Məhkəmə qərarları › İş №e-2(3-6)-1662/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1662/2026

06.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1662/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (açar sözlər: iddia ərizəsini qəbul etməkdən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Işin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə 7.000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və 88 adda cehiz əşyalarının Cavabdeh alınaraq İddiaçı verilməsi, əmlaklar mövcud olmadığı təqdirdə həmin əşyaların dəyərinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

2. Icra məmuru Tamella Rüstəmova və Səbirə Məmmədovanın tələbkar, borclu və hal şahidlərinin iştirakı ilə birgə tərtib etdikləri ##.##.2025-ci il tarixli aktdan və akta əlavədən müəyyən olunur ki, 2 ədəd padnos, ütü, ətçəkən maşın, mikser, bıçaq dəsti, şirəçəkən, somavar dəsti, qonaq dəsti, yataq dəsti, mətbəxt dəsti, qırmızı stol-stul, soyuducu, paltaryuyan, tozsoran, qazsobası, asperator, 1 ədəd uşaq çarpayısı, uşaq şkafı, tefal qazan dəsti 2 ədəd blender mövcud olan, lakin tələbkar tərəfindən götürülməyən əşyalardır.

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçıya vurmuş olduğu 11.665 manat maddi ziyan, tərəfindən ödənilmiş 125 manat dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh üzərinə həbs qoyularaq ünvan 1 ünvanında saxlanılan cehiz əşlarını onlar barəsində hər hansı hərəkətlərin edilməsi haqqında qadağanın olmasına baxmayaraq qanunsuz olaraq həmin əmlakları oradan götürərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə aparmışdır. Cavabdeh əmlaklarını daşıyarkən avadanlıq və əşyalarla qəsdən düzgün davranmamış, nəticədə əşyaları qırılmış, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Cavabdeh məhkəmə qərardadı üzrə üzərinə qoyulan vəzifənin icrasını təmin etmiş olsa idi, əmlakları zədələnməyərək maddi ziyan dəyməzdi. Əmlakları zədələndiyindən həmin əşyalar tərəfindən götürülməmiş, daşınma nəticəsində əmlaklarına dəymiş ziyanın əvəzinin könüllü olaraq aradan qaldırılması cavabdehdən tələb edilmiş, lakin bunun müsbət nəticəsi olmamışdır. Cavabdehin hərəkətləri nətəcəsində zədələnmiş cehiz əşyaları aşağıdakılardır: 1. 2 ədəd padnos, hər birini dəyəri 25 manat olmaqla cəmi 50 manat; 2. Elektrik ütüsü “King” buxarlı, türkiyə is. 60 manat; 3. Elektrik ətçəkən maşın “King” türkiyə is 125 manat; 4. Elektrik mikseri qabı və altdığı ilə “King” türkiyə is. 60 manat;

5. Bıçaq dəsti (nabor) 60 manat; 6. Elektrik şirəçəkən maşın “King” türkiyə is. 80 manat; 7. Somavar dəm çaydanı ilə dəst 55 manat; 8. Qonaq mebel dəsti (sema mebelevi, türkiyə is.) 3500 manat; 9. Yataq mebel dəsti türkiyə is. 2100 manat; 10. Mətbəxt mebel dəsti 11 p.metr Azər. is. 2250 manat; 11. Stol-stul (qırmızı rəngli) mətbəxt üçün 6 ədəd dəst 350 manat; 12. Soyuducu “Hotpoint-Ariston” 800 manat; 13. Paltaryuyan “Hotpoint-Ariston” 550 manat; 14. Tozsovuran “Samsunq” koreya iş. 270 manat; 15. Təbii qazsobası“Samsunq” koreya is. 220 manat; 16. Asperator “Samsunq” koreya is. 120 manat; 17. Uşaq çarpayısı, tək nəfərlik 300 manat; 18. Uşaq paltar şkafı 3 qapılı 400 manat; 19. Tefal qazan dəsti ( 4lü) 175 manat; 20. Blender dəsti “King” türkiyə is. 140 manat olmaqla zərər məbləğinin cəmi: 11.665 manat təşkil edir.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ****/**** nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, eyni tərəfə qarşı, eyni tələb ilə bağlı məhkəmə aktları çıxarılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə mübahisəli cehiz əşyalarının, əşyalar olmadığı təqdirdə isə onların dəyərinin Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Işə əlavə edilmiş icra məmurunun tərtib etdiyi aktdan görünür ki, iddiaçının hazırda dəyərini tələb etdiyi əşyalar mövcud olmuş, lakin onların istifadəyə yararsız olması səbəbindən iddiaçı tərəfindən götürülməmişdir. Məhkəmə bu məqamda qeyd edir ki, bundan əvvəlki məhkəmə araşdırması zamanı işin halları araşdırılmışdır. Hazırkı iddia ərizəsi əsasında qətnamənin çıxarılması eyni məsələyə ikinci dəfə baxılması və əşyaların dəyərinin yenidən cavabdehdən tutulması ilə nəticələnə bilər. Bir halda ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həmin əşyaların olmadığı təqdirdə dəyərinin cavabdehdən tutulması qət edilib, iddiaçı bu hüququndan istifadə edərək, icra qaydasında həmin əşyaların dəyərinin cavabdehdən alınmasını tələb edə bilər.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

7. Iddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, cavabdehdə aşkarlanmış, iddia ərizəsində göstərilən 20 adda əmlakı zədələndiyindən bu əsaslar üzrə cavabdehə qarşı maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə qanunu səhv təfsir edərək qanunun tələblərini və onun qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmənin “qısa araşdırması” nəticəsində hazırkı maddi ziyan tələbini cehiz əşyalarının, əşyalar olmadığı təqdirdə onların dəyərinin alınması üzrə Bakı Apellyasiya məhkəməsinin qətnaməsi ilə eyni olması qənaətinə gələrək, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə kimi dəyərləndirmiş və nədənsə prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmək istəməmişdir. Cavabdehin hərəkətləri nəticəsində əmlakları zədələnmiş, bəziləri isə istifadəyə yararsız vəziyyətə salınmışdır. Apellyasiya məhkəməsinin qətnaməsində isə cehiz əmlaklarının alınaraq ona verilməsi, həmin əmlaklar olmadığı təqdirdə isə həmin əşyaların dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi qeyd edilmişdir. Yəni cavabdehdə əmlakları aşkar edilmiş, lakin həmin əşyalar yararsız vəziyyətə salındığından ona maddi ziyan dəymişdir. Hazırkı maddi ziyan tələbinin isə eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə tərəfindən maddi ziyan tələbinin əvvəlki qətnaməyə əsasən eyni predmet barəsində və eyni əsaslar üzrə tələb kimi qəbul edilməsi, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunması qanunsuzdur.

9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

14. Işdən müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən bir sıra ceyiz əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi, əşyalar mövcud olmadığı təqdirdə həmin əşyaların dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

15. Həmin iş üzrə müəyyən edilmişdir ki, sözügedən əşyalar mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və o, özünə məxsus əşyaları cavabdehin qanunsuz sahibliyindən tələb edir (vindikasiya növündə iddia).

16. Hazırki iş üzrə isə iddiaçı iddia ərizəsində göstərir ki, həmin əşyaların bir neçəsi cavabdehin hərəkətləri nəticəsində zədələnmiş, bu səbəblə iddiaçı həmin əşyaları qətnamənin icrası zamanı götürməmiş, cavabdehdən vurulmuş zərərin əvəzinin könüllü olaraq aradan qaldırılmasını tələb etmiş, lakin bunun müsbət nəticəsi olmamışdır.

17. Göründüyü kimi, iddiaçının zədələndiyi bildirdiyi əşyalar mövcuddur və hazırki iddia tələbi iddiaçının mülkiyyətində olan əşyalara vurulmuş zərərin əvəzinin ödənilməsi barədədir, həmin əşyaların ona alınıb verilməsi barədə deyil. Başqa sözlə, hazırki iş üzrə iddianın əsası fərqlidir.

18. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, əşyalar mövcud olduğu halda onların həqiqətən zərərə məruz qalıb-qalmaması məhkəmə qaydasında araşdırılmadan cavabdehin üzərinə əvvəlki iş üzrə çıxarılmış qətnamə əsasında icra zamanı əşyaların dəyərinin ödənilməsi öhdəliyinin qoyulması qanunvericiliyin tələblərinə uyğun ola bilməz.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Fuad Abdıyev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar