Məhkəmə qərarları › İş №e-2(3-6)-1672/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1672/2026

19.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1672/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” ASC-nin - cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: pul tələbi) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı “xxxx” ASC - cavabdeh Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5000 manat məbləğində pulun və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixində **PL*** dövlət qeydiyyat nişanlı KIA PICANTO markalı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. X1 idarə etdiyi həmin avtonəqliyyat vasitəsi ilə ##.##.2023-cü il tarixində X4 idarə etdiyi **DC*** dövlət qeydiyyat nişanlı Lexus RX-300 markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. DIN əməkdaşı tərəfindən aparılmış sənədləşməyə əsasən X1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. X4 **DC*** dövlət qeydiyyat nişanlı Lexus RX-300 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı “xxxx” ASC-yə müraciət etmişdir. #***XOH********** nömrəli ödəniş tapşırığı əsasında 5000 manat məbləğində sığorta ödənişi Cavabdeh hesabına köçürülmüşdür. Sonradan sənədləşmənin düzgün aparılmadığı aşkar edilmiş, **DC*** dövlət qeydiyyat nişanlı Lexus RX-300 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə münasibətdə X1 təqsirinin mövcud olmadığı aydın olmuşdur. Cavabdehə # ###### 2023-cü il tarixində ödənilmiş məbləğin geri qaytarılması barədə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği geri qaytarmamışdır.

3. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Ilkin Rüstəmli) ilə iddia tələbi təmin edilmiş, 5000 manat məbləğində pul vəsaiti, həmçinin məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub «xxxx» ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Səbail RPITŞ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı X1 və X4 məsuliyyəti müəyyən olunmuşdur. Mülkiyyətçisi olduğu avtonəqliyyat vasitəsini o deyil, etibarnamə əsasında B.Əbülhəsənov idarə etmişdir. Rayon məhkəməsi baş vermiş yol-nəqliyyat hadisəsində onun təqsirinin olmadığını, hadisə zamanı onun əmlakına ziyan dəydiyini nəzərə almadan onun əsassız varlanan şəxs olduğu qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək, qeyd etmişdir ki, cavabdeh hadisə üzrə təqsirkarın o deyil, avtomobili etibarnamə əsasında idarə edən şəxs X4 olduğuna əsaslanaraq onun əsassız varlanmadığını iddia edir. Halbuki, cavabdehin əsassız varlanmasının səbəbi onun mülkiyyətində olan avtomobil hadisədə təqsirkar olduğu halda, onun zərərçəkən şəxs olaraq ödəniş almış olmasıdır. Icbari sığorta üzrə zərərvuran avtomobilin sığortaçısı tərəfindən zərərçəkən avtomobilin mülkiyyətçisinə ödəniş edilir. Hazırki halda isə ödəniş almış cavabdeh zərərvuran avtomobilin mülkiyyətçisidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsində şəxsən onun heç bir təqsiri olmayıb, hadisə nəticəsində onun avtomobilinə də zərər dəyib. Iddiaçı əsassız olaraq verdiyi pulu ondan geri tələb edir.

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Belə olan halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.

10. Sübutların tədqiqi:

11. Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın və ##.##.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X1 idarə etdiyi ** PL *** dövlət qeydiyyat nişanlı KIA PICANTO markalı avtonəqliyyat vasitəsi ilə X4 idarə etdiyi ** DC *** dövlət qeydiyyat nişanlı Leksus RX-300 markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir.

12. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarın surətindən görünür ki, sürücü X1 AR IXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qərar Səbail rayon Məhkəməsinə, Əbdülhəsən Durhəsən oğlunun AR IXM-nin 327.1-ci maddəsi ilə qərar Səbail RPI-nin DYPŞ-nə göndərilmişdir.

13. Icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Kia Picanto markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də sığortalanmışdır.

14. AC № ****** nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Lexus RX ***” minik markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh xüsusi mülkiyyətindədir.

15. ƏN-IV № ****** etibarnamənin surətindən görünür ki, Cavabdeh ona məxsus Lexus RX ***” minik markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququnu X5 etibar etmişdir.

16. Cavabdeh tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ərizədə “Lexus RX ***” minik markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə baş vermiş sığorta hadisəsi ilə bağlı 5000 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi xahiş olunmuşdur.

17. Mülki iş materiallarında olan ##.##.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 5000 manat məbləğində sığorta ödənişi “xxxx” ASC tərəfindən Cavabdeh ödənilmişdir.

18. Inzibati tənbeh vermə haqqında ##.##.2023-cü il tarixli Qərara əsasən X5 AR IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.

19. Səbail rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə X1 AR IXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

26. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

27. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

28. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

30. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. «Icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun:

31. 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.

32. 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

33. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

34. 52–1.3. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar Mərkəzi Bank tərəfindən müəyyən edilir.

35. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

36. 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;

37. 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

38. 58.3–2. Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

44. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

51. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

52. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Belə ki, hazırkı işin halları ondan ibarətdir ki, X1 idarə etdiyi ** PL *** dövlət qeydiyyat nişanlı KIA PICANTO markalı avtonəqliyyat vasitəsi ilə X4 idarə etdiyi ** DC *** dövlət qeydiyyat nişanlı Lexus RX-300 markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. KIA PICANTO markalı avtonəqliyyat vasitəsi “xxxx” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta edilmişdir. ** DC *** dövlət qeydiyyat nişanlı Lexus RX *** markalı avtonəqliyyat vasitəsi Cavabdeh xüsusi mülkiyyətindədir. X1 yolnəqliyyat hadisəsi nəticəsində piyadaya vurmuş olduğu zərərə görə təqsirli bilinmişdir. Hadisədən sonra sığorta şirkəti tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh məxsus olan Lexus RX-300 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə X1 təqsirli hesab olunduğu zənn edilərək, Cavabdeh 5000 manat sığorta ödənişi edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, X1 yol-nəqliyyat hadisəsi zamanı piyadaya vurmuş olduğu zərər görə təqsirli bilinmiş, cavabdehə məxsus olan Lexus RX *** markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə isə həmin avtomobilin sürücüsü X5 təqsirli bilinmişdir. Bundan sonra iddiaçı ödəmiş olduğu sığorta ödənişinin geri qaytarılması üçün cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh bundan yayınmışdır.

54. Iddia tələbini təmin edən rayon məhkəməsi müəyyən etmişdir ki, cavabdeh heç bir qanuni əsas olmadan əsassız olaraq varlanmış və bunun nəticəsində iddiaçıya zərər dəymişdir.

55. Belə olan halda məlum olur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir.

56. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).

57. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.).

58. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.

59. Iddia tələbinin qanuni əsasının tapılmasından sonra növbəti mərhələ iddiaçının bildirdiyi halların qanunun dizpozitiv şərtlərinə uyğun gəlib-gəlməməsini yoxlanılmasından ibarət olmalıdır.

60. Hazırkı mübahisənin müəyyən olunmuş halları istinad olunan normanın dispozitiv şərtlərinə, yəni sonradan aradan qalxmış əsasa tam uyğun olduğunu təsdiqləyir.

61. Cavabdeh apellyasiya şikayətində yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olmadığını və iddiaçı tərəfindən ödənilmiş sığorta məbləğinin əsassız olaraq ondan tələb edildiyini göstərsə də, Məhkəmə həmin dəlili əsassız hesab edir.

62. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh məxsus Lexus RX-300 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə X4 təqsirli bilinmişdir. Həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmişdir. Buna görə də cavabdehə məxsus avtomobilin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olması halı hazırkı mübahisə üzrə yenidən sübut edilməli hal hesab edilə bilməz.

63. Iş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı tərəfindən 5000 manat məbləğində sığorta ödənişi ilkin araşdırma zamanı yanlış olaraq digər sürücünün təqsirli hesab olunması əsası ilə həyata keçirilmiş, sonradan isə cavabdehə məxsus avtomobilin sürücüsünün təqsirli olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ödədiyi məbləğin cavabdehdən geri tələb edilməsi qanunun tələblərinə uyğun olmuşdur.

64. Məhkəmə qeyd edir ki, cavabdehin 5000 manat sığorta ödənişini əldə etməsi üçün hüquqi əsas mövcud olmadığından cavabdeh əsassız varlanan şəxsdir. Cavabdehin əsassız varlanmasının səbəbi onun mülkiyyətində olan avtomobil hadisədə təqsirkar olduğu halda, onun zərərçəkən şəxs olaraq ödəniş almasıdır. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 5000 manat məbləğinin geri tələb edilməsi əsaslı olmuşdur.

65. Beləliklə, cavabdehin hadisədə təqsirinin olmaması barədə apellyasiya şikayətinin dəlili iş üzrə toplanmış sübutlarla təkzib olunduğundan rayon məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

66. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

68. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

69. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

70. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

71. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

72. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

74. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

75. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

76. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar