xxxx” Şirkəti arasında bağlanmış ##.##.2019-cu il tarixli, *** nömrəli “Alğı-satqı müqaviləsindən” və həmin müqaviləyə “* saylı Qoşmadan” görünür ki, sərnişin vaqonunun salonunun yuxarı mərtəbəsinin şüşəsinin bir ədədinin dəyəri 1.099 avro təşkil edir. Digər xərclərin QSC tərəfindən faktiki çəkilməsi və çəkilmişdirsə, həmin xərclərin məhz cavabdehin hərəkətlərinin nəticələrinin aradan qaldırılması üçün çəkilməsi iddiaçı tərəfindən sübuta yetirlməmişdir. Buna görə də, iddia tələbi qismən təmin edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı QSC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi iş üzrə sübutları tam və obyektiv araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə zərərin yalnız bir hissəsinin tutulması barədə səhv nəticəyə gəlmişdir. Belə ki, vaqonun qapısının şüşənin dəyişdirilməsi mütəxəssis və köməkçi fəhlə tərəfindən həyata keçirilir, bunun üçün xüsusi avadanlıqlar işə cəlb olunur ki, onların amortizasiyası nəzərə alınmalıdır. Bundan başqa şüşənin dəyişdirilməsi zamanı sərt və maye rezin kipləşdiricilərdən istifadə edilir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
7. Apellyatorun - iddiaçı QSC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin dəlillərinə habelə iddia tələbinə uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi.
8. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) işdə olan sənədlər barədə məlumat
9. İşdə olan sənədlərdən birmənalı müəyyən edilir ki, iş üzrə cavabdeh ##.##.2025ci il tarixdə QSC-yə məxsus “Stadler” markalı elektrik qatarına daş ataraq qatarın qapısının şüşəsini sındırmışdır.
10. İddiaçı QSC ilə “xxxx” Şirkəti arasında bağlanmış ##.##.2019-cu il tarixli, *** nömrəli “Alğı-satqı müqaviləsindən” və həmin müqaviləyə “* saylı Qoşmadan” görünür ki, həmin şüşəsinin bir ədədinin dəyəri 1.099 avro təşkil edir.
11. QSC, həmin şüşəni yenisi ilə əvəz etmiş və bununla bağlı ##.##.2025-ci il tarixli “Görülmüş işlərin hesablanması” adlı sənəddə qeyd edilmişdir ki, görülmüş işlərin dəyəri 2.943,18 manat (görülməli işlərə görə ödənilməli olan əmək haqqı – 71,96 manat, şüşənin qiyməti və şüşənin dəyişdirilməsi üçün lazım olan materialların xərci – 2.868,58 manat, amortizasiya xərci – 0,29 manat, ümumtəsərrüfat xərcləri – 2,35 manat) təşkil edir.
12. İşdə olan sənədlərdən görünür ki, cavabdeh iddiaçı QSC-yə vurduğu maddi zərərin əvəzini ödəməmiş və ödəməkdən yayınır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Yuxarıda göstərilənləri və cavabdeh tərəfindən iddiaçı QSC-yə maddi zərərin vurulmasının işin mübahisəsiz halı olmasını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
14. Açıq internet resurslarından görünür ki, vaqonun qapısının şüşənin dəyişdirilməsi mütəxəssis və köməkçi fəhlə tərəfindən həyata keçirilir, bunun üçün xüsusi avadanlıqlar işə cəlb olun. Şüşənin dəyişdirilməsi zamanı sərt və maye rezin kipləşdiricilərdən istifadə edilir.
15. Odur ki, qeyd edilənləri və hüququ pozulmuş şəxsin – iddiaçı QSC-nin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin mövcudluğunu nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı qismən təmin edib, qalan hissədə iddianı təmin etməməkdə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Buna görə də, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
16. Rayon Məhkəməsi iddianın bir qismini təmin etsə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi həmin hissədə də, ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilməlidir.
17. Belə ki, MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
18. Mülki Məcəllənin 439.1-ci maddəsinə görə, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
19. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cü maddəsinin tələblərinə görə, Azərbaycan Respublikasının pul vahidi manatdır (hissə İ). Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır (hissə III.).
20. İddiaçı cavabdehə qarşı irəli sürdüyü iddia tələbində cavabdehdən onun xeyrinə tutulmalı olan pul məbləğinin Azərbaycan manatı ilə ifadə etsə də, işə baxış Rayon Məhkəməsi bunun üçün hər hansı prosessual və maddi əsas olmadığı halda cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləği xarici valyutada ifadə etmişdir. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
21. Beləliklə də apellyasiyanın nəticələrinı nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə tam həcmdə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tam həcmdə təmin olunmalı, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir.
22. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
23. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq 2.943 (iki min doqquz yüz qırx üç) manat 18 (on səkkiz) qəpik, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 (iyirmi altı) manat, cəmi 3.019 (üç min on doqquz) manat 18 (on səkkiz) qəpik cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilmir.