Məhkəmə qərarları › İş №e-2(3-6)-1753/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1753/2026

07.07.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1753/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Məcnunova İradə Şükür qızının cavabdeh Cavabdeh X4rşı “liftdən istifadə etməyə yaradılmış maneənin aradan qaldırılması və liftə quraşdırılmış cihazın ləğv edilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı cavabdeh Müəssisəyə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ** saylı mənzilin yerləşdiyi binanın, yəni Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsində yerləşən ** saylı binanın liftlərindən onun istifadəsinə cavabdeh Müəssisə tərəfindən yaradılan maneənin aradan qaldırılması, liftlərdə qanunsuz olaraq quraşdırılmış (liftləri işə salınmasının qarşısını ala biləcək) cihazların ləğv edilməsi, liftlərdən istifadəyə gələcəkdə maneənin yaradılmasının cavabdeh Müəssisəyə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda yerləşən binanın 15ci mərtəbəsindəki ** saylı mənzil iddiaçının mülkiyyətindədir. Buna baxmayaraq binanın idarəçiliyini öz üzərinə götürmüş cavabdeh MMM, binaya kommunal xidmətlərin göstərilməsi ilə kifayətlənməmiş, binanın liftlərinə (liftləri işə salınmasının qarşısını ala biləcək) cihazlar quraşdırmış və sakinlərə həmin cihazlar ilə əlaqəsi olan maqnit kartları paylamışdır. Nəticədə MMM istənilən bəhanə ilə, o cümlədən kommunal xidmətlərin ödənilməməsi bəhanəsi ilə həmin kartları deaktiv edərək, binada yaşayan mülkiyyətçilərin və digər sakinlərin ümumu mülkiyyətində olan liftlərdən istifadəni məhdudlaşdırmağa nail ola bilir. Bu kimi məhdudlaşdırma hazırda iddiaçıya və bir sıra digər sakinlərə münasibətdə qanunsuz olaraq tətbiq edilir. Digər sakinlər tərəfindən dəfələrlə həmin qanunsuz hərəkətlərlə bağlı polis orqanlarına müraciət olunmuş, lakin indiyədək cavabdehin sözügedən əməllərinin qarşısı alınmamışdır. Bu səbəbdən də, iddiaçı, hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. b) birinci instansiya icraatı zamanı tərəflərin verdikləri izahatlar haqqında məlumat

3. İddiaçının vəkili (nümayəndəsi) nümayəndə2 iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat verdir.

4. Cavabdeh Müəssisənin nümayəndəsi İbrahimov Akif Qüdrət oğlu iddia tələbinə etiraz edərək, bildirdi ki, təmsil etdiyi Müəssisə həmin binada yaşayan sakinlərin əksəriyyətinin təşəbbüsü ilə yaradılıb və Müəssisə onların tələbi ilə liftlərə qeyd edilən cihazları quraşdırmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının mülkiyyətində olan və yuxarıda qeyd edilən ünvanında yerləşən binanın liftlərindən istifadə edilməsinə cavabdeh Müəssisəsi tərəfindən iddiaçıya yaradılmış maneələrin aradan qaldırılmasını və iddiaçının liftlərdən sərbəst istifadə etməsi üçün şərait yaradılması öhdəliyinin cavabdeh Müəssisəsinin üzərinə qoyulmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, lift çoxmənzilli yaşayış binasının ümumi əmlakının tərkib hissəsidir və mənzil mülkiyyətçisi həmin ümumi əmlakdan istifadə hüququna malikdir. Cavabdeh Müəssisə kommunal xidmət haqqının ödənilməməsini əsas gətirməklə iddiaçının liftdən istifadəsini məhdudlaşdırmaqla mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaratmışdır. Cavabdehin kommunal xidmətlə bağlı borcun tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək hüququ olduğu halda belə bir məhdudiyyət tətbiq etməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Bu səbəbdən də iddia ərizəsində qeyd edilən ünvanında yerləşən binanın liftlərindən istifadə edilməsinə cavabdeh Müəssisəsi tərəfindən iddiaçıya yaradılmış maneələrin aradan qaldırılmalı, iddiaçının liftlərdən sərbəst istifadə etməsi üçün şərait yaradılması öhdəliyi cavabdeh Müəssisəsinin üzərinə qoyulmalıdır. Qalan hissədə isə iddia təmin edilməməlidir. d) apellyasiya şikayəti haqqında məlumat

7. Cavabdeh Müəssisənin nümayəndəsi Müəssisənin adından Rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Əsasları Müəssisənin nümayəndəsinin Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı, MMC tərəfindən binanın sakinlərinə, o cümlədən iddiaçıya göstərilən kommunal xidmətlərə, o cümlədən liftlərin işlək, təhlükəsiz və təmiz vəziyyətdə saxlanılması ilə bağlı xidmətlərə görə borcu ödəmir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi haqqında məlumat

9. Cavabdeh Müəssisənin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

10. İddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həddi haqqında məlumat

11. Hazırkı iş üzrə apellyasiya baxışının həddi ilə bağlı Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

12. Cavabdeh Müəssisə həmin qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilib, iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh Müəssisə iddia tələbinin bir qisminin təmin edilməməsi ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir, o, iddia tələbinin bir qisminin təmin edilməsi ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir.

13. Odur ki, bunları, mübahisə predmetinin bölünməz olmadığını və MPM-in 372.6-ci maddəsinin tələblərini nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, işdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən binanın 15-ci mərtəbəsindəki ** saylı mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh Müəssisə həmin binanın idarəçiliyini həyata keçirir, binada yaşayan mənzil mülkiyyətçilərinə və sakinlərə, o cümlədən iddiaçıya kommunal, o cümlədən liftlərin işlək, təhlükəsiz və təmiz vəziyyətdə saxlanılması ilə xidmətlər göstərir. Bununla bağlı sakinlərlə, o cümlədən iddiaçı ilə cavabdeh Müəssisə arasında müxtəlif tarixlərdə “xxxx” bağlanmışdır. Müəssisə həmin binada yaşayan sakinlərin əksəriyyətinin təşəbbüsü ilə yaradılıb və Müəssisə onların tələbi ilə liftlərə qeyd edilən mübahisəli (liftləri işə salınmasının qarşısını ala biləcək) cihazları quraşdırmış və sakinlərə həmin cihazlar ilə əlaqəsi olan maqnit kartları paylamışdır. MMM, həmin kartların hər hansı birini və ya hamısını istənilən səbəbdən və istənilən vaxt deaktiv etmək üçün texniki imkana malikdir. İşin hallarından da görünür ki, bu kimi məhdudlaşdırma hazırda iddiaçıya münasibətdə tətbiq edilir.

16. İşin hallarını, o cümlədən iddiaçı ilə cavabdeh Müəssisə arasında “Xidmət (tapşırıq) müqaviləsinin” bağlanmasını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (maddə 777.1.). Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.2.). Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur (maddə 1087.1.). İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur (maddə 1087.2.). Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur (maddə 1090.1.).

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır (maddə 43.1.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bir sıra səlahiyyətləri var ki, buraya çoxmənzilli binanın idarəetmə üsulunu seçmək səlahiyyəti də daxildir. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (maddə 135.1.). Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir (maddə 135.2.3.). Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq (maddə 136.2.). Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir (maddə 136.3.). Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir (maddə 136.4.). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər (maddə 137.4.). Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər (maddə 137.7.). Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (maddə 137.10.). Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir (maddə 141.1.). Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər (maddə 141.10.).

18. MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə liftlərdə kart sisteminin tətbiqi məsələsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh Müəssisə gizlətmir ki, liftlə bağlı iddiaçıya tətbiq edilmiş məhdudiyyət iddiaçının Müəssisə tərəfindən ona göstərilmiş kommunal xidmətlərə hesablanmış borcun ödənilməməsi ilə bağlıdır. Başqa sözlə, Müəssisə bildirir ki, iddiaçı onun hüquq və maraqlarını pozur.

20. Belə olan halda cavabdeh Müəssisə onun imkanları daxilində olan vasitədən (binanın 15-ci mərtəbəsində yaşayan iddiaçının liftdən istifadəsinə məhdudiyyətin yaradılmasından) deyil, qanunla müəyyən edilmiş qaydada “müdafiə üçün məhkəməyə müraciət etmək hüququ” prinsipindən istifadə etməli, “xidmətin göstərilməsi ilə bağlı yaranmış borcun ödənilməsi tələbi barədə” iddia ilə məhkəməyə müraciət etməlidir. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

21. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

22. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

24. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 385, 392, 393. 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

Cavabdeh Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh X4 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar