Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1706/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «maddi ziyan, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı R Rəhim Allahverdiyev ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərib ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Nissan Altima” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Cavabdeh əməlində İXM-nin 327.1-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü Cavabdeh barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin X1 Şöbəsinə göndərilib.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Xəzər rayon DYPŞ-nin ##.##.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.
3. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qəbzdə sığorta ödənişi qismində 4989,47 manatın İddiaçı ödənildyi göstərilib.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı avtoqəza nəticəsində əmələ gələn maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurulmuş maddi zərərin əvəzi kimi- 40673 manat, vəkil üçün 300 manat və dövlət rüsumuna görə 213 manat xərcin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
5. İddiada göstərilib ki, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər Rayonu, Buzovna qəsəbəsində Cavabdeh idarə etdiyi “Nissan Altima” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında olan arakəsmələrə daha sonra arxada hərəkətdə olan İddiaçı məxsus “Jeep” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşub. Hadisə zamanı ağır və az ağır xəsarət alan olmadığı üçün ##.##.2024-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilib. “xxxx” MMC-nin yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə ## ##### 2024-cü il tarixli ilkin qiymətləndirmə aktına əsasən, zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərər 35 789 manat həcmində müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən təqdim edilən ##.##.2024cü il tarixli əmtəə dəyərinin itkisi haqqında hesabata əsasən ** GG *** dövlət qeydiyyat nişanlı “X2” minik avtonəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində ## ##### 2024-cü il tarixinə hesablanmış əmtəə dəyər itkisi 9780 manat müəyyən olunmuşdur. ##.##.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinə 45569 manat zərər dəymiş və həmin zərərin 4896 manat hissəsini sığorta şirkəti qarşılamışdır.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia tələbinin qismən təmin edilərək cavabdeh Cavabdeh 28210,53 (iyirmi səkkiz min iki yüz on, əlli üç) manat zərər, 300 manat hüquqi yardım haqqı olmaqla, cəmi 28510,53 (iyirmi səkkiz min beş yüz on, əlli üç) manat və ödənilmiş dövlət rüsumuna görə 175 manatın tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş üzrə cavabdeh Cavabdeh idarə etdiyi avtomobillə iddiaçıya məxsus olan avtomobillə toqquşmuş və nəticədə sonuncuya məxsus avtomobilə maddi zərər dəymişdir. Sığorta şirkəti (icbari sığorta) tərəfindən zərərin 4978,47 manat hissəsi qarşılanmışdır. Həmçinin dəymiş ziyanın məbləği ilə bağlı, iddiaçı yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin əvəzini -“xxxx LTD” MMC servisin ##.##.2024-cü il tarixli qüsur aktı ilə 35789 manat məbləğində qiymətləndirməsi əsaslı hesab edilə bilməz. Avtoservis qiymətləndirmə apararkən, yalnız yeni ehtiyat hissələrinin qiymətinə istinad etmişdir. Nəzərə almaq lazımdır ki, ziyan dəymiş avtomobil 2014-cü il buraxılışlı olmaqla xeyli müddətdə istifadə edildiyindən müvafiq olaraq aşınmaya və köhnəlməyə məruz qalmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılan qiymətləndirmə zamanı isə dəyişilməli hissələrin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığından daha mötəbər sübut kimi qəbul olunmalıdır. Bu halda dəymiş maddi ziyan 33200 manat qəbul edilməlidir. Həmin məbləğdən 4989,47 manat pul İddiaçı sığorta şirkəti tərəfindən ödənilməsi nəzərə alınaraq tutulmalı məbləğ 28210,53 (33200-4989,47=28210,53) müəyyən edilməlidir. Avtomobilin əmtəə dəyərinin itirilməsi ilə bağlı olaraq məhkəmə qeyd edib ki, ekspert rəyindən də göründüyü kimi avtomobilin əmtəə dəyərinin itməsi avtoservisin təmiri ilə əlaqələndirilmişdir. Bu halda iddiaçı tərəfindən ona məxsus avtomobilin əmtəə dəyərinin itirilməsi ilə bağlı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən həmin hissədə iddia təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
9. İddiaçı İddiaçı (nümayəndəsi və vəkili vəkil2) apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilərək həmin hissədə də iddianın təmin edilməsini xahiş edib göstərir ki, məhkəmə nəzərə almamışdır ki, təmir olunmayan, zədə almayan, original hissələri ilə avtomobilin əmtəə dəyəri zədə almış, təmir olunmuş və original hissələri dəyişdirilmiş, xüsusən də, rəng vurulmuş avtomobilin əmtəə dəyərindən fərqlidir. “xxxx LTD” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən “Jeep GrandCherokee” minik avtonəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində ## ##### 2024-cü il tarixinə hesablanmış əmtəə dəyər itkisi 9780 manat müəyyən olunmuşdur. “xxxx LTD” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qiymətləndirmə rəyi mötəbər sübut kimi nəzərə alınmalıdır və rəydə göstərilən əmtəə dəyər itkisinə dair məbləğ də cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Məhkəmə Mülki Məcəllənin 21.2-ci maddəsinin tələblərinə əsaslanaraq hesab etmişdir ki, Cavabdeh hüquqa zidd əməli (inzibati xəta törətməsi) nəticəsində iddiaçının əmlakına zərər vurulmuşdur. Lakin zərərin ödənilməsinə gəldikdə isə, məhkəmə iddiaçıya məxsus avtomobilin əmtəə dəyərinin itirilməsi hissəsində iddia tələbini təmin etməmişdir. Baxmayaraq ki, istinad olunan qanunvericiliyin tələblərinə əsasən zərər çəkmiş şəxsin əmlakına vurulmuş zərərin zərər vuran tərəfindən tam həcmində ödənilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, zərər çəkmiş şəxsə zərər vuran tərəfindən zərərin tam həcmində ödənilməsi, itirilmiş əmtəə dəyərinin ödənilməsi də nəzərdə tutulur. Belə ki, avtomobilin təmirindən sonra, avtomobilin avtoqəzadan əvvəlki vəziyyətə çatdırılması üçün mütləq şəkildə itirilmiş əmtəə dəyəri nəzərə alınmalıdır. İtirilmiş əmtəə dəyərinin müəyyən edilməsi üçün həmin sahədə xüsusi biliyə malik olan şəxslər tərəfindən avtomobilə baxış keçirərək mütəxəssis rəyi hazırlanmışdır, lakin birinci instansiya məhkəməsi təqdim olunmuş mütəxəssis rəyinə münasibət bildirmədən iddia ərizəsinin itirilmiş əmtəə dəyərinin tələbi ilə bağlı iddiaçı tərəfindən mötəbər sübut təqdim olmadığı qənaətinə gəlmişdir. Bu səbəbdən, qətnamə həmin hissədə qismən ləğv edilməli və itirilmiş əmtəə dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir.
10. Cavabdeh Cavabdeh (nümayəndəsi və vəkili vəkil1) isə apellyasiya şikayətində sığortaçı tərəfindən qiymətləndirilmiş və ödənlmiş 4896 manat məbləğin real zərərin ödənilməsi kimi qəbul edilərək qətnamənin ləğv edilməsini, iddianın isə təmin edilməməsini xahiş edib göstərir ki, hadisə yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitələrinin iştirakı ilə baş vermişdir. Hava şəraiti və yolun vəziyyəti də zərərin yaranmasına təsir göstərmişdir. Zərərin yalnız cavabdehin üzərinə qoyulması ədalətli qiymətləndirmə prinsipinə ziddir; məsuliyyətin digər faktorlar, qarşı tərəfin hərəkəti və təsirini nəzərə alaraq ədalətli bölüşdürülməsi vacibdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 iddiaçının apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilib həmin hissədə də iddianın təmin edilməsini, həmçinin cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
12. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edib.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Hər iki apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətlərin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün iddiaçının şikayətinin obyektini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsi, cavabdehin şikayətinin obyektini qətnamənin iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetlərini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Təmin edilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, təmin edilməyən hissədə isə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
22. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülki hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
25. Əvvəla, iddianın təmin edlməyən hissəsi üzrə mübahisəyə tətbiq edilməsi nəzərdə tutulan yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarınının tələbinə görə də bu hissədə iddianın təmin edilməsi üçün istər maddi, istərsə də prosessual hüquqi əsas yoxdur. Çünki təmin edilməyən hissənin əsaslılığını irəli sürən subyekt, yəni iddiaçı təsdiq etməlidir. Bu, tərəflər arasında sübutetmə vəzifəsini bölüşdürən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbidir. Lakin iddiaçı bu hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.
26. Belə ki, iddiaçı iddiasının təmin edilməyən hissəsi üzrə sübut qismində “xxxx LTD” MMC-nin ##.##.2024-cü il tarixli rəyinə əsaslanır. Rəydə 2014-cü il buraxılışlı “Jeep GrandCherokee” minik avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində ## ##### 2024-cü il tarixinə hesablanmış əmtəə dəyər itkisinin 9780 manat qeyd olunduğu üçün bu rəyi mötəbər sübut hesab edir. Qeyd olunan rəydə eyni ildə buraxılmış, eyni markalı avtomobilin yaxşı vəziyyətdə orta bazar dəyərinin 47000(qırx yeddi min) manat təşkil etdiyi də göstərilib(cild 1;i.v;28).Göründüyü kimi, sözügedən rəyə əsaslanan iddiaçının mövqeyi açıq-aşkar əsassız görünməsə də, qeyd olunan hissədə də iddianın təmin olunması cavabdehin həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə səbəb olar ki, bu da ədalətli nəticə olmur. Çünki iddiaçının həm sığorta ödənişi nəticəsində aldığı, həm də qətnamə ilə tutulacaq məbləğ, üstəlik əmtəə dəyər itkisini görə almaq istədiyi məbləğ nəzərə alındıqda (28210,53+4989,47=33200+9780=42980) bu məbləğ demək olar ki, eyni ildə buraxılmış, yaxşı vəziyyətdə olan, eyni markalı avtomobilin orta bazar dəyərini təşkil edir. Başqa sözlə, iddiaçının həm sığorta ödənişi nəticəsində aldığı, həm də qətnamə ilə tutulacaq məbləğin cəmi nəzərə alındıqda bu məbləğin əmtəə dəyər itkisini də əhatə etməsinin müəyyən olunması nəzərə alınmalıdır. Məhkəmə tərkibi bu qənaətə gələrkən işin hallarını, tərəflərin qarşılıqlı münasibətini, zərərlə bağlı işdə olan rəylərin məzmununu, eləcə də iddiaçı tərəfin mövqeyini əsas götürür. Yəni iddiaçı bir tərəfdən avtomobilin hadisədən əvvəlki vəziyyətinin bərpa olunmasının mümkün olmadığını bəyan edir, digər tərəfdən isə avtomobilin avtoqəzadan əvvəlki vəziyyətə çatdırılması üçün mütləq şəkildə itirilmiş əmtəə dəyərinin nəzərə alınmalı olduğunu göstərir. Ancaq əmtəə dəyərinin itirilməsinə görə tələb edilən məbləğin, avtomobilin təmirinə sərf ediləcək məbləğə aid edilməsi də düzgün yanaşma deyil. Çünki təmirə sərf ediləcək məbləğin bir hissəsini iddiaçı sığorta ödənişi əsasında alıb, digər hissəsi isə qətnamə ilə tutulacaq. Əmtəə dəyəri üzrə tələb edilən məbləğ isə bilavasitə təmirə aid xərc hesab edilmədiyindən onların qarışdırılması da düzgün deyildir. Ona görə də bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə tərkibi də razılaşır.
27. Cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə isə qeyd olunur ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı, o cümlədən həmin icraat zamanı keçirilən yol nəqliyyat hadisələri ekspertizası ilə təsdiq olunub ki, “Jeep” markalı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozuntusuna yol verilməyib. Ona görə də hazırkı iş üzrə cavabdehin həmin icraat zamanı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəmə qərarı ilə rədd olunub. Bu cür vəziyyətdə hadisənin yağışlı hava şəraitində baş verməsi o demək deyil ki, qarşı tərəfin də bu hadisənin baş verməsində təqsiri olub. Qeyd olunduğu kimi “Jeep” markalı avtomobilin sürücüsünün baş vermiş hadisə zamanı təqsirinin olmaması məhkəmə qərarı ilə təsdiq olunub. Bu halda qarşı tərəfin təqsiri sübuta yetirilmədiyi halda hava şəraiti və yolun vəziyyətinin zərərin yaranmasına təsir göstərməsi üzrə hüquqi dəyərləndirmə aparılmasına da əsas və zərurət yoxdur, üstəlik zərərin bölüşdürülməsindən də söhbət gedə bilməz.
28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.